YADİGAR TÜRKEL. YÜZ YAŞA PROFESSOR ŞİRMƏMMƏD HÜSEYNOV!

YÜZ YAŞA PROFESSOR ŞİRMƏMMƏD HÜSEYNOV!
I
Azərbaycan savaşı

Professor Şirməmməd Hüseynov Azərbaycan türklərinin XX yüzildə yetirdiyi ən böyük siyasətçisi, ulus ideoloqu Məhəmməd Əmin Rəsulzadənin «Əsərləri»nin III-IV cildlərini çap etdirmişdir. [Məhəmməd Əmin Rəsulzadə. Əsərləri III c. (1915-1916). Bakı, Elm, 2012, 596 s.; Məhəmməd Əmin Rəsulzadə. Əsərləri IV c. (1917 – aprel 1918). B., Qanun, 2013, 456 s.].
Sayğılı professorun ulusumuzun politika, ideologiya tarixini araşdırmaq, Azərbaycan Cümhuriyətini quran aydınların, ulus ideoloqlarının öncülü, ən böyük, ən dönməz azərbaycançının – Məhəmməd Əmin Rəsulzadənin yurdumuz, ulusumuz üçün etdiklərini öyrənmək baxımından, I cildini 1992-ci, ikincisini 2001-ci ildə yayımladığı bu anıtların bilimsəl, siyasi-ideoloji dəyərinin gərəkliyini ölçmək çətindir.
Ömrün ağsaqqal çağında belə böyük bir işi görmək duyğusu, istəyi ancaq Azərbaycana, yurda, ulusa böyük sevgidən doğa bilər! Prof. Şirməmməd Hüseynov bu böyük əməyilə Azərbaycan yurdsevərlərinin, işıqlılarının-aydınlarının könlündə, düşüncəsində uca taxt qurmuşdur. Ona akademik elmi adı, prezident pensiyası, dövlət ödülü verilməlidir! Sayğılı yurddaşımıza ən böyük sevgimizi bildirib uzun ömür, cansağlığı diləyir, YÜZ YAŞA professor ŞİRMƏMMƏD HÜSEYNOV! – deyirik.
Çağdaş oxucular ulusal ideoloq Məhəmməd Əmin Rəsulzadənin daha çox RUS-ERMƏNİ-SOVET-MASON güclərinin 1920-ci il aprelin 27-də Azərbaycan Cümhuriyətini devirdikdən sonra «qaçqın yaşamının dözülməz koşulları içində» yazdığı anıtlarla tanışdırlar. III-IV cilddəki yazılar isə taxma adlarından biri «Demokrat» olan, sözün bütöv anlamı ilə GERÇƏK DEMOKRAT Məhəmməd Əmin Rəsulzadənin çağın «İqbal», [Gələcək, İrəliyə doğru, Gözlənən amac] «Yeni İqbal», «Açıq söz», «Azərbaycan», «Qardaş köməyi», «Müsavat» qəzetlərində, «Qurtuluş», eləcə də 1954-cü ildə yayımlanan «Azərbaycan» jurnallarında çap etdirdiyi, mayası, içliyi Azərbaycan, türk sevgisi, özgürlük, yurddaşlıq, insan hüquqları olan toplumsal-siyasi publisistikasıdır.
Son yüz ildə Azərbaycanda kimsə, bütövlükdə Məhəmməd Əmin Rəsulzadənin siyasi publisistikası ilə tutuşdurulacaq siyasi publisistika yaratmayıb. İndiki Azərbaycan ideoloqlarından təkcə Xan Bahadır Törəlinin siyasi publisistikasını Məhəmməd Əmin Rəsulzadənin yazdıqlarına bənzətmək olur.
Məhəmməd Əmin Rəsulzadənin siyasi publisistikasının incəlikləri, özəllikləri BDU-da oxuyan jurnalistlərə ayrıca öyrədilməlidir!
III-IV cildlərdəki yazıların konusu bir curnalistin baxış çevrəsindən çıxıb bitkin politikin, ulusal ideoloqun düşünə biləcəyi toplumsal-politik çevrəyə çatır. Bu yazılarda Məhəmməd Əmin bəy qəzetçi yox, politikdir, ideoloqdur. Onun üçün Azərbaycanın, Türkiyənin, Türküstanın, Qafqazın, Rusiyanın durumu, gələcəyilə bağlı «Yaponiya məsələsi, Albaniya məsələsi, Ermənistan məsələsi, Şərq məsələsi, Balkanıstan məsələsi»tək sorunlardan «Azərbaycan sorunu»nu qoyub çözmək önəmlidir.
«Xristianlıq, isti dənizlərə çıxmaq, ruslaşdırmaq» xəstəliyinə tutulmuş Rusiya İmperiyasının qatı senzorunun gözətimində belə yüksək bilgili, bilikli, bilimli yazılar yazmaq üçün çox yetənəkli olmaqdan başqa aydın ideoloji düşüncə gərəkdir. Yeniyetmə yaşlarından «Azərbaycan davaşı»na qoşulduğundan universitet qurtarmamış bu tanrı yetənəyinin dövlətqurma işlərinin yarımçıq qalması Azərbaycanın böyük itkilərindəndir. Yazılardan senzorun kəsdiklərini də oxuya bilsəydik, Azərbaycanın bu böyük oğlunun – «Əsrimizin Siyavuşu»nun politik düşüncəsinin dərinliyini daha yaxşı görərdik. Nə etməli, bu da bizim ulusal yaşamımızdır…
«Əsərlər»in III cildində Məhəmməd Əmin bəyin «Açıq söz» qəzetinin 1916-cı ildəki 22 sayında yayımladığı «Məktəb və mədrəsə» adlı elmi-publisistik araşdırması çap olunub. Onu ancaq Məhəmməd Əmin Rəsulzadənin «İki Leyli-Məcnun. (Nizamilə Füzuli arasında bir qarşılaşdırma)» bilimsəl araşdırması ilə tutuşdurmaq olur. Azərbaycanda bugünədək kimsə bu konudan «İki Leyli Məcnun…» düzəyində bilimsəl araşdırma yazmamışdır!
Azərbaycan Respublikasının indiki Təhsil nazirinin ulusun bu önəmli qurumlarından, yaşamından belə bir yazı yaza biləcəyini düşünmürük.
Ulus ideoloqunun «Əsərlər»dəki yazıları Türk ədəbi dilini gəlişdirmək baxımından da çox önəmlidir. Məhəmməd Əminin buyönlü çoxlu yazılarında olduğu kimi, «Məktəb və mədrəsə» proqramında da məktəblərdə Türk dilinə yer verilməməsini, ya da olduqca az yer verilməsini, Türk dili öyrətmənlərinin donluğunun obirilərinkindən azlığını, onlara sayğısızlığın düzəldilməsini yazdığı, ancaq bəlli nədənlərdən özünün də qurtulamadığı yersiz Ərəb-fars deyimlərini atanda ortada kimsənin yazamayacağı arı, bıçaq kimi iti, buz kimi soyuq, anlamlı, gözəl Türk siyasi publisistika dili qalır.
Bu yöndən sayğılı Şirməmməd bəy çağdaş oxucuların düşüncəsini, biliyini gözə alıb, səhifələrin aşağısında verdiyi çətin, ağır Ərəb sözlərinin sayını çox etməli, yayqın, çoxanlamlı sözlərin daha uyğun, özü də türkcə anlamlarını yazmalı idi. Bizcə, ərəbcə, ya da farsca bir sözün anlaşılan ərəbcəsini, farscasını yazmaqdansa türkcəsini yazmaq daha düzgündür, gərəklidir. Vələd-övlad yerinə oğul-qız yazılmalı idi, farsca «dibaçə»yə ərəbcə «müqəddimə» yerinə türkcə giriş yazılsaydı, eləcə də əsbablar-səbəblər – tutalqalar, nədənlər, gərəkcələr, vəzaif-vəzifələr – görəvlər, əqrəm-rəqəmlər – saylar, vəsət-orta hesabla – ortalama, məkulat-azuqə – yemək-içmək, xəvas-əsilzadə – seçkin, seçilmiş, vəqə-hadisə – olay, kəza-həmçinin – yenə, yenə də, bazaət-sərmayə – yatırım… olsaydı daha düzgün olardı.
XX yüzildə Türk dili anlamsız, yersiz Ərəb-fars sözlərindən çox arıtlansa da, son 20 ildə yanlış oxutma politikalarından, gözətimsizlikdən bu gözəl dilin başına oyunlar açılır. AMEA-nın, BDU-nun dilçiləri, aydınlar da durub baxır?!!
«Əsərlər»də bir sıra texniki yanlışlar, hərfburaxmalar da vardır. Örnək: İbrahim bəy Heydərovun soyadı bir yerdə Əbdürrəhimov, general Zuyevinki Zubov getmişdir. Bunları, eləcə də bir sıra başqa texniki yanlışları anıtın kiçik çatışmazlığı saymaq olar. Bunun nədənini anlayırıq. Belə bir anıtı 90 yaşlı ağsaqqal tək yox, AMEA-nın bir neçə institutunun bilim, politika, ideologiya, dil bilicisi olan alimlər dəstəsi görməlidir. Azərbaycan üçün qara qəpiktək dəyəri olmayan kitablara, Monteneqro kimi bilinməz ölkələrdəki heykəllərə milyonlar dağıdan Azərbaycan Ağalığının suçundan prof. Şirməmməd Hüseynov ulusal anıtın III cildini «Ş. Hüseynova verilən təqaüddən qənaət etdiyi vəsaitlə nəşr» etmişdir.
Ayıb olsun! Yurdun var-yatırını, ora-bura dağıdanlar ulusdan utanmalıdırlar!
Anıtın IV cildini «Qanun» çap evi yayımlamışdır. Sağ olsunlar! Azərbaycana, ulusa, elə, yurda belə çox gərəkli kitablar 500 yox, 50.000 sayda basılıb paylanmalıdır.
Bu gün də içimizi qovuran, – ulus üçün pul verəndə «canı çıxır» düşüncəsi III cilddəki bir yazıda ayıblanmışdır: «Bugünkü sayımızda redaksiyamıza «Kəndli» adı ilə göndərilən kiçik bir məktub çap olunur. Məktub yiyəsi yazısıyla birgə öyrətməni, aeroplan düzəltməklə uğraşan Kazım bəy Səlimxanova verilmək üçün iyirmi manat da pul göndərmişdir. Səlimxanovun «Oxranitelni list» olmasına sevinən «Kəndli» keçəndə onun bu işə girişməyindən qəzetlərdə yazılanda da otuz manat göndərmişdi. Bu «Kəndli»dən başqa Julfada çalışan müsəlman işçilər də öz aralarından 16 manat yığıb redaksiyamıza göndərmişdilər».
Məhəmməd Əmin Rəsulzadə Kazım bəyə uğur diləyəndən sonra yazır: «Bir ulusun cavanları daha çox nə kimi yollar tutsalar, o ulusun gələcəyinə onlara baxılaraq kəsin söz deyilər. Bir bilgi, uzmanlıq, texnika çağında cavanları yüngül əxlaqlı operet taslakları, «şeir» ələsalmaları, lağ-lağıları gülgü, şakalarla uğraşırsa, öylə bir gəncliyi olan toplumun bu qorxulu, uluslar sınağında alacağı nömrə quşqusuz, «2» dən yuxarı çıxamaz!».
Azərbaycan Respublikası Ağalığının yeritdiyi yanlış Oxutma politikasından, televiziyalardakı «VUR ÇATLASIN, ÇAL OYNASIN»la, dəyərsiz öymələrlə egitilən, oxudulan yeniyetmələr sınaqlardan ucdantutma 2 alır, TQDK Azərbaycan Respublikasında oxuyanların universitetlərə keçid balını 100-ə endirməli olursa sorumlular suçludur!
Məhəmməd Əmin Rəsulzadə yazısını genəlləyib deyir: «İş verilən yardımın sayında deyil, içliyindədir. Yardım edən bir kəndlidir. Yardım edənlər işçilərdir. Milyonlar içərisində olan bütün bir şəhərdə Kazım bəyin ixtirası ilə ilgilənən tapılmadı. Bunun nə kimi gərəkli şey olduğunu isə bir kəndli anladı. Bu bilgi gecədə minləri havaya sovuran Bakı milyonerlərinin qulaqlarında boş bir söz kimi vızıldadı. …Bu epizod bizə böyük bir aləm açır, ulusumuzda dərin bir oyanışın, yüksəlişin olduğunu göstərir. Böylə bir oyanışın seçkinlərimizdə azlığı acı olsa da, kəndlilərimizlə işçilərimizdə, ulusun böyük çoxluğu olan bu iki kötükdə görünən göyərmək işartısı, «ulus ağacının» yenidən yapraqlanıb çiçəklənəcəyini sevinclə bildirməzmi? …Ulusumuz arasından tapılan bu enerji onda bilim-texnika dostları yetişdiyini göstərir. …Uyqarlıq sərgisində dəyərli bir əsəri olmayan ulus varlığını tanıtmağa çətinlik çəkəcək. Ancaq o sərgidə böyük əsərlərilə böyük bir elm, texnika, sənət köşkü yarada bilmiş bir ulusun varlığını bütün aləm yığılsa da yox edəməz!». (515-516-cı səh).
Yurdun var-yatırını ulusun strateji işlərinə yox, yolların qırağına dağıdan, kimlərəsə pay verən yetkililərimiz, oliqarxlarımız bunu anlasın. Dünən Türk ulusunun dövləti yox idi, Rus Ağalığı onu 3-cü dərəcəli ulus edib geriyə atmış, ulusal düşüncəsini dolaşdırmışdı. Yüz il sonra da bundan qurtulamadığımızın suçlusu Azərbaycan Respublikasında 20 ildir sorumsuzluq edən Ağalığıdır.
Rus-erməni-sovet-mason bolşefaşistləri Azərbaycan Cümhuriyətini yaraqla devirib yurdumuzda açıq-gizli soyqırım törətdilər. Buna görə Azərbaycan, Türk tarixinin bu ünlü, öyünməli çağından çox bilgilər yarımçıq, qaldı. Örnək: İngilislər Azərbaycanın ayulduzlu al bayrağını yasaqlayandan sonra üçrəngli bayrağı, boyalarını kim düşündü, kim dedi, eləcə də çoxlu başqa ulusal dəyərlərdən bilgilərimiz yarımçıqdır… Son 20 ildə ulusalçı alimlərimizin daha çox araşdırıb topluma yaydığı türkləşmək, islamlaşmaq, müasirləşmək çağırışının oluşumunu Məhəmməd Əmin Rəsulzadənin III cilddəki yazdığından öyrənmək buyönlü düşüncələrimizi bir az kəsinləşdirir. Ulusal ideoloq «Açıq söz» qəzetinin birilliyilə bağlı «Getdiyimiz yol» yazısında deyir: «1915-ci il oktyabrın 2-də çıxan nömrəsində «Açıq söz» tutacağı yolu göstərmək üçün üç nöqtə bəlləmişdi: Türkləşmək, islamlaşmaq, müasirləşmək».
Məhəmməd Əmin bəy müasirləşmənin-çağdaşlaşmanın elmi, fəlsəfi, siyasi-ideoloji, kültüroloji yönlərini açıqlayandan sonra bu ulusal ideyanın yaradıcısını göstərir: «Bir qolu olmağımızla öyündüyümüz Türk-tatar ulusunun tarixi yolunu izləməklə, bu dəyərləri Qafqazın Türk basınında ilk yol sayğılı Əli bəy Hüseynzadə bildirərək, Rusiya devriminin bir yaxşı işi olaraq ortaya çıxan «Həyat» qəzetilə «Füyuzat» toplusunda yazdığı yazılarında öz düşüncələrilə «türk qanlı, islam imanlı, firəng qiyafəli olalım», demişdi. Türk-tatar aləminə etkisi sözsüz olan başqa devrimlərdən sonra meydana çıxan ideoloqlarsa bu düşüncəni «türkləşmək, islamlaşmaq, müasirləşmək» kimi açıq-aydın düstur biçiminə qoydular».
Ulus ideoloqu çağırışın son biçimini kimin oluşdurduğunu kəsin göstərməsə də yazır: «Bu dəyişdirilmiş düsturun düşüncə yolu ilə bildirişindəki ün hər nə qədər «Həyat»la «Füyuzat»ın olsa da, onun Qafqaz basınındakı açıq-aydın biçimdə bildirilməsilə «Açıq söz» öyünə bilər (533-cü s.).
III cildin «Nə Qafqaz, nə də İran» yazısında Azərbaycan türklərinin yağıların dolaşdırdığı, unutdurduğu Türk adını düzgün bəlirləyəmədiyimizdən danışılır: «Acı da olsa özümüzü başqa bir soydan, qafqazlı sayıb Azərbaycanı ikiyə bölən Araz çayının güneyində yaşayan iranlılara (İran türklərinə) yuxarıdan aşağı gözlə baxmaq ruhumuzu sarmış bir xəstəlikdir. …Qafqaz türkü demək özü bir yanlışlıqdır. …Azərbaycan türkü, Azərbaycan danışığı, Azərbaycan ədəbiyatı var, ola da bilər. Ancaq Qafqaz türkcəsi, Qafqaz türkü olamaz! Bu gün nə «Xosrov Pərviz»i yazan Mirzə Abdullah iranlı, nə də Kazımoğlu qafqazlıdır. Onların ikisi də azərbaycanlıdır. Birincisinin əsəri, ikincisinin də düşüncələri nə iranca yazılmış, nə də qafqazca. İkisi də türkcə yazılmışdır» (537-ci s.).

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv