Bu ölkədə hamı girovluqdadır – İŞĞALÇI rejim girovluğunda. Müəllim məktəbdə, həkim xəstəxanada, alim Akademiyada girovluqdadır. Milyardların gəlib getdiyi ölkədə 150-300 manata qulluq edən bu adamlar tək aşağı-yuxarı seçkilərdə deyil, eləcə də gərəkən hər yerdə, lap elə məhkəmədə də yuxarıdan tapşırığa boyun əyməyə, ağa qara, qaraya ağ deməyə borcludur. Bunu biz alim dostumuz Yadigar Türkelin son məhkəmə prosesində bir daha gördük.
“Məhkəmə prosesi” bizdə çoxdan dırnaqarası söz birləşməsinə çevrilib. Məhkəmə prosesi gerçəyi bizdə çoxdan yoxa çıxıb: gördüyümüz alınıb-satılan, siyasi sifarişə işləyən rejim “məhkəmələri”dir. Çoxlu vəkil dostum var. Hamısı indiki məhkəmələrdən gileylidir: “Belə ədalətsiz, belə qanunsuz məhkəmələr sovet dönəmində də olmayıb”. Olmayıb, olur. Rejim başında duranlar tez-tez müxalifətə barmaq tuşlayıb “5-ci kolondan”, “erməni dəyirmanına su tökənlərdən” danışırlar. Erməni arxası, Xocalı soyqırım suçlusu, Qarabağı Şuşa qarışıq əlimizdən alan Rusiyadan medallar alanlar, Rusiyanı “strateji müttəfiqimiz” adlandıranlar deyirlər bunları. Bir də, bunları barışmaz, qaniçən düşmənimiz ermənilərə neftin tonunu 402 dollara, Azərbaycan xalqına 760 dollara satanlar, qan çanağı, terror yuvası erməni kilsəsinə pulsuz qaz verənlər deyirlər. Bundan başqa, Azərbaycan xalqının dəyərli yetirmələrini çeşidli repressiyalara uğradanlar deyirlər bunları. Hələ mən bugünlərdə başımıza açılan “böyük qələbə” oyununu demirəm…
Fəlsəfə-hüquq İnstitutunda işdən qanunsuz çıxarılmış fəlsəfə elmləri doktoru Yadigar Türkellə bağlı aprelin 11-də Yasamal Məhkəməsində sonuncu proses olacaqdı. Prosesin 14.15-də başlayacağı bildirilmışdi. Qanunçu Yadigar bəy məhkəmənin onun yararına qərar çıxaracağına çox inanırdı. Prosesin başlamasına 15 dəqiqə qalmış vəkillə birgə məhkəmə qapısından keçirkən qarşımızı kəsdilər: “Proses 16.15-ə keçirilib”. Qarşı yandan kimsə gəlməmişdi. İndiki məhkəmələri yaxşı tanıdığımdan, indiki hakim praktikasına yetik olduğumdan, çağ dəyişikliyinin gizlinini, bu üzdən işin indilik onun üçün uduzulduğunu Yadigar bəyə anlatdım.
Proses başlayana yaxın institutun direktoru İlham Məmmədzadə kişili-qadınlı 15-ə dək institut əməkdaşıyla məhkəmə zalının qapısı ağzında dayanmışdı. Bunlar kimlər idilər: çoxu “fəlsəfə elmləri namizədi” adını daşıyan kişilər-qadınlar. Kişilər hamılıqla Azərbaycanın dövlət dilində, qadınlar hamılıqla Rusiyanın dövlət dilində danışırdılar. İnstitut əməkdaşlarından birinin bildirdiyinə görə, İ.Məmmədzadəyə yaxınlığı ilə tanınan bu qadınların institutdakı dili də Rusiyanın dövlət dilidir – İ.Məmmədzadənin özünün institut divarları arasındakı dili kimi! Kişilər kimi bu qadınlar da “iş otağında çox oturmayan” Yadigar bəyin üzünə durğuzmaq üçün gətirilmişdilər. Onlardan yalnız biri şahidlik üçün deyil, “elə-belə, tamaşaya baxmaq üçün gəldiyini” bildirsə də, bircə o, adamları ora-bura çəkərək Yadigar bəyə qarşı qızışdırmağa çalışırdı. Öyrənəndə onun dolaş-bulaş bioqrafiyalı birisi olduğu ortaya çıxdı. (Yadigar bəyi işdən çıxartdıran özü də eləcə dolaş-bulaş bioqrafiyalı birisidir).
Proses başladı. Arxivlərdə işləməklə çoxlu kitabları çıxmış Y.Türkeli İ.Məmmədzadə işdə çox olmamaqda suçlayırdı: turniket belə gəldi, turniket elə getdi. İ.Məmmədzadə kimi direktor-“filosoflar” üçün turniket fəlsəfəsindən üstün fəlsəfə ola bilərmi?! Nəyə görəsə proses boyu gözü gülən hakim Rəfael Əliyev üç “şahidi” dindirməklə yetərləndi. Biri elmlər namizədi, o biri direktorun texniki işlər üzrə yardımçısı olan o üç “şahid”dən yalnız biri – gənc institut əməkdaşı Aytən Zeynalova – gerçəkdən şahid missiyasını yerinə yetirərək, Yadigar Türkelin tez-tez işdən yayındığını bildirdi. Burası çox önəmlidir: görəsən, 9-cu qatda oturan Aytən qızcığaz 4-cü qatda oturan fəlsəfə elmləri doktoru Yadigar Türkelin “tez-tez işdən yayındığını” necə görüb? Burası bəlli olmasa da, hakim öz işini gördü: filosof-alimin qanunsuz cəzalandırılmasına… ortaq oldu!
Xaliq Bahadır. İşğalçı rejim girovluğundakı xalq
Aprel 15th, 2016 admin