Xaliq Bahadır. İlham Əliyevin yalançı prezidentliyi

Yalançı prezident olaraq tanınmaq üçün yalnız yalan danışmaq gərək deyil – bunlu da olar, bunsuz da. Ölkənin bu başından o başına qanunlar işləmirsə, polis-məmur özbaşınalığı ölkəni başına götürübsə, demək, prezidentlik yalançı prezidentlikdir, yalan xarakteri daşıyan prezidentlikdir. İlin başlanğıcında İ.Əliyev bu ilin kənd təsərrüfatı ili olduğunu bildirdi: durar-tutmaz, ağlına belə gəlmiş kimi. Çoxillik əliyevçi praktikadan çıxış edərək mən onda aqrar sektorun bu il batırılacağını bildirmişdim. Onda mənim dediyimə inanan da oldu, inanmayan da. İndi, “kənd təsərüfati ili”nin yeddinci ayında, daha bir proqnozumun doğrulmasından doğan böyük “sevinc” duyğusuyla bildirirəm: ölkənin aqrar sektoru batdı, daha doğrusu, batırıldı. Yaşasın əliyevçi aqrar faşizm!

Hə, bu, faşizmdir – aqrar sektoru planlı olaraq batırmaqla xalqı, ölkəni batırmağa yönəlik faşizm! Bu ölkənin, daha doğrusu, bu rejimin, “yeni” Kənd təsərüfatı naziri “dövlətin strateji inkişaf siyasətində Azərbaycanın aqrar ölkəyə, aqrar sahənin inkişafından asılı olan ölkəyə çevrilməsinin nəzərdə tutulmadığını” bildirir. “Azadlıq”ı yaxından izləyənlər  bilirlər: mən bu alıntını ortaya çıxdığı ilkin günlərdən üzü bəri dönə-dönə yazılarımda işlətməkdəyəm. “Aşığın sözü qurtardığına” görə yox, ən düşük çoban düşüncəsinin, ən yararsız çobançılığın indiki rejimdə DÖVLƏT SİYASƏTİNƏ çevrildiyinə görə! Bunlar aqrar sektoru düşük çoban sektoru gözündə görürlər. Qoy professional çoban qardaşlarımız məni bağışlasınlar, bunlara çoban demək işinin ustası olan, başqa cür desək, professional çobanları aşağılamaqdır. Bunu bildiyimə görə də mən gerçək, professional çobanı, işini bilməyən – demək, profan çobandan ayırıram.

Çağdaş dünyada aqrar sektor bizdəki çağdışı Elmlər akademiyasından daha gəlişmiş durumdadır. Çağdaş dünyada aqrar sektor ən yeni texnologiyaya yiyələnməklə bütünlüklə bilimə dayanan başdan-ayağa ölçülü-biçili analiz, proqnoz üzərində qurulur. Ən yeni texnologiya, bu texnologiyaya yiyələnmiş yüksək bilikli kadrlar, bunlarla yanaşı, çağdaş biliklərə yiyələnmiş xarakter-natura baxımından ən yüksək texnologiya hökuməti – bütün bunlardan sonra Niderland kimi ən yüksək aqrar sektor göstəricilərilə varlanan ölkələr! Bunlar xalqın pullarıyla “müasir dünya təcrübəsinə yiyələnmək” adı altında dünyanı gəzib-dolanır, beləcə dünyanın bu başından o başına kef çəkir, sonra da ölkəyə özlərinin düşük düşüncələri, bayağı baxışlarıyla qayıdırlar. 21-ci yüzillik yeni texnologiyalar yüzilliyidir. Yaxın keçmişdə bizim kimi durğun komunist ölkəsi olmuş Çin az bir arada yiyələndiyi yeni texnologiyanın gücünə bu gün bütün dünyaya meydan oxuyur; burasını ayrıca vurğulamaq gərəkir: bizdəki kimi ölkənin doğal resurslarını satıb-dağıtmaqla yox, çağdaş texnologiyaya çağındaca yiyələnməklə. Çinin bu uğuru öncə yüksək TƏHSİL SİSTEMİ qurulması faktoruna bağlıdır. Bu isə qabaqca ölkədə çağdaş, intellektual, demokratik prinsiplərlə işləyən SİYASİ SİSTEM qurulması faktorundan qaynaqlanır. Nədəni Çinin çox böyük ölkə olduğunda görürsünüzsə, onda bizdən balaca Niderlanda baxın!

Bizdə bunlardan bircə dənəsi varmı? Görən göstərsin! İ.Əliyev indiyədək dönə-dönə yaşıllıqların qırılmasını yasaqlayan çıxışlarda bulunub. Bakıdan ölkənin ən ucqarlarınadək hər yanda yaşıllıqlar qırılır. İndinin indisində meşələr, meşələrdə qırmızı kitaba düşən ağaclar belə, qırılıb odun kimi arana daşınır. Qanunsuzluq, polis-məmur özbaşınalığı üzündən meşələr gözgörəti oduna çevrilir. Beləcə, gələcəyimiz yandırılır! Rüşvət-korrupsiya oxullarında gələcəyimiz yandırıldığı kimi!! Yapma-yalan seçkilərlə gələcəyimiz yandırıldığı sayaqi!!!  Sayaq, gəlin bu gələcəyimizi saymazlığımız içində özümüzü dünyanın ölümə yüklənmiş xalqlarından sayaq…

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv