Yadigar Türkel. AZƏRBAYCAN ORDUSUNDAN ANILAR

“Redaksiyadan”
Redaksiya polkovnik İsrafil Bəydən aşağıdakı məktubu almışdır: Sayğılı redaktor bəy, 1920-ci ildə bolşeviklər Azərbaycanı tutandan sonra mən İran, Ərəbistan, Hindistan, Misirdə iki il avaratək dolaşıb sonda İstanbula gəldim. Burada, 1923-cü ilin başlarında Azərbaycan Ulusal Qurumunun başçısı Məhəmməd Əmin bəy Rəsulzadə məndən onun üçün Azərbaycan Cümhuriyəti Ordusundan anılarımı yazmağı istədi. Mən bu istəyi yerinə yetirdim. Düzdür, əlimdə heç bir qaynaq olmadığından ola bilər elə də dolğun yazmamışam. İndi o anıların üzünü sayğılı «Qorsı Kavkaza»nın [Qafqaz dağlıları] redaksiyasına göndərirəm. Onların istənən duyğunu doğuracağını, ondan yararlanacağınızı düşünürəm. Ürəkdən sayğılarımla, İsrafil Bəy, polkovnik.
Yazar məktubuna «Azərbaycan Cümhuriyəti Ordusundan anılar»ının üzünü qoymuşdur. Anılarla tanış olan redaksiya oxucularını qardaş Azərbaycan ulusunun yaşıl [gənc]  dövlətinin quruculuq başarısını göstərən bu çox gözəl bəlgə ilə tanışdırmaq istədi.
Polkovnik İsrafil Bəyin anıları bütün yurdsevər dağlılarda yaxın qonşumuz-ortağımız olan Azərbaycan xalqının işlərindən danışan bəlgə kimi sözsüz böyük ilgi doğuracaqdır. Bunları gözə alan redaksiya aşağıda polkovnik İsrafil Bəyin göndərdiyi qaynağın 1919-cu ilin yarısına kimi olan olayları içinə alan birinci bölümünü yayımlayır.

I

Bəlli olduğu kimi, çar dönəmində azərbaycanlılar Güney Qafqazın başqa müsəlmanları kimi orduya çağırılmır, bunun qarşılığında dövlət daxılına bəlirlənmiş vergi ödəyirdilər. Bizim ulus elçilərimiz Dövlət Duması [Rusiya İmperiyasının Parlamenti – 1906-1917] kürsüsündən  azərbaycanlıların orduya çağırılmasını bir neçə yol desələr də, Rus Ağalığı bunu gözə almamışdır. Bu yanaşmaya bizim qardaş Türkiyə dövlətilə coğrafi yaxınlığımızın nədən olduğu sözsüzdür. Bu durum Birinci Dünya Savaşı başlayana kimi sürdü.
Rus Ağalığı 1914-cü ildə azərbaycanlılardan Tatar Atlı  Alayı adında atlı alay yaratmağa onay verdi. Böyük knyaz Mixail Aleksandroviçin Qafqaz yerlilərindən oluşan diviziyasındakı bu alay rusların batıdakı döyüşlərində çox tanındı.
Devrim çağında, II Nikolayın ağalıqdan əl çəkməsindən sonra Rusiyanın Keçid Ağalığı Güney Qafqaz Müsəlman Ordu Korpusu yaratmağa onay verdi. General-leytenant Əlağa Şıxlinski [Azərbaycan Cümhuriyəti Ordusunun yaradıcılarından biri, Azərbaycan Ordu bakanının yardımçısı. General Səməd bəy Mehmandar xəstələndiyindən 1920-ci il aprelin 27-də 11-ci Rus-erməni-sovet-mason bolşefaşist ordusu Azərbaycanı tutana kimi Ordu bakanı görəvində idi]  Korpusun başçısı qoyuldu.
Mən o çağda Rumın cəbhəsində tabor başçısı idim. Keçid Ağalığının onayından yararlanıb Qafqaza, general Əlağa Şıxlinskinin buyuruğuna gəldim. Korpus yaradılarkən Keçid Ağalığı  dağılıb Rusiyanın başına Lenin keçdiyindən,  Korpusun ancaq Qərargahı ilə diviziyalarının qərargahları yaradıldı.
Qafqazdakı olaylar olanüstü iti gedirdi. Bolşevizm Qafqaza başdan-ayağa yad idi. Qafqaz yeni tarix yoluna girirdi. Güney Qafqaz Seymi yarandı. 1918-ci ilin yazında dörd Qafqaz respublikası bağımsızlığını bildirdi: Dağlılar Respublikası Quzey Qafqazda, Azərbaycan, Gürcüstan, Ermənistan Güney Qafqazda.
Azərbaycanda bolşeviklər keçmiş Rus Ağalığı çağında durmadan ruslarla, bənzərlərilə doldurulan Bakıda çox güclü idilər. Başqa kəndlərdə ruslarla bənzərləri çox az olduğundan o yerlər tezliklə qurtarıldılar.
Dirçələn Azərbaycanın qarşısında başkəndi Bakını tutmaq dururdu. Bu işdə baş rolu bir az öncə böyük dünya savaşından qayıtmış, yeni respublikanın döyüş görmüş tək savaş gücü olan Tatar Atlı Alayı oynadı. Alaya yardım kimi daha çox yüksək okul öyrəncilərilə aydınlardan «Yaşıl qvardiya» yaradılmağa başlandı. Bu qvardiyaya başçılığı mənə tapşırdılar.
Atlı dəstəyə polkovnik Səməd bəy Rəfibəyli [Azərbaycan Cümhuriyəti Ordusunun polkovniki, Türkiyə Respublikasının ordu generalı] başçılıq edirdi. Gürcüstan ağalığı bizə gülləkeçməz qatar göndərdi.[Səhifənin aşağısında redaksiyadan  «Sayğılı yazar Azərbaycan ulusalçılarının diləyilə Bakının alınmasında dağlıların da – iki Dağıstan Alayı, könüllülər bir yana savaşdığını unutmuşdur» sözləri verilib.
Rusiya İmperiyası XVIII yüzilin başlarında Qafqazı, Azərbaycanı tutana kimi Qafqazda birləşdirici siyasi, kültür gücü olan Azərbaycan türkləri Qafqaz dağlılarını tarix boyu özlərindən ayırmayıblar, onlarla strateji, kültür, dincə ortaqdırlar. İsrafil Bəyin istəyi kiminsə əməyini azaltmaq deyildir. Söz Azərbaycan Ordunun yaradılmasından gedir. Bakının qurtuluşu günlərində Dağıstan Atlı Alayı Bakını dəniz qıyılarından çıxacaq yağılardan qorumaqla görəvləndirilmişdi. Azərbaycan Cümhuriyəti Ordusunun içində Quzey Qafqazın Dağlı könüllüləri də olmuşdur. Rəhmətlik İsrafil Bəy ancaq Azərbaycan Cümhuriyəti Ordusunun yaradılması ilə bağlı yadında qalanları yazıb].
Bu kiçik güclərlə Bakını almaq üçün yoxlama döyüşlərinə başlandı. Az çağda Bakı yaxınlığındakı Biləcəri stansiyasına kimi bütün Azərbaycan bolşeviklərdən təmizləndi.
Bunu görən bolşeviklər çarizmin bir ulusu o birinin üstünə saldırtmaq əski yolu ilə getdilər. Sonucda Bakı ilə Şamaxıda «Mart soyqırımı» deyilən acı olaylar törədildi. Erməniləri müsəlmanların üstünə saldıran bolşeviklər ermənilərlə birlikdə bu iki şəhərdəki müsəlmanları soyqırıma uğratdılar. Bununla yanaşı erməni könüllüləri Bakını qoruyan bolşevik dəstələrini də gücləndirdilər. [«Qaçqın yaşamının dözülməz koşulları içində yaşayan» Məhəmməd Əmin Rəsulzadə kimi, «İran, Ərəbistan, Hindistan, Misirdə iki il avaratək dolaşıb sonda İstanbula gələn», ancaq yadında qalanları yazan İsrafil Bəy bu yerdə tarixiliyi bir az pozmuşdur. Durumdan yararlanıb Bakını türklərdən, müsəlmanlardan təmizləmək istəyən erməni bolşefaşistləri «Mart soyqırımı»nı 1918-ci il martın 18-21-də, təkcə adı çəkilən iki kənddə yox, bütün Azərbaycanda törədiblər].
Hacıqabul stansiyasınadək gedən azsaylı dəstəmiz çox ağır döyüşdən sonra geri çəkildi, Azərbaycanın ikinci başkəndi Gəncənin də tutulmaq qorxusu yarandı. Onda bizim Ağalığımız Türkiyəyə üz tutub ordu göndərilməsini dilədi [Azərbaycan Respublikasının Ağalığı Osmanlı dövlətilə bağladığı Batum Anlaşmasının 4-cü düzüyünə dayanaraq ordu yardımı istəmişdir. Osmanlı dövlətinin Nuru Paşanın başçılıq etdiyi Qafqaz İslam Ordusu 1918-ci il iyunun ortalarında özünü Azərbaycana çatdırmış, 2-3 gündə Gəncəni, yan-yörəsini erməni savaş dəstələrindən təmizləmişdir].
Türk qartalları ən ağır anda özlərini çatdırdılar. Bolşeviklər Gəncədən bir az aralı Müsüslü stansiyasında idilər. Özünü yetirən Türk Ordusu bizim qoşunla birlikdə bolşeviklərin saldırısının qarşısını alıb, iki həftədən sonra onları Hacıqabuldan geri atdı. Bizim piyada bölüklərimiz Türkiyə piyadaları içində idi, mən isə zirehli qatara başçılıq edirdim.
Çox ağır döyüşlərdən sonra 1918-ci il sentyabrın 15-də Türkiyə-Azərbaycan Cümhuriyəti Ordusu Bakını tutdu, Ağalıq Bakıya köçdü, Səməd bəy Mehmandar Ordu bakanı qoyuldu.
Mudros Anlaşmasına görə türklər 1918-ci il noyabrın 10-da Azərbaycandan getməyə başladılar. Bundan sonra başkəndimizi ingilislər tutdular. Ordu bakanlığımız Gəncəyə köçdü. Bu andan da gerçək ordu quruculuğu başladı [Ordu quruculuğu bu andan yeni dönəmə girdi].
Ordunun Baş Qərargahı ilə bölüklərin oluşdurulmasında Rus Ordusunun «Düzüklər»i, ştatları özül kimi götürüldü. General Əlağa Şıxlinski Ordu bakanının yardımçısı, general Həbib bəy Səlimov [Rus-erməni-sovet-mason bolşefaşistləri güllələyib] Baş Qərargahın başçısı, general Əbdülhəmid Qaytabaşı [Rus-erməni-sovet-mason bolşefaşistləri güllələyib] Baş Qərargahın gözləmçi generalı, yardımçı qoyuldu, Baş Qərargahın bütün bölmələri yaradıldı.
Ordu bakanı general Səməd bəy Mehmandar türklərin Gəncədə açdığı Ordu okulunun quruluşunu dəyişib, polkovnik Şirin bəy Kəsəmənlini [Rus-erməni-sovet-mason bolşefaşistləri güllələyib] ora başçı qoydu.
General İbrahim ağa Usubov [Rus-erməni-sovet-mason bolşefaşistləri güllələyib] Ağdamda 1-ci Piyada Diviziyasını oluşdurmağa başlayır, polkovnik Səməd bəy Rəfibəyli diviziya qərargahının başçısı qoyulur.
Diviziya 1-ci Cavanşir, 2-ci Zaqatala, 3-cü Gəncə Piyada alaylarından oluşurdu. Məni 1-ci Cavanşir Alayına, polkovnik Əhməd bəy Dibirovu [Türk, müsəlman qanına susamış rus-erməni-sovet-mason bolşefaşistləri Əhməd bəyi 1939-cu ildə 94 yaşında güllələyib]  2-ci Zaqatala, Şahoğlu Seyfulla Qacarı (1919-cu ilin yazında 3-cü Gəncə Alayının başçılığına oçağadək Krım Respublikasında olan, türklər gedəndən sonra Azərbaycana gələn polkovnik Kazım Bəy qoyuldu) isə 3-cü Gəncə Alayına başçı qoydular [Cahangir bəy Kazımbəyli – Azərbaycan, sonra Polşa Ordusunun polkovniki. Azərbaycan siyasi sığınmaçılarının öncüllərindən, ideoloqlarından biri. 1955-ci ilin yazında SSRİ KQB-nin işçiləri Berlində öldürüb].
Tatar Atlı Alayı 1-ci Tatar Atlı Alayı ilə 2-ci Qarabağ Atlı Alayından oluşurdu. Gəncədə kiçik subayları egitmək üçün tabor, Ağdamda pulemyotegitmə komandası yaradılmışdı. Polkovnik Rüstəm bəy Şıxlinski [Rus-erməni-sovet-mason bolşefaşistləri güllələyib] burada Topçu Briqadası yaratmağa başlayır, Gəncədə Qorunaqçılar Okulu açılır.
1918-ci ilin mayında gəlib bizdə qulluğa girən polyaklar, gürcülər, Qafqaz dağlıları ordu quruculuğunda boyük işlər gördülər.
Baş Qərargahın başçısı qoyulan general-leytenant Məhəmməd bəy Sulkeviç (Vilnüsdə doğulmuş Polşa tatarı) onun yenidən qurulması üçün önəmli işlər görür [Səhifənin aşağısında redaksiyadan: «Bolşeviklər Azərbaycanı tutandan sonra general Sulkeviçi güllələyib»  yazılmışdır].
Ən başdan orduda olan Dağ Atlı Topçu Diviziyonunun başçısı polkovnik Dunin-Marsinkeviç (polyak) bolşeviklər Azərbaycanı tutana kimi orduda qalıb onlara qarşı bütün döyüşlərdə vuruşmuşdur.
General Məhəmməd bəy Sulkeviç general Həbib bəy Səlimovla birlikdə ordu bölüklərinin piyada, atlı diviziyalarının 3 alaydan oluşan son ştat quruluşunu düzənlədilər. Piyada Alayı hər birində 4 atıcı bölük olan 3 batalyondan, hər birində 8 pulemyot olan 3 pulemyot bölüyündən, atlı kəşfiyatçılar komandasından, qorunaqçılar bölüyündən, ulaşım, eləcə də arxa bölüklərdən oluşurdu.
Bundan başqa bütün alaylarda egitim komandası ilə taborların əskərlərindən göndərilən  musiqiçilər komandası var idi. Taborlardakı süngü sayı 650-yə çatırdı. Atlı, eləcə də topçu alayların ştatı Rus Ordusundakı kimi qalmışdı.
Diviziyalar (piyada, eləcə də atlı) birbaşa Baş Qərargahın başçısı qarşısında sorumlu idi (Azərbaycan Cümhuriyəti Ordusunda Baş Qərargahın başçısı ordunun egitimini Əməliyat Qurumunun başçısı isə operativ işləri – toplanış planları, toplanma və b. işləri gördürürdü). Ordu bakanının buyuruğu ilə General Həbib bəy Səlimova ştatları yenidən düzənləmək üçün 1-ci Piyada Diviziyasının başçısı general İbrahim ağa Usubovun başçılığında yaradılmış, üyələri polkovnik Rüstəm bəy Şıxlinski, bir də mən olan komisiya yardım edirdi.
1919-cu ilin fevralında biz üçümüz Yenidənqurma Komisiyasının üyəsi kimi bu buyuruğa dayanaraq Ağdamdan Gəncəyə Ordu bakanının qulluğuna getdik. General İbrahim ağa Usubov diviziyanı general Əfəndiyevə  verdi (Sonuncunun ölümündən sonra 1-ci Diviziyaya general Cavad bəy Şıxlinski [Azərbaycan Cümhuriyəti Ordusunun, eləcə də İran Ordusunun generalı] başçılıq etdi), mən də 1-ci Cavanşir Alayını polkovnik Nuh bəy Sofiyevə [Rus-erməni-sovet-mason bolşefaşistləri güllələyib] verdim. Ondan sonra alaya polkovnik Səməd bəy Rəfibəyli başçılıq etdi.
Komisiyanın işləri 1919-cu il aprelin sonuna kimi sürdü. Bundan sonra general İbrahim ağa Usubova 2-ci Piyada Diviziyasını oluşdurmaq tapşırıldı. Diviziya Qərargahının başçılığına polkovnik Mahmud bəy Zeynal [Ordu bakanı Səməd bəy Mehmandarın 14 iyul 1919-cu il tarixli 88 saylı Buyuruğunda, eləcə də Azərbaycan Ordusunun Ordu bölüklərinin yüksək subaylarının yaşayış yerlərinin sırasında podpolkovnik kimi adı keçib. Başqa bilgimiz yoxdur] qoyuldu. 4-cü Quba Piyada Alayı da diviziyanın içində idi.
5-ci Bakı Piyada Alayını oluşdurmağı mənə tapşırdılar. Oluşum Azərbaycanın başkəndi Bakıda olmalı idi. Buna görə mən 1-ci Cavanşir Alayı ilə sağollaşıb, 5-ci Bakı Alayın başçılığına keçdim.
1919-cu ilin iyulunda Azərbaycan Ağalığı Ordu Bakanlığını Bakıya köçürdü. Ordu Bakanlığının Bakıya köçürülməsindən sonra ordu bölüklərinin oluşumu, egitimi daha da gücləndi. 5-ci Bakı Alayının oluşdurulmasında mənə gecə-gündüz böyük enerjilə işləyən tobor başçıları podpolkovnik Siamanişvililə podpolkovnik Kutateladzenin  çox yardım etdiklərini deməliyəm.
İki ay yarım sonra Rus ordu bölüklərini susdurmaq, yaraqsızlaşdırmaq üçün Lənkəran yürüşünə çıxan alay yüksək dözümlülük, sağlamaq göstərib yeni Azərbaycan Cümhuriyəti Ordusunun adını ucaltdı.
2-ci Piyada Diviziyası ilə bir çağda 3-cü Şəki Atlı Alayı ilə 2-ci Topçu Briqadasının yaradılmasına da başlandı.
Bundan başqa Azərbaycan Cümhuriyəti Ordusunun 2 gülləkeçməz qatarı, 6 gülləkeçməz avtomobili, 8 hidroplanı vardı, «Qars», «Ərdahan» sınırqoruyan qayıqlarındakı toplar da düzəldilib yararlı edilmişdi.
1919-cu il avqustun son günlərində 2-ci Piyada Diviziyasının başçısı qış geyimi (35.000 dəst), yaraq, avtomobillər, eləcə də başqa şeylər almaq üçün İtaliyaya göndərildi, 2-ci Diviziyanın başçılığına subayların, əskərlərin sevimlisi general Makayev (gürcü) qoyuldu.

 

LƏNKƏRAN YÜRÜŞÜ

Azərbaycan Ağalığı topçu briqadalı 2 piyada, bir atlı diviziya yaradandan sonra Azərbaycanın ayrılmaz parçası olan Muğanla Lənkərandakı, Çar Ağalığının kolonizasiya amacı ilə bura köçürdüyü, bağımsız Azərbaycan Ağalığını tanımayan ruslardan onu tanımasını istədi. Burada yaşayanlar keçmiş Rus Sınır qorucularının bir bölümünü özünə qatıb, Azərbaycan Ağalığının buyuruqlarını saymır, topları, pulemyotları olan ordu saxlayırdı.
1919-cu il avqustun 18-də [«Azərbaycan» qəzeti 14 avqust tarxli 172-ci sayında yazırdı: «Güvənli qaynaqdan aldığımız bilgiyə görə avqustun 12-si, gündüz saat 5-də muğanlılar ağalığı könüllü olaraq Azərbaycan yetkililərinə vermişlər. Ordu bakanı Səməd bəy Mehmandarla, Baş Qərargahın başçısı general Məhəmməd bəy Sulkeviçin general Həbib bəy Səlimovla yazışmaları da 14-22 avqust arasındadır. Rəhmətlik İsrafil bəy günləri qarışdırıb].
 5-ci Bakı Piyada Alayı, 3-cü Şəki Atlı Alayı, 2-ci Topçu Briqadasından oluşan qoşun yürüşə başladı.
Qoşunbaşı general Həbib bəy Səlimov Hacıqabul stansiyasının qoşun bölmələrinin birləşəcəyi toplanış yeri olduğunu bəlirlədi.
5-ci Bakı Alayının yürüşündən qabaq Baş Qərargahdan keşikçi [növbətçi] general telefonla mənə gündüz saat 3-də Baş bakan Nəsib bəy Yusifbəyli, Azərbaycan Milli Şurasının, «Müsavat Partiyası»nın öncülü Məhəmməd Əmin bəy Rəsulzadə, bir də Ordu bakanının Alaya baxmağa gələcəyini dedi.
Bəlirlənən saatda yürüş geyimində düzülmüş alay yüksək qonaqları Azərbaycanın Ulusal Marşını oxuyaraq qarşıladı.
Alay törənlə keçəndən sonra Baş bakanla Ordu bakanı  ona üz tutdu. Sonuncu qarşıdakı yürüşün alayın birinci yürüşü olub, onunla tək alayın yox, bütün ordunun adının bağlı olacağını vurğuladı.
Ertəsi gün səhər saat 5-də alay yürüşə başladı. Elə bil şəhərdə yaşayanlar gecəni yatmamışdılar. Küçələr adamla dolu idi. Qadınlar, kişilər, uşaqlar əskərləri sevinclə, sevgilə qarşılayır, dörd yandan «Yaşasın!»  alqışı eşidilir, evlərin pəncərələrindən əskərlərə gül səpirdilər.
Axşamçağı qoşun bölmələri toplanış yeri Hacıqabulda birləşdilər.

(Ardı var).                

«Qorsı Kavkaza» [«Qafqaz dağlıları»] 1932, № 31, s.13-18.

 

II

Qoşun bölmələrinin Hacıqabul stansiyasına gəlməsilə bir arada general Həbib bəy Səlimov da Qərargahı ilə ora çatdı. Burada 3-cü Şəki Atlı Alayının ünlü komandiri, polkonik  Şahoğlu Xosrov Mirzə Qacar çox gözəl önəri irəli sürdü. O, qoşunun bütün subaylarını tanışdırıb birləşdirmək istəyilə axşam yeməyi düzəldib, subaylarla  Qərargah üyələrini ora çağırdı. Beləliklə, qoşunun alayları «qan qardaşı» oldular. Burada subayların çoxu bir-birilə yaxınlaşıb gecədən keçənə kimi arxadaştək danışdılar. Buna görə yürüşün başından bütün subaylar boynuna qoyulmuş döyüş tapşırığını yerinə yetirməkdən başqa «qan qardaşı» alaya da gərəkən yardımı etməyə çalışırdı.
Lənkəran yürüşü bir ay sürdü. Yayın çox isti olması yürüşü çox çətinləşdirirdi. Qoşunda bir neçə günvurma olayı oldu. Buna baxmayaraq keçidlər 35-45 verstə [1 v=1,668 km] çatır, yaşıl əskərlər subayları dözümlülüklərilə heyran qoyurdular.
Bu yolla yürüyən qoşun atışmasız Prişib [Göytəpə] köyünə çatdı. Burada yaşayan ruslar keçmiş Sınır qorucuları ilə birlikdə qorunmağı düşünürdülər.
Bizim ön dəstəmiz top, pulemyot atəşilə qarşılandı.
Araqarışdırıcı atəş qoşunbaşını çaşdırmadı. O, toxtaqca köyün doğusundakı, güneyindəki yüksəklikləri tutmağı, ayrı-ayrı bölmələrin başçılarına da bacardıqca qan tökməkdən yayınmağı tapşırdı, özü isə yaşamı ilə oynayaraq, köydən açılan, kəsməyən atəş altında irəli çıxıb, əlindəki nişanlarla danışıqlara başlamaq istədiyini bildirdi. Sonucda atışma kəsdi, danışıqlardan sonra Rus Sınır qorucuları yaraqlarını verdilər.
Beləliklə, qoşun qan tökmədən 6 top, 24 Maksim pulemyotu, çoxlu tüfəng, mərmi, patron, 150 döyüş atı ələ keçirdi.
Qoşunun ilk böyük uğurunun dalınca başqa uğurlar da gəldi. Prişib örnəyi o biri rus köylərinə də Azərbaycan Cümhuriyəti Ordusunun onların yaşamını pozmaq yox, ancaq Respublika sınırlarında dövlətin normal yasal düzənini yaratmaq istədiyini göstərdi. Buna görə qoşunun sonrakı yürüşü çox toxtaqlıqla keçdi. Ruslarla Sınır qorucuları topları, pulemyotları, dövlət atlarını çatışmasız verməyə başladılar.
Beləliklə, general Həbib bəy Səlimov deyən kimi, qoşun «törən yüşüşü» ilə Prişib köyündən yaşayanları demək olar bütünlüklə müsəlman azərbaycanlılar olan Lənkəran kəndinə çatdı.
Kəndin yaşayanları qoşuna qarşılama törəni düzəltdilər. Çox yerdə elliklə qarşılama düzəldilir, kəsilməyən «Yaşasın!» çağırışları gecədən keçənə kimi eşidilirdi.
[Sayğılı oxucu, igid yeniyetmə, Azərbaycan Respublikasının gələcək politiki, generalı, Azərbaycan Cümhuriyəti Parlamentinin 1919-cu il yanvarın 8-də keçirilən 7 saylı toplantısında «Müsavat Fraksiyası»nın başçısı Məhəmməd Əmin Rəsulzadə Azərbaycan Cümhuriyəti Ağalığının başçı Fətəli Xan Xoyskiyə «Lənkəran-Muğan sorunu» sorğusunu vermiş, Lənkərandan seçilmiş ulus elçisi, «Müsavat»çı Hacı Mirzə Səlim Axundzadə «Lənkəranda olanlar» adlı çıxışında Rus-erməni-sovet-mason bolşefaşistlərinin burada törətdiklərindən danışaraq, «Lənkəranda xaraba, paymal olmayan bir ev mövcud deyil. Lənkəranın vəziyətini mülahizə edən insanın ürəyi ya gərək erməni ürəyi, ya xaxol ürəyi, ya da gərək daş olsun…» demiş, 1919-cu il martın 10-dakı 21 saylı toplantıda da orada törədilən vəhşiliklərdən danışmışdır].
Ordu Bakanlığının buyuruğu ilə 5-ci Bakı Piyada Alayından bir tabor ayrılıb Lənkəran taboru adlandırılaraq, burada olacaq qarnizonun özülü qoyuldu. Qoşun geri qayıdanda ruslar yol boyu onu yaxşı qarşılayır, azərbaycanlıların belə az çağda yaxşı qurulmuş, düzənli ordu yaratdıqlarından duruxduqlarını deyirdilər.
1919-cu il sentyabrın 13-də Hacıqabul stansiyasına gələn qoşun ayrıldı, alaylar öz yerlərinə getdilər.
5-ci Bakı alayı başkəndə çatan kimi tələsik, Lənkəranda saxlanmış 3-cü taborunun yerini doldurmağa başladı.
Ordu bakanının buyuruğundakı sözlər, Azərbaycan Ordusunun yüksək düzənini, dözümlüyünü göstərirdi. (Buyuruq № 420. 19 sentyabr 1919-cu il).
…2. Mən Lənkəran kəndini alıb, Azərbaycan Ağalığını tanıtdıraraq bölgədə yasaları uyğulamaq üçün üç ordu çeşidindən Birlik yaradıb, Baş Qərargahın başçısı general Həbib bəy Səlimovun başçılığından Lənkərana göndərdim.
Yaşıl [gənc] ordumuz Hacıqabuldan Lənkəranadək susuz, çox isti çöllərdən keçən 430 verst yolu 15 gündə xəstəsiz, geriqalansız keçdi. Yürüşdə qoşundakı düzən pozulmamışdır.
Yerli yaşayanlardan heç kim az da olsa incidilməmişdir. Yol üstündəki  kəndlərdə, köylərdə yaşayanlar subaylarla əskərlərin onlara sayğı ilə yanaşdığını bildirirlər. Bunu qoşun oradan gedəndən sonra getdiyim «mənim Lənkəranım»da özüm gördüm.
Köklü ordu görkəmi, örnək düzənilə hamını çox etkiləyən qoşun Lənkəranla Muğanı doğma Azərbaycana qaytarıb, çoxlu ordu yarağı ələ keçirərək, zorakılıqdan, anarxiyadan ağrı-acı çəkən yaşayanları qurtarıb toxtatdı.
Ordu görəvimin adından general Səlimova içdən çox sağolumu bildirirəm.
Qoşun alaylarının başçılarına, bütün subaylarına, sanitar görəvlilərinə yürüşdə, eləcə də durma yerlərində kiçik qardaşlarına düzəni saxlamaq üçün göstərdikləri qayğıya görə çox sağ olun, deyirəm.
Azərbaycan Ordusunun ilk yürüşündə özlərini igid, düzgün döyüşçü kimi göstərən yeniyetmə əskərlər çox sağ olsunlar!»….
Buyuruğu Ordu bakanı, tam artileriya generalı Səməd bəy Mehmandar qollamışdır.

(Ardı var).
«Qorsı Kavkaza» [«Qafqaz dağlıları»] 1932. №32, s. 25-28

Artırma: [İsrafil Bəy, general Həbib bəy Səlimovun bacarığını, igidliyini,  rus-erməni güclərinin bir adamını belə öldürmədən  ağılla susdurduğunu yazır. Bunlara söz yoxdur!
Bu, demokratik Azərbaycan Cümhuriyətinin dövlət siyasəti idi. Ararat Respublikasında türklərin, müsəlmanların acımasızca öldürüldükləri bir çağda Azərbaycan Cümhuriyətinin Ordu bakanı Səməd bəy Mehmandar Baş bakan Nəsib bəy Yusifbəyli, Milli Şuranın, Parlamentin «Müsavat və Bitərəflər Fraksiyası»nın başçısı, ulusal ideoloq Məhəmməd Əmin Rəsulzadənin ölkədə yeritdiyi demokratik quruculuğu siyasətindən qırağa çıxamazdı.
Səməd bəy Mehmandar 1919-cu il iyulun 23-də Lənkəran Sancağında yaşayanlara Çağırışında Azərbaycan Cümhuriyətinin ədalət, insan haqları, demokratiyanı qoruduğunu bildirirdi: «Yurddaşlar! Mən Azərbaycan Ağalığının buyuruğu ilə Lənkəran Sancağına yurddaş savaşına biryolluq son qoymaq, yasal düzən yaratmaq, savaşdanqıraq insanları incidən zorakılardan, adamöldürənlərdən qurtarmaq üçün qoşun göndərirəm.
Azərbaycan Ordusu Azərbaycanın ayrılmaz parçası olan Lənkəran Sancağına heç bir ulus, din ayrı-seçkiliyi qoymadan yasal düzən yaratmaq üçün gəlir.
Ordunun gözləmçiliyində yubatmadan toplumsal yönətim qurumları düzəldiləcəkdir…
Rus yurddaşları Azərbaycan Respublikasının  bu Sancağında yaşayan ellərlə eşit yurddaş saydığımdan onlara hər hansı soyğunçuluğa, zorakılığa yol verməyəciyimi bildirirəm.

  1. Rus köylülərinin indi əlində olan topraqları, atalarının topraqları, onların malıtək saxlanacaq, əllərindən alınamaz!…
    Mən qoşunbaşıya ordunun yaşayanları incitməməsi üçün gərəkənləri etməyi, yurddaşlara hərhansı zorakılıq edənləri ağır cəzalandırmağı tapşırmışam.
    Yaşayanlardan alınan şeylərin dəyəri ədalətlə ödənəcəkdir».
    Azərbaycan Ordusu izləyicilərinin 1919-cu il iyulun 7-dən gec olmayaraq verdikləri bilgiyə görə:

«1). Bolşeviklərin Lənkərandakı gücləri 1200-dən 1500-dəkdir. Onların çoxu orduda olmuş ruslarla ermənilərdir».
«Azərbaycan» qəzetinin 1919-cu il, 14 avqust tarixli 172-ci sayında  Azərbaycan Ordusunun Lənkəranı tutması ilə bağlı bilgisi: «Güvənli qaynaqdan aldığımız bilgiyə görə avqustun 12-si, gündüz saat 5-də muğanlılar ağalığı könüllü olaraq Azərbaycan yetkililərinə vermişlər. Azərbaycan Ordusu törənlə Lənkərana girib, orada 3 top, 2 pulemyot yerləşdirdi. Muğan qoşununun polkonik İlyaşeviçin başçılığındakı, ancaq ermənilərdən oluşan 400 adamlıq dəstəsi yaraqlarını sözsüz veriblər. Onlar Bakıdan ölkələrinə göndəriləcəklər. Ruslardan oluşan başqa bir dəstə yaraqlarını verməyib Muğan çölünə yayılıb. Azərbaycan Ağalığı Lənkəranda qonaqlıq vermişdir].

 

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv