Xaliq Bahadır. Terror içindəki Türkiyə – Türkiyə içindəki terror

Türkiyədə ardıcıl xarakter almaqda olan terror saldırılarının bir çox baxımlardan bizə – Azərbaycana – mesaj olduğunu bilirikmi? Bilməliyik! Bilməliyik, eləcə bilməklə qalmamalı, o terror saldırılarının iç-dış nədənlərini dərindən dərinə arayıb axtarmalıyıq. Bunu bizdən ölkəmizin sağlam, uğurlu gələcəyi istəyir. Bəri başdan bildirirəm: mənim buradakı faktlara söykəli analizlərimdə hansısa çatışmazlıqlar ola bilər; mən analizlərimi mənə bəlli faktlar üzərində qururam – öyrəndiyim, bildiyim faktlar üzərində. Dönə-dönə vurğulayıram: hansısa subyektiv baxışlar, yanaşmalar, düşüncələr, kimlərinsə uydurmaları üzərində deyil, bəlli faktlar üzərində!

Ərdoğanın gəlişi

Ərdoğanın hakimiyətə gəlişinədək (2002-ci il) ortada Atatürk düşüncə sisteminə – Atatürkçü Respublika dövlət quruluşuna bağlı bütöv, dinc bir Türkiyə vardı. Ərdoğanın hakimiyətə gəlişilə bu Türkiyənin içindəki birlik, bütövlük yer-yerdən çat verməyə başladı. Çoxillik Ərdoğan hakimiyəti boyunca durmadan artıb dərinləşən bu çatvermələr Türkiyəni indiki duruma – dincliyi pozulan, birliyi-bütövlüyü dağılan qarışıq Türkiyə durumuna gətiruib çıxardı. Ərdoğan hakimiyətini azacıq bərkidəndən sonra Atatürkçü düşüncə sistemiylə, Respublika dövlət quruluşuyla savaşa başladı. Ardıcıllıqla aparılan bu savaş Atatürkün – Atarürkçülüyün – Atatürkçü düşüncə sisteminin, ayrıca götürsək, Atatürkün özünün Türkiyəni birləşdirən bir dəyər olaraq aradan qaldırılaraq arxa plana keçirilməsiylə sonuclandı. Bunlar Azərbaycan Türklüyünə, bütövlükdə Azərbaycan xalqına olduqca “doğma” görsənişlərdir.

1993-cü il çevrilişinədək  Azərbyacanda Məhəmməd Əmin adına, Məhəmməd Əmin ideyalarına, eləcə də Demokratik Respublika dəyərlərinə bağlı birlik-bütövlük vardı. Bəlli KQB generalının hakimiyətə gətirilməsiylə bütün bunlar arxa plana keçirildi. Yürüdülən imperialist “ayır – buyur” siyasətlərinə uyğun olaraq onsuz da yağı əlləriylə bir çox yerlərə parçalanmış, son çağlar Qarabağı da itirmiş Azərbaycan içindən az qala yüz yerə parçalandı: çeşidli yollarla əzilib sıradan çıxarılan az-çox demokratik müxalifətin yerini İrandan, Səudiyədən gələn dağıdıcı ideya yükümlüləri tutdu. Bu qurumsal yığnaqlar dışdan göstəriş aldıqları istənilən çağda Azərbaycanı, Azərbaycan dövlətçiliyini sarsıda biləcək qarışıqlıqlar yarada bilərlər!

Bu baxımdan Ərdoğan Türkiyəsi Azərbaycandan daha ağır durumdadır – Ərdoğanın 21-ci yüzil Türkiyəsini ƏŞİRƏT (“əşirət” – ərəbcə, Türkcə – boy, soy, el-oymaq anlamlarında) dövlətinə çevirməsi üzündən! Bu bir faktdır: Ərdoğan Türkiyəni istər geyim (turban), istərsə də düşüncə-dil baxımından Türklük yolundan ərəbləşmə yoluna döndərdi. Tayyib Ərdoğanın ərəb qadını Əminə Ərdoğan uzun illər Türkiyəyə, Türkiyə qadınlığına yalnız özünün baş örtüsü (turban) ilə yolgöstəriciliyində bulunurdu. İndi, hakimiyətlərinin güclü olduğunu düşündüklərindən o, geniş politika alanına çıxaraq Türkiyəyə, Türklüyə meydan oxumaqdan da çəkinmir: “Biz Türkiyə üzərindən 90 illik enkazı qaldırdıq”.

“Enkaz” ərəbcədir, Türkcə yıxıntı, dağıntı deməkdir. Görün bunlar hara gəlib çıxıblar: Türkiyəni qabaqcıl dünya dövlətlərinin sırasına çıxaran Atatürkçülüyü, Atatürk ideyalarına bağlı Respublika dəyərlərini aradan qaldırmalarını “enkazı aradan qaldırdıq” adlandırırlar! Bu çıxışın üstündən az keçmiş Əminə Ərdoğan başqa bir ərəbləşmə-ərəbləşdirmə çıxışında bulundu: “Osmanlı hərəmi eyitim yuvasıydı. Orada qızlara çox gözəl eyitim verilirdi”. Bugünün oxucusu bilməyə bilər: Türklükdən uzaqlaşıb ərəbləşmiş Osmanlı hərəmxanlarında qızlara öyrədilib-aşılananlar hərəm yiyələrinin – sultanların bir çox istəklərini gərəyincə yerinə yetirməkdən ötrüydü. Yeri gəlmişkən, bir neçə il qabaq ölən Səudiyə kralının bu ölüm nədəniylə 50-yə yaxın arvadı başsız qaldı. Türkiyəni böyük, uğurlu gələcəyə aparan Respublika dəyərlərindən qoparıb gerçək ENKAZA – Orta Çağ ENKAZINA sürükləmə faktı ortadadır! Bu faktın Azərbaycana uyğun etkisi getdikcə güclənməkdə, genişlənməkdədir…

Başlanğıcda “demokratik islamçı” bürüncəyinə bürünmüş Tayyib Ərdoğan indi bütünlüklə “lüt kral” durumundadır: Türkiyəni getdikcə daha çox demokratiya yolundan uzaqlaşdırır, islamdan bir alət olaraq yararlanır. Onun özbaşına göstərişinə qarşı çıxan Ana Yasa Yarğısının qərarını saymadığını bildirir. Ərdoğanın başqanlıq yönündəki çalışmaları da Türkiyəni qarışdırma, diktaturaya sürükləmə faktorlarındadır.

Məhəmməd Əmin – Atatürk birliyi

Yalnız Azərbaycanın, Türk dünyasının deyil, bütün çağdaş dünyanın ölümsüz öndəri, böyük lideri sayılacaq Məhəmməd Əmin Rəsulzadə təkcə Doğuya, Türk-islam dünyasına deyil, Avropanın özünə belə örnək olan, ən qabaqcıl Avropa ölkələrini belə çox-çox qabaqlayan Demokratik Respublika qurmuşdu. Bu Respublikanın yıxılmasında qırmızı Rusiya ilə yanaşı, Avropanın aparıcı dövlətləri də böyük rol oynamışdılar (bunu yeri gəlmişkən yazıram).

Verilən görəvlərdən üz döndərməklə Stalin diktaturasından qaçan Məhəmməd Əmin bəy Atatürk Türkiyəsinə sığınmışdı. Böyük itkilərlə dolu ağır savaşlardan çıxmış Atatürk Türkiyəsi Stalinin basqıları altında Məhəmməd Əmin bəylə üzülüşməli olmuşdu. Onda Böyük Atatürk Böyük Məhəmməd Əmindən belə ayrılmışdı: “Sənin Azərbaycanda etdiklərini burada etdim. Sənin Azərbaycanda gerçəkləşdirməyə çalışdıqlarını burada gerçəkləşdirdim”. Onlar beləcə anlayışla, sevgi, sayğıyla ayrılmışdılar. Ortaq ideyalı, ortaq yollu İki Böyük Öndər, iki Böyük Türk!  Aradan illər keçəcək, Polşaya sığınmış Məhəmməd Əmin bəy Atatürkün bu dünyadan köçməsinin ardından Türkə özgü genişürəkliliklə yazacaqdı: “Kamalizmin başlıca xarakterini gerçək milliyətçilik oluşdurur. Bu, nəyin bahasına olur olsun, vətənini dünyanın çağdaş uyğar (kültürəl) millətləri düzəyinə yüksəltməyə çalışan Anadolu vətənsevərliyinin milliyətçiliyidir”. Azərbaycan üçün etdiklərindən, etməyə çalışdıqlarından göründüyü kimi, bu eləcə də Məhəmməd Əmin bəyin Azərbaycana bağlı vətənsevər milliyətçiliyidir. Bu gün Azərbaycanda Əliyevlərin Məhəmməd Əmin bəyi, Türkiyədə Ərdoğanın Atatürkü dışlayıb arxa plana keçirmələri faktının kökündə başqa bir fakt – hər iki Öndərin VƏTƏNSEVƏR MİLLİYƏTÇİLİYİ faktı dayanır!

Məhəmməd Əmin Azərbaycanda dövləti oluşduran xalqın adını – Türk adını! – özünə qaytardığı kimi (1918-ci ildə), Atarürk də Türkiyədə dövləti oluşduran xalqın adını – Türk adını! – özünə qaytarmışdı (1923-cü ildə). Bu bir dünya qanunauyğunluğudur: dövləti oluşduran xalqın adı dövlətlə bir tutulur. Batı dünyasını min illər öncə sarmış ÜSTÜN  Türk qorxusu özünü çağımızda yürüdülən politikalarda kəsinliklə göstərməkdədir: Batıının gizli-açıq yardımıyla ağalığa (hakimiyətə)  gətirildikləri ölkədə gec-tez (ölkədəki sosial-siyasi duruma uyğun olaraq) Türk adını, Türk anlayışını arxa plana keçirməklə Türklük faktorunu aradan qaldırmağa çalışırlar. Azərbaycan kimi uzun illər imperialist basqısı altında ulusal dövlətçiliyini, ulusal dövlətçilik gələnəklərini itirmiş ölkələrdə bunu etmək çox asan, Türkiyə təki ulusal dövlətçiliyi oturuşmuş ölkədə çox çətindir. Bu baxımdan Ərdoğan Türkiyədə uzun sürəli çalışma sonucunda, ölkə ekonomisini QALXINDIRMA yoluyla Türklüyü – Atatürklüyü arxa plana keçirə bildi.

Ərdoğanın başqalıq savaşı

Azərbaycanda Məhəmməd Əmin, onun ardınca Türkiyədə Atatürlk Parlamentli Respublika quruluşuna üstünlük vermişdilər. 1993 çevrilişindən bu yana Azərbaycanda parlament – parlamentarizm karikatur xarakter daşımaqdadır. Ərdoğan da Türkiyədə parlamentli respublika quruluşu yerinə, prezidentlik-başqanlıq adı altında indi Azərbaycanda olduğu kimi, özünün hərbi-polis gücünə bağlı diktatura rejimini yaratmaq istəyir. Bu sayaq istəklərinin baş tutması üçün o, illərdir çeşidli çalışmalarda bulunur. Elə bu çalışma axarında da Ərdoğan ortaya Ordunu, Polisi sındırıb yenməyə yönəlik “Ərgənəqon”, “Balyoz” operasiyalarına baş vurdu. “Dövlətə qarşı terror”, “Paralel dövlət” adına ortaya çıxarılan bu operasiyalar, bəlli olduğu kimi, sonralar bütünlüeklə boşa çıxdı: yüksək çinli yüzlərlə Ordu, Polis tutuqlusu “yanlış suçlama” qərarıyla… evinə döndü! Olan olmuş, Türkiyə Ordusuna, Türkiyə Polisinə gərəkən sarsıdıcı zərbə vurulmuşdu…

“Yeni Osmanlı” nağılı

Ölkəni içindən bölük-bölük edən Ərdoğan arada xalqa çox dadlı nağıllar danışırdı: “Yeni Osmanlı” nağılları. Ən üzüyola ardıcıllarından olan Əhməd Davudoğlu da onun bu nağıllarını böyük coşquyla tirajlamağa yüklənirdi. Ölkəni içindən parçalayan, müxalifətlə Türkiyənin onadək olmuş liderlərinin danışmadığı bir dildə – söyüş, aşağılama-dışlama dilində danışan Ərdoğan Yeni Osmanlı yaradacaqmış!

Osmanlı Avropanın yarısını, bütün ərəb dünyasını, eləcə də bir sıra Afrika ölkələrini içinə alan olduqca böyük dövlət idi. Vatikan başda olmaqla Batı dünyası indiki sınırlarına çəkilməsi üçün içdə erməni, ərəb qalxımları yaratmaqla Türkiyənin başına çox oyunlar açdı. O işləklər indi Türkiyəni daha da kiçildib gücsüzləşdirmək üçün edilməkdədir. Ortadakı iç-dış maşalar da çoxdan bəllidir…

“Amerikanın eş başqanı”

Atatürk 1938-ci ildə demişdi: “Orta Doğunun Batı imperializminin köləsinə çevirməsinə yol verməyəcəyik”. Atatürk nə dediyini gözəl bilirdi: Orta Doğunu kontrolu altına almaq Batıya Türkiyənin bölgəsəl gücə çevrilməsinin qarşısını almaq üçün gərəkdi. Bu istəyin daha uğurla, daha etkili  gerçəkləşdirilməsi üçün son illər ortaya Böyük Orta Doğu projesi atıldı. Görünür, hansısa alış-veriş sonucunda Ərdoğan 2012-ci ildə belə bir inamlı açıqlama ilə çıxış etmişdi: “Mən Amerikanın Böyük Orta Doğu projesinin eş başqanıyam”. Mən bu eş başqanlığının aldadıcı olduğunu yazmışdım. “Eş başqanlığı” bizdə fars-ərəb sözlərini birləşdirməklə düzəldilən “həmsədr” anlamındadır. Batının Orta Doğu ilə bağlı planlarında Türklüyə yer olmadığından mən Ərdoğanın Böyük Orta Doğu projesindəki eş başqanlığını uydurma adlandırmışdım. Bunun gerçək olduğu indi bütünlüklə ortadadır.

İndiyədək Türkiyənin, Türklüyün yararına dediklərinin hamısı boşa çıxmış Ərdoğanın eşbaşqanlığı da boşa çıxdı. Davosda Pereslə dartışmadan, Qəzzə yolunda 9 Türk əsgərini gərəksiz yerə qurban vermədən, ta Bayır Bucaq  Türkmənlərini savunma çıxışlarınadək Ərdoğanın dediklərinin hamısı boşa çıxıb. Son olaraq o, Bayır Bucaq Türkmənlərinə Türkiyə olaraq sonadək arxa duracaqlarını bildirirdi (ardınca da baş baxanı Davudoğlu). Sonda nə oldu? ABŞ başda olmaqla Batının ona arxa durmaqdan çox uzaq olduğunu görən Ərdoğan Bayır Bucaq Türkmənlərini olmamış kimi… unutdu! Bundan qabaq o, qırğınla üzləşən Colan, Kərkük Türklərini eləcə unutmuşdu. Yox kimi…

İllərlə Colan, Kərkük Türklərinin qırılmasına, basqı altında tutulmasına göz yuman, qulaq tıxayan Ərdoğan birdən Bayır Bucaq Türkmənləri adına haray-həşirdə bulundu. Nədən? Ailəsinin qatıldığı, ona milyonlar qazandıran neft qaçaqçılığına yaranan Rusiya qorxusundan! Qaçaq neft biznesini qorumaq üçün Bayır Bucaq Türkmənlərini “savunma nədəniylə” Rusiya uçağını vurduran Ərdoğan Türkiyəyə böyük sorunlar yaratdı…

Stalin repressiyalarının qurbanı olmuş bir rus tarixçisi demişdi: “Tarix keçmişə atılmış siyasətdir”. Biz Türklər olaraq nə tarixi gərəyincə öyrənirik, nə də tarixə bağlı çağdaş siyasətləri. Görəsən, biz tarixdən, çağdaş siyasətlərdən nələrisə öyrənirikmi? Ondan da, bundan da nələrsə öyrənsəydik, bir belə uğursuzluğa uğrayardıqmı?!

Son olaraq. Bir ölkənin-dövlətin iç dəngəsi pozulursa, dışdan onu dağıtmağa gərək yoxdur – içindən dağılacaq!

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv