YADİGAR TÜRKEL. AZƏRBAYCANÇILIĞIN TARİXİ, İDEYA QAYNAQLARI, GƏLƏCƏYİ

YADİGAR TÜRKELİN AZƏRBAYCAN DİL QURUMUNUN MİLLİ İDEOLOGİYA MƏSƏLƏLƏRİ:

TÜRKÇÜLÜK, AZƏRBAYCANÇILIQ TOPLANTISINDAKI ÇIXIŞI

Bakı, 11.06.2014

AZƏRBAYCANÇILIĞIN TARİXİ, İDEYA QAYNAQLARI, GƏLƏCƏYİ

Sayğılı aydınlar, bəylər, bəyimlər, günaydın! Azərbaycanın gerçək yurdsevər, ulusalçı, türkçü aydınlarının ölkəsində sıxışdırıldığı bir dönəmdə bu toplantını keçirən Azərbaycan Dil Qurumunun başçısı, ulus elçisi Sabir Rüstəmxanlı ilə arxadaşlarına, eləcə də sizə çox sağ ol deyirəm.
2014-cü il iyunun 11-i Azərbaycan türklərinin yurdsevər, ulussevər aydınlarının gələcək soyları gözə alıb, özünüanlama, özünütanıma, özünütanıtma, özünüdoğrulama yolunda yaşadığı ünlü bir gündür. Gələcək soylar bunu dəyərləndirəcəkdir!

Öncə ideyadan, ideologiyadan bir neçə söz. İdeya Yunan sözüdür, Türk dilində düşüncə, baxış, görüş deməkdir. İnsan sinir-nerv sistemilə doğadan (ərəbcə, təbiətdən) aldığı bilgilərdən-informasiyalardan sözlər, ideyalar, baxışlar yaradır.
İdeyalar gerçək (obyektiv), bir də düşüncəl (subyektiv) olur. Doğa bilimləri (ərəbcə, elmləri) gerçək ideyaları öyrənir. Toplumsal-politik bilimlər gerçək ideyalarla yanaşı az da olsa düşüncəl ideyaları da öyrənir.
İnsanlar ideyaları yaşamlarını qurmaq, çatışmazlıqlarını ödəmək üçün yaradırlar. İdeya bireyi, ulusu, dövləti, Yer üzündəki yaşamı yox etmək üçün də yaradıla bilər.
İdeyalar insanları tərpədib istəyə, amaca çatdırdığından onlardan ideologiyalar yaradılır. Ulusalçı, dinçi, sinifçi, liberal, superetnik, faşist, eləcə də başqa adlar qoyulan bu ideologiyalar çeşidli dövlət politikalarının özəyində durur, onlardan toplumu yönətməkdə yararlanılır.
Politologiyada ideologiyaya iki yanaşma vardır: a) ulusa, dovlətə, topluma ideologiya gərəkdir, b) gərək deyildir?
Çağdaş yaşam bizə minillik Orta çağ dərəbəyliyini dəstəkləyən ikiyüzillik Rus-Sovet saldırısından yenicə qurtulub dirçəlmək istəyən Azərbaycan türkləri kimi uluslara, Azərbaycan xalqı tək toplumlara ulusal ideologiyanın gərəkliyini göstərdi. Ulusal ideologiyası olmayan ulus hara getdiyini bilməyən başsız atlıya oxşayır. Buna görə də Azərbaycan türkləri, Azərbaycan xalqı strateji yaşam, varlıq proqramını – ulusal ideologiyasını yaratmalıdır!
Son 20 ildə Azərbaycan Respublikasında azərbaycançılıq, azərbaycanlılıq, türkçülük, milliyətçilik, islamçılıq, qafqazçılıq, sosial-demokratiya, liberalizm, tutuculuq-mühafizəkarlıq-konservatizm kimi ideyalar geniş yayılıb. İlk baxışdan çəkici görünən bu ideyalar çağın demokratik baxışları ilə gücləndirilsə də, bu gün ulusun toplumsal-politik, ekonomik, mənəvi-psixoloji, kültür çıxarlarını bütünlüklə ödəyən ulusal özünüdoğrulama mexanizminə, ulusal ideologiya düzəyinə çatmayıblar.
Ancaq XX yüzilin başlarında Azərbaycanın ulusalçı aydınlarının yaratdıqları «Müsavat» Partiyası «millətçilik, türkçülük, vətənçilik, azərbaycançılıq, milli dövlətçilik, inqilabçılıq, xalqçılıq, cümhuriyətçilik» ideyalarını «siyasi millətçilik, istiqlalçılıq – azərbaycançılıq» düzəyinə qaldırıb, ulusal ideologiyaya çevirə bilmişdi. Buna görə də Azərbaycan türkləri 1918-ci il mayın 28-də yoxdan bir bayraq qaldırıb, qutlu bir ideal – Azərbaycan Xalq Cümhuriyyətini yaradaraq, 1991-cı ildə onu Azərbaycan Respublikası adı ilə yenidən qurdular.
«Azərbaycan türk olduğunu anlamışdır!» deyən ulusal ideoloq Məhəmməd Əmin Rəsulzadə şəhidlərin qanı ilə qurulmuş ulus dövlətini respublikanın bütün yurddaşlarına yurd olması üçün Azərbaycan Türk Respublikası yox, Azərbaycan Respublikası adlandırdıqlarını deyirdi.
Çağdaş Azərbaycan Respublikasında ən gərəkli ideologiya – azərbaycançılıqdır. Türkçülük, islamçılıq, çağdaşlıq, qafqazçılıq, talışçılıq, ləzgiçilik, kürdçülük, avarçılıq, eləcə də başqa ideyalar azərbaycançılıq ideologiyasının iç ideyaları, ulusal, mənəvi, kültür dəyərləridir. Bu anlamda Azərbaycanda ağalıqda olan güclərin 1995-ci ildə Azərbaycan Respublikasının dövlət dilinin adının yenidən dəyişdirib Azərbaycan dili etməsi Azərbaycan türklərinin özünüanlama, özünütanıma, özünütanıtma, özünüdoğrulama düşüncəsini dağıdan bağışlanmaz yanlışlıq, dönüklük, satqınlıqdır!
1995-ci ildə Azərbaycanda anayasa uyğulanandan sonra Azərbaycan Respublikası durmadan avtoritarizmə sürüklənməyə başlandı!
Bu gün Azərbaycan Respublikasınıda çox gərgin mənəvi durum yaranmışdır. Ölkənin azərbaycanlı adlanan bütün yurddaşları – talışlar, ləzgilər, avarlar, kürdlər, saxurlar, buduqlar, eləcə də başqaları gərəkən yerdə etnik kimliklərini də deyir, yazdırır, iki adın da üstünlüyündən yararlanır, gerçəkdə isə mən buduğam, ləzgiyəm, talışam, tatam deyirlər, təkcə türklər ulusal kimliklərini Türk yazdırammazlar. Bu, uluslararası hüquqa da tərs, bağışlanmaz durumdur!
Azərbaycan Respublikasından yayılan bu yanlış politikadan Güney Azərbaycandakı türklər də özlərinə Türk yox, Azərbaycanlı deməyə başlayıblar. Bundan yararlanan yağılar keçənlərdə Quzey Azərbaycan türklərinin dalınca dedikləri «XIX yüzildə Azərbaycan xalqı olmayıb» sözlərini «XX yüzildə Güney Azərbaycanda Türk ulusu olmayıb»a çevirib bütün dünyaya yayacaqlar. Biz də sonra bu yalanları düzəltməklə uğraşacaq, düzəldə də bilməyəcəyik!
Azərbaycanın yurdsevər aydınları bu yöndə düşünməli, Azərbaycan Respublikasının anayasasında bu yanlışın düzəldilməsi üçün çalışmalıdırlar!
Azərbaycanın ulusalçı aydınları XX yüzilin başlarında uydurulmuş Azəri sözünü düşüncələrdən silməyə çalışırlar. Ancaq ulusal düşüncəsiz «oynağanlar» bütün günü radiodan, televiziyadan «Azəriyəm mən!» mahnıcığını oxuyurlar. Dövlətin bir yetkilisi də çıxıb demir: bu Azəri nə deməkdir?
Çeşidli ensiklopediyalardan Azərilərin İranda, Hindistanda yaşayan farsdilli etnik qrup, Sudanın quzeyində vəhşi tayfa olduğunu öyrənmək olar. Bu insanların adları nə üçün Azərbaycan Respublikasının ünlü tarixi, kültürü olan böyük Türk ulusuna, eləcə də başqa yerlərdə yaşayan Azərbaycan türklərinə verilməlidir?
Sayğılı aydınlar, bəylər, bəyimlər, biz yurdumuzu ələ keçirməyə çalışan, strateji düşüncəli, güclü yağılarla Azərbaycan, Güney Qafqaz savaşındayıq. Bu savaşı buduq, saxur, qrız, ya da başqa azərbaycanlının adı ilə etmək olmaz!
Yağıların strateji istəyi Azərbaycandan, Qafqazdan öncə türkləri silməkdir. Onlar üçün avarı, buduğu, saxuru, qrızı, lakı… yox etmək elə də çətin iş deyildir. Bütün azərbaycanlılar bunu anlamalı, yurdumuzun yağı əlindəki topraqlarını yadellilərdən almağa çalışmalıdırlar!
Geopolitika Azərbaycan Respublikasının bütün yurddaşlarını – Türklər, Ruslar, Ukraynalılar,Tatarlar, Talışlar, Ləzgilər, Avarlar, Saxurlar, Ermənilər, Kürdlər, eləcə də başqalarını azərbaycanlı adlandırıb, qafqazçılığı da azərbaycançılığın gərəkli iç ideyasına çevirməyi irəli sürür. Azərbaycanlı anlayışı yurddaşlığın göstəricisi olmalıdır. Dünyanın gəlişmiş dövlətlərində belədir. Biz də çağın bu strateji, politik yolu ilə getməliyik. Avropa dövlətlərinin anayasalarında, politikalarında ulusalçılıq (ərəbcə millətçilik) ilk baxışdan görünməsə də bütün politikalarının dövlət ulusalçılığı üzərində qurulduğunu görürük.
Bir sıra politiklərə görə: «Azərbaycançılıq anlayışı milli-siyasi diskursda nisbətən yaxın vaxtlardan işlədilir. O, ölkədə bütün etnik qrupları və millətləri ümumdövlət mənafeləri və dəyərləri əsasında real surətdə birləşdirmək ideyasının verballaşdırılması kimi 1992-1993-cü illərdə xüsusilə geniş yayılan şovinist və separatçılıq əhval-ruhiyyəsinə qarşı mübarizə ideyası kimi meydana gəlmişdir».
Bu yanlış, politik düşüncədir, Azərbaycanın ideologiya tarixini ən azı min il geri çəkməkdir!
Azərbaycanın filosofları «İstoriya Azerbaydjanskoy filosofii» (B., 2002) kitabında azərbaycançılığın miladın VIII-X yüzillərində formalaşdığını yazmışlar.
Kökləri miladdan qabaq III-II minilliklərdən gələn Dədə Qorqud boylarında türkçülük, azərbaycançılıq yüksək düzəydədir.
Azərbaycançılıq Nizami Gəncəlinin «Beşlik»indəki «İskəndərnamə» bədii-tarixi poemasında da üstün politik yoldur. Nizami Gəncəli böyük türkçü, azərbaycançı, islamçı, qafqazçı ideoloqdur.
Sayğılı aydınlar, bəylər, bəyimlər, Azərbaycan türkləri Türkiyə türklərilə əmioğludurlarsa, Qafqaz ellərilə xalaoğlu, dayıoğludurlar. Bu anlamda biz geopolitik düşünməli, yurdumuz Qafqazın böyük-kiçik bütün ellərinin, uluslarının Azərbaycana, Türkə sosial-ekonomik, kültürəl, tarixi bağlarını gücləndirməyə çalışmalı, Şah İsmayıl Xətainin bir geopolitik anlamlı ata sözünü unutmamalıyıq: «Şirvan xəlayiqi qamu Təbrizə daşına, Mülki-əcəm sorar kim, qiyamət haçağ qopar?!…».
Azərbaycançılıq ideyası 1918-ci ildə «Tarixi-coğrafi Azərbaycan»ın quzeyində Azərbaycan Cümhuriyyətinin yaradılması ilə yenidən yüksək politik önəm qazanmışdır.
Məhəmməd Əmin Rəsulzadə 1918-ci il dekabrın 10-da Azərbaycan Cümhuriyyəti Parlamentinin 2-ci iclasındakı çıxışında deyib: «Bizim yaxın məqsədlərimizdən biri olan Azərbaycan muxtariyyətini tələb edərkən həm sağdan, həm də soldan hücumlara düçar olurduq. Sağdakılar bir nöqtədən, soldakılar da başqa bir nöqtədən Azərbaycan muxtariyyətini inkar edirdilər. Sağdan deyirdilər ki, “Azərbaycan”, “Azərbaycan” deyə-deyə müsəlmanları parçalayır, türklük bayrağı qalxızarkən – nəuzu billah (allah eləməsin) – islama xətər vurursunuz [Bu söz AC Parlamentinin Stenoqramlarında B., 1998, yanlış olaraq Nufuzu bala – allah dağıtsın kimi açılıb]. Soldan da iddia edirdilər ki, Azərbaycan davası bizi inqilabçı, hürriyyətpərvər Rusiya demokratiyasından ayırır, xan, bəy hökuməti düzəltməyə səbəb olur…daima Azərbaycan məfkurəsinin (rus mətnində, azerbaydjanizm – azərbaycançılıq) müdafiəçisi olan firqəmiz üçün bu gün o böyük məqsəd hasil olmuşdur. Çünki artıq gərək sağlar, gərəksə sollar Azərbaycanı inkar deyil, var qənaətlərilə isbat edirlər. Çünki artıq Azərbaycan fikri üzərində müsəlman firqələri arasında ixtilafi-nəzər yoxdur. Çünki artıq cəmiyyətimizin zehnində Azərbaycan istiqlalının fikri yer tutmuş, yerləşmişdir. Çünki üçrəngli o məğrur bayraq artıq siyasətən hamımızı birləşdirmişdir».
Azərbyacançılıq Sovet dönəmində də var idi. Azərbaycanın ulusalçı aydınları Azərbaycan SSR-in qırmızı Sovet bayrağının bir bölümünü göy – mavi edə bilmişdilər. Sovet bayrağındakı göy boya anlamca türklüyün göstəricisi sayılmasa da, bilənlərə azərbaycançılığı, türkçülüyü andırırdı.
Azərbaycançılıq ulusal, dünyəvi dəyərlərə daynan, illər keçdikcə ulusun strateji varlıq proqramına çevrilib, onun maddi var-yatırını da içinə alaraq qoruyan, çevik, ayıq, sosial-politik, kültür də¬yərləri sistemidir. Azərbaycançılıq ulusun yaşamı, əxlaqı, dini, eləcə də başqa maddi-mənəvi dəyərləri, ulus sevgisi, elə, yurda yiyəlik duyğusu, dünya ulusları içində ünlə var olmaq, Azərbaycan Respublikasını qorumaq, gəlişdirmək, «Bütöv Azərbaycan»a çevirib sonsuzadək yaşatmaq düşüncəsi, strategiyası, politikasıdır.
Azərbaycançılıq 1985-ci ilin aprelindən Azərbaycan SSR-də, XX yüzilin 90-cı illərindən isə Azərbaycan Respublikası ilə Güney Azərbaycanda, eləcə də bütün dünyada yaşayan azərbaycanlılar arasında yenidən geniş ya¬yıl¬ıb.
Azərbaycançılıq ideologiyası bu gün Türk ulusunun, Azərbaycan toplumunun uğurlu gələcəyi üçün bir sıra işlərin edilməsini oldu-bitdi sayır.
1. Azərbaycan Ağalığı demokratik respublikanın ulus ağalığı, ulusdan gələn ağalıq, ulus üçün ağalıq olduğunu anlamalı, Azərbaycan Respublikasında insan hüquqlarını, eləcə də başqa hüquqları ən üst düzəydə qorumalıdır!
2. Azərbaycan Ağalığı ekonomini gələşdirməli, onu təkəlçilik bataqlığından qurtarıb, işlək, düzənlənən bazar ekonomisi düzəyinə çatdırmalı, yerliçiliyin, yolsuzluğun – korrupsiyanın qarşısını kəsinliklə almalıdır!
3. Azərbaycan Ağalığı ulusun var-yatırının dağıdılmasının qarşısını almaqdan, onu çağdaş, eləcə də gələcək soylara çatdırmaqdan sorumludur!
4. Azərbaycan Ağalığı Türk dilini, eləcə də ölkənin başqa dillərini qorumağa, kültürünü gəlişdirməyə borcludur!
5. Azərbaycan Ağalığı insanların din özgürlüyünə sayğı göstərməklə yanaşı, Azərbaycanda tarixi gələnəyi olmayan dinlərin, din yollarının (ərəbcə məzhəblərin) yayılmasının qarşısını alıb, ulusun «demokratik, hüquqi, dünyəvi» Azərbaycan Respublikasını qorumağa borcludur!
Sayğılı aydınlar, bəylər, bəyimlər! Ana dilinin bireyin özünüdoğrulamasında, ulusun düşüncənin, ideologiyasının oluşdurulmasında böyük yeri vardır. Dil insanların ulussevərlik, yurdsevərlik duyğularını gücləndirib onları igidliklərə yönəldir. Ulusun dilinə yanaşması onun düşüncəsinin göstəricilərindəndir. Ulusal birliyə gedən yol ədəbi dildən keçir.
Azərbaycan aydınları XX yüzildə Türk dilini gəlişdirmiş, onu islam dinilə gələn yersiz ərəb, eləcə də fars sözlərindən az-çox arındırmışlar. Ancaq Rus-erməni-sovet-mason bolşefaşistləri Azərbaycanın yurdsevər aydınlarını ayrı-ayrı adlarla suçlayıb tutaraq, doğal yolla gedən ulusal özünütanıma işlərini başqa yönə yönəltdilər. Sonucda sonluqsuz Ərəb dili sonluqlu Türk dilinin quruluşunu pozmuş, bu gözəl dildə danışanları ərəbcə düşünməyə yönəltmişdir.
Biz, çağdaş Azərbaycan Respublikasında dövlətin dil politikasının yetərsizliyini, bundan dolayı insanlarda Türk dilinə sayğısızlıq yarandığını deyirik!
Biliksiz, oxudulmamış, öyrədilməmiş, yarı ərəbcə-yarı türkcə danışan «jurnalist» ərəbcə müləmmə, farsca rəngarəng, türkcə qatışıq-çoxboyalı yığıntı dildə danışıb, yendiyə, udduya “qalib gəldi”, yenildiyə, uduzduya «məğlub oldu», tikdi, qurdu, yaratdıya «təşkil etdi» deyir, istilik 15 dərəcə olacaq yerinə, istilik 15 dərəcə təşkil edəcək, başladı, başlandı yerinə “start verildi” kimi yanlış danışır, 60-70 il qabaq dildən çıxmış təxliyə, rəğmən, təcəlla, təraş, müdhiş, mükəmməl kimi gərəksiz sözləri dilə gətirir, dilçilərin ağızdolu ƏDAT dediyi cümlədə yeri olmayan Fəqət, Əcəba, Hərçəndi, Sadəcə, Hətta… kimi sözlər bir yana.
Türk dilinə gətirilən bu yad sözlərin bir anda «ölü söz»ə çevrilib gözəl dilimizi zibillədiyi görünür. Müləmmə danışığı köç etdi, keçid aldı, baş tutdu, start verdi, çıkı verdi kimi yeni yanlışlar doğurub.
Türk dili içdənlik (ərəbcə mahiyət) dilidir. Onda olayların içdənliyini göstərmək duyğusu güclüdür. Ərəb dili isə çox yayğındır, bir sözün 5-10-15 anlamı olur. Türk dilində şeylərin özü ilə üzünü bildirən iki gözəl söz vardır. Türk dilini yaxşı bilənlər, yetkin adamlar şeyin özü, üzü deyirlər. Öyrədilməmiş insanlar isə göstəricidəki, bildirişdəki yanlış üzündən kağızın surəti, kopyası, kserokopiyası, asnovası deyir.
Ulusal dil düşüncəsi kökləşmədiyindən, son illərdə daha da dağıdıldığından indi sözbaşı problem deməyə başlayıblar: nə problemin var? Problem yoxdur!
Elmdə problem varlığın çözümü çox çətin olan sorunlarına deyələr: dünya yaranmışdır, yaradılmışdır, insan yaranmışdır, yaradılmışdır, allah, varmı, yoxmu? Oxumamış, oxudulmamış jurnalistsə «futbolçu ayaqqabısının bağı ilə problem yaşadı» kimi ağılsız, anlamsız sözlərlə ulusal dil düşüncəmizi pozur.
Qəzetlərin birində yazılan bir cümləyə baxaq: «Qloballaşmanın müasir forması qeyri-presedentdir və birinci dünya müharibəsinə qədərki dövrlə müqayisədə irrelevantdır». Bir şey anlayan varsa desin.
AMEA-da dilçilikdən müdafiə edilən bir dissertasiyanın adı belədir: «Azərbaycan folklorunun dilində terminoloji səciyyəli etnoqrafik leksika».
AMEA Dilçilik İnstitutu 1982-ci ildə «Azərbaycan dilinin orfoepiya sözlüyü», 32 il sonra «lüğətlər» buraxıb. Bu, onların dil düşüncəsinin ən azı 32 il geridə qaldığını göstərir.
Ən ağırı, ağrı-acılısı, dözülməzi nədir: ulusal düşüncələri dolaşdırıldığından, bilincaltı (yarı ərəbcə-yarıtürkcə şüuraltı) ilə düşünən, gözəl dilimizi korladığını anlamayan, yüzdə 80-90 ərəb sözlərilə danışan alimlər də, illərlə çox böyük çətinliklərlə yaşadılmasına çalışdığımız, unutduğumuz bir Türk sözünün işlədilməsinə kəsinliklə qarşı çıxırlar. Sən «Qaynaqlar» yazırsan, o pozub «İstifadə edilmiş ədəbiyyat» yazır, sən «İçindəkilər» yazırsan, o pozub «Mündəricat» yazır, sən Elsevər Dərbəndli yazırsan, o pozub Dərbəndli E.M. – yazır. Acı da olsa 25 ildə “ov”, “yev” rus soyadı sonluqlarından qurtulamadıq!
2014-cü ildə gözlüyə «eynək», «çeşmək», sözlüyə «lüğət» demək, sağ ol, sağ olsunlar, yaşa, yaşasın, yaşasınlar yerinə sözbaşı yarıərəb, yarıtürkcə «təşəkkür etmək», ya da «bravo» çığırmaq Türk dilinə sayğısızlığımızı göstərir!
Biz ulusumuzun ən böyük mənəvi yatırı olan Türk dilinə sayğı ilə yanaşmalı, bu dildə türkün ildırım sözünə «şimşək», aslana «şir», qaplana «pələng», qurda «canavar», sevgiyə «məhəbbət», yaza «bahar», yeməyə «xörək», göyə “səma” deməməliyik!
Azərbaycanda demək olar, heç kim «çərşənbə axşamı», «çərşənbə», «cümə axşamı», «cümə», «şənbə» demir, birinci, ikinci üçüncü, dördüncü, beşinci, altıncı gün deyir. Biz nə üçün öldü yerinə, «vəfat etdi», yaralandı yox, «xəsarət aldı» kimi uydurma, yad sözlər işlətməli, üçə «kafi», beşə «əla», üstəgələ «plyus», çıxmağa «minus», çəpərə hasar, qalaqapıya darvaza, prezidentin andiçmə törəninə «təntənəli mərasim», ya da «inauqurasiya» deməliyik?
Sayğılı aydınlar, çalmaq, oxumaq yığışdırılıb, yerinə ifa etmək, ifa edənlər, müşayiət edənlər qoyulub, sözlərin deyilməsindəki vurğulardakı yanlışlıq daha deyiləsi deyil!
Yetkili qaynaqlardan yayılan bilgilərə görə bu gün Azərbaycanda yeni doğulmuş körpələrə daha çox Həsən, Hüseyn, Fatimeyi-Zəhra kimi din anlamlı adlar qoyulur. Bir doktorun yanına gələn xəstələrin adlarından seçdiyinə baxın: Xinə, İfriz, Fəmirə, Ləkip, Mükalimə, Rəvan, Hekayət, İclas.
Hanı Alparslan, Səlcuq, Oğuz, Eldəgiz, Burla xatun, Bəybura, Türkel, Gözəl, Çiçək, Güllü, Güllübəyim…
Deyilənlər Azərbaycan ağalığı ilə yanaşı Azərbaycan aydınlarının da ulusumuzu, toplumu başlı-başına buraxmağındandır!
Dövlətin ideologiya qurumlarının başına rusca oxumuş, rusca böyümüş, rusca düşünən, ulusal Türk düşüncəsinə yad «yarımrus» adamları qoymaq olmaz! Acı da olsa indi yurdumuz Azərbaycan bu «yarımrus»ların əlindədir!
Məncə, Azərbaycan Dil Qurumu gələn toplantısını Türk dilinin qorunması, yad sözlərdən arındırılması, Türkiyə türklərilə ortaqlaşdırılması, gəlişdirilməsilə, sonrakını isə ölkəmizdəki din sorunu ilə bağlı keçirsə ulusal dəyərli iş görər. Düşünürəm, siz bu toplantıdan sonra ideoloji çalışmalarınızı daha da hızlandıracaqsınız!
Ulusal ideoloq Məhəmməd Əmin Rəsulzadə «Dizi üstündən enməyən Füzulisi, Koroğlu ilə bağrı yanıq Kə¬rə¬mə ağlayan aşiqləri, bu aşiqlərin ürək dağlayan sazları ilə çobanların könül oxşayan türküləri, çocuqların sevə-sevə oxuduqları maniləri, anaların yavrularını uyudurkən çağırdıqları ninniləri, anlayanların düşüncəsilə özünü iranlı bilən bu ulusun çox böyük bir çöküşdə olduğunu göstərir:
– Yox, deyil, sən türksən! – deyirdi».
Biz bu çox böyük çöküşdən çıxmış, ulusal kimliyimizi anlamışıq, irəlidə demokratiya, ulusal yüksəliş yoludur!

Yadigar Türkel
fəlsəfə üzrə elmlər doktoru

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv