“Azərbaycanlılar”dan utanmayan – Azərbaycanla fəxr etməz!
“Azərbaycanlılar”dan iyrənməyən – Azərbaycanla fəxr etməz!
“Azərbaycanlılar”ı lənətləndirməyən – Azərbaycanı qiymətləndirməz!
xxx
Çünki “azərbaycanlılar” – Azərbaycan yaratmadılar.
Çünki “azərbaycanlılar” – Azərbaycan yaratmaq istəmədilər.
Çünki “azərbaycanlılar” – Azərbaycan yaratmağı bacarmadılar.
xxx
Namərdliyə dözdülər – Mərdliyə dözmədilər.
Alçaqlığa dözdülər – Ucalığa dözmədilər.
Mütiliyə dözdülər – Məğrurluğa dözmədilər.
“Babəkim Var!” – dedilər. Özləri Yox oldular.
“Nəsimim Var!” – dedilər. Özləri Yox oldular.
“Füzulim Var!” – dedilər. Özləri Yox oldular.
Çünki Hünərdən qaçdılar.
Çünki Əzabdan qaçdılar.
Çünki Kədərdən qaçdılar.
Süründülər – öyündülər.
Sürüldülər – sevindilər.
“Azərbaycanlılar”dan utanmayan – azərbaycanlı sayılmaz!
“Azərbaycanlılar”dan iyrənməyən – azərbaycanlı sayılmaz!
“Azərbaycanlılar”ı lənətləndirməyən – azərbaycanlı sayılmaz!
xxx
Əksilirlər – ölmürlər.
Kiçilirlər – ölmürlər.
Çünki yaşamırlar.
Yaşamayan ölməz!
xxx
Azərbaycan “azərbaycanlılar”a bənzəmədiyi dərəcədə böyükdür.
Azərbaycan “azərbaycanlılar”a bənzəmədiyi dərəcədə yüksəkdir.
Azərbaycan “azərbaycanlılar”a bənzəmədiyi dərəcədə ləyaqətlidir.
xxx
Azərbaycanı aldatmayan “azərbaycanlı”ya rast gəlmədim.
Azərbaycanı satmayan “azərbaycanlı”ya rast gəlmədim.
Ən böyük yağım – “həmdəmim!”
Ən böyük oğrum – “keşikçim!”
Ən böyük xainim – “yaxınım!”
Azərbaycanda “azərbaycanlılar” təhlükəsi yaranıb!
Azərbaycanı “azərbaycanlılardan” qorumaq gərək!
xxx
Yenidən şumlamaq lazımdır Azərbaycanı!
Yenidən toxum səpmək lazımdır Azərbaycanda!
İnsan becərmək lazımdır Azərbaycanda!
“Azərbaycanlılar”dan xilas etmək lazımdır Azərbaycanı:
Babəkləşdirmək!
Nəsimiləşdirmək!
Füzuliləşdirmək!