Türkiyəmizi qarışdırırlar, bu qarışdırma sonucda Azərbaycanın qarışdırılması deməkdir.
Türkiyəmizi terror saldırısına uğradırlar, sonucda bu, Azərbaycanın terror saldırısına uğradılması deməkdir. Bu baxımdan da Türkiyənin ağrısı ağrımız, acısı acımızdır.
Çox deyirlər: terrorçunun milliyəti olmur. Doğrudanmı belədir? Məncə, bu əskiləşmiş tezisə düzəliş etməyin çağı çoxdan çatıb. Bu gün Türkiyə başda olmaqla Orta Doğunu bürüyən terrorun arxasında hansı dövlətlərin dayandığı, dünyaya bəlli terror qurumlarını hansı dövlətlərin bəslədiyi çoxdan bəlli ikən “terrorçunun milliyəti olmur” nə deməkdir? Belə deyənləri, bu sayaq düşünənləri doğru saymaq olardı, ancaq… elədirsə, ortadakı gerçəklik, göz deşən gerçəklər necə olsun?!
Türkiyə elə-belə, özbaşına qarışdırılmır; bir sıra düşmən dövlətlərin antiTürk planlarına uyğun olaraq qarışdırılır! Türkiyənin bir belə qarışdırmalara uğramasında düşmən dövlətlərin antiTürk politikaları ilə yanaşı, R.T. Ərdoğan başçılığında uzun illərdən bəri (2002-ci ildən) yürüdülən bir çox yanlış iç-dış politikalar da önəmli rol oynayır. Ərdoğan başlanğıcdan Atatatürkçülükdən-türkçülükdən uzaqlaşma politikası yürütməyə yükləndi. Bu elə başlanğıcdan da istər Türklük dəyərləri, istərsə də Batı dəyərləri baxımından Türkiyəni təklənməyə, uğursuzluğa sürükləmə politikası idi. (Bu yöndə illərlə yazılar yazmışam).
Ərdoğan Türkiyəni Türklük dəyərlərindən, Batı dəyərlərindən uzaqlaşdıraraq radikal-fanatik islamçılığa yönəltdi. Batı dəyərləri bəllidir: demokratiya. Bəs Türkliük dəyərləri nədir? Qısaca desək, bu da demokratiyadır, ulusal dəyərlərə bağlı demokratik dəyərlərdir. İnanmayanlara böyük Atatürkdən bir alıntı: “Bizim millətimiz özəlliklə demokratikdir”. Özəlliklə demokratik olan, bu baxımdan çağdaşlığa yönəlik bir milləti Ərdoğan islamlaşma adı altında ərəbləşməyə yönəltdi. Beləliklə, Türkiyə yalnız Türklükdən deyil, eləcə də demokratik gəlişmə yolundan döndərildi. Bu ərəbləşmə yolu isə Türkiyəni, bir daha demək, vurğulamaq gərəkir: Batıdan da uzaqlaşdırdı, Türk dünyasından da. Sonucda Türkiyənin istər bölgədə, istərsə də dünyada ən yaxın yoldaşı Səudiyyə Ərəbistanı oldu. Başqa cür desək, sonucda Türkiyə 21-ci yüzildə qara çadraya bürünmüş Səudiyyə Ərəbistanına yoldaş oldu. Bu isə İran İslam Respublikasının tutduğu yola bənzər bir yoldur. Baxın: özünü “İran İslam Respublikası” adlandıran dövlət çoxsaylı müsəlman qonşularının hamısıyla kəskin konfliktə girməklə yalnız bir qonşusuyla- xristian “Ermənistan”la çoxyönlü, eləcə də sıx yaxınlıqda-arxadaşlıqda bulunur. İran İslam Respublikasının bugünlərdə Gürcüstana qazı Azərbaycandan deyil, “Ermənistan”dan keçirməklə satması faktı da bu fars-“İslam” dövlətinin Türkə-Türklüyə yağı politikalarının daha bir görsənişi olaraq dəyərləndirilməlidir.
Bəlli olduğu kimi, İran Türk ölkəsidir. İndiki antiTürk politikalar bu ölkədə 1925-ci ildən ingilislərin əlilə dövlət politikası düzəyinə yüksəldilib. Bir çağlar ata-oğul Pəhləvilərin İranda yürütdükləri politikalar orada indi islam-şiəlik pərdəsi altında ardıcıllıqla yürüdülməklə ana dilində oxumaq, eyitim almaq hüquqları əlindən alınmış Türklər biliksizlik qaranlığı içində asimilə olunur. Ərdoğan hökuməti başda olmaqla illərlə Türkiyə hökumətləri Türklərin İranda əridilib farslaşdırılması faktına göz yumub. Beləliklə, Türkiyə bölgədə ona bütünlüklə yağı olan bir dövlət qazanıb. “İran İslam Respublikası” adlanan bu dövlət böyük doğal resurslarından da yararlanmaqla yaxın-uzaq çevrədəki bir sıra Türkiyə-Türk yağılarının başlıca arxa-dayaqlarından birinə çevrilərək Türkiyəyə böyük sorunlar yaradır. İstər Ərdoğandan qabakı hökumətlər, istərsə də Ərdoğan hökuməti İran Türklərinə, İraq, Suriya Türklərinə yönəlik düzgün, aktiv politika yürütsəydilər, sözsüz, Türkiyə indiki kimi çevrəsindən təklənmiş durumla üzləşməzdi. Türkiyənin yaxın-uzaq çevrəsində İran illərlə antiTürkiyə politikaları yürüdürkən buna göz yumulub. Çağında önləmə işləri görülsəydi, Moskva bu gün Türkiyəni belə inamla qorxutmada buluna bilməzdi: “Türkiyə Suriyaya girərsə, qarşısında Rusiya ilə İranı görəcək”. Tək Rusiya ilə İranımı? Yox! Bu iki dövlət uzun illər istər erməni terroruna, istərsə də kürd terroruna açıq-açığına birgə arxa durmaqla, birgə sponsorluq etməklə Türkiyəni terror gücləriylə çevrələyib! PYD-YPG-PKK: bunlar bir yandan İrana, o biri yandan Rusiyaya bağlı terror qurumlarıdır. Uzun illərdən bəri PKK-nın başlıca arxa-dayaqlarından biri olaraq tanınan Rusiya birincinin uzantısı olan YPG-yə bügünlərdə Moskvada isti qucaq açdı. Bütün bunların üstündən Rusiya prezidenti Putin Suriyada, eləcə də bir sıra başqa yerlərdə terrorla çarpışma apardığını bildirir. O, bəlli maşalarını əlindən buraxmadan terror saldırısı ilə bağlı üzləşdiyi itkilərə görə Türkiyəyə başsağlığı verir…
Rusiya Dumasında qondarma erməni “soyqırımı” çoxdan tanınıb, illərlə bu yöndə Rusiya mass-mediasında durmadan antiTürkyiə, antiTürk kampaniya aparılır. Bu tanıma aktına da, kampaniyalara da Türkiyə dövləti illərlə səssiz qalır, Böyük Millət Məclisində hər il Xocalı soyqırımını tanıma istəkləri baş qaldırır, sonra da bu istəklər eləcə istək olaraq keçmişə keçir…
Rusiya hökuməti ayrı-ayrı terror qurumlarına arxa duran bir sıra başqa hökumətlər kimi Türkiyədə törədilən terroru qınadığını bildirir. Bütün bunlar siyasi ikiüzlülüklərdir. Xocalı soyqırımını ermənilər təkbaşına törətməyiblər, Qarabağı təkbaşına ələ keçirməyiblər – hər ikisində Rusiyanın yaxından yardımına arxalanıblar. Rusiyanın (Putinin) “Yedinaya Rossiya” partiyası terrorbaşı-prezident Sərkisyanın partiyası ilə, başında S.Mironovun durduğu “Spravedlivaya Rossiya” partiyası əski terror partiyası olaraq tanınan “Daşnaksütyun” partiyası ilə strateji bağlaşma bağlayıb. Bir çox terror aktları ilə tanınan, ayrıca olaraq 40-dək Türkiyə diplomatını öldürdüyü bilinən erməni terror qurumu ASALAnı bir çox dövlətlər kimi Rusiya da terror qurumu olaraq tanımaq istəmir; Türklərə qarşı yaradılan terror qurumlarına dünyanın bir çox dövlətləri özlərinin gizli orduları kimi baxırlar – Türkiyəni-Türklüyü altdan-altan yenməyə yüklənmiş bir ordu! Elə bu üzdən də, Almaniyada Tələt Paşanı öldürmək üstündə tutulmuş erməni terrorçu Tehliryandan tutmuş, Öcalanadək bir çox böyük dövlətlər faktiki olaraq terrora, terrorçulara arxa durmaqla Türkiyənin əl-qolunu bağlayıblar. Burada göstərilən, eləcə də göstərilməyən çoxlu sayda oxşar faktlar Türkiyə üçün, Türklük üçün tutacağı, gedəcəyi yolu çoxdan göstərməli idi. Bu yol durmadan çalışmalarla, bir çox önləmə işləri görməklə Türklüyü, Türklük düşüncəsini yüksəltmə yoludur.
Burada çox gərəkən, yerinə düşən iki fakt. Türk-islam düşməni olaraq tanınan “Daşnaksütyun” partiyasının 1913-cü ildə Cenevrədə qurultayı keçirilmişdi. Qurultayın 17 qərarından ikisi – 1-ci qərarla 2-ci qərarı bir çox baxımlardan bugün də aktuallığını saxlamaqdadır. 1-ci qərar beləydi: “İttihad “ partiyası ilə birlikdə olmalı”. Bəlli olduğu kimi, “İttihad islamçı partiya idi. 2-ci qərar qısaca olaraq beləydi: “”Qafqazda islamı yaymalı”. Soruşulur: Qafqazda İslamı yaymaq ermənilərin nəyinə gərək idi? Bu sualın cavabını, ən yaxşısı, 20-ci yüzilin ünlü politiklərindən olmuş U.Çörçildən oxumaqdı: “Türkləri savaşla, əsgərlə, yaraqla heç çür yenə bilməzsiz. Türklərin din adamlarını ələ alıb, onlardan yararlanın. Din adamları dövləti yıxarlar”. Bu ingilis-erməni proqramı bu gün yalnız Türkiyədə deyil, bütün Türk dünyasında böyük uğurla gerçəkləşdirilməkdədir – Türkləri Türklükdən, Türklük dəyərlərindən uzalqşdırıb din yoluna yönəltməklə: din yoluyla ərəbləşdirmək, farslaşdırmaqla!
Deyirlər: dış politikalar iç politikaların uzantılarıdır. İç politikalarında Atatürkçülükdən-Türkçülükdən uzaqlaşdırma yolu tutan Ərdoğan dış politikalarında da içdəkiləri yansıdan yol tutdu – Türkiyə, yuxarıda deyildiyi kimi, ərəbləşməyə yönəldi. ərəbləşmə Türkiyə-Batı, eləcə də Türkiyə-İsrail ilişkilərində bir sıra çatlar yaranmasına gətirib çıxardı. Bu çatvermələrdən itirən Türkiyə, qazanan Türkiyə-Türk yağıları oldu. Türkiyə üzərinə bugünkü Rusiya-İran ayaqlanmaları daha çox o çatvermələrdən qaynaqlanır: onlar gördüklərindən çıxış edərək Türkiyəni təklənmiş sanırlar! Bu gün Səudiyyə Ərəbistanı ilə Qətərin Türkiyə ilə birgəlik sərgiləmələrinə gəlincə, burası çox da güvənli deyil; sözügedən hər iki dövlət ABŞ-ın buyruğu altındadır – göstəriş necə olsa, elə də olasıdır. ABŞ isə, bəlli olduğu kimi, oynadığı oyunlarda Rusiyadan çox da seçilmir: o bir yandan Türkiyə ilə strateji birgəliyindən danışır, o biri yandan Türkiyəni dağıtmaq planlarına baş vuran bir sıra terror qurumlarına yardımlarda bulunur – belə strateji birgəlik olmur. Bilindiyi kimi, ABŞ da bəlli terror aktı ilə bağlı Türkiyəyə başsağlığı verənlərdəndir…
Ərdoğanın demokratiya ölçüləri ikili xarakter daşıyır: Suriyadakı Əsəd rejiminə yönələndə o, diktatura ilə barışmaz kimsəyə, Azərbaycana yönələndə diktatura yanlısına çevrilir. Bu sayaq ikili demokratiya ölçüsü Ərdoğanı istər-istəməz içdə də, dışda da uğursuzluqla üzləşdirir. Onun belə ikili standart politikalartından itirən Türkiyə olur. İstər içdə, istər dışda belə ikili standart politikaları üzündən Türkiyə içdə də, dışda da demokratiya ilə diktatura arasında qalır. Bu isə hər hansı dövlət üçün çox da normal sayılacaq durum deyil!
HDP başqanı S.Dəmirdaş terroru lənətlədiyini bildirir, ancaq terrora qarşı çıxan yazılı bildirini qollamaqdan boyun qaçırır. Bakıda cümə namazına yığılanlar bir ağızdan terroru lənətlədiklərini bildirirlər, ancaq Qarabağdan Suriyayadək terrora açıq-açığına dayaq duran, ona yardımlarda bulunan bəlli dövləti yüngülcə qınamaqdan belə yayınırlar. O dövlət Türkiyə olsaydı, onların çığır-bağırı dünyanı başına alardı, ancaq o dövlət Türkiyə deyil, bölgədə Türkiyənin özünə də bir çox sorunlar yaradan başqasıdır. Türkiyə Xocalı soyqırımını törədən, Qarabağı əlimizdən alan, “Ermənistan”dan Qarabağadək bir çox məscidləri dağıtmış erməniliklə azacıq birgəlikdə bulunmuş olsaydı, özünü islamçı-dindar adlandıranlar indi Azərbaycanın hər yerində, başlıcası da, məscidlərdə durmadan Türkiyəyə lənət oxuyardılar. Ancaq onlar o başdan bu başa Azərbaycanla birgəlikdə olan, Azərbaycana hər cür yardımda bulunan Türkiyəni, nəyə görəsə, sevmir, bütünlüklə erməniyə, erməniliyə arxa duran, böyük yardımlarda bulunan qonşu dövlətə hər yerdə sonsuz sevgi sərgiləyirlər. Ermənilərin yuxarıda göstərilən qurultay qərarını – Qafqazda İslamı yaymaq planlarını, eləcə də Çörçilin dediklərini unutmayın.
Bütün bunlardan sonra nə etməli? Çox-çox yüzillər öncə tutacağımız, tutub gedəcəyimiz yolu bizə Böyük Bilgə xaqan göstərib: “Ey Türk Oğuz bəylər! Türk ulusu, eşidin! Üstdən Göy çökmədikcə, altdan Yer dəlinmədikcə, bəlli bilin: Türk ulusu, Türk yurdu, Türk eli (dövləti), Türk törəsi pozulmaz. Su kimi axıtdığın qanına, dağlar kimi yığdığın sümüklərinə dəyər ol! Ey ölümsüz Türk ulusu, özünə dön!..”
Özünə dön! Ölkəndən öncə başında yaradılan qarışıqlıqdan uzaqlaş! Səni səndən etməklə ölkəndə qarışıqlıq yaradacaq baxışları, ideologiyaları – özgə düşüncə sistemlərini özünə yaxın qoyma! Başqalarının başını deyil, öz başını başda tut!