Yadigar Türkel. ULUSLA BAĞLI BÜTÜN YARADILANLAR AZƏRBAYCANA SEVGİDƏN DOĞMALIDIR!

2015-ci il fevralın 2-də AMEA-da «Milli Atlas»ın (B., 2014, 444s. s.5000) «Gördü»sü keçirildi. «Gördü»yə çağırışla gəlmişdilər. Azərbaycana, Türkə, yurdun gələcəyinə sevgilə yaşayan bir neçə bilginlə  «amfiteatr»ın açıq qapısından girib, «Milli Atlas»ın (daha düzgünü, daha türkcəsi «Ulusal Atlas»dır) «Gördü»sünü izlədik.
AMEA-nın prezidenti Akif Əlizadə «Gördü»nü açıb sözü «Azərbaycan Respublikasının Torpaq və Xəritəçəkmə Komitəsi»nin başçısı Qərib Məmmədova verdi. Akif Əlizadə çıxışçılara verilən sürəni bəlirlətmədiyindən, Qərib Məmmədov dövlət yetkililərinin, seçkinlərin, bilimçilərin toplantısında olduğunu unudub, uzun-uzadı danışdı. Onun çıxışı ölçü-biçini keçəndə, «Gördü»nün yuxarıda oturan seçkinlərindən, «Azərbaycan Respublikası Dövlət Qadın Komitəsi»nin başçısı Hicran Hüseynova çıxışçının çox danışdığını sunucuya pıçıldamağa başladı. Akif Əlizadə əllərini yana açıb: «nə edim?»… – dedi. Hicran xanım bir azdan Akif Əlizadəyə bir də dedi, o da çıxışçının önündəki işığı yandırıb-söndürməyə başladı. Qərib Məmmədovsa heç nə anlamadı, uzun-uzadı danışdı, danışdı, danışdı…

Akif Əlizadə, ikinci çıxışçı Yaqub Mahmudov danışmağa başlamazdan qabaq «reqlamentə əməl etməyi dilədi». Ancaq Yaqub Mahmudov da Qərib Məmmədovsayağı uzun-uzadı danışdı, danışdı.

Qərib Məmmədov çıxışında  «Milli Atlas»ın yüksək necəliklə çap edilməsi üçün 1,5 milyon avroya çap maşınları aldıqlarını dedi. «Milli Atlas» doğrudan da çağın yüksək çap texnologiyası ilə basılmışdır.

Azərbaycanın bilikli aydınları «Milli Atlas»dakı xəritələrin, açıqlamaların bir çoxunu ayrı-ayrı tarix qaynaqlarında, «Azərbaycan SSR Atlası»nda (Bakı-Moskva, 1963) görmüş, oxumuşlar. Ancaq onların belə yüksək çap texnologiyası ilə yayımlanması, eləcə də yenilərinin artırılması bilgi ötürmək baxımından çox yaxşıdır, alqışlanmalıdır!

Bu yazıda «Milli Atlas»da daha çox tarix, ideologiya, dil baxımından gördüyümüz bir sıra yanlışları gözə çarpdıracağıq!

«Milli Atlas»ın «Tarix» bölməsi genəlliklə gücsüz, ulusal ideolojisiz, qorxaqca yazılmışdır, Azərbaycanın, Türk ulusunun, Qafqazın sayca kiçik ellərinin böyük çıxarlarına daha uyğun yazıla bilərdi!

İnsan özünü kiçiltməz, aşağılamaz! Bu, yaranışdan, doğadan belədir! Ulusun oğulları, qızları ona qara yaxmamalı, bütün varlığı ilə ulusundan sarı çalışmış bahadırların, igidlərin dəyərini verməli, böyük yurddaşlarının unudulmamasına çalışmalıdırlar! «Milli Atlas»ın «Tarix» bölməsini yazanların Azərbaycan Cümhuriyəti dönəmilə bağlı yazdıqlarında isə Azərbaycan tarixinin bu, ən ünlü, öyünməli, ulusalçılıq çağına, onu yaradan bahadırlara yanlış yanaşma açıq-aydın görünür!

Atlasın 36-cı səhifəsində politik, eləcə də ulusalçılıq baxımından çox yanlış sözlər yazılmışdır: «29 may 1918-ci ildə AXC MŞ qeyri-hüquqi qərar qəbul edərək qədim Azərbaycan şəhəri  İrəvanı və onun ətrafında yerləşən 9,7 min km.2 olan əraziləri ermənilərə güzəştə getdi».

Son 10-12 ildə uydurulan bu yalanı ildə bir-iki yol AzTV-lərdə o yan-bu yana çevirir, Fətəli Xan Xoyskinin, arxdaşlarının Azərbaycan üçün etdiyi böyük işləri dəyərsizləşdirməyə çalışırlar. Bu uydurma «İrəvanın ermənilərə güzəşt edilməsi» adı ilə «Azərbaycan Xalq Cümhuriyəti Ensiklopediyası»na da salınıb.

Analitik, ulusalçı düşüncədən uzaq, çağın geopolitik durumunu, Azərbaycan dövlətini quranların gününü, əlllərindəki olanaqları anlamaqdan uzaq olan bu politikanlara deyirik: Birincisi, AXC-nin Milli Şurası olmayıb. Onlar ayrı-ayrı politik qurumlardır. AXC Ağalığını Milli Şura yaradıb. İkincisi, soruruq: «İrəvan ermənilərə güzəşt ediləndə» Bakı, Azərbaycanın başqa bölgələri Azərbaycanlılarda idimi? İrəvan bölgəsindəki 9,7 min km.2 topraqları Fətəli Xan Xoyski verib, yoxsa Ermənilər ordu ilə tutublar?

Rusiya İmperiyası dağılmışdı, daha güclü olan, orduya alındıqlarından «bir çağırış»la ulusal ordu yaratmış Ermənilərlə Gürcülər «Tarixi, coğrafi-politik Azərbaycan»ın yiyələrini gücsüz görüb,  bacardıqca topraq ələ keçirməyə çalışırdılar.

Azərbaycan türklərinin bu topraqlara haqqı çox olub, potensial gücü daha çox olsa da gerçək gücləri az idi. Azərbaycan Parlamentinin birinci yardımçısı Doktor Həsən bəy Ağayevin 1919-cu il mayın 28-də Parlamentin birilliyi bayramında dediklərinə baxın: «Sayğılı ulus elçiləri, düz bir il bundan qabaq, 1918-ci il mayın 28-i idi. Azərbaycan Milli Şurası yuvası dağılmış quş kimi yersiz qalmışdı. Tiflis otellərindən «Oriyent» qonaq evində, Gürcülərdən iki gün sonra bağımsızlığı bildirdi. Azərbaycan ulusunun seçilmişləri – ulus elçiləri bağımsızlığı bildirməklə Azərbaycan ulusunun səadət yolunun açıldığını düşünürdülər. Azərbaycanın ulus elçiləri bununla tarixi bir özül qoydular. Milli Şuranın bu istəyi, bu duyğusu, bu işi gerçəkdi, ya yuxu idi?…»

«İrəvanın güzəşt»indən haybasanlar niyə bir yol da 1993-cü il iyunun 15-də  Azərbaycanda yenidən ağalığa keçən, əlində Erməniləri yenə biləcək ordu, özü isə tanınmış politik, general olan Heydər Əliyevin bütün olanaqlardan yararlanıb yağını yenmədiyini,  tərsinə, 6 rayonu da Ermənilərə verdiyini sormurlar?!

Heydər Əliyev general idi, çağın iki ən böyük imperiyasından birinin yüksək görəvlilərindən olmuşdu. Əlində dövlət aparatı, arxasında 7,5 milyonluq ulusal oyanışa keçmiş Azərbaycan ulusu vardı. General Heydər Əliyev politik tanınmışlığından da yararlanıb, qızılquş kimi yağıların üstünə şığımalı idi! Bütün ölkə, ulus bunu gözləyirdi, o isə Bakıda, Parlamentdə oturub söz güləşdirməyə, «köhnə komunistlər»lə toplumun içindəki tör-töküntüləri yüksək dövlət görəvlərinə qoymağa, adam tutmağa başladı, ulusun illər boyu özünü yurduna sevgilə yetişdirmiş «50-ci  illərdə doğulanlar» soyunu Azərbaycanın politik səhnəsindən sildi! Bu, Rus-erməni-sovet-mason bolşefaşistlərinin XX yüzil boyu soyqırıma uğratdığı ulusa edilmiş, düzəldilməsi çox çətin olan bir tutum idi! Buna görə 22 il sonra da Azərbaycanda bacarıqlı, ulusalçı kadr çatışmazlığı kəskin görünür, «özəl ölçülər»lə seçilmişlərdən kimi hansı işə qoyurlar yolsuz çıxır, yol kəsir, oğurluq edir!

Məhəmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşı, Fətəli Xan Xoyski, Nəsib bəy Yusifbəyli, Həsən bəy Ağayev… kim idi? Əllərində hansı olanaqlar vardı? Bakıda Sovet adı ilə gerçəkdə Erməni Ağalığı quran quldurlar Əlimərdan bəyi tutub türməyə salmışdılar. Bir hüquqçu tanışı yalvar-yaxarla onu Ermənilərin əlindən qurtarmasaydı, bəlkə də güllələmişdilər. Bütün bunlara baxmayaraq, Türkün o böyük bahadırları yoxdan bir bayraq qaldırıb, Doğuda Azərbaycan Respublikası adlı ilk demokratik dövlət qurdular, Azərbaycan ideyasını dünyanın politik düşüncəsinə yeritdilər, onun bölgələrini, insanlarını qorumaq üçün bütün olanaqlardan yararlanmağa çalışdılar!

Azərbaycan Cümhuriyəti Azərbaycan türklərinin bəlli dövlətçilik tarixində ən böyük, ən parlaq səhifə, Məhəmməd Əmin Rəsulzadə isə Azərbaycan Cümhuriyətinin qurucusu, ən böyük ideoloqudur! XX yüzildə Azərbaycanda onun kimi böyük politik, politoloq, bilimçi, dönməz türkçü, azərbaycançı ideoloq olmamışdır! «Milli Atlas»ı yazanlar isə Azərbaycanın öyünməli tairixindən danışan bozlamada bu böyük insanı ötəri bir cümlə ilə yada salırlar: «1918-ci ilin fevralında isə Ümumqafqaz qanunverici orqanı olan Cənubi Qafqaz Seymi təşkil edildi. Buradakı müsəlman fraksiyasının başında Məhəmməd Əmin Rəsulzadə dururdu (36-cı s.)».

«Milli Atlas»da çap olunan xəritələr 200 ildir Azərbaycanı ələ keçirməyə çalışan Ruslarla Ermənilərin önündə tarix çəpəri, ideoloji tutalqadır. 18-ci səhifədəki xəritədə Biləsuvarın yanındakı köylərin birinin adı GÜLLÜ yazılıb. O, köyün adı GÖLLÜDÜR, Rus-erməni-sovet-mason bolşefaşistləri «Göllü» köyünü 1918-ci ildə yandırıb-yaxmışlar. Bu yanqı Biləsuvarlıların yaddaşında, qaynaqlarda «GÖLLÜ YANQISI» adı ilə qalıb.

Azərbaycan Respublikasının dövlət sınırının güneyində – Güney Azərbaycanda TALMIŞMİKAYILLI adlı bir köy var. Onu bizdə yanlışlıqla TALIŞMİKAYILLI yazırlar. İslam dininin gəlməsilə müsəlmanlaşaraq ulusal yaddaşsızlaşan Azərbaycan aydınları ulusal düşüncəsizlikdən, başqa uluslardan olanlar isə biliksizlikdən Azərbaycanın bir çox yerində qarşılaşılan Talmış köylərini yanlışlıqla Talış yazıblar. Azərbaycan Talışlarının say, eləcə də kültür gücü, yığcam yaşadıqları Astara, Lənkəran, Lerik, Masallı rayonlarında Talış adlı köylər yaratmayıbsa, Qarabağda, Şəkidə, Şirvanda, Hacıqabulda, Şəmkirdə Talış adlı köylər yaradammazdı!

Kürd adı ilə köy ola bilər, Talış adı ilə yox? – sorusunun cavabı belədir: Azərbaycan kürdləri bütünlüklə köçəri malsaxlayan yaşam sürdüklərindən yerlərini tez-tez dəyişmişlər. Talışlar isə Azərbaycanın kiçik bölgəsində daha oturaq yaşamışlar.

Biləsuvarda kökü Talmışmikayıllıdan olan çoxlu adam yaşayır. Onlar köylərinə Talmışmikayıllı – TALMIŞMİKEİLLİ deyirlər. «Milli Atlas»dakı bir xəritədə də Çaldıranın yanında Talmas köyü vardır, İsmayıllıdakı Talıstan, Orta Asiyadakı Talas  daha bilinəndir.

Masallıdakı Türk etnik göstəricisi olan Təklə köyünün adının birini Təklə, ikincisini Tüklə yazmaq oxumamışlıqdandır. Təklə Türk etnik göstəricisi Azərbaycandan başqa Türklər yaşayan bütün bölgələrdə vardır.

Son 40 ildə Xarmandalı uruğunun adını Xırmandalı etmişlər. Bu yanlışdır. Masallıdakı, Biləsuvardakı köylərin adı Xarmandalıdır, indi də qohumluqlarını unutmayanlar vardır.

Hansısa anlamazlar Biləsuvarın içindən keçən Bolqarçayın adını dəyişib Balharı ediblər. Çayın adı «Milli Atlas»dakı  yüz illər qabaqkı xəritələrdə də Bolqarçaydır. Bununla bağlı Biləsuvar rayonunun «Məhsul» qəzetində yazı, yerli «padşaha» məktub yazdıq. Çatdığımız bu sözlər oldu: «Sən adam doktorusan, o, mal doktorudur, o, sən deyənləri anlamaz, belə şeylər onun düşüncəsindən uzaqdır, onu Bolqarçay yox, pul düşündürür!». Bu, çox acı dövlətçilik görüntüsüdür!

Xəritələrin birində Goranboyun yaxınında Börü köyü vardır. Börü türkcə qurd deməkdir. Ancaq onun yanındakı, ulusal düşüncəsizlikdən yaranmış «Rus borisi» köyünün adının indi də qalması, eləcə də daha düzgünü Saqatlı olan Saatlıdakı, Qarayevkənd, Goranboydakı Əzizbəyov, Göygöldəki Mixaylovka, Gədəbəydəki Novoivanovka, Slavyanka, Novosaratovka, Masallıdakı Kalinovka, Xızıdakı Çistı Klyuçu… eləcə də ərəblə heç bir bağlılığı olmayan Ərəb, Ərəbcəbirli, Çöl Ərəb, Ərəbxana köy adlarının indiyədək dəyişdirilməməsi dövlət yetkililərinin strateji düşüncədən uzaqlığından, yurda sayğısızlığındandır!

Göyçayda, İmişlidə, Masallıda Çaxırlı köyü vardır. Müsəlman olandan çaxır «içməyən» bir ulus köyünün adını çaxırlı qoyardımı? Bu «çaxırlılar» Türklərin Çakır uruğunun adıdır, Anadoluda, eləcə də Türklər yaşayan başqa yerlərdə yayılmışdır.

AMEA-nın danışdığım başqa bilginləri də xəritələrdə bir çox Türk etnoqrafik göstəricisinin düzgün yazılmadığını deyirlər.

Türk ulusunun kimliyinin göstəricilərini dolaşdırmağa heç kəsin haqqı yoxdur, eləcə də başqalarının!

«Milli Atlas»ın 42-ci səhifəsindəki 16-cı yüzilin xərtəsində, yan-yana iki yerdə Zaqatalın adı göstərilib, altında da Tartar yazılması Rus dönəmində Zaqatala ilə bağlı uydurulan, Zaqatalanın rusca za – arxa, bir də Qatal sözlərindən yaranıb, Qatalın, Qatal çayının arxasında anlamına gəldiyini deyən baxışın yanlışlığını göstərir. Zaqatal–Tatar bilgisi yurdumuza göz dikənlərin uydurmasının üstündən cız çəkir!

İtaliyalı Marino Sanuto Miladın 320-ci ilində çap etdirdiyi xəritədə «Planites Moqan in qna Tartare hyimant» – «Tatarlar qışlayan Muğan çölü» yazmışdır. Bu baxımdan Rus dövlətinin Azərbaycanın quzeyini tutandan sonra Azərbaycan türklərini Tatar yazmasının bəlli tarixlərə dayanıb, Antik Roma düşüncəsindən gəldiyini göstərir.

«Milli Atlas»ın bir uğuru da – Erməni ideoloqlarının hər yerdə  öydükləri Kilikiya «dövləti»nin Qafqazdan, Azərbaycandan bir neçə min km. uzaqda olduğunu göstərən xəritənin çapıdır. Özü də bu xəritədə «Böyük Kilikiya» yoxdur, ancaq «Kiçik Kilikiya» vardır. XII, XVI, XVII yüzildə çəkilmiş xəritələrdə nədənsə, təkcə Armeniya minor var, major yoxdur, Armeniya provinsiyası (bölgəsi) var, ancaq hər yan Tartardır, yəni Türkdür!

«Milli Atlas»ın 14, eləcə də 17-ci səhifəsində Azərbaycan Respublikasının politik, kültürəl, ekonomik özəlliklərindən danışarkən yanlışlığa yol verilib: «Dövlət dili – azərbaycan», «Dini – islam».

Bu, oxumamışlıq, demokratik Azərbaycan Respublikasına sayğısızlıqdır?!  Soruruq: Azərbaycan adlı dil varmı, özü də kiçik hərflə yazıbsınız?

Azərbaycan Cümhuriyətinin Bakanlar qurulu 1918-ci il iyunun 27-də Türk dilinin dövlət dili olduğunu  bildirib. 1995-ci ildə Azərbaycan Respublikasının dövlət dilinin Türk dili adı bir neçə «xalq şairi», «xalq yazıçısı»nın dönüklüyü, satqınlığı, sonra da yalançı elliklə səsvermə yolu ilə dəyişdirilib Azərbaycan dili edildi. İndi o yanlışda dolaşıb, Ana dili, Vətən tarixi, Ata yurdu, Türk (Azərbaycan) dili, Azərbaycan (Türk) dili uydurulur. Kökündən yanlış, düzməcə, qurama olduğundan alınmır!

O yanlış üzündən bu gün Azərbaycan Respublikasında çox gərgin mənəvi, hüquq durumu yaranmışdır. Ölkənin Azərbaycanlı adlanan bütün yurddaşları – Talışlar, Ləzgilər, Avarlar, Saxurlar, Kürdlər, Buduqlar, Qrızlar, eləcə də başqaları gərəkən yerdə etnik kimliklərini də deyir, yazdırır, iki adın da üstünlüyündən yararlanır, gerçəkdə isə mən avaram, buduğam, ləzgiyəm, talışam, tatam deyirlər, təkcə Azərbaycan türkləri özlərinə Türk deyə, dillərinin adını Türk yazdırammazlar?!

Bu, uluslararası hüquqa tərs, bağışlanmaz durumdur, ortadan qaldırılmalıdır!

Azərbaycan Respublikasından yayılan bu yanlış politikadan Güney Azərbaycandakı Türklər də özlərinə Türk yox, Azərbaycanlı deməyə başlayıblar. Bundan yararlanan yağılar keçənlərdə Quzey Azərbaycan türklərinin dalınca dedikləri: «XIX yüzildə Azərbaycan xalqı olmayıb» sözlərini «XX yüzildə Güney Azərbaycanda Türk ulusu olmayıb»a çevirib bütün dünyaya yayacaqlar. Biz də bu yalanları düzəltməklə uğraşacaq, düzəldə də bilməyəcəyik. Bu anlamda «Milli Atlas»ın mətninin də bacardıqca türksüzləşdirilməyə çalışıldığı aydın görünür. Bu yazıdakı ələşdirilərin də çoxu bilimçilərdən çox, yanlış politika yürüdənlərədir!

Ulusal ideoloq Məhəmməd Əmin Rəsulzadə Azərbaycan Parlamentində demişdir: «Əzilməklik görmüş Türk ulusu əzilmiş ulus yaratmaz!». Azərbaycan Respublikasında heç kimin ulusal hüququ tapdanmamalıdır, çoxun da, azın da hüququ verilməlidir!

Azərbaycan Respublikasının 9 milyon 477 mindən çox yurddaşının bütünü – Türklər, Ruslar, Tatarlar, Yəhudilər, Ukraynalılar, Gürcülər, Ermənilər, Talışlar, Ləzgilər, Kürdlər, Avarlar, Qrızlar, Laklar, İngiloylar, eləcə də başqaları Türk dilinin deyiminə, çağdaş politoloji düşüncəyə uyğun – Azərbaycanlıdır. Ancaq etnik varlıq olaraq Türkdür, Rusdur, Ləzgidir, Qrızdır, Talışdır, Saxurdur, Lakdır…

Heydər Əliyevin 1995-ci ildə Azərbaycan Respublikasının dövlət dilinin Türk adının dəyişdirilməsilə bağlı çıxışlarının birində Azərbaycan SSR-in 1978-ci il anayasasında Respublikanın dövlət dilinin Azərbaycan dili yazılması ilə bağlı SSRİ-nin başçıları ilə «ciddi danışdığını, onlara bunu istədiklərini, yazacaqlarını  kəsinliklə dediyini» deməyinə baxmayın, sözsüz, politiktək danışığında artıq-əksiyə yol verməməyə çalışan Heydər Əliyev bununla bağlı kimlərləsə danışıb, baxışını çatdırıb. Ancaq o, Rus-erməni-sovet-mason bolşefaşizminin totalitar rejiminin başçılarına belə kəskinliklə söz deyəmməzdi! Rus-erməni-sovet-mason bolşefaşizminin insan üyüdən dəyirmanının başçıları Lenindən çox «Böyük rusiyaçı» olduğunu düşünən Nəriman Nərimanovdan başlamış üzü bəri yox etdirdikləri kimi, Heydər Əliyevi də bir anda öldürərdilər.

Azərbaycan KP MK-nın ikinci katibi Yuri Puqaçovun 15 aprel 1978-ci ildə keçirdiyi toplantıda doğrulanmış qərarın bir bölümünü Rus dilindən çevirmədən yayımlayırıq: «Uçitıvaya mnoqoçislennıye predlojeniya trudyaşixsya, sçitali bı vozmojnım vklyuçit v III razdel proyekta Konstitusii respubliki, qde reç idyot o nasionalno-qosudarstvennom i administrativno-territorialnom ustroystve Azerbaydcanskoy SSR, statyu ob upotreblenii yazıka v qosudarstvennıx i obşestvennıx orqanax respubliki, izlojiv yeyo v sleduyuşey redaksii: «Qosudarstvennım yazıkom Azerbaydjanskoy Sovetskoy Sosialistiçeskoy Respubliki yavlyayetsya Azerbaydjanskiy yazık» (Azərbaycan Respublikası Prezidentinin İşlər Qurumunun Politik Bəlgələr Arxivi. F.1, sıra № 65, sax. vah. №52).

Baxın, qərarda olarsa (sçitali bı vozmojnım) deyilir, olmalıdır! –  yox.

Heydər Əliyev 1978-ci ildə Türk dili deyəmməzdi, bu anlayış o çağlar ola bilər, onun bilincində də yox idi. Ancaq o, 1978-ci ildə gördüyü yaxşı işi 1995-ci ildəki pis, kötü işilə bütünlüklə dəyərdən saldı!

Azərbaycanın yurdsevər aydınlarını 20 il qabaq edilmiş bu «Tarixi yanlış»ı düzəltmək üçün dönmədən çalışmağa çağırırıq!

Sayğılı bəylər, bəyimlər, siz nədən hansısa yanlış politikadan çəkinirsiniz? Bilin, biz Rus, Erməni adlı, bir-birini tutan güclü yağı ilə  Azərbaycan savaşındayıq. Bu böyük savaşı buduğun, saxurun, talışın, qrızın, tatın… adı ilə sürdürmək olmaz! Bu, onsuz da 200 ildir sürəkli yenildiyimiz savaşda yüzdəyüz uduzmaq olar. Bunu anlamalı, Azərbaycan Respublikasının ideoloji işlərini düzgün qurmalıyıq!

Azərbaycan Respublikasının anayasasında Ulusal azlıqlar anlayışı  yoxdur. Bu, Azərbaycanda 2-ci sort ulusun olmadığını göstərir. Azərbaycan Republikasının bütün yurddaşları özgür, ayrı-seçkiliksiz yaşayır. Ancaq bu konuya dünya politologiyasında, politikasında önəm verildiyindən «Milli Atlas»da bu yöndə bir sıra ideoloji sözlər yazmaq, «Böyük Ermənistan» yuxusu ilə aldadılıb, «böyük güclər»in gerçəkdə qumara qoyduğu Erməni ulusunu da gəlib gözəl Azərbaycanda, özgürcə yaşamağa çağırmaq  gərəkdi. Atlasyazanlar öyməçiliyə qurşandıqlarından gərəkən ideoloji işləri unutmuşlar.

«Milli Atlas»dakı «Dini – islam» yanaşmasını araşdıraq. Azərbaycan Respublikası anayasasının 7-ci düzüyündə deyilir: «Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublikadır». Anayasa ilə yönətilən dünyəvi respublikanı dünyaya az qala «din dövləti» kimi tanıtmaq bağışlanmazdır!

Azərbaycan Respublikası anayasasının 18-ci düzüyündə deyilir: «Azərbaycan Respublikasında din dövlətdən ayrıdır». Bu anlamda Azərbaycan Respublikasının seçilmiş Prezidentinin Andiçmə törənində əlini Qurana basması da düzgün deyildir. Yarın Rus yurddaşlar bəs niyə İncilə yox, Yəhudilər isə niyə Tövrata yox, sorarsa nə deyəcəksiniz?!…

Dünyəvi dövlətçilik yönündən yanaşanda, müsəlmanların Qurban, Ramazan din bayramlarının iş günü olmaması da düzgün deyildir! Bizim böyüklərimiz, bilginlərimiz – Məhəmməd Əmin Rəsulzadə, Cəlil Məmmədquluzadə Rusiya İmperiyasında keçirilən Xristian din bayramlarının müsəlman Türklərin yaşamını pozmasından  felyetonlar, politik yazılar yazmışlar. Bunu gözə almaq gərəkir. Anayasaya tərs bu düşüncə 286-cı səhifədə yenidən verilib: «Əhalinin əsas dini islam dinidir». Azərbaycan Respublikasının Anayasasında belə düzük yoxdur! Anayasanın 18-ci düzüyündə deyilir: «Azərbaycan Respublikasında din dövlətdən ayrıdır. Bütün dini etiqadlar qanun qarşısında birdir». Azərbaycan Respublikasında yaşayanların çoxu müsəlmandır, demək istəyirdinizsə, Türk dilində anlamlı cümlə quraydınız!

«Demokratik, hüquqi, dünyəvi» Azərbaycan Respublikasını din dövləti görmək istəyənlər yanılırlar! Azərbaycanlılar onları İslam dininin qara çadrasına bürüyüb çağın çöplüyünə atarlar!

«Milli Atlas»ın «Tarix» bölməsi sözsüz, Azərbaycanın «baş tarixçisi» Yaqub Mahmudovun gözləmində yazılmışdır. Tarixçidən çox politikan olan Yaqub Mahmudov bu günlərdə sayğın yurddaş, Azərbaycanın bağımsızlığı üçün çalışmış, indi də demokratikləşməsi üçün vuruşan, dönməz azərbaycançı  Cəmil Həsənlini Talış xanlığı yazdığına görə az qalmışdı dar ağacından asdırsın. Kərim Şükürov da «Azadlıq» qəzetində Cəmil bəyi gözdən salacağı düşünülən, ancaq elə bir dəyəri olmayan yazı yazmışdı. Ancaq Yaqub Mahmudov nədənsə coğrafiyaçılara Talış dağları yazmayın! – deməyib, deməkdən çəkinib, deyəmməyib?!

Ata-babanın yurdunu qorumayıbsan, yadlar gəlib onun  tarixini, yer-yurd adlarını anladığı, istədiyi kimi yazıb, xəritəsini istədiyitək çəkib. Özünə lovğa-lovğa müsəlman deyib, Salyandan o yanda yaşayanlara Talış, Sumqayıtdan  qüzeydəkilərə Ləzgi, şamaxılılara Tat, Qubadlılı, Laçınlıya Kürd deyirsən, iş işdən keçəndən sonra da durub, bu niyə belə olub? – sorursan!

Bəylər, bəyimlər, yalançı bahadırlıq ancaq ürək bulandırar, yurdumuza qovğa salar! Çəkilin bu yoldan, atın ikiüzlü yaşamağı, aldatmayın 9,5 milyon Azərbaycanlını, qoyun sevgi-sayğı ilə yaşasınlar, onsuz da dış yağılar əlində qalıblar, içdə yağıçılıq törətməyin!

«Tarix» bölməsini yazanlardan biri S.A.Rüstəmova-Tohididir. «Gördü»də uzun-uzadı danışan «baş tarixçi» Yaqub Mahmudova bu adamın 2013-cü il aprelin 22-də AMEA-nın FHİ-də alimləri yığıb: «biz Erməni öldürmüşük, daha çox da 1905-ci ildə», deyə «timsah göz yaşları» tökməsi, «Fətəli Xanın 3 gün Badamdarda durub Bakıya girmədiyi, Ermənilərin buna görə də onu öldürdüklərini», eləcə də başqa «Erməni yalanı» dediyi, Yadigar Türkelin o, ANTİAZƏRBAYCAN, ANTİTÜRK yığnağını pozduğu çatdırılsa, «baş tarixçi» özü də: «bu qadın gedib orada-burada ağlınagələnləri danışır» desə də, «Milli Atlas»ın «Bakı», «Abşeron yarımadası» bölümlərini Tohidi kimi alimliyi bir yana, ulusal kimliyi də quşqulu adama yazdırmasını anlamaq olmur!

İnsan bilinci iki qatdır, üst qat, alt qat. Alt qat bilincin yüzdə 60-70-ni oluşdurub anadangəlmədir, genetikdir. Yüzdə 30-40 olan üst qat sosialdır, yaşam boyu oluşur, gəlişir. Oxumuş, bilgin adamlar, aydınlar daha çox üst qatla yaşar, alt qatın biolojiliyinə yenilməzlər. Toplum da belədir, onu oluşdurarlar. Bu anlamda bilim, kültürcə geri toplumlar insanlartək bilincin alt qatından çətinliklə çıxırlar. «Milli Atlas»ı yazanlardan çox yazdıranlar 20 Yanvar qırğınından danışarkən aşağı düşüncə ilə yanaşıb təkcə Heydər Əliyevin Moskvada bu qırğından danışdığını yazıblar, gerçəksə başqadır: Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri Elmira Qafarova Ali Sovet başçısının radiosu ilə qırğına kəskin qarşı çıxıb, törədilənləri dünyaya çatdırmışdır. Bundan başqa, «Azadlıq radiosu»nun sunucusu Mirzə Xəzər Rus-erməni-sovet-mason bolşefaşistlərinin törəmələrinin törətdiyi bu qırğını durmadan dünyaya çatdırmışdır. Heç kimin əməyi şişirdilməməli, kiçildilməməli, unudulmamalıdır!

Azərbaycan dövləti adından danışanlar 9,5 milyon Azərbaycanlının birini o birindən ayırmamalı, artıq-əksik  tutmamalıdır!

«Milli Atlas»ın 37-ci səhifəsində yazılıb: «XX əsrin 60-cı illəri Azərbaycan tarixinə sosial-iqtisadi və mənəvi inkişaf baxımından geriləmə və durğunluq dövrü kimi daxil olmuşdu. Bu proses SSRİ rəhbərliyinin də diqqətindən yayınmamışdı».

Tərsinə, Azərbaycan Cümhuriyətini XI Ordunun əlilə devirən Rus-erməni-sovet-mason bolşefaşistlərinin Azərbaycanda törətdiyi 40 illik gerçək soyqırımdan sonra 60-cı illərdə öncə İmam Mustafayev, sonra isə Vəli Axundovun başçılığında yavaş-yavaş ulusal oyanış, dirçəliş başladı. SSRİ-nin başçılarını da bu quşqulandırmışdı, bunun qarşısını almaq gərəkirdi. Heydər Əliyev də dediyiniz «mənəvi-psixoloji iqlimin sağlamlaşdırılması» üçün bu görəvə qoyuldu.

Bu anlamda «Milli Atlas»da XX yüzilin 60-cı illərini gerilik sayıb, «səksəninci illər durğunluq dövrü»dən başqa ikinci bir «durğunluq dövrü» anlayışı uydurmaq, Azərbaycanın ancaq 1969-cu il iyunun 14-dən dirçəldiyini yazmağa çalışmaq Azərbaycan tarixinə qarayaxmadır, keçməz!

Baş çıxışçı, özü də akademik (Doğrusu, heç eşitməmişdim!) Qərib Məmmədov «Milli Atlas»ın dövlətin göstəricilərindən sayıldığını dedi. Bəlli politoloji biliklərə görə bu sözlər bütünlüklə yanlışdır, heç bir politologiya bitiyində belə bir baxış görməmişik! «Milli Atlas» dövlətin göstəricilərindən deyildir!

Çıxışçılardan biri – akademik  danışmağa belə başladı: «Öncə atlasın nə olduğunu sizə başa salım!». İnsan bilincaltı ilə yanılıb ağzından yanlış söz çıxara bilər, bu, fiziolojidir, anlaşılandır. Ancaq AMEA-nın akademiklərini, elmlər doktorlarını, fəlsəfə doktorlarını yığıb (Qıraqdan çağırılanlar da oxumuş, sayğın, seçkin adamlardı) atlasın nə olduğunu «başa salmaq» çox ayıbdır, danışığını bilməməkdir!

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev! Azərbaycan AMEA-da Birinci Pyotr çağından qalma akademik, müxbir üzv kimi dəyərsiz «ƏYAN»lara gərək yoxdur! İçdənlikcə ən demokratik quruluş olan AMEA-da köklü yenidənqurma keçirilməli, bu qurumun yönətim quruluşu başdan-başa demokratikləşdirilməlidir! Son 27 ildə Azərbaycan elminə, politologiyasına, toplumsal-politik düşüncəsinin oluşmasına, idmanına az-çox qulluq etmiş, Azərbaycanın demokratikləşməsi üçün çalışmış, dönməz ulusalçı yurddaş kimi, sizdən AMEA-da köklü demokratik dəyişikliklər etməyi istəyir, institutların şöbə müdirlərindən direktorlarına, AMEA-nın prezidentinədək bütün görəvlilərin açıq demokratik seçkisini keçirməyi diləyirəm!

Bilim özgürdür, özgündür! Onu «elmi işçi»yə 160-200 manat  donluq verməklə gəlişdirmək olmaz! O, yüksək maddi-mənəvi qayğı, özgür psixoloji ortamda yaranar, gəlişər! İkinci yol yoxdur! Bunu iki min beş yüz il qabaq Aristotel də deyib, ondan qabaq kim deyib, bilmirəm. Azərbaycanda isə bilim qıcıq enercisi, impulsiv güclə yaradılır, o isə tez tükənəndir!

Ulusal düşüncənin oluşmasında çox böyük önəmi olan belə konulardan yurddaşları yaxşı yöndə etkiləyəcək sözlər yazarlar. «Milli Atlas»da isə belə apolitik bir düzməcə yazılıb: «Lakin Azərbaycan Xalq Cümhuriyətinin dövlət suverenliyini tanımaq istəməyən Sovet Rusiyası XI Qırmızı Ordu hissələrini Bakıya göndərdi».

Elə bil, Rus-erməni-sovet-mason bolşefaşistlərinin 72 min 472 əskər-subaylı ac-yalavac ordusu Bakıya gəzməyə gəlirmiş. Bu, bolşefaşist Ordusunun Gəncə, Tərtər, Ağdam, Şəki, Zaqatal, Lənkəran, Quba, eləcə də Azərbaycanın başqa yerlərindəki ayaqlanmaları yatırarkən törətdikləri ağlasığmazlıqların üstünü belə yanıltmaclarla örtməkmi istəyirsiniz? Bu ordunun 1919-cu ildə Bakıda sahə polisi işlərkən pristav Nəbibəyovun alkoqolikliyinə görə polisdən qovdurmaq istədiyi, ancaq Bakı Baş Polis Qurumunun başçısı Ahicanovun «türklüyü»-humanizmi üzündən qovulmayan, Nizami Gəncəvinin «divəbənzər rusu»na oxşar, bağışlanmaq diləkcəsində «beş adamlıq ailəmi çörəksiz qoymayın» yalvaran Semyon Pankratovun başçılıq etdiyi ÇK-sının 3 dəqiqəlik məhkəmələrinin minlərlə Azərbaycanlını sorğusuz-sualsız öldürməsini belə düşüncəsiz sözlərlə örtmək olmaz!!!

Biz, bütün yolsuzluqlara, insan hüquqlarının, başqa demokratik dəyərlərin tapdanmasına, ulus qarşısında gün-gündən artan sorumsuzluğa baxmayaraq, Azərbaycan Respublikasını atlas yazdıranların ayrıla bilmədiyi Rus-erməni-sovet-mason bolşefaşizminin SSRİ dövlətindən çox-çox üstün sayırıq, ona bütün varlığımızla bağlıyıq, yüksəlişini, daha da demokratikləşməsini  istəyirik!

«Milli Atlas»da birləşmiş Türkiyə-Azərbaycan Ordusu yox, Azərbaycan-Türkiyə Ordusu yazılmalı idi. Politikanın incəliklərini yaxşı bilən Məhəmməd Əmin Rəsulzadə İstanbuldan baş Bakan Fətəli Xan Xoyskiyə Bakını Azərbaycan Ordusunun tutmasını, Osmanlı qoşunları tutarsa, uluslararası hüquqda yaxşı qarşılanmayıb, istənməyən olaylar yarada biləcəyini bildirirdi. Buna da uyuldu, Bakını  –  Azərbaycanın başkəndini qardaş Türkiyənin Qafqaz İslam Ordusunun yardımı ilə Azərbaycan-Türkiyə Ordusu tutdu. «Milli Atlas»ı yazanlarsa bunu bilmədiklərindən birləşmiş Türkiyə-Azərbaycan Ordusu yazıblar.

«Milli Atlas»da Paris Barış Konfransının Azərbaycan Respublikasının bağımsızlığını 1920-ci il yanvarında tanıdığı yazılsa da,  yazanlar istəməzlik duyğusunda dolaşdıqlarından ayın 11-ni unudublar.

Azərbaycan Respublikasının ərazisinin 86,6 min km2 olduğu yazılan yerdə onun topraqlarının yüzdə iyirmisinin Ermənistan Respublikasının tutduğunu gözə çarpdırmaq başqalarının, eləcə də öz yurddaşlarımızın bilincinə yeritmək baxımından yaxşı olardı.

Tarix bölümünü yazanların Xəzərləri çağdaş Azərbaycan türkləri saymamaları çox düşündürücüdür. Məhəmməd Əmin Rəsulzadə qaynaqlara dayanaraq Əl-İdrisinin Əl-İdrisi-Əl Xəzəri, deməli, Azərbaycanlı olduğunu yazır, «Milli Atlas»ın yazanları isə əski «damğalar»la ona Ərəb deyirlər.

Azərbaycan anlayışının Atropatakandan, Atropatendən, Aturpatkandan gəldiyini yazıb duranlara Məhəmməd Əmin Rəsulzadənin bu yöndə yazdıqlarını oxumalarını istərdik.

Özbək türklərinin Şeybanilər dövlətinin «Ərəb dövləti» olmasını yazanlardan açıqlama istəyəcəklərini düşünürük.

387-ci səhifədə «Bizim tariximizin qədim yazılı abidəsi olan əfsanəvi «Dədə Qorqud» dastanında digər tək mübarizəli formaları, atçapma üzrə yarışlar təsvir olunmuşdur» cümləsi yazılıb. Burada ola bilsin yarış – idman sözü buraxılıb, ancaq ömrümün 40 ilini idmanda keçirsəm də təkmübarizəliliyin nə olduğunu anlamadım.

Bəylər, bəyimlər, «Dədə Qorqud» «əfsanəvi» niyə olur?! Bilimdə söyləncələr ulusların gerçək tarixinin  bədiiləşdirilmiş yazısıtək alqılanır. «Dədə Qorqud» da Türklərin gerçək tarixinin ən böyük bitiyi, ən böyük kültür anıtıdır!

«Milli Atlas»da Azərbaycanın politik kültüründən danışarkən rusca yayımlanan, özgür düşüncəliyinə görə 2014-cü ildə bağlanan «Zerkalo» qəzetinin adı çəkilir, 1989-cu il dekabrın 24-dən çıxan, Azərbaycanın politika, dövlətçilik, demokratiya, jurnalistika tarixində önəmli yeri olan «Azadlıq» qəzetinin adı çəkilmir, «Müsavat» da elə. «Ədalət» nə qəzetdir, Azərbaycan tarixinə soxursunuz?!

Belə tarixi bitiklərin mətnində çox ara bilimlə kültür bir yerdə yazılır. «Milli Atlas»da isə acı da olsa bilimə yer ayrılmamış, ancaq mədəniyət adlı, daha yaxşı yazılmalı bir bölmə verilmişdir.  Bu, Azərbaycan Respublikasının politiklərinin, yönəticilərinin bilimə aşağılayıcı baxışının göstəricisidir. Görünür, onlara bilim yox, bilimdən danışıqlar, multikulturalogiya göstəriləri gərəkdir.

Azərbaycan musiqisindən danışarkən təkcə Üzeyir bəy, Müslüm Maqomayev, Zülfüqar Hacıbəyovun adını çəkmək düzgün deyildir. Dünya uluslarından heç kimin Azərbaycan türklərinin musiqisitək gözəl, böyük musiqisi yoxdur! Buna görə də yuxarıdakı sıraya ən azı Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Cahangir Cahangirov, Sultan Hacıbəyov, Tofiq Quliyev, Zakir Bağırov, Rauf Hacıyev, Cövdət Hacıyev, Arif Məlikov, Şəfiqə Axundova, Ağabacı Rzayeva, Oqtay Zülfüqarov, Emin Mahmudov, Cabbar Qaryağdı, Seyid Şuşinski, Xan Şuşinski, Bülbül, Rəşid Behbudov, Lütfiyar İmanov, Müslüm Maqomayev Şövkət Ələkbərova, Sara Qədimova, Rübabə Muradova, Zeynəb Xanlarova, Mirzə Babayev, Flora Kərimova, Alim Qasımovun adı yazılmalı, Azərbaycan müğamının, Aşıq sənətinin bənzərsizliyi, taysızlığı göstərilməli, ulusal düşüncənin yaşadılmasındakı önəmindən danışılmalı idi. Ancaq nə etməli, yazılmayıb-göstərilməyib! Bu, ayrı-ayrı blimçilərin yazdığı bölümləri bir mətndə birləşdirmək, əritmək bacarıqsızlığındandır!

«Təsviri sənət» bölməsini daha tutumlu yazmaq, Azərbaycanın bu yöndə olan böyük kültür yatırından yetərincə bilgi vermək olardı.

Sənaye xəritəsində Azərbaycanın bir sıra kəndlərinin adının altında 1913-cü ildə, Rus çağındakı Rus adlarının verilməsi bilgiötürmək baxımından yaxşıdır – Sabirabad (Petropavlovskoye), Şirvan (Zubovskaya), Göytəpə (Prişib), Füzuli (Qaryagin)…

Azərbaycanın çağdaş aydınlarının ən böyük çatışmazlıqlarından biri politik, ideoloji yazı yaza, danışa bilməməyidir. Azərbaycan Respublikasının Dış İşləri bakanı danışanda istəyirsən yer yarılsın yerə girəsən. Bu, öncə Rusiya İmperiyası, sonra da SSRİ dönəmindəki yasaqlamadan yaranmış özəllikdir. Azərbaycan türkləri politik, ələşdirici baxışlarını ancaq gülməli yollarla, sözaltı yaza bilirdilər. Bu yol Mirzə Cəlili, Sabiri, Ömər Faiqi… yetirsə də politik düşüncədə boşluq yaratmışdır.

Azərbaycanda ən yaxşı politik publisistikanı ulusal ideoloq Məhəmməd Əmin Rəsulzadə yaratmışdır! Azərbaycan Parlamentində Məhəmməd Əmin Rəsulzadə kimi anlamlı, politik çıxış edən ikinci ulus elçisi olmamışdır!

«Milli Atlas»ın «Əhali» bölməsini yazanlar politik yazı yazmaq bacarıqsızlığından doğacaq sualları düşünmədən belə bir cümlə yazmışlar: «İri səhiyə ocaqlarının əksəriyətinin açılmasında ənənəvi olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev şəxsən iştirak etmişdir» (286-cı s.).

Bəylər, bəyimlər, «Ənənəvi olaraq… şəxsən iştirak etmişdir» nə anlamsızlıqdır?

Ərəb sözü olan ənənəvilik uzun tarix dönəmində oluşmuş,  gələnəksəlləşmiş davranışdır. Sizdən sora bilərlər: başqa toplantılara prezidentin oxşarımı qatılır? İkincisi, bu yanlış düşüncə daha geniş politik bilikli oxucularda «Prezidentin başqa işi-gücü yoxdurmu, o gələnəksəl olaraq xəstəxana açmağa gedir?» – sorusu doğura bilər.

2015-ci ildə Erməni ideoloqları ilə onları dəstəkləyənlərin «Erməni soyqırımı»nın yüz illiyilə bağlı çığır-bağırına, hay-harayına belə, aydın ideolojisi olmayan, dişsiz mətnlərlə qarşı çıxmaq bağışlanmazdır!

A.Şepotyev 1919-cu ildə Azərbaycan Cümhuriyəti Dış İşləri Bakanlığının istəyilə, I Dünya Savaşından yenmiş çıxan dövlətlərin yetkililərinə çatdırılmaq üçün 200-250 səhifəlik bir tarixi-ideoloji, politik bitik yazmışdır. A.Şepotyevin Eməni ideoloqları ilə onları tutanlara yaxşı dərs ola biləcək bu taysız bitiyini öncə rusca, sonra Türk  dilində çap etmək gərəkdir! Ancaq hansı pulla? «Neft və milyonlar səltənəti»nin pulları Parisdə, Kannda, Strasburqda, Romada… göyə sovrulur, yandaş Dövlətdən qıraq qurumların dəyərsiz «layihə»lərinə verilib, mənimsənir, Azərbaycana, onun yurddaşlarına, ideoloji qorunmasına gələndə isə yoxa çıxır!

İndi də «Milli Atlas»ın dililə bağlı bir sıra baxışlarımızı yazaq. Azərbaycan aydınları XX yüzildə Türk dilinin gözəlliyini, özəlliyini pozmuş, yersiz Ərəb-fars sözlərindən az-çox arındırmışlar. Ancaq Cəlil Məmmədquluzadənin dediyi kimi: bu zibillər elə çoxdur, XXI yüzilin 15-ci ilində də onda batmaqdayıq. Oxumuşlarımızın da çoxunun bunu anlamaması acınacaqlıdır! Son 22 ildə bu yöndə böyük qatmaqarışıqlıq yaranmış, Türk dili 40-50 il qabaq ondan çıxmış rəğmən, təxliyə, siyah, bəyaz, müdhiş, möhtəşəm, zat, zatən, rica, əcəba, mərhəba, əfv, fəqət, təraş, təcəlla, zehniyət, fəxarət…, eləcə də başqa anlamsız Ərəb sözlərilə yenidən doldurulmuşdur, avropadangəlmə şop, şou, tender, eksklüziv, brend, dc… axını, gerçək çör-çöpü də bir yandan.

Ulusal yaddaşsızlıqdan unudulmuş, ya da çox az işlənən gözəl, incə anlamlı bir Türk sözünü dilə qaytarmaq, düşüncələrə yeritmək olduqca çətin bir işə çevrilsə də, oxumamış, oxudulmamış «yarımrus» jurnalistlər «futbolçu ayaqqabısının bağı ilə problem yaşadı, çox müdhiş zərbə vurdu» kimi sözlərlə dili, düşüncələri pozurlar. Bu yöndən baxanda «Milli Atlas»ın dili çox ağır, anlamsız Ərəb-fars sözlərilə doludur, onu arı-duru türkcə yazmaq olardı.

Burada AMEA Dilçilik İnstitutunun da böyük suçu vardır! Azərbaycan türklərinin toplumsal düşüncəsində AMEA-nın bu, etnik, ulusallıq, dövlətçilik, ideoloji baxımdan çox gərəkli İnstitutu yox kimidir. Bu İnstitut 1983-cü ildə «Azərbaycan dilinin orfoepiya sözlüyü», 2013-cü ildə «Azərbaycan dilinin orfoqrafiya lüğəti» buraxırsa, onun dilçisi 2015-ci ildə televiziyada danışarkən sözlüyə lüğət, gözlüyə eynək deyirsə, «temboli, davay-davay, suyu gala, sırı mənə» deyənlərə nə demək olar?

«Milli Atlas»ı yazanlardan soruşuram: Bərzəx nə deməkdir? «Talış dağ meşələri Kolxida dağ meşələrinə bənzəyir» cümləsindəki bənzətmənin, eləcə də, «Bolsulu çaylar düzənliklərdən axıb keçir, dağlardan axan azsulu çaylar isə yelpiyəbənzər məcralara bölünərək Orta Asiya tipli quru deltalar əmələ gətirirlər» cümləsinin nə anlamı vardır? (14-cü s.).

Yatıq yazı ilə verdiyimiz, oxucunun düşüncəsini gücləndirəcəyi düşünülən bu bənzətmələr anlamsızdır, cümlənin bilimsəl dəyərini yox edir!

«Milli Atlas»da «Redaksiya heyətinin üzvləri»nin işlədiyi dövlət qurumlarının adının 12-si kiçik, 7-si böyük hərflə yazılıb. AMEA Dilçilik İnstitutundan 1-2 dilçiyə yetərili donluq verib,  belə oxumamışlığın qarşısını almaq olmazdımı?

Sayğılı tarixçi, coğrafiyaçı, eləcə də dilçi bəylər, bəyimlər,  soruşuruq: qeyri-daimi üzv, qeyri-hüquqi qərar, qeyri-erməni xalqlar nə deməkdir? Niyə belə anlamsız düzməcələr uydurur, Qızıl darvaza yox, Qızıl qapı, qalaqapı, alaqapı yazmırsınız? Zəncirvari halqa nə deməkdir?

Vurğunu olduğunuz bolşefaşist qurumun adı Azərbaycan SSR Hərbi İnqilab Komitəsi yox, Azərbaycan SSR İnqilab Komitəsidir. Barbarossa planı yox – Barbaros planı olmalıdır.

Səfəvilər dönəmində dilin adı Azərbaycan dili yox, Türk dili idi, nə üçün yalan danışır, düşüncələri dolaşdırırsınız?

«Abunəçilərin sayı 110 ədəd təşkil edir» cümləsini arı-duru Türk dilində «Abunəçilərin sayı 110-dur» yazmaq olmazdımı?

«Milli Atlas»ın «Əhali» bölməsi «Tarix»ə baxanda daha uğurlu yazılmışdır. Onun Azərbaycan türklərinin geyimindən, paltarlarından  danışan bölümü daha yaxşıdır. Burada çap olunan fotolardakı geyimlər, yeməklər göz oxşayır, öyündürücüdür! Ancaq onu dil baxımından daha gözəl yazmaq olardı. Türkcə yemək kimi gözəl söz varsa, buradakı farsca xörək sözünə nə deyək?

Atlasda Şəmsəddin Eldəniz türkcə «əzəmətli atabəy», ingiliscə «Qreat atabey» (böyük) yazılıb. Söz rusca mətndə  isə unudulub, çevrilməyib. Burada ərəbcə əzəmətli yazmaqdansa, böyük yazmaq daha uyğundu. Nə üçün başqalarına düzgün, özünüzə yanlış yazırsınız?

1856-cı ildə çəkilmiş xəritədə Tiflis yazılıb, siz Tbilisi yazırsınız, bu, papadan çox xristian olmaq düşüncəsindəndir!

Ardınca Yusif Məmmədəliyevin adı gəldiyindən 36-cı səhifədəki «Müharibə illərində Azərbaycan elm və mədəniyət xidmətlərinin bütün qüvvələri səfərbər edilmişdi» cümləsindəki Ərəb sözü xidmətlərinin yerində başqa bir Ərəb sözü xadimlərinin olmasının gərəkliyi görünür. «Milli Atlas»da ərəbcə şimala türkcə quzey, cənuba güney, şərqə doğu, qərbə batı deməməyi sizə bağışlamaq olmur! Axı, gözümüzü açanda nənəmizdən, babamızdan bu sözləri eşitmişik!

«Hazırda», «hal-hazırda» kimi anlamsız ərəbcə uydurmanın yerinə türkcə indi yazmaq olmazdımı?! Ulusal düşüncəli bilimçi Qacarlar İranı yanlış deyiminin yerinə daha düzgün olan Qacarlar dövləti yazardı.

XXI yüzilin 15-ci ilində «Milli Atlas»ın türkcə  «İçindəkilər»i yerinə ərəbcə «Mündəricat» yazılması Azərbaycan bilimçilərinin bilincaltı düşündüyünü göstərir. «Kür dağarası çökəkliyi vilayəti» nə deməkdir? Vilayət bura uyğundurmu? Daha düzgününü bilmirəm, ancaq ərəbcə vilayət yerinə türkcə bölgə yazmaq olmazdımı, fiziki coğrafi vilayət anlamsızlığı bir yana. «Ümumi səciyyə» nə deməkdir, «ilk əvvəl» nə quramadır?

«Milli Atlas»dakı oxumamışlıqdan, biliksizlikdən doğan bu cümləyə baxın: «Qədim ipək yolu marşrutlarından biri Azərbaycandan keçib». «Marşrut» türkcə yol deməkdir. Azərbaycanda sizdən başqa kimsə «İpək yolu»na «İpək marşrutu» deməz! Bilimsəl qaynaqlar «İpək yolu»nun ikisinin Azərbaycandan keçdiyi deyir. Biri Xəzərin quzeyindən Astarxan-Dərbənd-Şabran-Bakı…, biri də güneyindən Lənkəran-Biləsuvar-Təbriz…. Bu yollar Bakı ilə Təbrizdən çoxlu qollara ayrılıb Azərbaycanın çeşidli kəndlərinə, oradan da Anadoluya gedirdi. Bir yol da dəniz yolu idi – Astarxan-Bakı. O da Bakıdan qollara ayrılırdı. Bu da bir yanlış.

Cinayətin törənməsinin üç nədənini ardıcıllıqla «Milli Atlas»dakı mətndə sıralamaq nəyə gərəkdir? «Cinayətkar qərar» olurmu?

Bilincaltı düşüncə ilə yaşayıb, bir sözünün 10-20 anlamı olan kobud Ərəb dilinin tutuculuğunda girlənmək Azərbaycan diliçilərinin də böyük sorunudur. Bu günlərdə AMEA-nın Dilçilik İnstitutunda güneyli bir yaşıl farsca yazmış şairlərinin dilində Türk sözləri konusunda yazdığı disertasiyanı savunurdu. Dilçilikdən akademik adı olan bir bilimçi ona: «Sən danışığında Osmanlı türklərinin çözlərini çox işlədirsən, okul, öyrətmən, nə bilim nə… Elə danışma, biz danışan kimi danış!» – dedi.

O, yetənəkli yaşılı qutlayandan sonra ona ilk sözüm «o, öyrətmənin dediyini unut, tərsinə, dilini Ərəb-fars sözlərindən bir az da arındır, daha türkcə danış» oldu. Yetənəkli yaşıl əlilə öyrətməninin sözlərini eşitmədiyini göstərib dedi: «boşlayın getsin!».

Azərbaycanda son 20-25 ildə bitik çapında düzəldicilərin-korrektorlanın sıradan çıxması acınacaqlı olsa da, «Milli Atlas»da hərf yanlışının azlığı sevindiricidir. Mən görən, təkcə «Mədəniyət» bölməsindəki 5-ci abzasda «in» sonluğu buraxılıb, «çocuq» yerinə «cocuq» yazılıb.

Abel Məhərrəmov «Gördü»dəki çıxışında  toplananların könlünü oxşamaq üçün «Milli Atlas»ın böyüklüyünə görə Qərib Məmmədova «gərək bundan sonra iş stolumuzun üstünü böyüdək» deyə söz atdı. Doğrudan da, Azərbaycan Respublikasının «Milli Atlas»ı ölçüsü, çəkisitək böyük əməklə yaradılmışdır. Onun yaradılmasında əməyi olan bütün aydınlara ÇOX SAĞ OL! – deyib, buraxılan yanlışları CD biçimində düzəltməyi diləyir, bir şeyi daha çox vurğulayırıq:  Azərbaycanla, ulusla bağlı bütün yaradılanlar Azərbaycana, Türkə, bütün yurddaşlara sevgidən doğmalıdır, yalan-palandan yox! Yalan-palanla dövlət yaşamaz, ulus irəli getməz! Dövlət yönətimi ancaq yurd sevgisi, geopolitik düşüncəsi olan yurdsevərlərin əlində olmalıdır!

                                                                         Yadigar Türkel

                                                                         fəlsəfə üzrə elmlər doktoru

2 fevral – 1 mart 2015-ci il

 

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv