Soylu Atalı. BAŞARISIZLIQMI, XƏYANƏTMİ

Tarixdə türkün bəzi uduzmalarının nədəni doğru araşdırılsa, onun siyasət yürütmədə başarısız olduğu üzə çıxar. Yəni üz-üzə qol döyüşləri gedən çağlarda meydana mərdlik havası gətirmiş, gizlənib arxadan vurma, məkr, fəndgirlik kimi aşağılıqları xislətinə yaxın buraxmamışdır. Bu xarakter getdikcə folklorumuza yerimiş və mərdlik kimi yüksək keyfiyyət, demək olar ki, folklorumuzda əsas məzmunu əmələ gətirmişdir. Biz bunu “Dədə Qorqudun Kitabı”nda da görürük, Koroğlu dastanlarında da və b.k. Bu dastanların birində Koroğlu tüfəngi görüb mərdliyin sona çatdığını vurğulayır… Əlbəttə, burada məqsədimiz bu qonunu genişləndirmək deyil, çağdaş durumumuzla bağlı rahatsızlıq yaradan bəzi məsələlərə diqqət ayırmaqdır. Vətənini sevən, millətinin gələcəyini düşünən hər kəs bu gün istər Türkiyədəki olayları, istər Azərbaycandakı gedişləri izləyir, rahatsızlığını ən azı yazılarla ifadə eləməyə çalışır. Biz də beləcə. İzləyirik, qınayırıq, ələşdiririk. Deyə bilərlər, qıraqdan baxana döyüş asan gəlir. Yox, bizə döyüş asan gəlmir. Çünkü sorunların içindəyik, Vətənimizlə bağlı hər bir ağrını da içimizdə daşıyırıq. Biz bir sıra sorğulara cavab axtarırıq: Vətənimizlə bağlı sorunları yaradan nədir?! Ortada olan bacarıqsızlıqdırmı, düşünülmüş xəyanətdirmi?! Dövlətimiz getdikcə dayanıqlığını itirir, xalqın yaşamı dözülməz şəkil alır. Zorakılıq son həddə çatır, qarşıdurmalar kəskinləşir. Dışarıdan gələn basqılar tükənmir… Düşünürük ki, bütün bunların hamısı yanlış yürüdülən siyasətin sonuclarıdır. İstər bacarıqsızlıq olsun, istər xəyanət, – fərq etməz. Yönətmə tam olaraq çöküb, özbaşınalıq dağınıqlıq (anarxiya) yaradıb. Nə iç siyasət özünü doğruldur, nə dış siyasət.
Baxın, Rusiya Ukraynanın bir kəsimini işğal elədi. Ona görə Ukrayna Rusiyanı düşməni kimi qələmə verdi, özü də onunla döyüş cəbhəsində dayandı. Rusiyanın ondan bir neçə qat güclü olduğunu da unutmayıb. Ancaq Rusiya Azərbaycanın bir kəsimini erməni üçün işğal elədi. Özü də yaraqlı-ordulu erməninin içində oturub onu bizdən qoruyur. Azərbaycan iqtidarı isə bu çağa kimi Rusiyanı nəinki düşmən adlandırıb, tərsinə, onunla hər cür əməkdaşlığa gedir, onun tələblərini yerinə yetirir. Dinəndə isə deyir, bizim Rusiya ilə heç bir sorunumuz yoxdur. Uzun illər iqtidarımız bunun adını balanslaşdırılmış siyasət qoydu. Belə də siyasətmi olar?! Bu, siyasət deyil, təslimçilikdir. İllərdir Azərbaycan iqtidarı hakimiyyətini və sərvətini qorumaq üçün Rusiyanın hər cür şıltağına boyun əyir, yurdumuzun heysiyyətini onun ayaqları altına atır. Elə bil nə “20 Yanvar” qırğını olub, nə də Xocalı vəhşəti; nə Batı Azərbaycandan vəhşicəsinə qovulanlar olub; nə də Qarabağ işğaldadır. Bunun adı bacarıqsızlıqdırsa, dövləti qamarlayanlar qırağa durmalı idi. Xəyanətdirsə, Azərbaycanın ayaqlar altına salınan toplumu təpərlənib, toparlanıb bu gedişi dayandırmağa çalışmalıdır. Yarıtmazların yanlışları ucbatından bütöv bir xalqın gələcəyinin işığı söndürülür axı.
Uyğun fəlakətlər bu gün Türkiyədə də yaşanır. Baxın, bizi işğal eləyən, erməniyə hər cür status yaradan (yeri gəlmişkən basın yayınlarında ilginc faktlar ortaya çıxarılıb – Rusiya “Dağlıq Qarabağ Respublikası”nın ermənilərinə sürücülük vəsiqəsi paylayır) Rusiya ilə Azərbaycan iqtidarı əməkdaşlıq edir. Türkiyə insanlarını qırğına uğradan PKK uzantısına da Ərdoğan hökuməti baxanlıq (nazirlik) görəvi tapşırır. O da “Erməni soyqırımı”nı tanıdığını bəyan edir. Bunların hamısı yürüdülən yanlış siyasətin sonucudur. Hökumət xalqın qoruyucularından qurular, dağıdıcılarından yox. Nə qədər azğın, mənfəətsevər olasan, özünəyarar düşünəsən ki, böyük bir xalqın, qurulu bir dövlətin gələcəyini qorxu altına buraxasan.
Öncə türklük dəyərləri sıradan çıxarıldı – Azərbaycanda da, Türkiyədə də, sonra dövlətçiliyin özülü laxladıldı. Eyni proses getdi – Azərbaycanda türklük sıradan çıxarılıb abstrakt Azərbaycançılıq elan olundu, Türkiyədə türklük sıradan çıxarılıb anlamsız Türkiyəçilik ortaya çıxarıldı. Bu gedişlər isə bacarıqsızlıqdan daha çox xəyanətə oxşayır. Bu qədim çağlardakı kimi mərdlik meydanlarındakı siyasət başarısızlığı deyil, türkü çökdürmək planlarının çılpaqlığı ilə üzə çıxmasıdır. Bütün addımlar sanki öncədən hazırlanıb, düşünülmüş şəkildə də atılır…
Buna görə biz dönə-dönə vurğu edirik ki, Ümumtürk Hərəkatı başlamalıdır!

Yükümüzdən Böyük Fərəhimiz yoxdur!
Atamız Var olsun!

02 Ata Ayı, 37-ci il.
(sentyabr, 2015.)

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv