Yaradan adamdı, öldürən adam,
Əvvəldən ovunu seçər astaca.
Çox ağladıb məni güldürən adam,
Günü min oyunla keçər astaca.
Fürsətdə izini, tozunu kəsər,
Yeyib çörəyini, duzunu kəsər,
Hələ mələməmiş quzunu kəsər,
Şərab tək qanını içər astaca.
Ata tay etdiyi axsaq ulağı,
Anqırıb dəng edər gündə qulağı.
Gülün bağçasında əkib alağı,
Gözündə xəlvəti biçər astaca.
Mənasız ömür də, gün də hədərdi,
Toplayıb yığdığı min də hədərdi,
Doymayan gözlərin bitməz ha, dərdi,
İstəsən də əkib, becər astaca.
Əlli də yaşayıb, yüz də yaşadı,
Girib neçə dona, üzdə yaşadı,
Diriykən bükülüb bezdə yaşadı,
Qınında gizlənib, köçər astaca.