Bəlli olduğu kimi, Azərbaycanda hər nə yetişsə də, banan yetişmir. Ancaq, bizim ölkəmiz BANAN ölkələrdən sayılır. Ortalığa çıxarmağa dəyərli nəyisə olmayan ölkələrə BANAN ÖLKƏ deyirlər. Başqa cür desək, heç nəyi olmayan ölkə! Düzdür, bu gün bizim İlham Əliyevi, dünyanın ən güclü prezidentlərindən, YAP hakimiyətini dünyanın ən güclü hakimiyətlərindən biri kimi göstərən neftimiz, qazımız var. Pula gedən ayrı nəyimiz var? Qızılımız, gümüşümüz, balığımız, kürümüz. Bunlar İlham Əliyevə-hakimiyətə böyük güc verir, sarsılmazlıq görsənişi yaradır. Di gəl, bunların biri də ağıl-düşüncə, çalışma görsənişi deyil, yalnız doğal resurslara bağlı, doğal resurslardan gələn üstünlük görsənişləridir. Xalqın deyil, bir ovuc oğrunun varlanmasına, yüksəlişinə yönəlik üstünlük qaynağı… Doğal resurslar tükənəndə nə olacaq, necə olacaq? Biz bunu elə indilər neftin tükənməsi, neftdən gələn gəlirlərin azalması ilə görürük: ölkəni indiyədək olduğundan qat-qat artıq soyğunçuluq bürüyüb; rüşvət-korrupsiya axarında qazandırdıqlarını indi polis-bandotdel gücünə geri qaytarırlar – torbalarını doldurmaq üçün başlara torba keçirməklə!
Oxuyub-öyrəndiklərimizdən, görüb-bildiklərimizdən çıxış etməklə illərlə aqrar sektoru gəlişdirmək gərəyindən yazdıq. Azərbaycanın yaranışdan aqrar ölkə olduğunu, aqrar sektoru gəlişdirməklə ölkəmizə dayanıqlı dirçəliş, yüksəliş qazandıra biləcəyimizi yazdıq. Burada “yaranışdan aqrar ölkə demək” hakimiyətdəki primitiv düşüncə yiyələrinin düşündüyü kimi geriyə getmək, keçmişə qayıtmaq deyil. Azərbaycanın coğrafiyası, yeri-yurdu, suyu-havası, ona dünyanın ən önəmli aqrar ölkəsi statusunu qazandırır. Bu statusu bütünlüklə doğrulamaq üçün bizə yüksək yurdsevərliklə yüksək intellekt gərəkir. Bunlarınsa biri də indiki hakimiyətdə yoxdur!
Budur, 22 illik hakimiyətin yeni kənd təsərüfatı naziri ortaya yeni, gülüncdən gülünc “konsepsiya” çıxarır: “dövlətin strateji inkişaf siyasətində Azərbaycanın aqrar ölkəyə, aqrar sahənin inkişafından asılı olan ölkəyə çevrilməsi nəzərdə tutulmur”. Necə də primitiv düşüncə: “aqrar sahənin inkişafından asılı olan ölkəyə çevrilmə”! Bunlar xalqın pullarıyla dünyanı gəzib-dolaşır, Avropadan biri 42 min dollara eşşək alıb gətirirlər, demək, Avropa eşşəyini görüb dəyərləndirə bilirlər, ancaq, Hollandiya başda olmaqla Avropanın bir çox ölkələrinin aqrar sektoru gəlişdirməklə varlandığını görüb dəyərləndirə bilmirlər. Necə də acınacaqlı görsənişdir! Bu yaxınlaradək milyardlarla gələn neft pullarından yararlanmaqla Azərbaycanda aqrar sektoru xalqın, dövlətin başlıca, tükənməz büdcə qarantına çevirmək olardı…
Bunlar nə etdilər? Bir yandan neft pullarını dağıtdılar, o biri yandan aqrar sektoru. İndi özlərinin illərdən bəri çalışıb yaratdıqları böyük dağıntı üzərində oturub… aqrar sektoru çıxdaş strategiyası quraşdırırlar. Özü də “kənd təsərüfatı ili” adlandırdıqları bir ildə! Anormallıq deyil, nədir?! “Kənd təsərüfatı ilində” bütün gücü, dövlətin bütün resurslarını aqrar sektoru gəlişdirməyə yönəltmək yerinə (sözsüz, qabaqcadan gərəkən işləri görməklə), “kənd təsərüfatı idarələri” üçün ayrıca binalar tikməyə girişdilər. Bəlli olduğu kimi, bu oğru yığınının “İnkişaf strategiyasında” TƏMİR-TİKİNTİ işləri başlıca yer tutur. Bu da daha bir anormallıq: “kənd təsərüfati ilində” “kənd təsərüfatı” binaları tikməyə üstünlük verdilər. Soruşmaq gərəkir: “kənd təsərüfatı” adına tikinti işlərini qabaqca görüb sonra “kənd təsərüfatı ilinə” başlamaq olmazdımı? Görünür, bunlara bu il belə gərəkmiş.
Bir ilginc fakta ayrıca toxunmaq gərəkir: İlham Əliyev sənayedə olduğu təki, aqrar sektorda da “Azərsun” başda olmaqla ayrı-ayrı adlar altında özümlü özəlləşdirməyə girişərək yüz hektarlarla xiyar-pomidor, min hektarlarla pambıq əkdirdiyi çağda dövlətin “inkişaf” strategiyasından aqrar sektorun çıxarılması nə deməkdir?