Şəhər dumanında şərab nəşəsi,
Ayağım yerimir, əllə gedirəm.
İçimdə qalanıb gülləmin səsi,
İrəvanı “alıb”, güllə gedirəm.
Şuşası göz dağı hər il mayıma,
Bayramı bitməyir qışdan yayıma.
Qələbə yazmadıq bircə ayıma,
Günü qara gəlmiş illə gedirəm.
Adına qoyduğu farsı-ərəbin,
Yazısı, pozusu, tərsi ərəbin,
Evində kitabı, dərsi ərəbin…
Dilimə yad olan dillə gedirəm.
Hər acımı gülə-gülə oynadım,
“Kərəmini” “Sarı tel”ə oynadım,
Başımı aldadıb yelə oynadım,
Dəli tək əlimdə bellə gedirəm.
Neçə istəyimiz tamaha qalıb,
Mizan tərəzimiz günaha qalıb,
Bu günün də işi sabaha qalıb,
Ümid kəsiləndə sellə gedirəm.