ASİF ATA. SİYASƏTDƏN ÜSTÜN

Mütləqə İnam Ocağının Ruhani Başçısı - Atası

(Otuz Yeddinci Qutsal Kitab)

1. CƏMİYYƏT – SİYASİ DÜNYA

Siyasi Dünya – Cəmiyyətin Davamıdır.
Cəmiyyətdə Ağalıq hökm sürür.
Ölkələr arasında münasibətdə Ağalıq hökm sürür.
Böyük ölkələr kiçik ölkələr üzərində Ağalıq eləyir. Ağalıq üsulu dəyişir, Ağalıq dəyişmir; Ağalıqdan məhrum olan ölkə – Böyük ölkə sayılmır; ölkələrə təsir etməyən, ölkələri özündən asılı etməyən ölkə Böyüklüyünü itirir.
Kiçik ölkələri dirçəldən ölkələr əslində özlərini zənginləşdirirlər; mahiyyətcə Böyük ölkələr Kiçik ölkələrin kiçikliyini qoruyurlar.
Fövqəlölkələr varsa, ölkələr kiçikliyi də var, ölkələr kiçikliyi ölkələrin böyüklüyünü qoruyur.
Dünya Böyüklərə və Kiçiklərə bölünürsə – kiçiklərin kiçikliyi daim yaşayacaq, kiçik ölkələr nə qədər inkişaf etsələr də, böyük ölkələrə çatmazlar. Böyük ölkələr kiçik ölkələri nə qədər inkişaf etdirsələr də özlərinə çatdırmazlar, onlardan üstünlüklərini əksiltməzlər, əslində artırarlar.
Fövqəlölkə elə bu deməkdir əslində.
Cəmiyyətdə Rəiyyətlik hökm sürür – Böyük ölkələrə Kiçik ölkələrin rəiyyətliyi gərəkdir.
Rəiyyəti olmayan Ağa Ağa olmur.
Rəiyyətlərini itirən Ağalığını itirir.
Bu səbəbdən də Böyük ölkələr Kiçik ölkələrin rəiyyətliyini qoruyur, onları rəiyyətlikdən çıxmağa qoymur, onlara elə səxa-vət göstərirlər ki, rəiyyətliyə xələl gəlməsin, – rəiyyətlik möhkəmlənsin, zəifləməsin. Rəiyyətlik yaşadığı dərəcədə Ağalıq da yaşayır – Ağalıq rəiyyətlik üstə yaşayır. Bu səbəbdən də Ağalıq rəiyyətliyi bəsləyir, böyüdür, qoruyur.
Cəmiyyətdə Təbəqəlik hökm sürür.
Böyük ölkələr Dünyanın Yüksək Təbəqəsi sayılır. Onlar Yüksək Təbəqəliklərini inadla, ardıcıl şəkildə, müxtəlif üsullarla, gedişlərlə qoruyurlar.
Əgər Dünyada Yüksək Təbəqə varsa, deməli, Aşağı Təbəqə də var. Aşağı Təbəqəyə mənsub olan ölkələr olmasa, Yuxarı Təbəqəyə mənsub olan ölkələr də olmaz. Bu səbəbdən də Təbəqə Yuxarılığı Təbəqə Aşağılığını qoruyur, bəsləyir, böyüdür.
Cəmiyyətdə Yadlıq hökm sürür.
Ölkələr arasında münasibətdə müxtəlif çeşiddə, aşkar, ya gizli Yadlıq hökm sürür.
Ən sıx siyasi yaxınlıqda belə, uzaqlıq yaşayır, ən sıx siyasi dostluqda belə, düşmənçilik yaşayır. Siyasi münasibətlər Yaxınlıq – Uzaqlıq, Dostluq – Düşmənçilik cəmidir əslində.
Siyasi Dünya cəmiyyətin davamıdır, bu səbəbdən də İnsa-nilikdən Uzaqdır.

2. BÖYÜK ÖLKƏLƏR – KİÇİK ÖLKƏLƏR

Böyük ölkələr – Ağalıq eləmək üçün Böyük olurlar.
Böyük ölkələrin Böyüklüyünü Ağalıq müəyyən edir.
Siyasi Dünyada Böyüklük məntiqi Ağalıq məntiqidir.
Kiçik ölkələr Böyüklərin Rəiyyəti olduqları üçün kiçik sayılırlar.
Kiçik ölkələrin kiçikliyini Rəiyyətlik müəyyən edir.
Siyasi Dünyada kiçiklik məntiqi – Rəiyyətlik məntiqidir.
Böyük ölkələr Yüksək Təbəqəyə çevrilmək üçün Böyük olur. Böyük ölkələrin Böyüklüyünü Yüksək Təbəqəlik müəyyən edir.
Siyasi Dünyada Böyüklük Məntiqi – Yüksək Təbəqə Məntiqidir.
Kiçik ölkələr Aşağı Təbəqəyə çevrildikləri üçün kiçik ölkə sayılır.
Kiçik ölkələrin Kiçikliyini Aşağı Təbəqəlik müəyyən edir.
Siyasi Dünyada Kiçiklik Məntiqi – Aşağı Təbəqə Məntiqidir.
Böyük ölkələr Böyük olmaq üçün Dünya ölkələri arasında Yadlıq törətməlidir. Yadlıq törətməmək onların “Böyüklüyünə” xələl gətirər. “Böyüklük” Yadlıqsız ötüşmür, Doğma Siyasi “Böyüklük” olmur, siyasi “Böyüklük” özündə Yadlıq gəzdirir, Yamanlıq gəzdirir.
Kiçik ölkələr Böyük ölkələr tərəfindən yadlığa məruz qalır-lar, məruz qalmaya bilmirlər.
Siyasi Dünyada Böyüklüyün Məntiqi Yadlıq Məntiqidir.
Siyasi Dünyada Kiçikliyin Məntiqi Yadlığa məruz qalmaq məntiqidir.
Böyük ölkə – Ağalığını gizlədə bilər. Böyüklüyünü Ağalığından süni surətdə ayıra bilər, ancaq Ağalıqsız yaşaya bilməz, Böyük qala bilməz.
Kiçik ölkə Rəiyyətliyini gizlədə bilər, ancaq onsuz Böyüklərə gərək ola bilməz, “kiçikliyini” qoruya bilməz.
Böyük ölkə Yüksək Təbəqəliyini gizlədə bilər, ancaq ondan əl çəkməz, çünki onsuz “böyüklüyünü” itirər.
Kiçik ölkə Aşağı Təbəqəliyini gizlədə bilər, ancaq onsuz Böyük ölkəyə gərək olmaz, öz “kiçikliyini” qoruya bilməz.
Böyük ölkə Yadlığını gizlədə bilər, ancaq Yadlığından əl çəkməz, Yadlıq onun ölkələrə təsir biçimidir – müxtəlif adda, müxtəlif üsulda. Onsuz o, keçinə bilməz.
Kiçik ölkə Yadlığa məruz qaldığını gizlədə bilər, ancaq onsuz o, Böyük ölkəyə gərək olmaz. Yadlığa məruz qalmaq onun “kiçikliyini” qoruyur.
“Böyük ölkələr” kiçik ölkələrin “kiçikliyini” qoruyurlar, Kiçik ölkələr Böyüklərin “böyüklüyünü”.

3. MƏRKƏZLƏR – ƏYALƏTLƏR

Böyük ölkələr birləşib Böyüklər Mərkəzi yaradırlar.
Böyüklər Mərkəzi Əyalət ölkələrinə Ağalıq edir.
Mərkəzin özünün də Ağası olur.
Həmin Ağa Mərkəz Ağalığını idarə edir.
Ağalar Mərkəz Ağasına tabe olurlar ki, əyalət ölkələrinin tabeliyinə nail olsunlar.
Əyalət ölkələr Mərkəz ölkələrin rəiyyətləridir.
Siyasi Dünya Mərkəzlərə və Əyalətlərə bölünür.
Mərkəzlər Əyalətləri yaşadır, Əyalətlər mərkəzləri bəsləyir, yəni əslində Əyalətlərini bəsləyir.
Mərkəzlər Əyalətliyi aradan qaldıran görünür, əslində isə o, Əyalətliyi gücləndirir, möhkəmləndirir.
Mərkəzlər İnkişaf, Tərəqqi Rəmzi sayılır. Həmin İnkişaf, Tərəqqi ölkələri Əyalətlikdən qurtarmır, Əyalətliyin Biçimini dəyişir: onu müasirləşdirir.
Müasir Siyasi Dünya – müasir Mərkəzlər və müasirləşmiş Əyalətlər Dünyasıdır.
Böyüklər Mərkəzi Yüksək Təbəqəyə çevrilir, Əyalət ölkələri Aşağı Təbəqəyə.
Mərkəz Aşağıdakıları Yuxarıya qaldırmaq adı altında onların Aşağılığını təkmilləşdirir, Aşağıdakını müəyyən sədd, hədd daxilində, səviyyəsində inkişaf etdirir, tərəqqiyə çatdırır.
Mərkəz Əyalətləri Mərkəzin Yuxarılığına xələl gətirmədiyi dərəcədə inkişaf elətdirir, elə inkişaf elətdirir ki, Mərkəz Mərkəzliyində, Əyalət Əyalətliyində qalsın, Təbə¬qəlik qaydası pozulmasın. Dünya nə qədər dəyişirsə-dəyiş¬sin, Mərkəz öz Yuxarılığını göz bəbəyi kimi qorumalıdır. Mərkəz başqa dünya tanımır, tanımaq istəmir.
Bu baxımdan Mərkəzçilik nə qədər Radikal – Dəyişiklikçi görünsə də, – o, mahiyyətcə – konservatordur, mühafizəçidir, – Dünya köhnəliyini saxlayandır; onun Təzələnməsini istəməyəndir, yeniliyin qabağını yeni-yeni üsullarla kəsəndir.
Bu məntiqə əsasən Aşağı Təbəqəyə Tərəqqidən, İnkişafdan pay düşə bilər, ancaq onun Yuxarı Təbəqəyə çevrilməsinə yol vermək olmaz, onda Dünya pozular – Yuxarı Təbəqə Yuxarılığını itirər; Yuxarı Təbəqəyə xidmət eləyən Aşağı Təbəqə qalmaz.
Mərkəz Düşüncəsi Dünyadakılar Fərqindən, hətta onlar arasındakı Təzaddan danışmağı sevir: – həmin Fərq, Təzad Həmin Düşüncədə ölkələrdən keçir; Böyük ölkələrin Yuxarılığı, Kiçik ölkələrin Aşağılığı labüddür, toxunulmazdır.
Mərkəz Əyalət ölkələrə Yadlıq gətirir, gətirməlidir.
Əyalət Əyalətliyində qalmalıdır: bu, Yadlıq Tələb edir; Mərkəz Yadlıq Tələbatı yaradır.
Doğma Əyalət olmur.
Əyalətlikdə Yadlıq yaşayır.
Mərkəz və Əyalətlərə bölünən Dünya əyriliyində qalır, – düzəlmir. Mərkəz əyriliyə yiyə durur.

4. İNKİŞAF ETMİŞLƏR –
İNKİŞAFDAN QALMIŞLAR

İnkişaf etmiş ölkələr – Ağa olurlar, Ağa olmaq üçün inkişaf edirlər, Ağa olmaq üçün imkan tapırlar; inkişaf etdikcə Ağalıqlarını artırırlar.
İnkişafdan qalmışlar – Rəiyyət olurlar – inkişafdan qalma onları rəiyyətləşdirir; İnkişafdan qaldıqca onlar Ağalığa gərək olurlar. Bu səbəbdən də İnkişaf etmişlər onları elə inkişaf elətdirirlər ki, inkişafdan qalmaları tam aradan qalxmasın: onların inkişaf etmişlərdən fərqləri qalsın, yoxsa Ağalara rəiyyətlik eləməzlər.
Güclü ölkələr üçün İnkişaf Ağalıq Yoludur,
Zəif ölkələr üçün Rəiyyət yolu.
Güclü ölkələr inkişaf etdikcə Ağalaşırlar.
Zəif ölkələri elə inkişaf elətdirirlər ki, rəiyyətlikdən çıxmasınlar.
Dünyəvi inkişafdan danışırlar, ancaq əslində Dünya deyəndə – əsil Dünya deyəndə – inkişaf etmiş ölkələr nəzərdə tutulur. İnkişafdan qalmış ölkələr isə Dünyanın kölgəsində bilinir və bu vəziyyət qorunur, möhkəmlənir. Ağalıq İnkişaf edir əslində, Rəiyyətlik inkişaf edir; inkişaf etmişlər inkişaf edir, inkişafdan qalanlar inkişafdan qalır.
İnkişaf etmiş Ağalara müəyyən həddə inkişaf etmiş Rəiyyət gərəkdir.
İnkişaf etmiş ölkələr Yuxarı Təbəqə olur, – inkişafdan qalmış ölkələr – Aşağı Təbəqə.
Yuxarı Təbəqə Aşağı Təbəqəni inkişaf elətdirir, ona müasir don geyindirir.
İnkişafdan qalanlar – inkişafa qatılırlar ki, inkişaf etmişlərə yarasınlar.
Aşağı Təbəqəni Yeniləşdirirlər ki, həmişələndirsinlər.
Nə qədər Aşağı Təbəqə varsa, bir o qədər Yuxarı Təbəqə var.
Aşağı Təbəqə olmasa – Yuxarı Təbəqə olmaz.
Müasir İnkişaf Təbəqəliyi azaltmır, artırır.
Yuxarı Təbəqə Aşağı Təbəqənin əlindən tutur ki, onu əlində saxlasın.
Aşağı Təbəqə inkişaf edib Yuxarı Təbəqəyə çevrilmir, Aşağıda qalır.
İnkişaf Aşağı Təbəqənin Aşağılığını saxlayır. İnkişaf etmiş ölkələr inkişafdan qalmış ölkələrə Yadlıq gətirirlər.
İnkişafdan qalma – Yadlıqdır əslində. İnkişafla Gerilik arasında Yadlıq.
Bu Yadlığın aradan qalxması üçün İnkişafdan qalan ölkələr İnkişaf etmiş ölkələrə çevrilməlidirlər.
Bu, Siyasi Qaydanın Ahəngini pozur.
Siyasət belə Dünya yaratmır.
Siyasətin özü haradasa Yadlıqdır.
Siyasət – Doğmalaşsa – Ölər.
Siyasət səviyyəsində İnkişaf – ölkələri bir-birinə yaxınlaşdıran görünür, əslində isə onları bir-birindən uzaqlaşdırır.
Siyasət Yaxınlığı – Zahiri Yaxınlıqdır, Daxili Uzaqlıqdır; Uzaqlığı Yaşadan Yaxınlıqdır; Uzaq Yaxınlıqdır – İnkişaf etmiş Uzaqlıqdır.

5. ƏMƏKDAŞLIQ – ASILILIQ

Siyasi Əməkdaşlıq – Asılılıq yaradır – Asılılıq üçün yara¬nıb əslində – Böyüklər Kiçiklərlə əməkdaşlıq edirlər ki, onları özlərindən asılı etsinlər, – əməkdaşlıq vasitədir. Məqsəd Asılılıqdır.
Siyasətləşmiş Dünyada Böyüklər Kiçikləri özlərindən asılı etmədən yaşaya bilmirlər.
Asılılıq – Siyasi həyat üsuludur əslində.
Başqasını özündən asılı eləyən ölkə – Böyük sayılır, Başqasından asılı olan ölkə kiçik sayılır.
Əməkdaşlıq Asılılıq yaradır, – Asılılığa yarayır.
Siyasi münasibətlər Əməkdaşlıq Ağalığı yaradır; – Əməkdaşlıq vasitəsilə Ağa ölkələr yaranır, – Asılılıq Yaradan.
Əməkdaşlıq vasitəsilə Rəiyyət ölkələr yaranır – Asılılığa məruz qalan.
Əməkdaşlıq artdıqca Ağalıq artır, Rəiyyətlik artır.
Siyasi münasibətlər – Əməkdaşlıq Təbəqəliyi yaradır.
Asılılıq yaradan ölkələr Yüksək Təbəqə sayılır, Asılılığa məruz qalan ölkələr Aşağı Təbəqə sayılır.
Əməkdaşlıq atdıqca – Təbəqəlik artır.
Siyasi münasibətlər Əməkdaşlıq Yadlığı yaradır.
Əməkdaşlıq Yadlığı aradan qaldırılmayıb – onun üsullarını təzələyib, Yad əməkdaşlıq yaranıb.
Doğma Asılılıq olmur; Əməkdaşlıq artdıqca – Yadlıq Donunu dəyişir – mahiyyətini möhkəmləndirir.
Siyasət ölkələri bir-birlərinə bağlamır, bir-birlərinə qarşı qoyur.
Siyasi Əməkdaşlıq Asılılıq yaradır – Asılılıq ölkələri qarşı-qarşıya qoyur.
Ölkələr arasında əməkdaşlıq artır, – Yadlıq azalmır, – Asılılıq Yadlığı Yaşadır.

6. BİRLİKLƏR – HAKİMLİKLƏR

Dünya (yaxud Kontinent) Birliyini Təmsil eləyən Təşkilatlar (BMT, Avropa Birliyi və s.) əslində Dünya Birliksizliyini Təmsil eləyir.
Çünki Dünya Birliyi yoxdur, hələ yaranmalıdır.
Dünya Birliyi yaranmadan Dünya Birliyi Təşkilatları yaranıb – əslində isə Dünya Təşkilatları Dünya üzərində hakimliklərdir, – Dünya Ağalıqlarıdır, Dünyanın Ağalıq altda nizamlanmasıdır – Dünyaüstü Ağalıqdır, Dünyaüstü Təbəqə-likdir, Dünyaüstü Yadlıqdır.
Birliklərdə ölkələr Ağalıq ətrafında Birləşirlər, Rəiyyətlik ətrafında Birləşirlər, Yadlıq ətrafında Birləşirlər; Siyasət Dün-yanı idarə etməyin Ağalıqdan başqa Yolunu bilmir, Rəiyyətlikdən başqa Yolunu bilmir, Təbəqəlikdən başqa yolunu bilmir, Yadlıqdan başqa Yolunu bilmir.
Dünya birliklərində bütün ölkələr bərabər elan edilir; əslində isə Ağa Ağalığından, Rəiyyət Rəiyyətliyindən ayrılmır; Yuxarı Yuxarılığından, Aşağı Aşağılığından ayrılmır; Yağı Yağılığından ayrılmır.
Burada həm də Təşkilat Ağalığı Yönü yaranır.
Təşkilat Təbəqəliyi Yönü yaranır.
Təşkilat Yadlığı Yönü yaranır.
Təşkilat Rəiyyətliyi Yönü yaranır.
Dünya Birlikləri Dünyanın Siyasi Ahəngini qoruyur – bu Ahəngdə isə Birlik yoxdur.
Birliklərin elan etdikləri Ümumbəşəri dəyərlər Ağalıqdan yan keçmir, Rəiyyətlikdən yan keçmir, Təbəqəlikdən yan keçmir. Onlar əslində siyasi dəyərlərdir.
Dünya Birlikləri Bəşər Birlikləri Yaratmırlar – Bəşər Birlik-siz¬liyini qoruyurlar – Ağalığı, Rəiyyətliyi, Təbəqliyi, Yadlığı.

7. TƏSİR DAİRƏLƏRİ – SİYASİ BUXOVLUQ

Siyasət Dünyanı Təsir Dairələrinə bölür – ölkələri Buxovlayır.
Təsir Ağalığı yaranır.
Böyük ölkələr kiçik ölkələri öz təsirlərinə salmaq uğrunda rəqabət aparırlar; Təsir ağalığı uğrunda siyasi döyüş gedir; Bir ölkəni təsirə salmaq üçün bir neçə ölkə vuruşur; Rəiyyət ölkə Ağa ölkələrin təsiri altında parçalanır – Təsir Dairəsi Buxov Dairəsi olur əslində.
Yüksək Təbəqə Aşağı Təbəqəni buxovlayır.
Təsir Yadlığı Yaranır.
Ölkələrin Varlığı tapdalanır, bunu siyasi fəallıq adlandırırlar; xudbinlik qüdrət sayılır; Təsir Dairəsindən məhrum olmaq – Böyüklükdən məhrum olmaq bilinir; Təsirə məruz qalmaq adi hal sayılır, siyasi ləyaqət onu qəbul eləyir. Təsir Dairəsi Böyüklük yaradır. Kiçikliyə təsir etmək yoluyla Böyüklük yaranır; Siyasət Birinin kiçilməsi sayəsində digərinin Böyü-məsini mənfi hal saymır, çünki siyasət Böyüklüyün tərəfindədir, kiçikləri təcriddə saxlamaq siyasətdə məqbuldur.
Siyasətdə Dünyanı Nizamlamaq onu Buxovlamaq deməkdir əslində.
Siyasət Təsir Dairəsindən azad olmuş kiçik ölkə tanımır. Siyasət kiçik ölkəni öz təsir Dairəsinə salmayan Böyük ölkə tanımır. Böyük ölkələr kiçik ölkələri Təsir Dairələrinə salmaqda azaddırlar.
Təsir Dairəsinə düşən ölkələr – Müstəqiliyini itirən ölkə sayılmır.
Əslində Təsir Dairəsində olmayan Müstəqil kiçik ölkələr Yoxdur.
Əslində Dünyada Asılı Müstəqillik hökm sürür.
Kiçik ölkələr həm Müstəqil olurlar, həm asılı; həm dövlət müstəqilliyi elan edilir, onun Atributları təsdiq olunur; həm də Təsir Buxovları qalır, saxlanır.
Müstəqilliklə Qeyri-Müstəqillik birgə, qoşa yaşayır.
“Mütləq Müstəqillik yoxdur” – deyir siyasətçilər. Siyasətdə mütləq heç nə yoxdur. Bu səbəbdən də Siyasət əslində Müstəqillik tanımır, ancaq onu tanıyan bilinir.

8. DÜNYAÇILIQ – TƏCRİDÇİLİK

Dünyaçılıq (Qlobalçılıq) – Təcridçiliyi (Separatizmi) yaradır.
Dünyaçılıq – Dünya Ağalığına xidmət eləyir.
Dünya deyəndə Dünya Ağaları nəzərdə tutulur.
Dünyaçılıq (Qlobalçılıq) Ağaçılıq olur əslində – Ağaçı Əməli, Ağaçı Düşüncəsi olur; bu səbəbdən də ölkələrdə Təcridə meyl yaranır. Təcrid xilas sayılır – Geniş Dünyaçılıqdan Dar Təcridçilik törəyir.
Yuxarı Təbəqə Dünyaçılığından Aşağı Təbəqə Təcridçiliyi törəyir.
Dünya Yadlığından Təcridçilik Yadlığı törəyir.
Dünya kiçik ölkələrdən üz çevirəndə kiçik ölkələr Təcridə üz tuturlar.
Dünya Böyüklərə qalanda kiçiklər Təcridə sarılırlar.
Dünyaçılar “Dünya mənəm” deyəndə – Təcridçilər öz Dünyalarını Dünyadan kənarda görməlidirlər.
Dünyaçılar Dünya ölkələrinə Xaricilik Təlqin edirlər; xariciliyə qarşı Özümçülük Təcridi baş qaldırır.
Qlobal Düşüncə, Kosmopolitizm “Dünya Vətənimdir” İdeyası Vətənsizlik əhvali-ruhiyyəsi yaradır, həmin hal Dünyaçılığa qarşı etirazla müşayiət olunur, həmin etiraz Dünyaya qarşı inkarçılıq Duyğusu oyadır.
“Əgər Dünya – Vətənsizlikdirsə, – o, Vətənçiyə lazım deyil, ondan Ayrılmaq, ona qarşı durmaq gərək, Vətən özü elə Dünyadır, bu Dünya Vətənçiyə bəsdir”.
Dünyaçılığı Siyasət yaradıb, Təcridçiliyi Siyasətdən hiddətlənənlər.
Əslində isə Dünya – Müxtəlif ölkələrdən ibarətdir və hamıya mənsub olmalıdır – ancaq siyasətə ziddir, çünki Ağalığa, Rəiyyətliyə, Yadlığa ziddir.

9. VAHİDLƏŞMƏ (İNTEQRASİYA) – ƏKSİLMƏ

Vahidləşmə (İnteqrasiya) kiçik ölkələri Artırmır, Əksildir; Bö¬yük ölkələri Böyüdür, Vahid İqtisadiyyat Böyük ölkələrin iqtisadi Ağalığını təmin edir, Vahid Siyasət Böyük ölkələrin siyasi Ağalığını təmin edir; Vahid Mədəniyyət Böyük ölkələrin mədəni Ağalığını təmin edir; Vahidləşmə Təbəqələşməni aradan qaldırmır, Təsdiq edir; Yadlığı aradan qaldırmır – Təzələyir. Vahidləşmə (İnteqrasiya) iqtisadi İnkişafın qarşısında sədd çəkir, onu Ağalıq–Rəiyyətlik çərçivəsində saxlayır. Vahid iqtisadiyyata qatılan əslində öz Vahidliyini itirir. İqtisadiyyatlar Vahidləşdikcə öz Müstəqilliklərini itirirlər – Ağalıq möhkəmlənir, Rəiyyətlik artır, Asılılıq çoxalır; son nəticədə Vahidlikdən (İnteqrasiyadan) qurtarmaq, azad olmaq meyli yaranır, yaranmalıdır.
Vahidləşmək (İnteqrasiya) Siyasi inkişafın qarşısında Sədd çəkir, onu hazır, standart qəliblərə salır; qurumlara, qaydalara yönəldir, tərəqqini sxemlərə tabe edir, onun üfüqlərini daraldır, Vahidlik Buxovu yaranır, son nəticədə Vahidləşməyə (İnteqrasiyaya) qatılanlar ondan çıxmağa can atırlar, atmalıdırlar.
Zahiri monolitlik daxili pərakəndəliyi gizlədə bilmir.
“Vahidləşmə” Vahidlik yaratmır, çünki Müxtəlifliyə qarşıdır.
Ağalıq – Müxtəlifliyə qarşıdır.
Təbəqəlik – Müxtəlifliyə qarşıdır.
Yadlıq – Müxtəlifliyə qarşıdır.
Müxtəliflik olmayan yerdə Vahidlik yoxdur. Vahidləşmə (İnteqrasiya) Vahidlik yaratmır. Ağalığın Artması Vahidliyin Azalmasıdır. Təbəqəçiliyin Artması – Vahidliyin Azalmasıdır. Vahidliyin Artması Yadlığın Artmasıdır.
Son nəticədə inteqrasiya Yadlığı artırır.
Vahidləşmə (İnteqrasiya) Mədəni İnkişafı məhdudlaşdırır, onun yaradıcı imkanlarını əksildir, onu şablonlaşdırır; bənzərsizlik, əvəzsizlik cəzbindən ayırır. Ağa Mədəniyyətlərə tabe olan Rəiyyət mədəniyyətləri, Yuxarı mədəniyyətlərə tabe olan Aşağı mədəniyyətlər törəyir.
Mədəniyyətlər Vahidləşdikcə onların arasında Yadlıq artır.
İnteqrasiya son nəticədə Yadlıq yaradır – yaratmalıdır.
Əsil Vahidlik – İnsanilik Tələb edir.
Müasir Vahidləşmədə (İnteqrasiyada) o, yoxdur.

10. ÜMUMBƏŞƏRİLİK – MİLLİLİK

Ümumbəşərilik – Milliliyin daxilində olmalıdır.
Ümumbəşərilik Milliliyin xaricində olanda – üstündə olanda o, Ağalığa çevrilir;
Ümumbəşərilik vasitəsiylə Böyük ölkələr kiçik ölkələr üzərində Ağalıq eləyirlər; – əksilən Millilik artan Təbəqəlik yaradır – Təbəqəlik Yadlıq törədir.
İnsanın Yaşamaq haqqı – Millətlərin Yaşamaq haqqından ayrılanda Yadlaşır.
Əgər Millətlər yaşamağa haqlı deyillərsə, əgər onlar labüd şəkildə aradan qalxmalıdırsa, Millətlərsiz bəşər yaranmalıdırsa, onda insan da yaşamamalıdır, yaşamağa qadir deyil.
Millətlərsiz Bəşər ideyası İnsanın yaşamaq haqqına qarşıdır əslində.
İnsan Azadlığı haqqı Millətlər Azadlığı haqqından Ayrılsa, – Yadlaşar.
Əgər Millətlər Azadlığı yoxsa, İnsan Azadlığı Yoxdur; əgər Millətlər Ağalara və Rəiyyətlərə bölünürsə, İnsanlar da Ağalara və Rəiyyətlərə bölünürlər, – Ağalar və Rəiyyətlər olan yerdə Azadlıq yoxdur.
Azadlıq olmayan yerdə Yadlıq hökm sürür. Əgər İnsanların Bərabərlik haqqı Millətlərin bərabərlik haqqından Ayrılsa – Yadlaşar. Millətlər Yuxarı və Aşağı təbəqələrə bölünən Yerdə – Bərabərlik Yoxdur.
Millətdən kənarda, millətə qarşı yaradılan Ümumbəşərilik mahiyyətcə Bəşərə qarşıdır – çünki millətsiz Bəşər yoxdur. Bəşəri millətdən məhrum eləmək – Xalqı şəxsiyyətdən, fərddən məhrum eləməkdir.
Bəşər haqq olduğu dərəcədə – Millət də haqdır.
Siyasət son nəticədə Bəşəri millətsizləşdirmək istəyir. Bəşəri millətə qarşı qoymaq – onu özünə qarşı qoymaqdır əslində.

11. OYUN – OYUNÇULUQ

Siyasət Oyundur. Oyunda Udan – Uduzan olur.
Siyasətdə udan Böyük sayılır, – Uduzan kiçik.
Siyasət həqiqət axtarışı deyil; Uduş axtarışıdır.
Siyasətdə Udan Ağa olur, Uduzan Rəiyyət. Udan Yuxarı Təbəqə olur, Uduzan Aşağı Təbəqə.
Oyun – Yadlıqdır.
Siyasət Seçki Oyunu Yaradır.
Seçilən Udur – Seçilməyən Uduzur.
Siyasət seçiciləri seçki oyununda oynadır, seçilənlər seçdirilir, seçdirilmək oyunu oynadılır; seçdirilənlər udur, – seçdirilməyən uduzur.
Siyasət Xalq hakimiyyəti – Demokratiya oyunu oynayır. Xalq üzərində hakimiyyət Xalq hakimiyyəti kimi qələmə verilir, xalq oynadılır, hakimiyyət udur.
Bu oyunda Xalqın udan vaxtı olmayıb; oynadan həmişə udub – oynadılan uduzub.
Siyasət Rəqabət Oyunu yaradıb, Rəqabətin Səxavəti Yadlıqdır, Rəqabət – Bolluca Yadlıq Səxavəti paylayır, Rəqabətdə Udan Ağa olur, Uduzan – Rəiyyət; Udan Yüksək Təbəqə sayılır, Uduzan Aşağı Təbəqə.
Siyasət Ticarət Oyunu yaradır.
Satan – satılan oyunu.
Ağalar satır, Rəiyyət – satılır; Yuxarı Təbəqə satır; Aşağı Təbəqə satılır.
Ticarət Oyunu Yadlıq yaradır. Yadlıqdan Yağılıq törəyir, – Ağa udur, Rəiyyət uduzur. Yuxarı Təbəqə udur – Aşağı Təbəqə uduzur.
Siyasət İdarəçilik Oyunu yaradır.
İdarəçilər camaatı oynadır, hakimlər udur – Tabeçilər udu-zur.
Siyasi Dünya – Oyunlar meydanıdır – Oynadanlar və oynayanlar tamaşasıdır.

12. SİYASİ FƏALLIQ – AZAD XUDBİNLİK

Siyasət – Xudbinlik Azadlığıdır əslində.
Ağalıq Azadlığıdır.
Təbəqəlik Azadlığıdır.
Yadlıq Azadlığıdır.
Siyasi Fəallıq Xudbinliyə xidmət edir.
Ağalıq Azadlığından – Əsarət törəyir.
Təbəqəlik Azadlığından – Əsarət törəyir.
Yadlıq Azadlığından – Əsarət törəyir.
Xudbinlik Azadlığı – Əsarət Azadlığı olur.
Siyasətdə indiyə qədər ən çox Xudbinlik Azadlğı gerçək-ləşib.
Bərabərlik Adıyla Xudbinlik.
Qardaşlıq Adıyla Xudbinlik.
Ədalət Adıyla Xudbinlik.
Həqiqət Adıyla Xudbinlik.
Siyasət – Xudbinlik Daşıyıcısı olub.
Ağalıq – Daşıyıcısı.
Təbəqəlik – Daşıyıcısı.
Yadlıq – Daşıyıcısı.
Bütün Azadlıqlar Ağalıqla nəticələnib.
Təbəqəliklə nəticələnib.
Yadlıqla nəticələnib.
Siyasi Fəallıq – Xudbinlik fəallığı olub əslində.
Ağaların Rəiyyətlərə münasibəti olub.
Yuxarı Təbəqənin Aşağı Təbəqəyə münasibəti olub.
Yadların bir-birinə münasibəti olub.
Bütün Əsarətlər Xudbinlik Azadlığından yaranıb – Xudbinlik Azadlığı yaradıb.

13. SİYASƏT POZĞUNLUĞU

Siyasət adamları pozur, Yağılıqla Birləşən Dostluq Təlqin edir, Yalanla Birləşən Həqiqət Təlqin edir, Əxlaqsızlıqla Birləşən Əxlaq Təlqin edir; Ağalığı Doğrultmağa səy göstərir, – Yağılığı Doğrultmağa səy göstərir.
Siyasət Ahəngi Həqiqət Ahənginə qarşıdır. Ədalət Ahənginə qarşıdır.
Siyasət İnamı – İnamsızlıqdır.
Dünyaya İnanan – Ağaya İnanmaz.
Həyata İnanan – Ağaya İnanmaz.
İnsana İnanan – Ağaya İnanmaz.
Dünyaya İnanan – Təbəqəliyə İnanmaz.
Həyata İnanan – Təbəqəliyə İnanmaz.
İnsana İnanan – Təbəqəliyə İnanmaz.
Dünyaya İnanan – Rəiyyətliyə İnanmaz.
Həyata İnanan – Rəiyyətliyə İnanmaz.
İnsana İnanan – Rəiyyətliyə İnanmaz.
Dünyaya İnanan – Yağılığa İnanmaz.
Həyata İnanan – Yağılığa İnanmaz.
İnsana İnanan – Yağılığa İnanmaz.
Siyasi İdrak – Ruhani İdraka qarşıdır.
İnsandakı Mütləqiliyi dərk edən – Ağalığı rədd etməlidir.
Rəiyyətliyi rədd etməlidir.
Təbəqəliyi rədd etməlidir.
Yağılığı rədd etməlidir.
Siyasi Əxlaq – Mənəviyyata qarşıdır.
Vicdan hakimliyi – Ağalığı qəbul etməz.
Rəiyyətliyi qəbul etməz.
Təbəqəliyi qəbul etməz.
Yağılığı qəbul etməz.
Təmənnasızlıq – Ağalığı qəbul etməz.
Rəiyyətliyi qəbul etməz.
Təbəqəliyi qəbul etməz.
Yağılığı qəbul etməz.
Fədakarlıq Ağalığı qəbul etməz.
Rəiyyətliyi qəbul etməz.
Təbəqəliyi qəbul etməz.
Yağılığı qəbul etməz.
Siyasi İradə Ruhani İradəyə qarşıdır.
Ruhani İradə – Ağalığı qəbul etməz.
Rəiyyətliyi qəbul etməz.
Təbəqəliyi qəbul etməz.
Yağılığı qəbul etməz.
Siyasət – Mahiyyətcə Ruhaniliyə qarşıdır – İnsaniliyə qarşıdır.

14. SİYASƏTDƏN ÇIXMAQ

Ağalıqdan İmtina etmək – Siyasətdən çıxmaqdır.
Rəiyyətlikdən İmtina etmək – Siyasətdən çıxmaqdır.
Təbəqəlikdən İmtina etmək – Siyasətdən çıxmaqdır.
Yağılıqdan İmtina etmək – Siyasətdən çıxmaqdır.
Bunun üçün İnsaniliyə Yetmək gərək.
İnama çatmaq gərək.
Dünyanın, Həyatın, İnsanın Mütləq – Əzəli, Əbədi, Sonsuz, Kamil Mahiyyətinə İnanmaq gərək.
İdraka çatmaq gərək.
İnsanın Şəraitdən, Mühitdən, Zamandan, Cəmiyyətdən Üstünlüyünü dərk etmək gərək.
Mənəviyyata çatmaq gərək.
Vicdan Hakimliyinə, Təmənnasızlığa, Fədakarlığa Yüksəl-mək gərək.
İradəyə çatmaq gərək.
Zəmanəyə, Şəraitə, Mühitə, Cəmiyyətə qarşı durmaq gərək.
Siyasətdən çıxmaq üçün İnsanlaşmaq gərək.
Siyasi Dünya Ruhani Dünyayla əvəz olunmalıdır.

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv