Yadigar Türkel. Sözardı…

Sovet dönəmində rus-erməni-gürcü-mason bolşevikləri Azərbaycanın ən dəyərli aydınlarını öldürüb, tərbiyə etdikləri şairlərə «itə-qurda» «Qardaşım Layka! Sən orda elədikcə ham-ham, mən yerdə alıram ilham!» kimi əskiklik ölçüləri, Səməd Vurğuntək istedadlı, görkəmli qoşucuya «Bəşərin vicdanı eşqi-ürəyi, zehni düşüncəsi, fikri, diləyi, bütün yer üzünün xoş gələcəyi, hər zövqü-səfası partiyamızdır!» kimi öygülər yazdırmışlar.
Uca türk, azərbaycanlı ulusal düşüncəmiz dolaşdırıldığından özgürlüyün müstəqilliyin 22-ci ilində kimlərəsə «zorla şeir qayıran» şairlərimizin biri də Bakını bizə yenidən yurd-vətən etmiş ulusal bahadırımız Nuru Paşaya öygü yazmamışdır.

Təkcə professor Şahin Fazil Azərbaycanın ulusal bahadırına «Nuri Paşaya xitab» adlı gözəl öygü yazıb, «Kredo», eləcə də «Nəbz» qəzetlərində çap etdirmişdir. Sağ olsun!

 

«Ey Nuri Paşa, gəldiyin andan vətənimdə

Bir vəlvələ, bir şur göründü,

İnsanlarımız bir daha məğrur göründü,

Tutqun gələcək gün,

Solğun gələcək gün bizə billur göründü.

Ey Nuri, elin gözlərinə nur göründü.

Gəldin əzəmətlə,

Gəldin həşəmətlə,

Gəldin, buna əlbəttə səbəb var idi səndə,

Düşmənlərimə qarşı qəzəb var idi səndə.

Gəldin, Bakıya ley kimi, tərlan kimi gəldin,

Yağılara bildirməyə türkün gücünü sən

Aslan kimi gəldin,

Qaplan kimi gəldin,

Od yurduna, Azər elinə can kimi gəldin.

Düşmən nəzəri toprağımızda, daşımızda,

Dünya bulanıqdı.

Xoşbəxt gələcək arzulayan sirdaşımızda

Gerçəkliyə az idi umud, süst idi imkan,

Xülya bulanıqdı.

Dəryada balıq arzulayırdıq, yanılırdıq,

Dərya bulanıqdı,

Ümman bulanıqdı,

Dövran bulanıqdı,

Çox yan bulanıqdı,

Tarix boyu acgözlük edən qonşularımda

İştah duru idi,

Vicdan bulanıqdı.

Ey Nuri Paşa, ey gözümün nuri, göründün,

Kimsə deyə bilməzdi ki, məcburi göründün.

Gəldin xoşun ilə,

Gəldin ölümə razı olan bir qoşun ilə,

Gəldin kömək üçün və yetirdin bizə yardım,

Olmazdısa hərgah kömək parçalanardım.

Olmazdısa hərgah gömək nalə edərdim,

Qalxardı göyə tüstü kimi qapqara dərdim,

Onsuz da itirmişdim əlimdən neçə yurdu.

Düşmənlərimiz həzz dağıdır, fitnə qururdu…

Çox yaxşı ki, var idi igid məhəmədəminlər,

Var idi ziyalı neçə rəhbər,

Fürsət yaradıldı,

Dövlət yaradıldı,

Millət deyən Milli Hökumət yaradıldı…

Lakin yenə basqın,

Lakin yenə həmlə,

Bəd qonşu əlindən

Üzgündü vətəndaşlarımız dərdü-ələmlə.

Çox yaxşı ki, Türkiyə var idi,

Amma bezar idi özü də düşmən əlindən.

Dəhşət diləyənlər,

Vəhşət diləyənlər,

Türkiyəni yıxmaq diləyirdi təməlindən…

Bax, öylə fəlakətli, müsibətli zamanda

Gənc dövlətimiz sidq ilə xahiş edən anda

Nuri paşa gəldi,

Yoldaş köməyi yoldaşa gəldi.

Nuri paşa gəldi,

Qardaş köməyi qardaşa gəldi.

Nuri paşa gəldi,

Sirdaş köməyi sirdaşa gəldi.

Nuri paşa gəldi,

Türkün köməyi türkə yönəldi.

Nuri paşa gəldi…

Ey Nuri Paşa, gəldiyin andan vətənimdə

Bir vəlvələ, bir şur göründü.

İnsanlarımız bir daha məğrur göründü,

Tutqun gələcək gün,

Solğun gələcək gün bizə billur göründü.

Ey Nuri, elin gözlərinə nur göründü.

Düşmən yenə vardır,

Düşmən sənə vardır, mənə vardır.

Doxsan ili qoyduq geridə,  sən yerə sağsan,

Ey Nuri paşa, sən yenə həmdərd!

Ey Nuri paşa, sən yenə comərd!

Dar gündə yenə türk kimi imdad olacaqsan!

Nuri paşa, sağsan!

Nuri paşa, sağsan!!!

 

Dəyərli eloğlu Nuru paşaya bundan başqa daha iki qəzəl, bir qəsidə də yazmışdır.

 

Sənin baş ucunda daş,

Bizim gözümüzdə yaş.

Sən borcunu ödədin

Sıra bizdə, arxadaş!

Azərbaycan siyasətçiləri Nuru paşanın Azərbaycana etdiyi taysız yararı unutmamışlar. Azərbaycan Ağalığının başçısı Fətəli Xan Xoyski demişdir: «Bu qan və bu qan tökülən mübarək yerlər heç bir vəqt unudulmaz və xatirdən çıxmaz!!!».

Qara bəy Qarabəyov 20 may 1919-cu il 29-cu toplantısında Nuru paşanın tutulmasını Parlamentə çıxarmışdır: «Bizə çatan məlumatlara görə Batumda Nuru Paşa həbs olunub və o, hazırda həbsxanadadır. Biz, Azərbaycan müsəlmanları öz həyatları üçün, öz xilasları üçün, şərəf və ləyaqətlərinin xilası üçün Nuru Paşaya borcludur. Lakin Biz Batum komandanlığının müsəlmanların ali heysiyətilə bu cür qeyri-insani davranmalarından xeyli təsüflənmişik».

Yurdun, ulusun belə ağır günündə ona qarşı duran öz yağılarımız Parlamentdə etdiyi bir sıra işləri sənə çatdırırıq: Ey türk oğlu, ey azərbaycanlı, ey quzey, güney Qavqazlı, sıra bizdədir! Qalx! Birləş! Yağıları gözəl yurdumuz Azərbaycandan, bütün Qafqazdan Terekdən o yana at!

Sayğılı siyasətçi igid, sənin düşüncəni aydınlatmaq üçün o çağda Azərbaycan Cümhuriyətinin Parlamentində olmuş bir sıra danışıqları da sənə çatdırırıq. Gör sənin ulusal savaşçıların hansı çətinliklərdən keçiblər, hansı satqınlarla savaşıblar.

Sədr: Növbədəki məsələ əskəri xidmətin müddətini azaltmaq barəsində qanun layihəsidir. Məruzəçi Qara bəy Qarabəyovdur. (Məruzəçi yoxdur). Məruzəçi gəlincəyə qədər bir məktub var ki, unutmuşdum oxumağı. (Katibə) oxuyunuz.

Katib: Rusca oxuyur.

Səslər: Olmaz…Türkcəsi yoxmu?

Sədr (Katibi saxlayır): Tərcümə ediniz.

Katib: Tərcüməsi yoxdur, necə edim?

Sədr: Rica edirəm oxuyunuz. Məktub hökumət məmurları tərəfindən gəlmişdir. Özünüz bilirsiniz məmurların dörddə üç hissəsi rusdur.

Əliheydər Qarayev yerindən gerçəkdə lağ edir: Milliləşmişdir…

Parlamenti körpə cocuğu böyütməyə çalışan Məhəmməd Əmin Rəsulzadə yerindən dillənir: Bütünü türkcə gəlmir? Başqaları da türkcə gəlmir?

Katib: Rusca oxuyur. (Məhəmməd Əmin Rəsulzadə, Mustafa Vəkilov, Qara Ağazadə salondan çıxırlar).

Sədr: Söz Əliheydər Qarayevindir.

Əliheydər Qarayev: Mən öylə bilirəm ki, Mustafa Əfəndinin təklifi ki, məclis qapalı olsun və əskərlik məsələsinin də mühüm və nazik məsələ olduğunu söyləyir, mən bunun əksinə danışacağam.

Sədr (Saxlayır): Natiq əfəndi, mən onun təklifini səsə qoyacağam. Layihə barədə danışınız.

Əliheydər Qarayev: Mən təklif barəsində danışıram. Deyirlər ki, nə qədər əskərlər çox olsa, o qədər padşahlığımız üçün yaxşı olar.

Səslər: Padşahlıq deyil, cümhuriyətdir!

Əliheydər Qarayev: Böylə qoşunlar Nikolay zamanında da var idi. Nizam və dissiplinaları [düzənləri, intizamları], generalları, ofiserləri [zabitləri], proporşikləri [gizirləri] var idi. Onlar da dörd il müddətinə gələn əskərlər saxlayırdılar. Lakin bu qədər qüvvəti həmişəlik saxlaya bilmədilər, çünkü o qüvvə imperialist fikirlə saxlanır və o məqsəd üçün bəslənirdi. Bu saat bura isə cümhuriyətdir. Əgər cümhuriyətimizi mühafizə etmək istəyiriksə, camaatımızın hamısı gərək oxumuş olsun. Camaatımızın hamısı əlində silah olaraq vətən müdafiəsinə çıxmağa qadir olmalıdır. Əgər götürsəniz Gürcüstan qvardiyasını görərsiniz onlar daha qüvvət və şücaət göstərmişlər. Əgər götürsəniz Sadaxlı müharibəsini görərsiniz gürcü krasnı qvardiyası daha ciddi mübarizə edib çalışırlar. Bu ondandır ki, burada qırmızı qvardiya içində qocadan tutub cavana kimi könüllülər vardır, hamısı da cümhuriyətlərini mühafizəyə [qorumağı] öyrənib sədaqətlə müharibəyə gedirlər.

Bizim əskərlər isə kazarmalarda [qışlalarda] oturacaqlar. Bu lazım deyil ki, on min qoşun kazarmada otursun. Bizə lazımdır ki, camaatımızın hamısı oxumuş və hazır olsun. Sabah, ehtimal, Denikin qarşımıza çıxardanda şəhərli və kəndçilər əldə silah olaraq onun qarşısına çıxmağa qadir olsunlar. Ona görə bizə o lazım deyil ki, onlar türk əfsərləri əlində qalıb məhv olsunlar.

Sədr Əliheydərin sözünü kəsir: Natiq əfəndi, rica [umuram, xahiş] edirəm, türk əfserlərinin [subaylarının] ehtiramını həmişə saxlayasınız. Türk zabitləri əlində əskərlərimiz məhv deyil, daha da qüvvətli və möhkəm olarlar. (Alqışlar).

Əliheydər Qarayev: Burada türkləri təhqir edən olmadı.

Sədr: Rica edirəm nitqinizə davam ediniz.

Əliheydər Qarayev: Əskərlərimiz kazarmalarda sənələrcə qalır. Bunların qalmaları lazım deyildir. Aydan fazla [çox, artıq] qalmasınlar. Növbə ilə qruppa olub gəlib öyrənərlər, gedərlər. Bunda daha yaxşı olar.

«Müsavat»çı Mehdi bəy Hacıbababəyov Əliheydər Qarayevin cavabını verir: Tüsüf [nədənsə] edirəm ki, burada hərbi nazirlikdən nümayəndə yoxdur. Əgər olsa idi daha da gözəl olardı. Mən vaxt barəsində danışmaq istəyirəm. Necə ki, vaxtın azalması barəsində danışırlar, mən də deyirəm ki, əskərlik müddəti bir il deyil, bir ay olsa idi daha da gözəl olardı. Bir dəstə libas geyməmiş o biri dəstə gələrdi. Buradan bir haşiyə çıxmaq istəyirəm. Universitetimiz bir il olsa idi doktorlarımız daha da tez-tez artardı. Ancaq mən müəllim olduğumdan deyə bilərəm ki, bir ilin müddətində heç bir şey öyrənmək olmaz! Əskərlərimiz bir ayda ancaq sağ-sol öyrənərlər. Tüfəngin bir tərəfindən bir ilə böylə məlumat almaq olmaz. Siz eylə bilirsiniz ki, gürcü krasnı qvardiyası haman qvardiya alınandan sonra təlim-tərbiyə almışlar və hərbə böylə qabildirlər?

Yox, onlar Nikolayın dörd il müddətində tərbiyə tapmış əskərləri deyilmi? Əskər o deyil ki, ancaq atmaq bilsin. Əskərlərin atdığını vura da bilsin. Burada deyilən sözlərlə özlərinə kəndçi və fəhlələrdən ucuz qiymətlə tərəfdaş cəm etmək ki, ay kəndçi, ay fəhlə, mən sizin üçün çalışıb, 2 il əskərliyi 6 ay etdim, bu olmaz. Mən deyirəm ki, 2 il yox, bəlkə 5 il əskərlik xidmətində olmalıdır.

Bir zaman ki, siz denikinlərin qabağına çıxmaq istəyirsiniz, bu zaman qurudan, sudan, göydən, hər tərəfdən üstünüzə güllə yağacaq, onda siz bir ildə təlim görən əskərlərləmi onlara müqabilə [qarşı] edəcəksiniz?

Mən «Müsavat» fraksiyası tərəfindən 2 il olmasını təklif edirəm.

Sayğılı siyasətçi igid, sən başqa bir satqın, «Hümmət»çi Hacı Kərim Sanıyevin düşüncəsinin darlığına bax, yaxşı-yaxşı düşün: Əskərliyə gedənlərin halətini [durumunu, gününü] deyəndə ki, iki il gedəndə onların əkinləri və işləri qalır. Mustafa bəy dedi ki, bir il gedəndə qalmır. Bir il əkin dala düşəndə nə olar? Əlbəttə bu əskərlərə gücdür. Demək uzun bir müddətə belə getmək əskərliyə gedənlərə güc olmazmı?

Deyirlər ki, krasnı qvardiya köhnə əskərlərdir. Halbuki krasnı qvardiyaya icbarən [zorla, güclə] deyil, könüllü olaraq 18 yaşından 50 yaşına qədər namusu bir, fikri bir məslək sahibi adamlar yazılırlar. Odur ki, onlar Şamxorda əskərlərin silahlarını aldılar, indi Lənkəranda Ramazan və dəstəsi nizam görmüş əskərlərdirmi, yoxsa haman kəndlilərdirlər?

Qaldı ki, imtahan barəsində, siz onu yəqin edin ki, kəndlilər əskərlərdən daha yaxşı, gözəl nişan atırlar. Bu sözlərimə inanmayırsınızsa, onların nişanəsinə Mehdi bəy özünü qoysun və görsün ki, necə nişan atırlar.

Qaldı ki, müstəbidanə [zorla, güclə] əskər toplamaq məsələsinə gəldikdə Almaniya əskərləri də müstəbid surətdə tərbiyə almışlar idi. Baxınız, axırı nə oldu?

Biz deyirik ki, əskərliyə eşq və həvəs lazımdır. Zor ilə əskər olmaz. Bundan maəda [başqa] müddət çox olduqca cəmaətə və kəndlilərə böyük xəsarət [dağıntı, ziyan] dəyir. Bu isə bizim səlahimiz [qurtuluşumuz, yaxşılığımız] deyildir. Biz deyirik ki, əskər müddəti çox olar isə onları istibdad [sorumsuz ağalıq] altına almaq olar.

Azərbaycan Cümhuriyəti Parlamenti sədrinin birinci yardımçısı, Həsən bəy Ağayev 1919-cu il yanvarın 28-də olan toplantıda Parlament üyələrinə hamını suçlayan bu satqından belə deyir: «Qazax Milli Komitəsi əzasından bir neçəsinin imzası ilə teleqram alınmışdır ki, Hacı Kərim parlamentə qanuni bir surətdə seçilənmişdir. Etibarnamə komisyonuna verilsin».

Parlamentin 1918-ci il dekabrın 15-də keçirilmiş 3-cü iclasında, eləcə də 1919-cu il martın 6-da da Qazaxdan bu saxtaçı dönüyün fırıldaqla seçilməsini bildirən teleqram alınmışdır.

Türk ulusuna dönük çıxmış Hacı Kərim Sanıyevin «Hayastan» qoşusu, eləcə də başqa yazdıqları bir yana, «Canavarlar hökuməti» adlı pamfletində  türk-osmanlı qoşunlarının Zaqafqaziyaya hərbi müdaxiləsi ifşa olunur» (ASE, VIII c. 1984, s. 285).

Sayğılı siyasətçi igid bolşefaşistlərin 37-də ağzına daş basdıqları belə satqınlar 1993-cü ildə də sənin Ulusal Ağalığını devirmək üçün bütün güclərini qoyub, onun rusların yetirdiyi «köhnə komunistlər»in əlinə keçməsinə çalışdılar.

Aldanmış sosialistlərin başçısı Səmədağa Ağamalı oğlu söz alıb yenə də ağlına gələnləri danışır: Burada bir balaca ayrı cür danışdılar. Belə çıxdı ki, bir tərəf istəyir sübut etsin ki, əskər lazım deyil. Bizə əskər də lazımdır, çünkü onlarsız ötüşə bilmərik. İş orada deyil, iş buradadır. Biz deyirik Azərbaycan adamlarından bir ildə yaxşı əskər yaratmaq olar. Elə əskər yaratmaq olar ki, öyrəndiyini əlli il də yadından çıxarmasın. Burada Rusiyanı misal gətirdilər. Rusiya və Avropa ayrı cür yaşamışdır. Onlara həqiqətən lazımdır bir-iki il əskərlik öyrənsinlər. Amma bizim kəndlilərdən hansı birini götürsəniz, görərsiniz ki, onlar yaxşı atıcıdırlar, yaxşı quş vururlar. Şamxor fəqərəsi [olayı] yadınızdadır.

Səslər: Şamaxı! Şamaxı! Səslər soldan: İsmail xan idi!.

Birisi mənim özüm, lap pisi ki, yaxşı nişan vururam. Ona görə biz deyirik ki, bir il bəsdir. Bu bir.

İkinci, biz bir şeyə də inanırıq və bunda möhkəm davam edirik ki, kazarma [qışla] günü, kazarma diriliyi insanı xasiyətdən salar, onu qeyri işlərə vadar [yönəldər] edər. Kazarma həyatı bir növ örtülülükdür. Örtülü şkalalar [ölçülər] hətta insanı çox işlərə salar, bacarıqdan salar.

Bizim kəndçilərimiz ki, onların işi əkindir-biçindir, qoyun-quzu saxlamaqdır, bunlardan çox müddət uzaq olsa, onu unudar. Bizə lazımdır ki, bu şeylər unudulmasın. Bir də o yerlərdə ki çox qoşuluq olur, orada müftəxorluq artıq olur, işçilər işdən düşür.

Bu davada Çernov və bir neçələrinin rəyi [baxışı, sözü, düşüncəsi] bu idi ki, nə tövr [necə] oldu bu qoşun birdən-birə pozuldu. Onlar deyirlər ki, əkinçiləri yığıb doldurdular kazarmalara, onlar da peşələrini unutdular. Sonralar onlar üçün iş tapmaq çətin oldu, bu adamlar revolyusiyaya [devrimə, inqilaba] qarışdı, odur ki, revolyusiyanın sifəti bəd çıxdı, bəlkə yaxşı çıxa idi. Bu tarixi bir şeydir.

Bir natiq dedi ki, əskərlik müddəti 7 il də ola bilər. Bu kişi bədbəxtlik sözü dedi, bu lap bədbəxtlikdir. İrəlidə Rusiyada əskərlik müddəti 30-35 il idi. Hələ Rusiyada bu vaxtlarda bir fikir var idi ki, indiki əskərlik müddətini də azaltsınlar.

Biz yaxşı bilirik, İngiltərədə çox da əskərlik yoxdur. Bunlar 6-7 ayda öylə bir hərəkət elədilər ki, zavodları da işlədi, işləri də düz qaydası ilə getdi, aləmi də basdılar, indi də hər yerdə ağalıq edirlər. Almaniyada isə əskərlik [güclə, zorunlu] var idi, işlərinin axırı nə oldu?

Əsil hesab bir millətinin ruhunun yüksəkliyindədir. Belə millətdən az zamanda nə istəsən yapa bilərsən.

Habelə Amerika qoşunsuz idi. Camaat da davam artıq olduğu üçün bu gün lazım olarsa soldat [əskər] gedər, sabah yenə professordur, fəhlədir, əkinçidir. Onlar qədimi kimi soldat saxlamayacaq.

Bundan əlavə əgər tarixə baxarsaq görərik ki, zalımlar böyümüş, qoşunlar qoçaq hərəkət göstərə bilməyiblər, ruhları nur [işıq] olmuşdur.

Bizim yaxşı yadımızdadır ki, Fransa birinci inqilabını öldürmək istədilər. Avropa general Şovinqin komandası altında qoşun göndərdi. Parisin qabağını kəsdilər. Xalq onlara tabe olmadı. Xalqdan qvardiya yığdılar, Baron Şovinqi döydülər. Firəng qoşunları arxalarında kağız yapışdırdılar ki, hər yerdə gərək ədalət imarətləri [evləri] tikilsin. Bu hava dünyanı basdı. Belə hərəkətlərdən axırda Napoleonlar çıxdı.

Özünüz yaxşı bilirsiniz ki, burada, İranda…

Sayğılı siyasətçi igid Azərbaycan Cümhuriyətinə İran demək türk ulus yaddaşının itməsindən, ulusal yaddaşsızlıqdan çox satqınlığın dedirtdiyi sözlərdir

… camaat nə cür yaşayır. Bu yaşamaq əskərlik hərəkətini qabağa salır. Bunu Şamxor hadisəsi göstərdi. Camaat qəzəbə [acıqlananda] gələndə 5-10 nəfər 5-10 yox, 1-2 mindən artıq Şamxorda vurub illər ilə öyrənmiş qoşunları partlatdılar,  getdi işinə.

Sözümün qurtaracağı budur: biz yəqin inanıb deyirik ki, bir il bəsdir. Biz onu ondan ötrü deyirik ki, asma[erməni sözüdür – elə-belə] cəmaətə xoş gəlsin, niçeqo podobnoqo [elə deyil]! Biz buna inanıb deyirik ki, əskərlik üçün uzun müddət camaat üçün ziyandan başqa nəf [qazanc, bir şey, xeyir] verməz.

Bir il bizim Azərbaycan camaatından ötrü soverşenno dostatoçno [büsbütün yetər]!

Məhəmməd Əmin Rəsulzadə bu üzüdönük, satqınların cavabını verir: Burada Mustafa bəyin bir mülahizəsi [sözü, baxışı] vardır. Bu mülahizəyə əhəmiyət verməmək olmaz. Demokratik parlamanlarda əskəri məsələ müzakirə edilərkən məclislər qapalı olur. Bunun mühüm bir mənası vardır. Ancaq təsüf [acıdır] ki, bizdə bu kimi şeylərə riayət edilmir. Hər kəs kürsüdən kefi istədiyi sözü deyir. O sözlərə də ətraflı cavab vermək olmur. Bununla bərabər əskərlik bir ilmi olsun, beş ilmi olsun çox çətin bir məsələdir. Əsas etibarı ilə madam ki, mükəlləfiyəti-əskəriyə [əskəri borc] qəbul edilmişdir, təbiidir müddətin 2 il, 5 il olması məsələsi fənni [bilimsəl, elmi] bir məsələdir. Bu xüsüsda bizdən əvvəl əskər saxlamaq haqda mədəni dövlətlər və əskəri mütəxəssislərin [bilicilərin, uzmanların] rəyi vardır. Hərb nazirliyində burada söz söyləyənlərdən daha ziyadə [çox, artıq] mütəxəssislər vardır, onların rəylərinə [sözlərinə, baxışlarına, düşüncələrinə] də əhəmiyət verməliyik. Sonda əskəri mütəxəssislər 2 il üzərində durmuşlar və 2 ili kafi [uyğun, yetərli] görmüşlərdir. Daha qüvvətli əskəri təşkilata malik olan və bu gün milləti-müsəlləh [yaraqlı millət] olaraq tanınmış olan Almaniyanın məşhur generallarından Fordurğuma yazmış olduğu əskəri əsərində xidməti-əskəriyənin 2 sənə olmasını kafi görmüşdür.

O halda biz öz hissiyatımıza qapılıb da müddət haqqında sırf öz fikrimizi məyub [yetərli, düzgün] görməyək. Məncə əskərin və hərbi mütəxəssislərin fikrini nəzərdə tutmaq və münasib görmək lazımdır.

Bizə təcrübələr göstərdi ki, başıpozuq, təlim və tərbiyə görməmiş camaatla iş görə bilmərik. Hər bir iman, hər bir etiqad bir səbəbə mərbut [bağlı]  olmalıdır. 2 il əskərlik müddəti fikri çox təcrübələrdən sonra vücuda gəlmişdir. Hər bir şey mütəxəssislərin rəyi və sonra təcrübələrdən nəticə olaraq hasil olur. Lakin bunların heç biri olmazsa və nəzərə alınmazsa və bu kürsüdən çıxıb bir il də kafidir [yetər] deyilsə, o vaxt düşünək ki, bu bir havayi [keçici, uçarı, boş] həvəs nəticəsi olur. Bu bir iman, bir inanmaq deyildir. Bu inad, xaricə qarşı icrayi-təsir [göstərmək, etkiləmək] üçün yapılan bir boş  həvəsin nəticəsidir. Bu qədəm [addım] də çox qorxulu və təhlükəli bir şeydir, çünkü böylə nəzəriyəni heç vaxt mütəxəssis baxımından almaq olmaz. Bunu saçı-saqqalı ağarmış bir şəxs bu kürsüdən söylərsə zənn [düşünürəm] edirəm məmləkət üçün eyi olmaz.

Barada ingilislərin könüllü sifətilə bütün dünyanı almaqlarını söylədilər. İngilislərin məcburi xidməti-əskəriyələri yoxdu. Əskərləri tam könüllü idi. Bunu söylərkən ingilislərin tutmuş olduqları coğrafi mövqeyi nəzərə almırlar. Onların məmləkəti bir adadadır. Quruda heç bir şeyləri yoxdur. Onun üçün məcburi əskər saxlamağa da ehtiyac görünməmişdir. Lakin bunun əvəzində ingilislər qüvvətli bir flota [dəniz donanmasına] malikdirlər. Böylə millətin siyasətini birtərəfli bir zinət [bəzək, uğur] olaraq qəbul etmək mümkün deyildir.

Durum böylə ikən bu müharibədə ingilislər öz adalarından xaricə çıxmaq istədilər. İngilis xəlvəti [gizli] ki, almanlara qarşı çox eyi çıxamadı. O vaxt biz ingilisin qəbul etməmiş olduğu və ətəzat [atılmış, üz döndərilmiş, təzadlı] cərgəsinə girmiş olan əskəri mükəlləfiyəti qəbula məcbur olduq.    Əskəri müddətdə bizim dediklərimizi qəbul etdilər.

Sonra Napoleondan və onun ordusundan bəhs [danışdılar] etdilər. Deyin görək onlarda 6 aymı əskərlik var idi? Güman edirəm ki, bunu düşünməmiş olsunlar. Bu, Qarayevin düşüncəsidir ki, Lənkəranda camaat arasında öylə qeyrətli polkovodeslər [qoşun başçısı, sərkərdə] çıxır ki, yalnız Mehdi bəy deyil, bəlkə Kərim Sanıyevi də yan-yana qoysanız vurar. Lakin öylə güman edirəm ki, böylə qəhrəmanlar bu məmləkəti, ya bir milləti qışla həyatı görmədən müdafiəyə qadir [bacaran] olsunlar.

Bolşevik Əliheydər Qarayev yerindən söz atır: Denikindən kim müdafiə etdi?

Məhəmməd Əmin Rəsulzadə danışığını sürdürür: Biz sizin təcrübənizi Şamxor müharibəsində gördük. Rus əskərlərindən tüfəng alandan sonra özünüz də qorxuda qaldınız. Nizami əskərlərə qalib gələnlər tüfəng paylarını alandan sonra zorla patronlarımızı da veriniz, dedilər. Sizə böylə adamlar lazımdır ki, Mehdi bəy kimi adamları vura bilsin. Ancaq bizə böylə adamlar lazım deyildir! Böylə əskərlərlə də Denikinin qarşısına çıxamayacaqsınız!

Hərbi Nazirlikdəki mütəxəssislər böylə təklif edirlər. Ona görə bu layihəni olduğu kimi qəbul etməyi təklif edərdik.

Öylə əskər düzəltmək lazımdır ki, qışla görmüş, silah [yaraq] tutmuş, hüdud [sınır, sərhəd] bəkləmiş olsun. Vətən və məmləkət müdafiəsi üçün hüdudlarda dura biləcək böylə əskərlər lazımdır! Şamxor qəhrəmanları kimi yaramaz və bu vəzifəni ifa edə bilməzlər.

O vaxt hökumət də hüdudda gözəl bir ordu görür. Yoxsa 6 ayda əskər yaratmaq olmaz və Şamxor qəhrəmanları ilə də Denikin qarşısına çıxmaq mümkün deyildir.

Vətən [yurd, ölkə] müdafiəsi üçün həqiqi əskər olmalıdır. Əgər həqiqi əskərə və möhkəm bir orduya malik olmaq istəyiriksə iki ili qəbul etməliyik.

Səmədağa Ağamalı oğlu yerindən danışır: Mən deyirəm ki, iclası qapamamalı, çünkü qabaqkı natiq tarixdən bir neçə söz dedi. Mən istərdim ki, ona cavab verilsin. Bir də bir neçə böhtanlar deyildi ki, ona cavab vermək lazım gəlir.

Sədr: Cənab natiq, burada böhtan deyilmədi.

Səmədağa Ağamalı oğlu: Yox, böhtan deyil… Faktlardan danışıldı…

Sədr: Təklifin lehinə kim danışmaq istərdi?

Ağa Aşurov (Yerindən): Heç kim!

Sədr: Danışan yoxsa, təklifi səsə qoyuram. Təklif qəbul olunur. Axırıncı söz məruzəçi [çıxışçı] Qara bəy Qarabəylinindir.

Qara bəy Qarabəyli söz alıb deyir: Bu qanun layihəsinin belə etiraza məruz qalacağına umudum yox idi. Bu etirazların da qanun layihəsinə heç dəxli [qatışacağı]  yoxdur. Bu qədər zənn [düşünürəm] edirəm buna cavab verməyə lüzum [gərək] da görmürəm.

Deyirlər ki, dövlətlilərdən əskər alınmır və əskərlikdən boyun qaçırmaq üçün katiblik və qeyri işlərə gedirlər, hökumət də onları qəbul edir. Bunlar həqiqətdir. Buna görə parlaman ancaq boylə işlərin qabağını almaq üçün tədbirlər görmək arzusu edə bilər.

Qaldı ki, qanun haqqında olan etirazlara, etiraz deyil. Demək ki, əskərlik üsulu əsasən hər kəscə qəbul edilir, deməyirlər ki, bu əsası pozubsa krasnı qvardiya [qırmızı qvardiya] istəyirik. Mübahisə [danışıq] əskərlik müddəti üstündədir, bir sənə də, bir ay da istəyən var. Necə ki, Məhəmməd Əmin cənabları buyurdu bizə bilikli əskər lazımdır. Əskərlik xidmətinin müddətinin 1 və ya 2 il olması haqqında əhli-xübrədən [bilənlərdən, uzmanlardan, mütəxəssislərdən] soruşsanız daha da eyi olur.

Əgər bir müstəbid [sorumsuz ağa] hökumət, ya II Nikolay zamanı olsa idi bu etirazlar ola bilərdi. Burası cümhuriyətdir. Bizim əskərlərimizin xidmət müddətlərinin artırılmasından murad firqələrlə mübarizə etmək deyil, firqələr dəstə düzəldib bir-birinə hücum etməyəcəklər.

Burada fənni [texniki] və elmi mübahisə vardır ki, əskərlik müddətinin bir sənə olması mümkündürmü, ya yox? Buna da biz mütəxəssis deyilik. Mənim və sizin də bu xüsusda [yöndə, işdə] heç bir fəna [pis, kötü] fikrimiz yoxdur. Bunu hökumət təklif edir, o hökuməti də haman «Müsavat», «İttihad» və qeyri firqə inanıb bu məclisdə intixab ediblər. O cəhətdən Hərbi Nazirlik əskərlik müddətini 2 illik təklif etməklə bərabər deyir ki, bu müddətdən az olur isə mən sizə istədiyiniz əskəri hazır edib verə bilmərəm. Onlar demirlər ki, biz istibdadi əskər hazır edirik, deyirlər ki, tərbiyəli əskər hazır etmək üçün azı 2 il lazımdır, çünkü milləti müharibələrdə müdafiə etmək istəyənlərin bütünü tərbiyədən asılıdr. Tərbiyəsizlər və başıpozuqlar əskərlik yapamazlar!        Əskərlik tüfəngi alıb atmaq deyil, buna bir tərbiyə lazımdır ki, bu da bizlərdən artıq bilikli mütəxəssislərin sözüdür. Müharibədə yalnız tüfəng alıb qoşmaq olmaz. Başıpozuqlar qalib gəlsələr, qabaqca kəndi məğlub olduqda, geri qayıdıb öz yuvalarını dağıdarlar. Buna tərbiyəli əskər lazımdır.

Bu xüsusda uzun-uzadı məlumat vermək istəmirəm, çünkü əskərlik «puşeçnoye myaso» [top-güllə qurbanlığı] olmayıb, doktorluq, yuristlik və qeyri elmlərdən daha geniş və daha mükəmməl [bitkin] elmdir ki, o xüsusda nə qədər məlumat versək yenə də azdır. Onun üçün buradakı etiraz və mübahisələrin hamısı böylə bir şey üzrədir ki, o barədə rəyimizi  [baxışımızı] söyləmək üzərimizə böyük vəzifə [görəv] götürməkdir. Hərbi Nazirlik bu kimi işlərdə daha təcrübəli, daha mahirdir. O böylə təklif etmişdir.

Madam ki, üsül qəbul edilir, bu üsülün əleyhinə danışmaq başqadır. Bizim firqələrin bütününün proqramında vardır ki, əskər deyil, milis saxlamaq lazımdır. Bəlkə vaxtı gələr hamı bunun tərəfdarı olacaqdır.

Tək sosialistlər deyil, hamı firqələr deyir. Nə lazımdır 100 min əskər saxlayıb camaatın pulunu xərcləyək? Bu bizim məsləkimizdir və məsləkimiz də doğrudur.

Ancaq biz bilirik ki, indi hər tərəfdən atəş içərisindəyik. Sosialistlərin ən yaxşı fikirdə olanlarının dedikləri budur ki, bizim tək canımızı deyil, hüququmuzu müdafiə edəcək yaxşı qüvvəmiz olmazsa, tamamilə məcbur olarıq Denikinə baş əyək. Denikin tək deyildir. Atəş ətrafı almış. Kor da olsaq bunu görürük. Hazırlayacağımız qüvvə gərək eylə bir qüvvə olsun ki, düşmən qarşısına getdikdə özünü baha satsın [qorusun], nahaq yerə özünü ölümə verməsin.

Bu baxımdan komisyon bu qanunun tamamilə qəbulunu təklif edir. Bu bir təcili məsələdir. Buna etiraz etmək açıq qapını zorlamaqdır.

Hərbi Nazirliyin bu qanununa inanıram və bu inanmaq elmə inanmaq kimidir. Bunun üçün əskərlik müddətinin 2 il olmasının təsdiq olunmasını təklif edirəm.

Azərbaycan Cümhuriyətinin Daxili İşlər naziri Xəlil bəy Xasməmmədov Parlamentdə türk qoşunu gedərkən taxılın dağıdılması ilə bağlı sorğuya cavab verərkən demişdir: … Siz söyləyirsiniz ki, Azərbaycan daxilində buğda yığılıb dağıldıqca hökumət məmurlarının da iştirak etdiyi məlumdurmu?

Azərbaycan hökuməti elə bir qanun verməmişdir ki, əhalidən bir dən də yığılsın. Siz bilirsiniz ki, buğda yığılıb türk komandanlığının dövründə əskər ehtiyacı üçün və bu işdə hökumətin əli olmamışdır. Ola bilər ki, bu işdə Daxili İşlər Nazirliyi məmurları komandanlığa kömək etmiş olarlar, amma təkrar edirəm, Azərbaycan hökuməti əhalidən üşr [onda bir torpaq vergisi] yığmamışdır! Bu işlər türklər gedənədək davam etmiş və bu iş tamamilə onların öz əllərində olmuşdur!

Sonra Türk ordusu gedəndə hökumət o şeylərin mövcud olduğunu bildikdən komandanlığa müraciətlə şeylərin bizim məmləkətdən yığılmış və buna görə bizə məxsus olduğunu bəyanla təvəqqe [dilədi, umdu, istədi, xahiş] elədi ki, hər nə varsa kağız və siyahı ilə bizə təhvil versinlər.

Ancaq cavab gəldi ki, türk ordusu getməyəcəkdir, ona görə də heç bir şey verilməyəcəkdir!

İş bir mərkəzdə qalmışdır. Biz də məcburən almağı özümüzə rəva görmədik.

Bir vaxt eşitdik ki, ordu gedir, əskərlər hər şeyi atıb gedirlər, şeylər idarəsiz, başına qalıb. Azuqədən [yemək-içməkdən] əlavə əskəri ləvazimatı da buraxıb gedirlər.

Bunu eşidərək Daxili İşlər Nazirliyi qubernatorlara əmr etdi ki, o şeyləri mühafizə [qorusunlar] ki, talan [dağıdılmasın] olmasın. Ancaq hökumət heç bilmirdi ki, harada, nə qədər, nə şey var. Bunlarla bərabər mühafizəsi [qorunması] üçün tədbir görüldü.

Deyə bilərəm ki, türklər buraxdıqları əşyanın çoxu əlimizə çatdı. Bir qismi Hərbi, digər qismi Ərzaq Nazirliyinə verilmiş, bəzi yerlərdə də bir qədər qalmışdır. Onu Daxili İşlər Nazirliyi saxlayır. Bu arpa və buğdadır ki, bu mühafizəsi üçün tədbir görülür.

Mənim sözümdən bu çıxır ki, buğdanı, arpanı yığanda həyasızlıq, sui-istemal olmamışdır, amma hökumət lazımı tədbir görmüşdür.

Hankı yerdə nə olduğunu bilmirdik. Ancaq ən əvvəl bizə xəbər gəldi ki, Quba mahalında yığılan buğdanın bir qismi bizə çatmamışdır. Oraya məmurlar göndərdik. Hal-hazırda [indi] təhqiqat [araşdırılır] icra olunur. Əgər məmurların günahı olsa əlbəttə ki, müqəssirlər məhkəməyə veriləcək və qanuna görə cəzalandırılacaqdır!

İkinci dəfə Göyçaydan xəbər gəldi ki, orada da belə bir iş olmuşdur. Nazirlik böyük bir komisiya göndərmişdir ki, orada işi təhqiq etsin, görək müqəssir [suçlu] kimdir. Kəşfi-həqiqətdən [həqiqət tapılandan, bilinəndən] sonra əlbəttə orada da müqəssirlər məhkəmə və məsuliyətə cəlb edilib cəzalandırılacaqdır.

Yenə bir xəbər varid [gəldi] oldu ki, Gəncə mouqefində [dayanacağında, stansiyasında] olan malları dağıdırlar. Ona görə binagüzarlıq [çalışıldı, tapşırıldı] edildi ki, Gəncədə olan mallar məhəlli ərzaq idarəsinə təhvil verilsin, verilmişdir!

Türklər gedəndən sonra heç kəsdən pulsuz-parasız mal alınmamışdır!

Daxili İşlər Nazirliyi bir məmurun sui-istemalını kəşf [bilsə, aydınlaşdırsa] etsə dərhal onu cəzalandıracaqdır!

Buğda məsələsi bununla qurtarır.

Sayğılı siyasətçi, igid yeniyetmə, bu yazılanlardan Azərbaycan adlı yurdunun, türk – azərbaycanlı adlı ulusunun necə çətin, necə dolaşıq çağlardan keçib günümüzə çatdığını gördün. Azərbaycanı Türkiyədən ayrı salmaq, bir-birinə yadlaşdırmaq böyük siyasətlərin  strategiyasıdır. Sən bunu anlamalı, birlikdə Azərbaycan –  Türkiyə Konfederasiyasına, daha sonra Azərbaycan – Türkiyə – Qafqaz Konfederasiyasına çalışmalısan. Bu da sənin strategiyan olmalı, kimsə səni bu yoldan çəkindirməməlidir. Bu ulusal varlıq yoludur.

 

———

Mirzoyan L. «Arkadaşlar, biz Qızıl ordunu Azərbaycan hökuməti üzvlərinin cəsədləri üzərindən buraya gətirəcəyik».

 

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv