Xaliq Bahadır. … Dağlar qoynunda Şəki (II)

Şəkinin şəkil gözəlliyi
Şəkinin şəkil gözəlliyi demək doğadan (doğa – təbiət) gələn gözəllik deməkdir. Çox-çox əski çağların Türk yurdu olan, Saklardan qalma sayılan Şəki hər baxımdan özümlü bir yerdir – doğadan tutmuş tikililərinə, adamlarınadək. Bunların hər birinin üzərində ayrı-ayrılıqda dayanmaqla çox böyük yazı yazmaq olar. Ancaq mən bunlara yeri gəlmişkən ötəri toxunub, Şəki ilə, bütövlükdə ölkəmizlə bağlı başqalarının yazmayacaqlarından yazacam.

Şəkidə yaranışdan gəlmə nə varsa hamısı gözəldir: doğasından adamlarınadək. Burada doğa necə ürəkaçandırsa, adamlar da eləcə qılıqlı, istiqanlı, dilidadlıdırlar. Doğası, əskilərdən qalma çəkiciliyi, olduqca bacarıqlı adamları ilə birgə neft-qazdan gələn milyardların gücünə Şəkini çoxdan Azərbaycanın başlıca turizm yerlərindən birinə çevirmək olardı. Necə? Keçmişə, keçmişdən qalma yaşarı nə varsa hamısına sayğıyla, qayğıyla yanaşmaqla Şəkini gərəyincə yeniləşdirərək, turizm baxımından gərəkən çağdaş infrastruktur qurmaqla. Yuxarıda göstərildiyi kimi, “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı” adına 51 milyard manat pul ən yuxarıdan ən aşağıyadək mənimsəndiyi üçün ölkənin başqa bölgələri təki Şəki də indi, belə desək, quru yerdə qalıb.

O 51 milyarddan bir az ayırmaqla ölkənin ən azı üç başlıca bölgəbaşı yerini – Gəncəni, Lənkəranı, Şəkini özümlü arxitekturasına uyğun tikinti-quruculuq yoluyla yeniləşdirib daha da gözəlləşdirmək, turizm baxımından daha da çəkici etmək olardı. Bu adı keçən üçlükdən yalnız birində – Gəncədə son illər yeniləşməyə, gözəlləşməyə doğru dəyişiklik olub. Ancaq o dəyişiklik də 51 milyardlıq “sosial-iqtisadi inkişaf” öyüntülərini pərdələməkdən uzağa getmir. “Sosial-iqtisadi inkişaf” adlanan nəsnə 51 milyard manatın üstündən xalqın dolanışığında-yaşayışında hansısa üstünlük görsənişi yaratmırsa, onda biz yalnız 51 milyard manatlıq itkidən danışa bilərik – xalqın üzləşdiyi itkidən. Bütün ölkəni bürüyən, dönə-dönə sökülüb yenidən qurulan Heydər Əliyev parkları Əliyevlərin, əliyevçi rejimin  “sosial-iqtisadi inkişaf” nağılları kitabının üz qabığıdır. Eləcə də buna bənzər dekorasiya xarakterli bir çox başqa aldadıcı, başlıca olaraq pul mənimsəməyə yönəlmiş tikinti-təmir işləri.

Əliyevlərin, əliyevçi rejimin ayrıca önəm verdiyi başlıca “sosial-iqtisadi inkişaf” faktorlarından biri məscid tikintisi, məscid təmiridir. Bu işlərdən ötrü milyonlarla pul ayrılır – 45 ildən bəri yağıcasına əzib-yendikləri xalqı din yoluyla daha çox, bir çox illər bundan belə də İŞĞAL altında tutmaq üçün! Din bütün çağlarda despotların, despotik rejimlərin ən güclü arxa-dayağı olub, buna görə!!! Rejimin regional önəm qazandırmağa çalışdığı Gəncədəki İmamzada məscidinə İ.Əliyev indiyədək dönə-dönə “təmir-tikinti” adına 3-5 milyon arası pul ayırıb. Xalqı illərlə soyub-yağmalayıb quru yerdə qoymaqla yanaşı Bakıdan tutmuş ölkənin ən ucqarlarınadək yeni-yeni məscidlər tikdirməyin, olanların təmirinə dönə-dönə mlyonlar ayırmağın bir adı var: korrupsioner rejim-korrupsioner din əlbirliyi-qardaşlığı! Tək elə Gəncə bazarında İmamzadaya and içməklə, məni dönə-dönə aldadıblar. Bu isə özümlü bir sınaq deməkdir – yalançı sınağı!

Gəncədə olan ölkənin hər yerində olur: Lənkəranda da, Şəkidə də. Bazarda 5-10 qəpik üçün dinin bütün müqəddəslərinə and içib… səni aldadrlar. Nə etməli? Xalqı içindən arındırıb yüksəltməli! Ancaq bundan ötrü başda duranlar özləri arı-duru kimsələr olmalıdır. Adamlar ölkəni bürüyən yalanın-yaltaqlığın-rüşvətin-korrupsiyanın-oğurluğun-soyğunçuluğun-monopoliyanın laaap başdan qaynaqlandığını gözəl bilirlər. Buna görə bizdə doğru-düzlərə də inamsız yanaşma geniş yayılıb. İnamsız xalqın DİNİ-İMANI olmaz!  Sən gedib Kəbədə yüz yol lütlənsən də, ölkə məscidlərini gecə-gündüz gəzib-dolaşsan da sənə inanan olmayacaq. İnamı qazanmağın da, inanclı olmağın da başlıca yolu DÜZLÜK-DOĞRULUQDUR! Kəbə də, məscid də insanın öz içindədir. Buna görə islamın yaradıcısı deyirdi: “Bir könül tikmək yüz Kəbə tikməkdən üstündür”.  Sənsə bir xalqın hüquqlarını tapdayıb milyardlarını mənimsəməklə milyonlarla KÖNÜL qırıqlığı yaradandan sonra Kəbəni məscidlərlə birgə satın almağa çalışırsan. Bunun ardınca ölkə boyu inamsızlıq, inancsızlıq, 5-10 qəpik üçün bütün din müqəddəslərinə yalandan andiçmələr, alıb-aldatmalar gəlir. Min illərin yalan-gerçək müqəddəslərinə inamını itirdiklərinin sənə inanacaqlarına inanırsansa, onda işində ol!

Sağ olsunlar, tanışlar Şəkinin istədiyimiz səmtində yerləşməyimizə də, bir sıra görməli yerlərini gəzməyimizə də yardımçı oldular. Onların neçəsilə yaxından tanışlığımız dostluğa çevrildi. Müəllim tanışımız bəri başdan bizə uyarıda bulundu: “Bazara mənsiz getmiyəsuz, sizi hər addımda aldatmağa çalışacaxlar. Necəsi belə: misalçün, nəyə desən and içacaxlar, sonra da keçi ətini qoyun əti adına satacaxlar”.

Müəllimə yük olmayaq deyə, bazara onsuz getdik. Mənə elə gəlir, Şəki bazarı Gəncə, Lənkəran bazarından daha böyükdür. Bu bazardan da o biri bazarlar kimi milyonlar qazananlar var, ancaq bazar elə o birilər kimi yaman gündədir. Buradan milyonlar qazananlar ən azı bazarın dağılmış  asfaltın yeniləməyə də can çəkirlər. İstəyirsən bunu bazarın başında duranın özünə de. Sənə ürək qızdırsa, gör o nə deyəcək: “Məni soyurlar: icra başçısına ver, polisə ver, purokurora ver, məhkəməyə ver, vergiyə ver, fövqəladəyə ver, itə ver, qurda ver – haindi özümə nə qalıtdı?!” Bütün ölkə bu gündə!

Bazardakı bircə aldatma epizoduna toxunacam. Qoyun əti, daha doğrusu, quzu əti almaq istəyirdik. Bütün uzun ət sırası boyunca hamı aldadıb qoç ətini quzu əti adına sırımağa çalışırdı. Birinin dadlı yalanlarına aldanıb almağa azacıq qalmışdıq. Birdən işin üstü açıldı: gözüm üstündən gekə qoç quyruğu asılmış (gizlətmə üçün!) irtməyə sataşdı. Ona “Utanmırsan, dedim, keçi ətini bizə qoyun əti adına sırımağa çalışırsan?!” Utanmadı, eləcə mumladı.

Kiş Alban tapınağı

Bir az özümüzün, bir az da tanışların minik yardımıyla, demək olar, Şəkinin bütün görməli yerlərini gəzdik. Tanışlardan biri (hamısı sağ olsun!) bizi Alban tapınağına (tapınaq – ərəbcə, məbəd) da apardı. Tapınağın yaxınlığında Azərbaycanın böyük dostu, norveçli Tur Heyerdalın anıtı var. Kiş Alban tapınağını Tur bəy (tur türk sözüdür) özünün puluyla yenidən qurdurub. Tur bəyin apardığı araşdırmalara görə, norveçlilər Azərbaycandan getmədirlər. Onun bu yöndə yazdıqlarının çap materialını istədim. “Var idi, qurtarıb”, – dedilər. “Niyə yenidən çap etdirmirsiz?” – deyə soruşduqda belə bildirdilər: “Mədəniyət nazirliyinə demişik, çap etməyə pul olmadığını deyiblər”. Sonra da qadın mənim qınağıma qarşılıq olaraq bildirir: ”Bilirsiz, o kitab baha başa gələn kitabdır”. Mənsə ona jurnalist olduğumu, belə işlərdən yaxşı baş çıxardığımı bildirirəm. Oxşar yalanlarla bir sıra başqa yerlərdə də qarşılaşdıq. İndi bizdə bazardakı adamlar artıq qəpik-quruş qazanmaq üçün yalan danışmalı olurlarsa, belə yerlərdə işini itirmək qorxusundan yalana əl atmalı olurlar. Onları qınamaq da çətindir: hər yanda işsizlikdır. Nə də olmasa onlar müəllimlər, həkimlər kimi 150-200 manat aylıq ala bilirlər.

Verilən bilgiyə görə, Şəki yörələrində Kiş tapınağı kimi tapınaqlar çoxdur. Onları da Kiş tapınağı kimi yenidən qurmaq olar. Ancaq, qurulmur. Nədən? Bundan ötrü pul ayrılmadığından. Avropadakı Petka kilsəsinin təmirinə, eləcə də ölkədəki məscid təmir-tikintisinə böyük pullar ayıran rejim başçısı Alban tapınaqlarının yenidən qurulması üçün pul ayırmır. Öncəkilərdə qazanc olduğuna (demokratik dünyanı, xalqı aldatmaq qazancı), indi yiyəsiz qalmış keçmişimizdə – Alban tapınağında elə bir qazanc olmadığına görə. Yeri gəlmişkən, Kiş Alban tapınağına giriş Mədəniyət-turizm nazirliyinin qərarına uyğun olaraq pulludur (2 manat), özü də dünyanın hər yerindən bu tapınağa baxmağa gələnlər olur.

Başqa yerlər bir yana, Kişin özündə neçə gəncdən bu köyün görkəmli yetirməsi Aydın Məmmədovu soruşdum,  tanımadılar. Onları necə qınayasan: Azərbaycan televiziyaları bu xalqa Aydın Məmmədov kimi görkəmli aydınları tanıtmaq yerinə, bir-birindən düşkün, yaramaz kanalizasiya fiqurantlarını tanıdır! Bu baxımdan əliyevçi Azərbaycan televiziyaları aydınlıq televiziyaları deyil, rejim ideologiyasına bağlı qaranlıq televiziyalarıdır. Bir belə jurnalistin olduğu ölkədə İ.Əliyev buxalter Arif Alışanovu Dövlət televiziyasına başçı qoyur, yaxşı qazanc gətirdiyinə görə daha üç kanalı (İdman, mədəniyət, İctimai) ona tapşırır. Sonra da onu göstərdiyi ailə-klan qulluğuna görə “Vətənə xidmət” ordeniylə ödülləndirir. Yeri gəlmişkən, biz Şəkidə olanda jurnalistikamızın 140 illiyilə bağlı bir yığın adama “Əməkdar jurnalist” adı verildi. Onların bir çoxu 5-10 ildən bu yana jurnalistikada görünməyənlər, bir çoxu gerçək jurnalistikanı, gerçək jurnalist adını ləkələyən kimsələrdir. Belə ödülləndirmə-dəyərləndirmələr jurnalistika üçün deyil, yalana qulluğu genişləndirməklə rejimi daha çox yaşatmaq üçündür.

                                       (ardı var)

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv