TÜRK ULUSUNUN ADINI QAYTARIN!
Bu günlərdə, axşam saat doqquzda «AzTVlər»də könüloxşayan bir musiqi axtarırdım. Birdən Xəlil Rza Ulutürkün bir qoşusunun altında TÜRKan köyünün adının yazılması ilə bağlı, oçağadək adını eşitdiyim, ancaq tanımadığım Əhməde Həpo adlı aydının senzorçu bir xanımı «başa salması»ndan danışılırdı. Olayı önəmsəyib baxmağa başladım.
Söhrab Tahirin, Rafael Hüseynovun, Oqtay Rzanın sözlərinə inansaq, Rus-erməni-sovet-mason bolşefaşizmi illərində «senzor» işləmiş Əhməde Həpo insanlara bacardığı yaxşılığı edən dəyərli bir yurddaşdır. Kürdcə ədəbi əsərlər yazan Əhməde Həpo bu dilə Türk dilindən əsərlər çevirmiş, 1990-cı illərdə «Ronayi Kürd Kültür Ortaqlığı»nı yaratmışdır.
2014-cü ildə çəkilən bəlgəsəl baxanda yaxşı duyğular oyadacaq biçimdə idi, onu uğurlu veriliş saymaq olardı.
Bəlgəsəldə Əhməde Həponun azərbaycanlı, bir də kürd olduğu deyildi. Çox yaxşı, belə düzgündür, belə olmalı, belə də işlədilməlidir! Öncə Rusiya İmperatorluğunun strateqləri, sonra da Rus-erməni-sovet-mason bolşefaşistləri İmperiyadakı ulusların etnik kimliyi, kültürü, tarixilə bağlı çox şeyi dolaşdırmışlar, bu dolaşıqdan indi də çıxammırıq!
Alimlər, aydınlar bütün dünyada ulusal düşüncənin XIX yüzilin ikinci yarısından gücləndiyini, XX yüzilinsə «uluslaşma çağı» olduğunu bilirlər. İslam dininin yayılması, eləcə də başqa nədənlərdən Orta çağın islam ümmətçiliyində qalmış Azərbaycan türklərinin də müsəlmanlıqdan türklüyə daha çox bu arada keçməyə başladığı bilinir. Ancaq Rus-erməni-sovet-mason bolşefaşistləri 1920-ci il aprelin 27-də Azərbaycan Cümhuriyyətini devirəndən sonra Azərbaycan türklərinin ulusal düşüncəsini, bilincini çeşidli yollarla daha 70 il dolaşdırdılar, Azərbaycanın böyük dövlətçilik tarixi, dünya düzəyində kültürü olan Türk ulusuna kim nə istədi o adı qoydu, qarşı çıxan tutuldu, Sibirə sürüldü, öldürüldü.
Özünü, kökünü, soyunu, ulusal kimliyini bilməyən, yad düşüncələrə uymuş «yarımrus oynağanlar» son çağlarda yenidən bir AZƏRİ milləti yaradır, ağızdolusu «Azəriyəm mən» mahnısı bağırırlar.
SSRİ-də 1985-ci il aprelin 23-dən başlayan yenidənqurma, aşkarlıq, demokratikləşmə olayları öncə insanların ulusal duşuncəsini, bilincini oyatdı. Uzun ideoloji çarpışmalardan sonra Azərbaycan Respublikasının Milli Məclisi 1992-ci il dekabrın 22-də Azərbaycan Respublikasının dövlət dilinin adını dəyişərək, «Azərbaycan Respublikasında dövlət dili haqqında Azərbaycan Respublikası qanunu»nun birinci düzüyündə «Azərbaycan Respublikasının dövlət dili Türk dilidir» yazdı. Bu, Azərbaycan Cümhuriyyətinin 27 iyun 1918-ci il tarixli 10 №-li Qərarı, eləcə də Sovet dönəmində Nəriman Nərimanovun dövlət dili haqqında Buyuruğunda dövlət dilinin adının Türk dili olması ilə tutalqalanırdı: Azərbaycan Cümhuriyəti yenidən qurulursa, dövlət dili də onun dili kimi adlanmalıdır!
Azərbaycan SSR-in 1921, 1926, 1931-ci illərdəki anayasalarında da dövlət dilinin adı Türk dili olub. Nəriman Nərimanov «Bir sıra yoldaşlara cavab»ında deyirdı: «Türk dilinin Azərbaycanın dövlət dili olması bildirilib. O bu dilin hüququndan, üstünlüklərindən bütünlüklə yararlanmalıdır! Heç kəs onu aradan götürəmməz, bunu bacarmaz! Azərbaycan bildiyimiz politik, ekonomik nədənlərdən özünün topraqlarından, doğal varından keçər, ancaq doğma dilindən keçəmməz, o heç kimin bu dili gözdən salmasına yol verməz! Qoy Azərbaycanda çeşidli yollarla Türk dilinə qarşı çıxanların hamısı bunu yaxşı-yaxşı bilsin!» («Bakinski raboçi» qəzeti, 15 iyun 1922-ci il, № 130).
Bu anlamda 1993-cü il iyunun 15-dən Azərbaycanda ağalıq edən güclərin 1995-ci ildə Rus-erməni-sovet-mason bolşefaşizmi dönəmində yetişmiş bir sıra «xalq yazıçısı», «xalq şairi»nin dəstəyilə Azərbaycan Respublikasının dövlət dilinin adını yenidən dəyişib Azərbaycan dili etməsi Azərbaycan türklərinin özünüanlama, özünütanıma, özünütanıtma, özünüdoğrulama düşüncəsini dağıdan bağışlanmaz yanlışlıq, dönüklük, satqınlıqdır!
Bundan dolayı indi Azərbaycan Respublikasında çox gərgin mənəvi durum yaranmışdır. Ölkənin azərbaycanlı adlanan bütün yurddaşları – Talışlar, Ləzgilər, Avarlar, Saxurlar, Kürdlər, Buduqlar, eləcə də başqaları iki adın da üstünlüyündən yararlanır, gerçəkdə isə mən ləzgiyəm, buduğam, saxuram, talışam, tatam deyirlər, təkcə Türklər ulusal kimliklərini Türk yazdırammazlar! Bu, uluslararası hüquqa da tərs, anlaşılmaz, bağışlanmaz durumdur! Əhməde Həpo azərbaycanlıdır – Əhməde Həpo kürddür. Çox yaxşı, çox düzgün! Yadigar Türkel azərbaycanlıdır – Yadigar Türkel Türkdür!
– Yox! Olmaz!
– Niyə olmaz?
– Belə uyğulanıb…
Azərbaycan Respublikasından yayılan bu yanlış politikadan Güney Azərbaycandakı Türklər də özlərinə Türk yox, Azərbaycanlı deməyə başlayıblar. Bundan yararlanan yağılar keçənlərdə Quzey Azərbaycan türklərinin dalınca dedikləri «XIX yüzildə Azərbaycan xalqı olmayıb» sözlərini «XX yüzildə Güney Azərbaycanda Türk ulusu olmayıb»a çevirib bütün dünyaya bağıracaqlar. Biz də sonra bu yalanları düzəltməklə uğraşacaq, düzəldə də bilməyəcəyik!
Azərbaycan Respublikasının bütün YURDDAŞLARI başqa ölkələrdə olduğu kimi öncə Azərbaycanlı yazılmalı, sonra Türk, Rus, Yəhudi, Erməni, Gürcü, Tatar, Talış, Kürd, Avar, Saxur, Buduq… olmaları göstərilməlidir.
HEÇ KİMİN ULUSUNUN, ELİNİN ADINI GİZLƏTMƏK, DOLAŞDIRMAQ OLMAZ!
Ulusal ideoloq Məhəmməd Əmin Rəsulzadə Azərbaycanın yadlara uymuş Türk seçkininin öncə islam dinilə gətirilən Ərəb dilini, sonra da Fars dilini Türk ulusunun başına bəla edib ulusal düşüncəsini, bilincini dolaşdırdmağına ulusun «öz kültürü»nü gəlişdirməklə necə qarşı çıxdığını bizə çatdırmışdır: «Hə, dizi üstündən enməyən Füzulisi, Koroğlu ilə bağ¬¬rıyanıq Kə¬rə¬mə ağlayan aşıqları, bu aşıqların ürəkdağ¬la¬yan sazları ilə çobanların könül oxşayan tür¬küləri, çocuqların se¬və-sevə oxuduqları maniləri, anaların yavrularını uyu¬dur¬kən ça¬ğır¬dıqları ninniləri seçkinlərinin düşüncəsilə özünü İran¬lı bi¬lən bu ulusun çox böyük bir çöküşdə olduğunu gös¬tə¬ri¬r: – Yox, deyil, sən Türksən! – deyirdi».
Bu gün demokratik dövlətimiz, yağı basacaq ordumuz, ekonomik gücümüz var, dünyada az-çox tanınırıq. Türk ulusu «böyük çöküşdə» deyildir. Ancaq dövlət yönətimində buraxılan yanlışlardan ölkədə demokratiyanın dərinləşməsi yerinə, gün-gündən avtoritarlaşma, insan hüquqlarının tapdanması, Orta çağ ağalığı qol-qanad açır. Yetkililər nə bir bilgin, nə bir aydın sözünü eşidir, ulus qarşısında sorumsuzluğu, yolsuzluğu-korrupsiyanı gün-gündən kəskinləşdirirlər.
Toplumun dilənçi gününə qoyulmuş bilimçiləri, aydınları isə çox gücsüz, susqundurlar. Onların ölgünlüyündən ölkədəki demokratiya, «ədalət ölkəsi» savaşı qalıb 5-10 dönməz, aydının, jurnalistin, yeniyetmənin boynunda… Onları da ayrı-ayrı yalan suçlamalarla tutub basırlar türməyə. Politologiyada, demokratik quruluşda DÖRDÜNCÜ AĞALIQ sayılan, düzgün söz yazan jurnalisti tutmaq yoxdur!
Azərbaycan bilimçilərini, aydınlarını Azərbaycan Respublikasında demokratiyanı dərinləşdirməyə, insan hüquqlarını qorumağa, Azərbaycan türklərinin ulusal kimlik savaşına qatqılarını artırmağa çağırıram.
Ulusal ideoloq Məhəmməd Əmin Rəsulzadə deyirdi: «Rusiya əlindəki müsəlmanlara Türk dedirtmək qazanılmış bir davadır. Yalnız Türk sözü yox, Azərbaycan adı da qazanılmışdır!». Buna görə də Azərbaycan Respublikasının dövlət dilinin adı Türk dili edilməli, istənilən yurddaş, etnik dəstə öz adını açıqca deməli, demokratik, uyqar Respublikanın özgür yurddaşıtək toxunulmaz yaşamalıdır!
Üzümü Azərbaycan Parlamentinin ulus elçilərinə, daha çox da Sabir Rustəmxanlıya tutub deyirəm: Siz ancaq ulus qarşısında sorumlusunuz! Buna görə də gerçək ULUS ELÇİSİtək düşünün, Parlamentdə Azərbaycan türklərinin etnik TÜRK adını qaytarılması sorununu qaldırın, bu «Tarixi yanlış»ın düzəldilməsinə çalışın!
Yadigar Türkel
fəlsəfə üzrə elmləri doktoru