Göz. Azərbaycan dilinin açıqlama sözlüyündə göz anlayışı ilə bağlı 12 səhifəlik açıqlama verilir. Başla bağlı 9, ürəklə bağlı 6 açıqlama. Görəsən, bu nədəndi belə? Nə üçün gözlə bağlı açıqlama belə geniş yer tutur. Sözsüz, bu, dilçilərdən, dilçi yaradıcılığından gəlmə bir iş-görsəniş deyil; xalq yaradıcılığından, xalqın gözə gözgörəsi, belə desək, daha sıcaq yanaşmasından, ola bilsin, daha böyük yaradıcılıqla yanaşmasından doğan görsənişdir. O daha böyük yaradıcılıqla yanaşma görsənişinin özünün də arxasında başqa bir faktor yatır: gözə ayrıca sevgi, ayrıca sayğı faktoru. Göz üstə; gözünə dönüm; gözüm üstə yerin var; canım-gözüm: bunlar yüksək sayğıyla, sevgiylə yanaşılan kimsəyə yönəlik göz gözəlləmələridir.
“Göz gördüyündən qorxar”, – deyirlər. Bəlkə, varlığımıza gərəklilik baxımından gözün funksiyaları eləcə görmə orqanı olmaqdan daha genişdir?! Bilmirəm, bildiyim yuxarıda gözlə bağlı göstərdiyim geniş, başımız, ürəyimizlə bağlı açıqlama göstəricilərindən çox geniş göstəricilərdir. İlk baxışda gözlə bağlılığı olmayan “gözəl” sözünün özünün də kökündə-özülündə “göz” anlayışı durur. Hələ min illərdən bəri gözləri öyən sözlər-oxumalar! Alman filosofu A.Şopenhauer deyir: “Talant başqalarının vura bilmədiyi hədəfi vura bilir, dahi başqalarının görə bilmədiyi hədəfi vurur”. Düzdür, burada göz ayrıca deyil, başla-düşüncəylə birlikdə götürülür, ancaq hər necə olsa yenə göz gözlüyündə qalır. Üstəlik, dahinin dahilik bacarığı başqalarının görə bilmədiyini görə bilmək üstünlüyü ilə üstlənir, xarakterizə edilir. Gözünüzə sağlıq!
Açıqbaşa aparan yol
Göz görməzliyi – onu görənlər bilər. Gözlərim son çağlar çox pis görürdü. Çox-çox illər öncə, Az TV-də görəv yiyəsi olduğum çağlarda, yuxarılardakı bir sıra kimsələrin indi çoxlarına aydın olan kor siyasətləri üzündən işdə gözümün biri tutuldu. Moskvada, Fyodrov klinikasında “sinir sarsıntısından tutulma” diaqnozu ilə gözümü operasiya etdilər. Gərəkən sonuc alınmadı. Onda mənə yazıb-oxumaq, televizora baxmaq yasağı qoyuldu. Sonuncunu, bəlkə də, edə bilərdim, ancaq yazıb-oxumaq mənim yeniyetməlik çağlarından gələn alışqanlığım idi. Elə bu yasaqtanımaz alışqanlıq üzündən də getdikcə gözümlə yoldaşlığım yolagetməz olmuşdu.
Bəlli siyasi nədənlər üzündən bizim üçün çoxdan keçmiş olmuş AzTV-dəki keçmiş iş yoldaşlarımızdan biri gözlərini Türkiyədə operasiya etdirmiş, gözlüklə biryolluq üzülüşmüşdü. Hər görüşümüzdə o məni tezliklə pul tapıb Türkiyəyə getməyə, gözlüklə üzülüşməyə tələsdirirdi: ”Pulun yoxdur, get kredit götür, – deyirdi, – operasiyadan sonra indi mənim yaşadığım sevinci yaşayacaqsan”. Onun dediyinə görə, Türkiyədə gözlərimi operasiya etdirmək üçün mənə 3 min dollaradək pul gərək idi. Türkiyədə, 3 min dollar. Nə üçün Türkiyədə, nə üçün üç min dollar? Bəs lap bu yaxınlaradək milyardlarla neft pullarının gəlib-getdiyi “mənim ölkəmin” sağlamlıq sistemi, “mənim dövlətimin” mənə qayğısı-sayğısı? Regionun lider dövləti! Ancelina Coli, Ledi Qaqa kimilərini gətirib bir oxumaya 2-3 milyon dollar verən dövlət! 20 milyon dollar verib hansısa Avropa futbol komandasının maykasına bir neçə oyunluq “Azərbaycan” adı yazdıran dövlət! 10 milyardddan keçməklə indiyədək ən varlı dövlətlərin belə yaxın qoymadığı Avropa oyunlarına ev yiyəliyi edən dövlət! Bir qrup ANTİMİLLİ, ANTİDEMOKRATİK xarakter-düşüncə yiyəsinin ələ keçirdiyi, milyonları göyə sovurduğu, milyardlara dədə malı kimi yiyələndiyi dövləti indi mən ayrıca olaraq görmək istəyirdim!
Bir çoxları kimi sonradan yox, Sovet dönəmindən bu ölkəmin, dövlətimin bağımsızlığı yolunda dönməz ardıcıllıqla, barışmaz prinsipiallıqla çarpışma aparmışam – umacaqsız çarpışma! İndi istər-istəməz umacaqlı olmuşdum. Kimdən? Bağımsızlığı uğrunda illərlə çarpışma apardığım dövlətimdən! Görün bu dövlətin başında duran kimsə nə deyir: “Azərbaycan dövləti sosial dövlətdir, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı durur”. Mən Azərbaycan vətəndaşı olaraq, özü də Koroğlu kimi LAYİQLİ vətəndaş olaraq ( İ.Əliyev: “Koroğlu layiqli vətəndaş olub”) bu dövləti sosial yönümdən görüb-tanımaq istəyirdim. Xudu Məmmədov deyirdi: “Uşaqlara Vətəni sevməyi öyrətmək gərək deyil, siz onlara Vətəni tanıdın, özləri sevəcəklər”. Yalnız uşaqlara deyil, böyüklərə də Vətəni tanıtmaq gərəkdir. Tanıtmaq gərəkdir – yalanla, yalançı sosial dövlətlə deyil, gerçək sosial dövlətlə. Belədə onlar Koroğlu kimi, yeri gəlsə, Koroğludan da artıq LAYİQLİ vətəndaş olacaqlar.
Kimlərsə bu ölkədə yaşamırmış kimi televiziya ekranlarından balacalı-böyüklü izləyicilərə ölkəni, dövləti sevmək çağırışlarında bulunurlar. Keçməz! Sevgi çağırışla olmur. Ortada sevgi doğuracaq görsənişlər – faktorlar olmalıdır. Bir daha demək gərəkir: burada başlıca faktor sosial dövlət – güvənli dövlət faktorudur! Ortada gərəkirkən yurddaşa-vətəndaşa dayaq duran, güvən yaradan dövlət yoxdursa, belə bir dövlət yerinə rüşvət-korrupsiya-oğurluq-soyğunçuluq-monopoliya axarında yurddaşa-vətəndaşa qan udduran dövlət varsa, onda, uzaqbaşı, bəlli komunist şairin “səni sevəcəyəm, sən sevməsən də” yalançı-platonik sevgisindən özgə sevgi gözləməyə dəyməz. Vətəndaş-dövlət sevgisi yalnız qarşılıqlı olmaqla baş tuta, effektli ola bilər. “Mənim dövlətim” anlayışını, bu anlayışın arxasındakı sevgini, sayğını hərbi-polis rejimi doğurmur, doğura bilməz. “Mənim dövlətim” demək yurddaş-vətəndaş sevgisini, yurddaş-vətəndaş güvənini doğuran-doğrulayan dövlət deməkdir. O dövləti göstərin, ayağına baş qoyaq!
Azərbaycanda ilkin yaranış çağlarından Əflatun Amaşova tapşırılmış Mətbuat şurası başda olmaqla çoxlu jurnalist qurumu var. Yaranış ilkəsinə görə bu qurumlar jurnalistikaya, gərəkirkən jurnalistlərə yardım etmək üçündür. Bundan ötrü onlar hakimiyətdən də, Avropa demokratiyasından da çoxlu qrant-yardımlar alırlar. Ancaq… bütünlüklə rejim kurasiyasında olduqlarından onlar rejim prinsiplərinə uyğun olaraq demokratik jurnalistikaya, demokratik jurnalistlərə yağıcasına yanaşırlar. Bu baxımdan mənim onlardan indiyədək umacağım olmayıb, ola bilməz.
Bəlkə də, mən Mətbuat şurasına üz tutsaydım, Ə.Amaşaov yoldaş mənə az-çox gizli yardımda bulunardı, ancaq mən böyük humanizm örnəyi göstərərək bunu da etmədim. Nə üçün? İlkin çağlardanca “Mən prerzident seçilsəm, bütün xalqın, hamının prezidenti olacam” deyən İlham Əliyev son 13 il boyunca 3 yol prezident “seçilsə” də, indiyədək bütün xalqın – hamının prezidenti olmayıb, ola bilməyib. İ.Əliyev Bakıdan tutmuş Qırmızı körpü gömrüyünədək yalnız bəlli bir kateqoriyadan olanların prezidenti olub, olmaqdadır. Mən o kateqoriyadan çox uzaq olduğumdan, özümün ulusalçı-milli ideologiyama uyuğun olaraq, o kateqoriya ilə barışmaz konfliktdə olduğumdan Ə.Amaşovun mənim kimi bir jurnalistə yardım etdiyini bilən İ.Əliyev bu yaxınlarda pay verdiyi deputat mandatı başda olmaqla, indiyədək verdiklərinin hamısını əlindən alaraq onu Gürcüstanadək qovardı. Bax, bir də bu baxımdan mən böyük çətinliklə üzləşsəm də, böyük humanizm sərgiləyərək yoldaş Amaşovun Mətbuat şurasından yardım istəyində bulunmadım.
Bizim bu siyasi-ideoloji, sosial-ekonomik sorunlarla dopdolu ölkəmizdə bahadırlıq üçün gündəlik geniş meydan olsa da (ən azı, Feysbukda), demokratik baxışların “dövlətə xəyanət”, “dövlətin imicinə zərbə” olaraq dəyərləndirilməklə repressiya ilə sonuclandığı rejimdə hamıdan, hər kimsədən bahadırlıq gözləməyə dəyməz. Eləcə də rejimə qulluq yoluyla deputatlığa gəlib çıxmış Ə.Amaşov yoldaşdan…
İş dostlara qalırdı. Dostumuz Şahvələd Çobanoğlu başda olmaqla, dostlar qıraqdan yardım çalışmalarına girişdilər. 7 aylıq çalışmalardan sonra Turan informasiya agentliyinin əməkdaşı Şahin Hacıyevdən zəng gəldi: “Pul göndəriblər, gəlib ala bilərsən”. Biz 3 min gözləyirdik, göndərilən pul min avrodan da az idi. Bu min avronu da Şahin bəyin necə çətinliklə, 7 aylıq gərgin çalışmalardan sonra əldə etdiyi bizə bəlli idi. Olduqca ilginc bir görsəniş: çoxu jurnalist olaraq tanınmayan bir çoxları Avropa qurumlarından çox asanlıqla böyük yardımlar ala bilirkən, illərlə özgürlük-demokratiya yolçuluğu yapmış, bu yöndə uzun çarpışma yolu keçmiş bir jurnalist bircə yol gərəkən az yardımı (3 min) ala bilmir. Bu isə Avropa demokratiyasının açıq-açığına ideya-mənəvi krizis yaşaması, ideya-mənəvi krizis içində olması deməkdir.
Şahin bəy əldə edilən az pulla üz tuta biləcəyim yeri də göstərdi: Gürcüstan. Bundan beləsi bütünlüklə Şahvələd bəyin boynuna düşürdü. O, dostu, Gürcüstandakı Lanset klinikasının başçısı Fərman Ceyranlı ilə danışmalı idi. Beləcə, Gürcüstanla danışıqlar başladı. Çox keçmədən Fərman doktordan soraq gəldi: “Gəlsin”. Elə o günü Fimar xanımla qatara bilet alıb yola düşdük. Azərbaycandan Gürcüstana böyük axın olduğunu bildiyimdən qatara bilet almaq çətinliyi ilə üzləşəcəyimizi düşünürdüm. Ancaq, sən demə, Gürcüstana gedən qatar “Həştərxana gedən gəmi…” deyilmiş: boş gedib, boş gəlirmiş. (Bununla bağlı az sonra).
Gözümüz aydın
Gözümüz aydın! – bu da Lanset klinikası. 7 aylıq çalışmadan, gözləntidən sonra gələcəyimiz bir yerə gəlib çıxdıq. Klinika Tiflisin qurtaracağında, Batum yolunun üstündədir. Demək, belə: Tiflis mola az qalmış sola dönürsən (bunu klinikaya getmək istəyənlər üçün yazıram). Klinikanın qapısından içəri girənləri ilkin olaraq böyük bayraqlar qarşılayır – yanaşı qoyulmuş Azərbaycan bayrağı ilə Gürcüstan bayrağı. Sonradan görəcəyimiz kimi, klinikanın giriş qapısından tutmuş otaqlara, yeməkxanayadək hər yerə iki bayraq yanaşı qoyulub. Bu isə doktor Fərman Ceyranlının Azərbaycan sevgisinin görsənişlərindən biridir.
Doktor bizi böyük sayğıyla qarşılayır. Sonra gözümü operasiya edəcək həkimi çağırır. Leyla Nemsadze ilə qarşılıqlı tanışlıq yaradır. Leyla xanıma (bu, gürcülərdə geniş yayılmış adlardandır) məni Azərbaycanın ən dəyərli jurnalistlərindən biri olaraq tanıdır. Düzü, utanıram. Özü də çox utanıram: Azərbaycan kimi doğal resurslarla dolu, bu üzdən dedikcə varlı bir ölkənin “ən dəyərli jurnalisti” doğal resurslar baxımından olduqca yoxsul Gürcüstana sağlamlıq dalınca yollanırsa, bu fakt özünə, ölkəsinə sayğısı, sevgisi olan kimsədə yalnız utanc duyğusu doğura bilər. Fərman doktor mənimlə bağlı aşırı öygüsüylə Leyla xanımın qarşısında mənə utanc yaşatdı.
Bizim ölkəmizin bugünkü durumu belədir: hakimiyət varlı-milyarder, xalq yoxsul. Saakaşvilidən bu yana DEMOKRATİYA yoluna çıxmış Gürcüstanda bu gün DEMOKRATİK rejim prinsiplərinə uyğun olaraq xalqın çoxlu üstünlükləri var. ANTİMİLLİ, ANTİDEMOKRATİK rejim üzündən bu gün boylu (ərəbcə, hamilə) qadınların belə, qul bazarına yollandığı Azərbaycanda xalqa qazandırılan başlıca üstünlük batdığı borc üzündən Koroğlu körpüsünə qalxıb, özünü ömrü boyu bircə yol qalxdığı, qalxa bildiyi ucalıqdan-hündürlükdən ölümün qucağına atmaq üstünlüyüdür…
Noyabrın 19-da Leyla xanım sağ gözümü operasiya etdi. Bir gün sonra saat 11-də o, yoxlama otağında gözümün sarğısını açacaqdı. Onadək mən sarğıya əl vurmamalı idim. O gün yeni nəsə gözləyən bir uşaq tələskənliyi ilə tezdəndən durmuşdum. Necə gördüyümü bilmək istəyindən özümü saxlaya bilmədim; sarğını azacıq aralamaqla gözümün ucuyla pəncərədən çölə baxdım: hər yan ağ idi! Qar yağmamışdı, ancaq dünyanı indiyədək gördüyümdən çox-çox işıqlı, ağ görürdüm.
Leyla xanım gözümün sarığını açdı: otaq, otaqdakı tibb bacıları, həkimlər, pəncərədən gördüyüm dünya – hamısı ağappaq idi. Hər yan gənclik çağlarımda gördüyüm kimiydi! Sevinirdim. Mənə elə gəlir, Leyla xanım, operasiya çağı onunla birgə çalışanlar məndən çox sevinirdilər: uğurlu işlərinə görə!
Bir neçə gün klinikada qaldım. Hər gün tezdəndən durub pəncərədən çölə, az aralıdakı dağa, dağdakı ağaclığa baxır, göz gəzdirirdim. O dağı da, dağdakı ağaclığı da operasiyadan sonra aydın, olduğu kimi görməyə başlamışdım. Dağın o üzündən 7 ağac başı görünürdü – 7 şam ağacı. Hər gün tezdən durcağın o ağacları sayırdım: 1, 2, 3, 4, 5, 6, 7. Görür, sayır, sevinirdim. Gözün aydın, gözüm, görürsən, demək; görürsən dünyanı olduğu kimi!
Gözümün sarığı açılan gün Tiflisdə Günəşli bir gün idi. Tezcə Tiflisin qaynar yerlərinə gedib gəzmək, adamlara baxmaq istəyirdim. Bir də, həkimin tapşırığına uyğun olaraq, gözün qorunması üçün qara gözlük almaq gərək idi. Getdik. Keçdiyimiz yollar, küçələr, binalar, ağaclar, adamlar hamısı ağappaq idi! Sevinir, çox sevinirdim. Çox istərdim bu sevinci mənə illərlə bağımsızlığı, qalxınması, yüksəlişi yolunda çalışdığım dövlətim qazandıraydı. “Dövlətim” deyirəm, mənim dövlətim varmı? Olsaydı…
Lanset klinikası
Klinika ilə bağlı bilgidən qabaq klinikanın yaradıcısı Fərman Ceyranlı ilə bağlı bilgi verəcəm. İnternetdə istər doktorla, istərsə də klinika ilə bağlı geniş bilgilər olduğundan mən oxucularımıza qısa, ancaq daha önəmli bilgilər verməyə çalışacam.
Borçalıda doğulmuş Fərman Ceyranlı 1980-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib. 1982-92-ci illərdə İ.M.Seçenov adına Moskva Tibb Akademiyasında çalışıb. 1990-cı ildə tibb elmləri doktoru adını alıb. 1993-cü ildən o, Azərbaycana qayıdıb, qabaqca Səhiyyə nazirliyində Elm idarəsinin rəisi, 1994-cü ildə Mustafa Topçubaşov adına cərrahlıq institutunda direktor yardımçısı, 1995-ci ildən institutun direktoru olub, bununla yanaşı Səhiyə nazirliyinin baş cərrahı görəvini yerinə yetirib. 2004-cü ildə o, respublikada ilk özəl klinikalardan birini – Lanset klinikasını yaradıb. Tibb alanında bir çox uğurlu işləri ulə tanınan, yalnız Azərbaycanda deyil, Azərbaycandan uzaqlarda da sayılıb-seçilən F.Ceyranlı 2014-cü ildə Azərbaycandan yığışıb getməli olub. Gedib, Tiflisdə indi adı Tiflisdən çox-çox uzaqlarda tanınan Lanset klinikasını yaradıb. Bu yerdə yada ünlü Şəhriyarın “Heydərbaba” poemasından bir neçə qatar söz düşür:
Heydərbaba, səni Vətən bilmişdim,
Vətən deyib, baş götürüb gəlmişdim,
Səni görüb, göz yaşımı silmişdim,
Halbuki, lap qəmli qürbət səndəymiş,
Qara zindan, acı şərbət səndəymiş.
Beləcə, bizim Vətən sevgimiz çox çağ hansısa sevgisiz-duyğusuz “divarlara” dəyib çilik-çilik olur. Ancaq biz əl-ayağımızdan qat-qat artıq ürəyimizi qanadan o Vətən sevgisini də aldığımız çoxsaylı zərbələr üzündən arada saxlaya bilmədiyimiz göz yaşlarımızla suvarıb yaşatmağa çalışırıq!
Klinikanın yaranma tarixindən
F.Ceyranlı gənc prezident M.Saakaşvilidən başlayan Gürcüstan qanunlarına uyğun olaraq, bələdiyəyə tikilməsini planlaşdırdığı klinikanın projesini verir. Projeyə görə klinikada 300 adam çalışmalıymış. Klinikaya yer ayrılması ilə bağlı projenin doğrulanması azacıq gecikməklə iş gedib Saakaşviliyə çıxıb. “Bu projenin gerçəkləşməsi ilə mənim 300 vətəndaşıma iş yeri açılır”, – deyən Saakaşvili klinika üçün prezident fondundan 1,5 hektar (hektar yarım!) yer ayırıb. Bundan sonra F.Ceyranlı özünün tikinti firmasını yaratmaqla tikinti işlərinə başlayıb. Orada özəl tikinti firması yaratmağın öz nədəni var: sən hansısa projeni özünün tikinti firmanla gerçəkləşdirirsənsə, dövlət tikinti işləri ilə bağlı səndən vergi tutmur. Beləliklə, hektar yarımlıq bir yerdə 10 qatlı böyük bir klinika kompleksi yaradılıb – içində hotel olmaqla. Yüksək həkim professionallığı, eləcə də qiymətlərin başqalarından aşağı olması ilə bağlı klinika az bir arada regional xarakter almağa başlayıb. İndi bu klinikaya Azərbaycan başda olmaqla bütün Qafqazdan axın yaranıb. Klinikada Türkiyədən, bir sıra başqa ölkələrdən də gəlib çalışan həkim-professionallar var. Klinikaya tibbin, demək olar, bütün yönləri üzrə çağdaş avadanlıqlar alınıb. Bu gün klinikanın personalı proje göstəricisindən çox uzağa gedərək 630-a çatıb.
Klinikanın tikintisi 25 milyona başa gəlib. Bugünkü Azərbaycanda belə bir klinikanı 100 milyon dollara da başa gətirmək olmazdı. Nədən? Rüşvət-korrupsiya-oğurluq-soyğunçuluq-monopoliya kimi dağıdcı neqativlərin DÖVLƏT SİYASƏTİNƏ dönüşdürülməsi üzündən. İstər Fərman Ceyranlı olsun, istərsə də professionallıq baxımından ondan qat-qat üstün başqa birisi olsun: bu gün Bakıda hektar yarım nədi, 5 sot yeri də pulsuz alıb klinika, klinika kimi xalqa gərəkli nəsə tikmək olmaz. Bundan ötrü ən birincisi rejimin bütünlüklə inandığı, bütünlüklə rejimə bağlı kimsə olmalısan. Ikincisi, yerin, obyektin böyük-kiçikliyindən asılı olaraq, bir çox yerlərə pul ötürməlisən. Başqa, daha əlverişli çıxış yolu ölkədəki ən yüksək posta yol tapmaqdır, bu isə çoxlarının yetəcəyi yetənək deyil. Tiflisdə Saakaşvilinin F.Ceyranlıya pulsuz verdiyi hektar yarım yeri Bakıda almaq üçün qabaqca yuxarıya yol tapmaq, sonra da az qala 100 milyonluq rüşvət vermək gərəkdir.
Gürcüstanda Azərbaycandakı antixalq siyasətləri yerinə xalqa yönəlik siyasətlər yürüdüldüyü üçün Tiflisin özündən tutmuş sınır gömrüyünədək qanunçuluq yüksəkdə dayanır. Bu üzdən də Gürcüstanda tikinti materialları bizdəkindən çox ucuzdur. Bütün bunlara görə bizdəki hakimiyət adamları Gürcüstanda çeşidli tikinti işlərini – tikinti bizneslərini durmadan genişləndirirlər. Onlar total qanunsuzluq axarında Azərbaycan dövlətindən, Azərbaycan xalqından oğurladıqları milyonları, milyardları Gürüstanda çox asan, eləcə də çox ucuz başa gələn tikinti biznesinə yatırırlar. Üstəlik, onlar Gürcüstan hökumətinin Saakaşvilidən qalma başlıca qoşullarından birini yerinə yetirmiş olurlar: Gürcüstan vətəndaşlarına iş yeri açmaq. Fövqəladə Pullar Nazirliyi başda olmaqla Azərbaycanda olan bir çox dövlət qurumlarından Gürcüstanda da var, ancaq o qurumların biri də Gürcüstan vətəndaşlarının irili-xırdalı biznesinə yaxın düşə bilməz.
Bizdə çoxu oğru-korrupsioner yığını olan əlaltı parlamentdən antixalq xarakteri daşıyan qondarma çox qanunlar keçirir, sonra da polis başda olmaqla bir çox bəlli soyğunçu dövlət qurumlarına bu qanunların “icrasına nəzarət” etmək tapşırılır. Beləliklə, yuxarıdan aşağıya “legitim” soyğunçuluq mexanizmi yaradılır. Beləliklə, xalq “legitim” olaraq soyulur. Saakaşviliyədək Azərbaycandan qat-qat acınacaqlı durumda olan, rüşvət-korrupsiya bataqlığına batan Gürcüstanda indi gerçək bir hakimiyət-xalq birliyi var; bu birlik üzündən də ölkədə xalqın soyulması faktına son qoyulub. Bizdə 23 ildi (gerçəkdə 50 ildi!) Əliyevlər rüşvət-korrupsiya-oğurluq-soyğunçuluq-monopoliya kimi neqativlərlə durmadan “mübarizə” aparırlar. Ancaq… nəyə görəsə bu neqativlər Azərbaycanda durmadan çiçəklənir, durmadan daha dönməz xarakter alır. Bütün bu neqativlərə bizdə “prezident təkdir, neyləsin”, “prezident yaxşıdır, ətrafı pisdir” kimi düşük don geydirilir. Bir daha demək gərəkir: rüşvət-korrupsiya bataqlığına batmaq baxımından Azərbaycandan qat-qat ağır-acınacaqlı durumda olan Gürcüstanı gənc Saakaşvili təkbaşına demokratiya yoluna çıxardı, təkbaşına düzgün yola döndərdi. Bu gün Gürcüstan dönməz demokratiya-qanunçuluq, buna uyğun olaraq da gəlişmə-yüksəliş yolundadır!
Klinikada qaldığım günlərdə Fərman doktor istər klinika ilə, istərsə də bütövlükdə Gürcüstanda gündəlik baş verənlərlə bağlı söhbətlərində tez-tez sevinərək belə deyirdi: “Bax, demokratiyanın gözəlliyi budur, bundadır!” Onun dediyi gözəllik demokratiyanın, demokratik prinsiplərin doğurduğu özgürlük, qanunçuluq görsənişləri idi: o boyda biznesin yiyəsi olan F.Ceyranlının işinə yalnız vergi orqanı qarışa bilər, o da pul qoparmaq üçün deyil, yalnız qanunçuluqla bağlı – Gürcüstan qanunlarının düzgün yerinə yetirilib-yetirilməməsi ilə bağlı. İstər-istəməz demək gərəkir: budur demokratiyanın gözəlliyi! Gürcüstan faktiki olaraq belə bir gözəllik yolundadır – adamları daha da adamlaşdıran, içindən, içkin olaraq sağlamlaşdıran gözəllik yolunda!!
Fərman Ceyranlının dövləti
Buddizmdə deyilir: “Hər bir insan dövlət olmalıdır”. Bu deyimin dərinliyinə varmadan bildirirəm: Lanset klinikası Fərman Ceyranlının təkbaşına yaratdığı dövlətdir – dövlətçilik düşüncəsiylə yaradılan dövlət!. F.Ceyranlı özünün hektar yarımlıq dövlətində prezident İ.Əliyevin 80 min kvadratmetrlik, 10 milyonluq Azərbaycanda yaratdığı iş yerindən daha artıq, daha üstün iş yeri yaradıb – 630 iş yeri. Bu, 630 ailə deməkdir. İ.Əliyev “Bu gün Azərbaycanda bütün fundamental azadlıqlar təmin olunur”, desə də, Fərman doktor bir belə iş yerini Azərbaycanda aça bilməzdi – bizdə bütün fundamental azadlıqlar, başqa cür desək, bütün fundamental hüquqlar bir adamın, bir ailənin əlində olduğu üçün! Yuxarıda dediyim kimi, biz doktorla arada oturub söhbətləşirdik. O söhbətlər boyunca onun kabinetinə gürcülər, azərbaycanlılar gəlib-gedirdilər. Necə? Gürcülər hamısı dik duruşlu, şax-şux, azərbaycanlılarsa əzilmiş-üzülmüş, yenilmiş durumda, yoxsulluq içində. Neçəsi pulu çatmadığından müalicəsini yarımçıq qoyub getmək istəyirkən, Fərman doktor: “Müalicəni yarımçıq qoymaq olmaz, qalan pulu mən ödəyərəm”, deyə onları geri qaytarırdı. Gerçək dövlət də, gerçək dövlət başçısı da belə olur: “bizimkilər”, “onlar” bölgüsü bilib-tanımır, dövlətindəkilərin hamısına qayğı, sayğı göstərir – özü də… sözdə yox, işdə!
İkinci göz operasiyası
İkinci gözümlə bağlı operasiya xərcini Gürcüstandakı “İnsan çətinlikdə” qurumu üzərinə götürmüşdü. Başında bir gürcü qadınının dayandığı Avropaya bağlı bu qurum nəyə görəsə bizi günlərlə aldadandan sonra klinikaya pul köçürməkdən boyun qaçırdı. Buna görə Bakıdan mənə pul tapıb gətirməli oldular. (Mənim bu qurumla çəkişməm qarşıdadır). İki aylıq get-gəl boyunca mənə çoxlu köməyi dəymiş jurnalist dostumuz Əfqan Muxtarlı çox çalışsa da, “İnsan çətinlikdə” qurumunun boynuna götürdüyü yardımı gerçəkləşdirmə çalışmaları boşa çıxdı. “İnsan çətinlikdə” qurumu bizi beləcə gözlənilməz çətinliyə saldı…
Açıqbaşla başıbağlı Azərbaycanın başqalıqları
AzTV-lər elə hey qonşu “Ermənistan”ın dağılıb-batdığı ilə bağlı yalançı süjetlər göstərirlər. Ancaq, qonşu Gürcüstanla bağlı susqunluqdur. Qabaqca Ermənistandan başlayaq. Doğal resurslar sarıdan yoxsul “Ermənistan” bir çox göstəricilərinə görə doğal resursları aşıb-daşan Azərbaycanı üstələyir. Bir fakt: elm, təhsil göstəricilərinə görə “Ermənistan” 74-cü, Azərbaycan 104-cü yerdədir. Başqa, kiçicik bir fakt: “Ermənistan” məktəblərində uşaqlara isti yemək verilir, Azərbaycan məktəblərində… uşaqlardan süpürgə pulu yığılır!
Gürcüstana gəlincə, rejim televiziyalarının Gürcüstanla bağlı susqunluğu iki fakta söykənir. 1) Gürcüstanda Əliyevlər ailəsinin, bu ailəyə bağlı nazir-oliqarxların bütün Gürcüstanı bürüyən biznesi var; 2) Demokratiya yolunda olan, bu yolda durmadan irəliləyən Gürcüstan Əliyevçi hakimiyət üçün olduqca əlverişsiz örnəkdir. Baxın, Gürcüstanda çoxdan tibb sığortası uyğulanmaqdadır. Tibb sığortası Gürcüstan vətəndaşlarına ayrıca sağlamlıq güvənci yaradır. Bu yöndə bir neçə fakt.
Gürcüstanda Səhiyə nazirliyi çoxdan Sosial nazirliyin içində əridilib. Mən Gürcüstan vətəndaşı olsaydım, Gürcüstanda istədiyim xəstəxanaya, eləcə də özəl klinikaya pul sorunu ilə üzləşmədən, arxayınlıqla gedə bilərdim: mənim sağlamlıq sorunu ilə bağlı xərclərimin 70 faizini köçürmə yoluyla dövlət ödəyəcəkdi. Bu 70 faizli dövlət ödənişi hamı üçündür. Gürcüstanda müəllim 100 faiz ödənişlidir. Başqa cür desək, xəstəxanaya (klinikaya) üz tutmalı olan müəllimin xərcini 100 faiz dövlət ödəyir. Eləcə də “tezyardım”la (ərəbcə olan “təcili” yardım” yerinə bu termini qullanmağı gərəkli sayıram) xəstəxanaya, klinikaya çatdırılan xəstə 100 faiz ödənişlidir – başına birdən iş gəlib deyə!
Bizdə, doğal resursları aşaıb-daşan Azərbaycanda, necədir? “Azərbaycan demokratiya yolundadır. Güclü demokratik təsisatların qurulması bizim üçün uğur şərtidir, çünki bizim bu gün güclü iqtisadiyatımız var”, – bunu Azərbaycan prezidenti adlanan İ.Əliyev deyir. Başdan-ayağa yalandır: bizdə indiyədək bircə dənə də demokratik “təsisat” qurulmayıb; bu baxımdan bütünlüklə uğursuzluq içindəyik. Belə olmasaydı, bizdə də Gürcüstandakı kimi seçkilər demokratik keçirilər, xalq demokratiyanın nə olduğunu, necə olduğunu, dadını-tamını gündəlik yaşamında görər, duyar, sezərdi. İkinci, bizdə “güclü iqtisadiyyatın” konkret faktı neft milyardlarının kəsilməsiylə manatın kəskin ucuzlaşması kimi danılmaz bir görsənişdir. Üçüncüsü, bizdə tibb sığortasının olmaması, bircə elə bu üzdən də xalqın bütünlüklə düşkün duruma salınması faktı.
Hansı faktlardan çıxış etdiyi bəlli olmayan İ.Əliyev deyir: “Biz bu gün insan kapitalına sərmayə yatırırıq”. Başqaları bir yana, 200-300 manat aylıq alan müəllim, alim dövlət qurumlarından tutmuş xəstəxana-klinikalaradək hər yerdə soyulursa, pulsuzluqdan qorxa-qorxa girdiyi ət dükanında onu qapının girəcəyinə yazılıb vurulmuş “NİSYƏ ƏT VERİLMİR” uyarısı qarşılayırsa, sizin sözdə “sərmayə” qoyduğunuz insan kapitalı yalnız soyub-yağmalamaqla əldə etdiyiniz qazanc baxımından kapital sayıla bilər – canlı kapital! Doğal resurslardan yoxsul Gürcüstanda bir dənə də mağazada “Nisyə mal verilmir” uyarısı görmək olmaz. Azərbaycanın hər yerində belə uyarılar görmək olar. Bizim köylərimizdəsə, aldıqları malın pulunu aylarla verə bilməyən pensiyaçılar pensiya kartlarını biryolluq mağaza yiyələrinə “bağışlamaqla”, bəlkə də, dünyanın ən acınacaqlı İNSAN KAPİTALINA çevriliblər!
Gürcüstanda aylıqlar da, pensyalar da formal olaraq Azərbaycandakından aşağıdır, ancaq faktiki olaraq onlarda aylıqlar da, pensiyalar da bizdəkindən qat-qat yüksəkdir. Nəyə görə? Ölkədəki qanunçuluğa, qanunçuluqdan yaranan ucuzluğa görə! Bu yöndə çoxlu fakt göstərmək olar, mən çox saya bir fakt göstərəcəm: Azərbaycanda kimlik kartı (hökumət dilində, “şəxsiyət vəsiqəsi”) almaq üçün 25 manat verməlisən. Gürcüstanda, inanmazsız, kimlik kartı pulsuz verilir. Üstəlik, Gürcüstanda dövlət rüsumları Azərbaycandakından qat-qat aşağıdır. Azərbaycanda DÖVLƏT SİYASƏTİ bütün parametrlər üzrə xalqı soyub-yağmalamağa, hər baxımdan yoxsullaşdırmağa yönəlikdir. Bu total soyğunçuluq siyasətinin başlıca nədənini Nyu-York Tayms qəzeti göstərir: “Ölkənin (Azərbaycanın. – X.B.) yarımfeodal yönətim sisteminin başında cinayətkarlar, oğrular, vulqar nuvorişlər sinfi dayanır”. Son 23 ilin Azərbaycan gerçəyini yansıtma baxımından bundan daha dolğununu, daha tutarlısını demək çətindir.
Qonşu dövlətdə yalandan adlandırıldığı kimi, Gürcüstanda kimsə Gürcüstanı regionun lider dövləti adlandırmır, ancaq demokratiya alanında olduğu təki bir sıra başqa alanlarda da Gürcüstan gerçəkdən regionun – bütün Qafqazın lider dövlətinə çevrilib. Hər bir çağdaş dövlət üçün çox önəmli faktorlardan biri olan sənaye Gürcüstanda fundamental olaraq gəlişməkdə, böyük inamla qalxınmaqdadır. Bu gün Gürcüstan dünya bazarına uğurla helikopterlər, getdikcə çoxlu alıcı qazanan ağır-yüngül ordu texnikası çıxarır. Milyardlarla dəyərində doğal resursların mənimsəndiyi, göyə sovrulduğu Azərbaycan bu gün Gürcüstanın başlıca sursat, qumbaraatan alıcılarındandır. İkinci Dünya Savaşı illərində SSRİ-nin başlıca yaraq-sursat zavodlarından birinə çevrilmiş Səttərxan zavodunu söküb-dağıdıb yerində Heydər Əliyev mərkəzi tikən hökumət belə olmalı, öz ölkəsində işsizlik yaradıb, başqa ölkələrdə iş yerlərinin genişləndirilməsini stimullaşdırmaqla yanaşı, dövlət büdcəsinə toplanan az-çox pulu da, hər şeyi qıraqdan almaqla, başqalarının qazancına çevirməlidir. 23 illik ANTİMİLLİ, ANTİDEMOKRATİK rejim Azərbaycanı bu günə qoydu!
Bizdə əski çağlardan Gürcüstana Açıqbaş deyiblər, niyəsini bilmirəm, ancaq burasını bilirəm: demokratyanın yaratdığı Özgürlük, Qanunçuluq baxımından bu gün Gürcüstan gerçəkdən AÇIQBAŞ ölkədir, diktatura bataqlığına batırılmış Azərbaycansa yalnız başıbağlı deyil, eləcə də əli-qolu zəncirlənməklə oğurlanıb ələ keçirilmiş ölkədir.
Açıqbaşın özgə özəllikləri
Tiflisdəki dostların köməyilə Tiflislə, Tiflisin gündəlik yaşamıyla, demək olar, yaxından tanış ola bildim. Gördüklərimdən məni ən çox duyğulandıran bu oldu: bağlarda, parklarda ən xırda əyləncə araçlarından tutmuş, bizdəki uşaqlar üçün az qala əlçatmaz olan bahalı attraksionlaradək nə varsa, hamısı pulsuzdur!
Daha çox gürcülərin necə yaşadıqlarını öyrənmək üçün çoxlu kafeyə, restorana getdim. Günün ayrı-ayrı çağlarında – daha çox günortalar, axşamlar – getdiyim kafelər, restoranlar gürcülərlə dolu olurdu. İstər Tiflisin ucqarında, istərsə də ortasında. Gənc – yaşlı, qız – oğlan, qadın – kişi, gürcülər, Avropada olduğu kimi, günortalar, axşamlar yeyib-içib əylənmək üçün kafelərə, restoranlara üz tuturlar. Bunun başlıca nədəni budur: kafelərdə, restoranlarda yüksək təmizliklə yanaşı çox ucuzluqdur.
Tiflisdəki bir sıra kafelər, restoranlar axşamlar daha könülaçan olur: üzlərindən-gözlərindən yaşam yüngüllüyü yağan gürcülər gərəyincə yeyib-içəndən sonra hamılıqla, bütün restoran boyu birgə (XORla) oxumağa başlayırlar. Jurnalist dostumuz Rey Kərimoğlu məni Tiflisin ucqarında, dediyinə görə, çoxdan tanıdığı bir restorana aparmışdı. İçəri girdiyimizdə restoranda bircə boş stol vardı, onu da biz tutduq. Bizə yaxın stolun arxasında oğlanlı-qızlı səkkiz gürcü gənci oturmuşdu. Onlar özləriylə gətirdikləri 20 litrlik qırmızı çaxırdan içə-içə gülüb-əylənirdilər. Özü də bizdəki kimi, çığır-bağır salıb başqalarının kefini pozmadan. Rey bəyin dediyinə görə, bir azdan xorla oxuma başlayacaqdı – keçmişin dərinliklərindən qopub gələn, yüz illərin, bəlkə də, min illərin gürcü duyğusunu, gürcü düşüncəsini, gürcü diləyini özündə yaşadan GÜRCÜ XORU!
Burasını ayrıca vurğulamaq gərəkir: ötən yüzilin 70-ci illərində bir ara Tiflisdə olmuşam. O çağlar gürcülər istər kafelərdəki, restoranlardakı, istərsə də küçə-bayırdakı kobud davranış baxımdan bizdən qat-qat ötə getmişdilər. Bircə Saakaşvilinin gətirdiyi demokratik gəlişmə gürcülərdə estetik davranış normaları formalaşdırmağa başlayıb. Adam indi özünü Tiflisdə Avropadakı kimi sezməyə başlayır. Rus jurnalist Saakaşvilidən Gürcüstanı indiki yola necə çıxardığını soruşanda dostumuz Mişa ayıtmışdı: “Özüm rüşvət almadım”. Bu, başçı-lider örnəyi deməkdir: başçı-lider demokratiya-qanunçuluq örnəyinə çevriləndə bütöv bir ölkəni yeni, çağdaş gəlişmə yoluna yönəldə bilir. Ancaq başçı-lider özü rüşvət-korrupsiya kimi neqativ görsənilərin başında duranda onun yalnız bu deyil, bütün neqativlərlə apardığı “mübarizə” illərlə çəkir, elə illərlə də yalançı xarakter daşıyır…
Gürcüstan bu gün Azərbaycan oliqarxiyası üçün başlıca biznes-tikinti ölkələrindən birinə çevrilib. Onlar uşaqları ilə birllikdə dünyanın bahalı ölkələrində gəzib-dolanmağa, kef çəkməyə üstünlük versələr də, asan biznes ölkəsi olaraq Gürcüstana üstünlük verirlər. Azərbaycanın orta məmur qatına, bu qatı oluşduranların uşaqlarına gəlincə, onların başlıca kev çəkmə, əyləncə yeri Gürcüstandır: onlar Azərbaycan xalqından, dövlət büdcəsindən əldə etdikləri oğurluq pullarla Gürcüstanda gen-bol kef çəkə, əylənə bilirlər. Tiflisdən Batumadək Gürcüstandakı bütün restoranlar, kazinolar, striptiz klublar il boyu onlara geniş qucaq açır, böyük istəklə “gəl-gəl” deyir. Gürcüstan üçün onlar “qudurğan məmurlar”, “qudurğan məmur uşaqları” deyil, dövlət büdcəsinə sanballı ”pay” verən çoxlu pul qaynaqlarıdır.
Yeniyetməlik çağlarımda oxuduğum bir kitabdan yadımda qalan Şeytanbazar. Bir çağlar daha çox azərbaycanlıların yaşadığı bu yörələr indi Meydan adlanır. Deyilənə görə, indi burada çox az azərbaycanlı qalıb. Meydan da qabaqkı meydan deyil; yeni-yeni ortaya çıxan tikililər onu getdikcə daraldıb balaca bir meydançaya çevirib, ancaq buralar elə yenə də Meydan adlanır. Yaxınlıqda bizə doğma görünəcək bir hotel də var – “Meydan” hoteli.
Axşam üstü Meydanın baş ucundakı kafenin qarşısında dayanıb dostları gözləyirdim. Məndən bir az aralıda, sol yanda, Azərbaycandan gəldikləri görünən gənclər yığışırdı. Məmur uşaqları olduqları harın baxışlarından, saymazyana davranışlarından bilinirdi. Onların bu çağ bura nə üçün yığışdıqlarını az aralıda, iki küçənin kəsişməsindəki binanın qapısı üzərində parıldayan yazıdan bilmək olardı: “Striptiz klub”.
Ayrıca Azərbaycan görəcəkləri
Noyabrda Tiflis qatarına bileti 33 manata almışdım, qayıdanbaş (Tiflisdən) 4 manat ucuzuna aldım. Gedəndə də, qayıdanda da vaqonları boş gördüm. Niyəsini bələdçilərdən soruşanda “Bilet baha olduğuna görə”, dedilər. Tiflisə gedib-gələn bütün qatarlar Azərbaycanındır. Bü uzdən də qiymət siyasətinə Bakı baxır. Qiymət baha, vaqonlar boş, qatarlarsa gedib-gəlməkdə. Bu bilməcəyə aydınlıq gətirmək üçün vağzal rəisiylə görüşüb danışmaq istədim . Bizdə indilər geniş yayılmış görsəniş: rəis yerində yox idi. Bu üzdən onun yardımçısı ilə danışmalı oldum. Otaqda ondan başqa qadınlı-kişili beş-altı vağzal işçisi vardı. Mənim dönə-dönə “siz” dediyim bu adam mənə dönə-dönə “sən” deyir, konkret suala konkret cavab verməyi bacarmırdı. Rəis yardımçısı bizdə biletin baha olması faktına belə aydınlıq gətirdi: “Bayram qabağı biletləri baha satırıq”. Ona bileti bayram qabağı almadığımı bildirincə, sözünü dəyişib belə dedi: “Biletə qiyməti biz qoymuruq, Tarif şurası qoyur”. Mənim: “Tarif şurası sizin verdiyiniz bilgilərə, eləcə də sosial duruma uyğun qiymət siyasəti yürütməlidir”, deməyim yardımçını çaşbaş qoydu. Onun köməyinə gənc dəmiryolçu çatdı: “Bilirsiz, qiymət işinə biz baxmırıq, prezident baxı” Mən: “Prezident baxırsa, daha pis, dedim, demək, prezident özü xalqı düşünmür”. Nə oldusa, oğlan bükülərək otaqdan çıxdı. Yaşlı qadınlardan biri onun ardınca getdi. Bir azdan otağa qabarmış aslan sayağı qayıdan gənc dəmiryolçu səsini qaldıraraq bildirdi: “Bilirsiz nə var: mən prezidentimi sevirəm, prezidentim ayda mənə 200 manat maaş verir” Görünür, ona “siyasi yanlışa” yol verdiyi anlatılmışdı.
Sözü gedən bilet söhbətindən də rejimin antixalq xarakteri ortaya çıxır: xalqın sosial durumunu sosiumla işləyən qurumun (burada Dəmiryolu idarəsi) dəyərləndirməsini saya salan yoxdur; yuxarıdan göstəriş verilir, Tarif şurası göstərişə uyğun qiymət siyasəti yürüdür.
Dekabrın 21-dəki devalvasiyadan sonra dəmiryolunda qiymətlər daha da bahalaşdırıldığından avtobusla gedib-gəlmək gərəyi yarandı. Dekabrın sonlarında mən gömrükdən keçib gələndə bizim gömrük Gürcüstan gömrüyü kimi qanunçuluq axarında işləyirdi. Onda devalvasiya yenicə baş vermiş, xalq yenicə zərbə almışdı; buna görə də İ.Əliyevin “Gömrükdə soyğunçuluğa son qoyulsun!” göstərişi yetərincə yerinə yetirilirdi. Bir ay sonra, yanvarın sonunda, mən gömrükdən keçəndə yenə əski görsənişlər idi: kəskin devalvasiyanın acıqlandırıb qızışdırdığı xalqı beş-on günlük qanunçuluqla aldadıb soyutmuş, beləliklə, arxayınlaşmışdılar…
Burada bir acınacaqlı görsənişi ayrıca vurğulamaq gərəkir: hər yol Tiflisdən qayıdıb bizim gömrüyü keçəndə elə bil çağ dəyişir, birdən-birə qayıdıb ötən yüzilin 70-80-ci illərinə düşürsən. Düşürsən, özü də, demək olar, bütünlüklə. O çağlar olduğu kimi, yenə də yoxsulluq içində olan yazıq azərbaycanlılar Gürcüstandan dolanırlar: ət, yağ, soğan, kartof, daha nələr, nələr… Ağır yük altında beli bükülmüş, çağından çox-çox tez qocalmış azərbaycanlı kişilər, qadınlar, onlarla birgə ağır yük altında sürünən azərbaycanlı gənclər, qızlar. Mən gürcü gömrükçülərinin onlara, – o belədən-belə sürünən yoxsul-yiyəsiz, konslagerdən çıxanlara bənzəyən azərbaycanlı axınına, – uzaqdan-uzağa necə göz qoyduqlarına baxırdım. Görəsən, onlar dünyanın ən varlı “dövlət adamlarının” – bir ovuc oğrunun! – ağalığı altında yiyəsiz yığına, yetim-yesirə çevrilmiş bu kütləyə acıyırdılarmı? Bilmirəm, bilmək də istəmirəm. Bildiyim bu idi: yazıqdan-yazıq günə salınmış bu adamları Gürcüstan gömrüyündəki qanunçu davranış yerinə… Azərbaycan gömrüyündə soyğunçu davranış gözləyirdi!
Bakıya qayıdandan sonra günün ayrı-ayrı çağlarında Yasamaldakı kafelərə, restoranlara baş çəkdim. Hamısında boşluq idi. Axşam üstü pivə içmək adıyla bir kafedə oturdum. O boyda kafedə məndən başqa vur-tut üç adam vardı. Kafeni işlədən adamdan niyə belə olduğunu soruşdum. Özünü yerə vurmamaq üçün: “Bu gün belədir”, dedi. Ona yaxında yaşadığımı, buralardan çox keçib getdiyimi deyincə, qardaşın dərdi açıldı: “Adamlarda pul yoxdu, bizdəsə bahalıqdı, boşluq buna görədir”. Ona: “Ucuzluq yaradın, adamlar gəlsin”, deyirəm. “Ucuzluq yaradarıq, deyir, bizi soymasalar” Bilə-bilə soruşuram: “Sizi kim soyur?” Bir-bir barmağını qatlayır: “Polis, fövqəladə, sanepstansiya, vergi, birisi də yeni çıxıb”. “O nədir?” – soruşuram. “Ağsaqqallar şurası”, deyir. “Bunu bilmirdim”, deyirəm. “Hə, deyir, bu da yeni hoqqa, yeni soyğunçuluqdu”. Yuxarıda demişdim, bir daha demək gərəkir: bizdə soyğunçuluq dövlət siyasətidir. Tiflisdə günlərlə gəzirsən, bir polislə qarşılaşmırsan, bizdə addımbaşı polislə qarşılaşırsan – ölkə bütün polisdir. Ölkədə sosial, siyasi, ekonomik durum dərinləşib kəskinləşdikcə… polisin sayı artırılır. Bir yandan elə hey polisin sayı artırılır, o biri yandan ardıcıl olaraq polisə verilən aylıq (maaş) artırılır. Polisin sayı, aylığı artdıqca xalqın soyulması da artır. Beləcə, bir yandan dövlət büdcəsi boşaldılır, o biri yandan kriminallaşma genişlənir. Azərbaycan bu gün bütünlüklə hərbi-polis rejimi altındadır.
Hərbi-polis rejiminin gücünə yoxsulluq, yolsuzluq axarında əzib diz çökdürdükləri xalqdan arxayın olduqları üçün Rövnəq Abdullayev azacıq da olsa çəkinmədən bütün dünyada ucuzlaşan yanacağın Azərbaycanda ucuzlaşmayacağını bildirir. Özlərinə gəlir gətirən hər şeyin qiymətini qat-qat, ayrıca olaraq dərmanın qiymətini 300 (üç yüz!) faiz qaldırırkən yanacağı yoxsul günə qoyduqları xalqa Amerikadakından, Avropadakından baha qiymətə satırlar.
Yolunu tapsaydılar, indiki rejimdə ən ucuz yanacaq Azərbaycan xalqının qanı olardı. Deyəsən, yolu çoxdan tapılıb…
P.S. Turan İA-nın əməkdaşı Şahin Hacıyevə 7 aylıq çalışma sonucunda əldə etdiyi yardıma, eləcə də üzüqara dövlətimin yerinə mənə yardımı etmiş “Sınırsız reportyorlar” qurumuna (Fransa) sayğılarımı sunuram.