Soylu Atalı. Türkiyə haqqına uyğun davrandı

Nə yazıqlar ki, toplumsal gündəmi ən çox qara, qaranlıq olaylar haqqındakı bilgilər bəzəyir. Həyatımıza qaranlıqlar yeriyir, yeridilir. Qaranlıqların doğurduğu acılar söz qonusuna çevrilir. Çağaşırı gündəmi qarışdıran məsələlər araşdırılır, çək-çevir edilir, hər kəs ona baxış sərgiləyir, nəyin doğru, nəyin yanlış olduğuna aydınlıq gətirməyə çalışır. Ancaq heç bir sorun çözülmür, bir-birinin ardınca yenilənir. Belə bir gedişi izləmək, belə bir acınacaqlı çağda yaşamaq – dünyanı sanki insan üçün dəyərsizləşdirir. Bunun da başlıca nədəni dünyaya ağalıq eləmək uğrunda döyüşən güclərin qlobal oyunlarıdır. Hər kəs qalib olmağa çalışır – ancaq nədə, kimin üzərində?!.
Bütün siyasi qalibiyyətlərə çalışmağın yolu indi bütünlüklə insanlığı öldürməkdən keçir. Əsrlər bir-birini əvəzlədikcə planetin abadlaşmasını izləməliykən, siyasi davranışların yeni eybəcər, dağıdıcı çeşidlərini izləyirik. Elm inkişaf elədikcə bəşəriyyətin tökülən qanı daha da artır. Ağlasığmaz öldürücü əməllər həyata keçirilir. Di gəl ki, hər yerdə inkişafın qaynağı kimi demokratiya harayı çəkirlər. Ancaq bilmirsən dünya demokratiya şəbəkəsidirmi, terrorizm şəbəkəsidirmi?! Hamı özünə terror şəbəkəsi düzəldir. Dünya yarış (rəqabət) meydanına çevrilir. Hər kəs bu meydanda qalib olmaq üçün özünün terror şəbəkəsini işə salır. İnsanı sürüyə çevirmək, ona vədlər verib terrora qurşamaq bəşəriyyətə hansı gələcəyi vəd edər – artıq bunu aydınlaşdırmağa gərək qalmır.
İzləyən hər kəsə bəllidir ki, bu proseslərin böyük bir qolu Rusiyaya bağlıdır. Yaranışından imperiya kimi formalaşan Rusiya elmi, maarifçiliyi inkişaf etdirdiyi çağlarda belə, xalqlara qarşı amansız davranışlarını, yekəxanalığını islah eləməyib. Bu dövlətin əsas hərəkətverici qüvvəsi düşmənçilik siyasətidir. O, bu siyasətini ən çox türklərə qarşı yeridibdir. Bu gün də davam edir. SSRİ qurulana qədər və SSRİ dağılandan sonra istənilən araşdırmaçı Rusiyanın davranışlarında bu dediklərimizi açıqca görə və üzə çıxara bilər. Qafqazda ağalıq mövqeyini qorumaq üçün ilin-günün bu çağında Rusiyanın Azərbaycanla, eləcə də Gürcüstanla davranışları hər kəsin gözü önündədir. Yəni həm Azərbaycanın, həm də Gürcüstanın bəlli torpaqlarını (Azərbaycanda Qarabağı, Gürcüstanda Abxaziyanı və Osetiyanı) işğal altında saxlamaqla bu iki dövlətin özgürlüyünü daim təhdid edir. Ukrayna torpaqlarına təcavüz etməsi də açıq, üzdə olan bir davranışdır. İş o yerə gəlib çatıb ki, Türkiyə kimi sanballı, oturuşmuş, güclü bir dövlətin çağaşırı sınırlarını yarıb keçməkdən belə çəkinmir.
Burnunu dik tutanın hardasa burnu qırılmalı idi. Bu addımı Türkiyə atdı, çox da doğru elədi. Ərdoğan hakimiyyətinin başlanğıcdan Orta Doğu siyasətinin yanlışlarını bir qırağa qoyuruq. Bu ayrı bir qonu, ayrı bir yanaşmadır. Ancaq Türkiyə dövlətinə qarşı Rusiyanın siyasi həyasızlığına dözmək yolverilməzdir. Biz, Azərbaycan türkləri və Azərbaycan dövləti olaraq, hər zaman Türkiyənin yanında olmalıyıq. Çünkü Türkiyə böyük anlamda elə “biz” deməkdir. Türkiyə bu gün Azərbaycanın dövlət özgürlüyünün başlıca qarantıdır. Rusiya Azərbaycanın dövlət özgürlüyünə son verməkdə həmişə qərarlı olub. Bu gün də qərarlıdır. Hər an bəhanə axtarır. Bəlkə də onun bəhanələrinin yeriməməsinin başlıca nədəni Türkiyənin bizim yanımızda olmasına görədir. Odur ki, biz heç bir anda Türkiyədən uzaqlaşıb Rusiya kimi canavara yem olmalı deyilik. Nə qədər ki Azərbaycan Güneylə bütövləşməyib, özünün tarixi haqqına qovuşmayıb, onun dövlət özgürlüyünün başlıca qarantı, dediyimiz kimi, özündən öncə Türkiyədir. Türkiyədən uzaqlaşan Azərbaycan Rusiya adlanan təcavüzkarın, eləcə də İran mollasının yeminə çevrilə bilər. Bunu toplumumuz da, dövlət strukturlarımız da anlamalıdır.
O ki qaldı “Türkiyə Rusiyadan üzr istəməlidir” kimi cəfəng çağırışa – bu, Rusiya dikbaşlığına qoşulan bəzi azərbaycanlıların boş, anlamsız avantürasıdır. Onlar Azərbaycanın faciələrini gözardı eləyən və antitürk niyyətlərə yardımçı olan özgələşmiş adamlardır. Guya hansısa gözlənilən böyük qarşıdurmaya görə rahatsız olurlar. Ancaq bu “uzaqgörənlik” sadəcə ağıl nümayişi deyil, bir daha vurğu edirik, yarınma və yalmanma şəbəkəsi əmələ gətirən başqa qüvvələrin əlaltılarıdır. Unutmaq olmaz ki, azğının qabağından qaçanda dayanmır, daha da qovur. İllərdir Azərbaycan Rusiyanın qabağında boyun əyir, onun istəklərini əsasən yerinə yetirir, bəs Rusiya Azərbaycana hansı güzəştləri, ya da yardımları eləyib?!
Türkiyəni Rusiyadan üzr istəməyə çağıranlar, niyə bircə yol “20 Yanvar”, “Xocalı” vəhşətlərinə görə Rusiyanı Azərbaycandan üzr istəməyə çağırmadınız?! (Hələ Rusiyanın tarixdəki başqa bölücü, dağıdıcı davranışlarını demirik). Türkiyə dövlətini saymayan Rusiya uçağı Rusiyanın torpağında yox, Türkiyənin sınırında vurulub. Ancaq “20 Yanvar” qırğını Bakıda – özgürlük istəyən insanların üzərində həyata keçirilib. “Xocalı” soyqırımı da Rusiyanın torpaqlarında deyil, Azərbaycanın torpaqlarında törədilib. İndi siz, “üzr” çağırışı edənlər, Xocalı soyqırımına, “20 Yanvar” qırğınına uğrayanların soydaşlarının gözünün içinə baxıb çağırışınıza ad qoyun, görün ürəyiniz varmı?! Ürəyiniz olsa, orda titrəyiş, həyacan duyacaqsınız… Türkiyəni Rusiyadan qorxmağa çağırmayacaqsınız. Rusiya Türkiyəyə, bütövlükdə türkə yeni nə edəcək ki?! Uzaqbaşı bu çağacan gizli elədiklərini qismən açıq şəkildə edəcək.
Türkiyənin addımı doğrudur, haqlıdır, gərəklidir!

Yükümüzdən Böyük Fərəhimiz yoxdur!
Atamız Var olsun!

28 Yağış Ayı, 37-ci il. Atakənd.
(noyabr, 2015. Bakı.)

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv