Xaliq Bahadır. “İsgəndər”dən daha qorxulu!

Demək olar, bugünlər hamı “İsgəndər”dən yazır. “İsgəndər” belə gəldi, “İsgəndər” elə getdi. Belə görünür hamının canına qorxu dolub: üstümüzə “İsgəndır” gəlir! Bu biri yandan da kimlərsə belə bir soraq yaymaqdadırlar: “Ermənilər Gəncəni almaq istəyirlər”. Rusiya ermənilərə “İsgəndər” raketi verir deyə, hamı qorxuya düşüb. Adam çaşbaş qalır: bu qorxuya xalqın canında yer hardandı belə? Çoxillik qansız-amansız hakimiyətləri boyunca ata-bala Əliyevlər bu xalqın canını qorxuyla təpbbə-tıxma doldurublar. Düzü, mənə elə gəlirdi bu xalqı daha nəyləsə qorxutmaq olmaz, sən demə, olarmış. Olarmış, özü də nəylə? Rusiyanın atıb-atmadığı bilinməyən “İsgəndər” raketiylə! Sən demə, bu xalq hələ də ən böyük, ən qorxunc raketin içində olduğunu, bu raketin onu içindən dağıtdığını bilmirmiş. Bilmək gərək: bu raket dünyanın ən UZAQVURAN, ən DAĞIDICI raketidir. Bu raketin adı da bəllidir: regionun ən korrupsioner hakimiyəti olan Əliyevlər hakimiyəti!

İstər UZAQVURANLIQ, istərsə də DAĞIDICILIQ baxımından Rusiyanın “İsgəndəri” bunun yanında heç nədi. Rusiyanın “İsgəndəri” atılsa, uzaqbaşı düşdüyü yerdə diametral göstəricilərinə uyğun çevrəni partladıb dağıdar, toz-duman göyə qalxar. Onda da ermənisevər İran İslam Respublikası ilə Rusiyanı çıxmaqla, dünyada hay-küy qopar. Düzdür, aqressor ermənilər çox da effektli olmayan belə hay-küylərə, çığır-bağırlara  öyrəncəlidirlər, ancaq yenə də…  Əliyevlər hakimiyətinə gəlincə, yüksək partlayışla dağıntı yaradan, qırğın törədən “İsgəndər” bunun yanında heç nədi. Bu, ölkəni, milləti, dövləti içindən asta-asta, gizli-gizli yeyib dağıdır, lap bunların çoxdankı dostu ata Buş deyən kimi: “Elə etmək gərəkdi işğal edilən xalq işğal edildiyini bilməsin”. Bunlar bu MKİ (Mərkəzi kəşfiyyat idarəsi) – KQB metodunu çox gözəl mənimsəyiblər. Gözəl mənimsədikləri kimi, gözəl də gerçəkləşdirirlər. “Azərbaycanın milli maraqlarından, dövlətin imicini qorumaq” kimi yalanlar danışa-danışa. Sən rüşvət-korrupsiya-oğurluq-soyğunçuluq-monopoliya kimi “İsgəndər”dən qat-qat qorxulu dağıdıcılıq faktorunu DÖVLƏT SİYASƏTİNƏ dönüşdür, sonra da “milli maraqlardan”, “dövlətin imicini” qorumaqdan danış!

ABŞ-ın bağımsızlıq günü ilə bağlı İ.Əliyevin Barak Obamaya göndərdiyi qutlamada çox ilginc bir yer var: “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılması, işğal olunmuş ərazilərimizin azad edilməsi, qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş bir milyondan çox soydaşımızın öz doğma torpaqlarına qayıtması üçün ATƏT-in Minsk qrupunun həmsədri kimi ABŞ-ın və şəxsən Sizin, Prezident, səylərinizin tezliklə nəticə verəcəyinə bizim  böyük ümidlərimiz var”. ATƏT-i ölkədən qovandan sonra İ.Əliyevin hansı “nəticəni” gözlədiyi bəlli deyil. Onun qaçqın-köçgünlərin sayı ilə bağlı dediyi isə düzgün statistika deyil; Əliyevlərin yürütdüyü çoxillik antixalq siyasətləri üzündən bu gün Azərbaycanda çox ağır duruma salınmış qanunsuzluq-hüquqsuzluq üzündən ölkə içində statussuz qaçqın-köçgünə çevrilmiş 10 (on!) milyona yaxın adam var. Bu isə, bilindiyi kimi, Əliyevlərin Azərbaycanı bütünlüklə İŞĞAL etməsi sonucunda baş vermiş görsənişdir. Beləliklə, biz də Barak Obamadan “işğal olunmuş ərazilərimizin azad edilməsini, qaçqın və məcburi köçgün vəziyətinə düşmüş” xalqımızın qurtuluşu üçün bizə əl uzatmasını istəyirik.

İstəyirik biz də demokratik dünyanın bir parçasına çevrilməklə söz özgürlüyünün, insan hüquqlarının qorunduğu, korrupsiyanın deyil, qanunçuluğun dövlət siyasətinə çevrildiyi ölkədə yaşayaq. Yüz il qabaq Avropanın özünə belə, örnək olan Demokratik Respublika qurmuş xalqımızın bu istəyinin gerçəkləşməsi üçün yalnız İŞĞALÇI rejimdən qurtulmaq gərəkir!

“İsgəndər”dən daha qorxulusu qanunsuzluğun DÖVLƏT SİYASƏTİNƏ çevrilməyidir…

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv