Günev Atalı. Ocağın yazılı və elektron basın orqanları

Asif Atanın Mütləqə İnam Ocağı 38-ci ildir yol gəlir. Bu Yol böyük zəhmətlərlə başa gələn əməllərlə doğrulur. Əbədi sabaha köklənmiş Ocaq əməlləri başqa-başqa biçimlərdə öz əksini tapır. Bu biçimlərdən biri Ata-Ocaq ideyalarının yayılmasını şərtləndirən basın (mətbuat) sistemidir. Ocaq ideyalarını özündə daşıyan yazılar həm Ocaqdışı basın yayınlarında (ölkənin başqa-başqa mətbuat orqanlarında), həm də Ocaqiçi (Ocağın özünün) basın yayınlarında çap olunmuşdur. Ancaq Ocaqdışı yayın orqanlarında çap olunmalar  Ocağın yaranmasından illər sonra baş tutmuşdur. Ocaq ideyaları, eləcə də Ocaq haqqındakı bilgilər qıraq basın yayınlarında çox dar, sınırlı (məhdud) çap olunduğu üçün Ocaq özü çağaşırı “Özəl Buraxılış”lar hazırlayıb yayımlamışdır. “Ata” sözünü, “peyğəmbər” sözünü, “Yeni İnam” sözünü ilk çağlar ölkə basın yayınları çap etməkdən çəkindikləri üçün “Özəl Buraxılış”larımız önəmli rol oynayırdı.

Ölkə basın yayınlarından biri, Mingəçevirdə çıxan “Energetik” qəzeti ilk dəfə bu yöndən cəsarətli addım atdı. Belə ki, Ata Evladı Bağban Atalının (indi yaşamır) Ocaq ilsırası (tarixi) ilə 11-ci ildə adı çəkilən qəzetdə çap etdirdiyi yazılar, necə deyərlər, tilsimi sındırdı. Həmin dövr üçün belə bir hünərlə Asif Atanın peyğəmbərliyi bəyan edildi. Bundan sonra başqa basın yayınlarında da ara-sıra, sonralar isə sıx-sıx, Ocaq ideyaları və Asif Atanın ruhsal kimliyi çap olunmağa başladı.

Ocağın özünün isə ilk basın yayınını miladın 80-ci illərinin axırlarında, o çağlar Ocaqda olmuş Cəlilabadlılar hazırladı. Bu dərgi “Məbəd” adı daşıyırdı. “Məbəd”də Ocaq ideyaları həm Atanın qələmi ilə, həm də ayrı-ayrı Ocaqçıların yazıları ilə ifadə olunurdu. Zaman ötdükcə dərgilər daha əsaslı şəkildə Ata kimliyi, Ocağın yaranma nədənləri haqqında daha açıq səviyyədə yazılarla davam edirdi.

Sonralar isə, yuxarıda dediyimiz kimi, daha yetkin biçimdə və məzmunda qəzet biçimli “Özəl Buraxılış”lar ortaya gəldi. Bu günə kimi də davam edir. “Buraxılış”lar Ocağın yaşamını, yerişini, Atanın, Evladların, Ocaqsevər və Ocaqdostlarının, ayrı-ayrı məsələlərə toxunan Ocaqyönlü yazılarını topluma çatdırmaqdadır.

20160227_193003

Ocaq ideyalarının yayılması işləri Ocağın özünəxas internet saytında da həyata keçirilir. Ocaq tədbirlərinin, görüşlərinin görüntülərinin və yazılarının bütün dünyada izlənilməsi  internet araçılığı ilə həyata keçir.

Saytda Ocağın kitabları, Bayrağı, Mərasim və Bayramları, Günsıra və abesi, Atanın və Evladların görüşləri, törənlərdə deyilmiş fikirləri öz əksini tapır. Ocaq Evladlarının, özəllikcə Soylu Atalının yazılarının və kitablarının çapı da bu qəbildən olan işlərdir.

37-ci ildən işıq üzü görən “İnam Evi” dərgisi (jurnalı) Soylu Atalının yönləndirməsi və Göylü Atalının ərdəmliyiylə yaranmışdır. Dərgidə Azərbaycanın dəyərlərinə, ulusal dəyərlərin yaradıcılarına Ocaq baxışı ilə yanaşı, başqa ulusal aydınların da baxışları yer tutur.

Bu dərgi ona görə çap olunur ki, bu gün ulusal dəyərləri təbliğ eləyən basın yayını yoxdur. Bütün basın yayınları, demək olar ki, siyasiləşib, partiyalaşıb. Bu baxımdan Mütləqə İnam Ocağı başqalarının görməli olduqları işi də hardasa öz üzərinə götürməli olur. İstək odur ki, ulusal dəyərləri topluma sunmaq, öyrətmək yönündə örnək yaransın.

SOYLU ATALI ++

Atamız Var olsun!

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv