Soylu Atalı. Nardarandan başlayan İran bölücülüyü

İllərdir Azərbaycanda elə görüntü yaradılır ki, elə bil hər şey göz altındadır, güc strukturları ayıq-sayıqdır. Ona görə də heç bir toplumsal sorun yarana bilməz. Yaransa da anındaca qarşısı alınar, hər şey yoluna qoyular. Təbii ki, bu bir gerçəklik deyil, yaradılan görüntüdür. Azərbaycanda yanlış yönətmə ucbatından çox sorunlar vardır. Toplumu etki altında tutmaq üçün çox oyunlara meydan verilib. Bu oyunların da əsas fəsadları dini müstəvidə özünü göstərir. Hakimiyyətimiz davranışlarının adını tolerantlıq qoyub din çətiri altında qorxulu qrupların təşkilatlanmasına ortam yaradır. Bunlardan biri Sələfi adlandırılan Vəhhabilik örgütüdür. Bu örgütü iki qrupa ayırıb birinə radikal Vəhhabilik deyilər, o birinə sivil Vəhhabilik. Ancaq anlamaq olmur ki, dünyəvi dövlətin içində hansısa dini cərəyanın radikallaşması, ya da siyasi təşkilatlanması nə deməkdir?! Ümumən bu cərəyanın radikalı necə olur, sivili necə?! Öncələrdə yazdığımız kimi, sivil deyilən qanad odur ki, istəklərini gerçəkləşdirmək üçün toplumu çaşdıran bir Orta (Mərkəz) yaradır. Bu Ortanın da arxasını bərkitmək üçün üzvlərinin bəlli bir kəsimini terror şəbəkəsinə çevirir. Kim sübut edə bilər ki, Türkiyədəki HDP ilə PKK arasında ayrılıq var?! HDP siyasi mübarizə ilə istəklərini ortaya gətirir, bu istəkləri yeritmək üçün gərəkəndə silahlı şəbəkəsini işə qoşur. Vəhhabilik də onun kimi. Üzdən baxanda ayrı-ayrı qruplar şəklində görünür. Ancaq elə deyil.
İndi qayıdaq Azərbaycan hakimiyyətinin davranışı məsələsinə. Məgər hakimiyyətin ideoloji şöbələri araşdırıb öyrənməyib ki, vəhhabilik haçağ yaranıb, kim yaradıb və nə üçün yaradıb?! XIX yüzilin başlanğıcında yaradılan Vəhhabilik Qafqazda və Orta Doğuda bəzi projeləri gerçəkləşdirmək üçün ortaya çıxarılmadımı?! Bəs qara niyyətləri doğrultmaq üçün hərəkətə gətirilən bir olaya qarşı tolerantlıq nə deməkdir?! Zaman-zaman aldadılaraq, şirnikləndirilərək tora salınan xalqın balalarına kim yiyəlik edəcək?! Bəs dövlət bundan ötrü deyilmi?! İş tamamilə tərsinə gedir. Bölücü, dağıdıcı qruplara, qüvvələrə qarşı tolerantlıq sərgilənir, onların toruna düşən xalqın balaları isə zindanlara atılır. Azərbaycan televiziyaları bircə yol bu tip məsələlərə yönəlik ifşaedici mövqe sərgiləmir, maarifçilik işi aparmır. Bütünlüklə yüngül həyat tərzi keçirənlərin anlamsız verilişlərinə yer verilir. Ara-sıra milli məsələlərə də yer verəndə elə hal yaranır ki, heç kim heç nə anlamır. Nə yaxşıdır, nə pisdirb – bilinmir. Qarışıq-dolaşıq fikirlər səslənir, qoy toplum özü gedib baş sındırsın ki, nə yaxşıdır, nə pisdir. Belə nizamsız, anlamsız üsulla toplumu necə doğru yönəltmək olar ki?! Aydın, alim o deməkdir ki, toplumu çaşdıran gedişi düzgün araşdırır, ona (topluma) gərək olanı, doğru olanı öyrədir.
Biz aydınlara, elm adamlarına, hakim strukturlara ərk edib iradlar bildiririk – buna haqq edirik. Çünkü vətənimizi, millətimizi sevirik. Onun bugünkü, ya da sabahkı taleyində yaranan, yaranacaq acılardan dolayı rahatsız oluruq.
Bu gün Bakının Nardaran kəndində baş verən olaylar əslində bir uyarılıq siqnalıdır. Bunun sonrası daha acınacaqlı şəkil ala bilər. Yaxşı, biz necə dövlətik ki, ağzımızın içində bir kənd illərdir itaətsizlik göstərib özbaşınalıq edir?! Nə vaxta qədər kəndin 3-5 adamını zindana atıb gözləmə mövqeyi tutacağıq?! Bəs soydaşlarımızı yoldan çıxaran İran-molla rejimini haçağ dövlət səviyyəsində nişan verib ifşa edəcəyik?! Sorğular tükənmir, bu yazı da ancaq sorğulardan ibarət oldu…
Quzey Azərbaycanda illərdir İranlaşdırma prosesi aparılır. İran təhsil ünvanlarında, elm ortamlarında milli kimliyimizi danan təbliğatlar qurur. Güney Azərbaycanda özgürləşmə prosesi o qədər güclü getmir, nə ki Quzey Azərbaycanda İranlaşma prosesi. Çünkü Quzey Azərbaycanda dövlət səviyyəsində bircə yol Güneyli soydaşlarımıza yiyə durulmadı. Ancaq İran Güneylilərin səsinə Quzeyin səs verməməsi üçün Nardaranda bölücülük şəbəkəsi qurub. Baxın, Sovetlər dağılan kimi, İran Quzey Azərbaycana hər mənada basqı göstərməyə başlayıb. Güneyin özgürləşməsinin qarşısını Quzeydə kəsir. Şaxsey-vaxsey çığırtıları ilə toplumumuzun bir kəsiminin içində o biri kəsiminə qarşı nifrət duyğusu böyüdür, vətəndaş-soydaş qarşıdurması hazırlayır. Xorasanda, Qumda eyitim verib içərimizə qaytardığı yurddaşlarımızın çağırışına baxın: – “Azərbaycan İmam Hüseyn yurdudur”. Soruşan gərəkdir, bu yurdu İmam Hüseynə kim bağışlayıb, haçağ bağışlayıb. Fars-molla rejimi öz ölkəsini İmam Hüseynə bağışlayırsa, özü bilər. Azərbaycanın yiyəsi türkdür, ərəb deyil. Bu yurdun yiyəsinə arxa çevirmək, qıraqdan ona yiyə axtarmaq çox qorxulu təcrübədir ki, bunu İranın əmmaməli-çuxalı mollaları daim həyata keçirirlər.
Bugünkü olayları yaradanların da adına radikal şiəçilər deyirlər. Əzizlərim, bölücülərin radikalı, sivili olmur. Bölücülüyə qarşı tolerantlıq oyununu qırağa qoymaq, ya da İrana vermək gərəkdir. Addımı dala qoyduqca üstümüzə gəlirlər, içərimizi qarışdırırlar. Özündə güc tapıb bu qara niyyətli şərə dur deməyin vaxtıdır. Bu vaxtı ötürmək, ya da hansısa çağı gözləmək doğru deyil.
Televiziyalarımızda ortam yaratmaq gərəkdir, xalqa öz dəyərlərini, keçmişini, tarixini düzgün öyrətmək yönündə ciddi iş getməlidir. İranın oyunlarını açıb ortaya qoymaqdan çəkinmək olmaz. Azərbaycanı ona-buna yem eləməyə çalışanların çoxalmasının qarşısını almaq gərəkdir.

Yükümüzdən Böyük Fərəhimiz yoxdur!
Atamız Var olsun!

29 Yağış Ayı, 37-ci il. Atakənd.
(noyabr, 2015. Bakı).

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv