Xaliq Bahadır. Azərbaycanda ildən ilə artan boşanmaların arxasında hansı güc dayanır?

“Milli Məclis” adlanan yerdə ölkəmizdə ildən ilə artan boşanmalarla bağlı dinləmə keçirildi. Bu, çox gərəkli iş idi, ancaq… İndiki siyasi sistem ortamında belə dinləmələr formal xarakter daşıyır, gerçək bir iş görmək üçün deyil, xalqı aldatmaq amacı ilə keçirilir. Ortada bu “müxalifət” tezisini doğrulayan iki önəmli fakt var: 1) bütünlüklə ANTİMİLLİ xarakter daşıyan indiki siyasi sistem; 2) dinləmələrə qatılanların boşanmalarla bağlı çox da yerinə düşməyən dəyərləndirmələri.
Birincidən başlayaq. 1993-dən bu yana ölkədə dəyişmək bilməyən daşlaşmış ANTİMİLLİ siyasi sistem qurulub. Demokratiya yoxluğu bir yana, burada kadr siyasəti ən aşağılardan ən yuxarılaradək daha çox tayfa-klan bağlarına bağlı olaraq, üstəlik, yaxşıların içindən ən yaxşıları seçməklə deyil, pislərin içindən ən pisləri seçməklə aparılıb, aparılmaqdadır. Belə prinsiplə formalaşdırılan hakimiyət nəyi doğura bilərsə, onu da doğurub: Azərbaycanda təpədən dırnağadək rüşvət-korrupsiya içində itib-batan siyasi sistem qurulub. İstər yüz yol Kəbəni dolanıb gəlsinlər, istərsə də min yol Vatikana milyardlıq yatırım qoysunlar, belə rejimi oluşduranlar, belə rejim başında duranlar xalqla bir ola bilməz, xalqa yanıb-dönməzlər.
Yürüdülən kadr siyasəti daha çox regional xarakter daşıyırsa, tayfa-klan bağlarına bağlı olursa, üstəlik, pislərdən ən pisləri seçib önə çəkmək prinsipinə daha çox önəm verilirsə, demək, ölkə, xalq, dövlət üçün uğursuzluq planlaşdırılır. Biz uzun illərdir belə görsəniş içindəyik. İllər keçir, doğal resurslarla bunca dolu olan bir ölkədə xalq yoxsulluq-yolsuzluq içində batıb gedir. İstənilən ölkədə belə ola bilər: hakimiyət komandası böyük resurslara baxmayaraq, xalqı yoxsulluq-yolsuzluq bataqlığına batırar. Belədə, sözsüz, iki dəyişiklik gərəkir: 1) komanda dəyişikliyi;  2) hakimiyət dəyişikliyi. Komanda dəyişikliyini başda duran kimsə, deyək, prezident edir. Necə? Kəskin reformist addımlar atmaqla – radikal kadr dəyişikliyi yoluyla. Hakimiyət dəyişikliyi birbaşa xalqın işidir: 1) xalq elliklə ayağa qalxaraq devrim yoluyla  hakimiyəti dəyişir; 2) demokratik seçkilər yoluyla hakimiyət dəyişikliyi edilir. Bizdə ABŞ dövlət departamentinin də dönə-dönə vurğuladığı kimi, xalqın hakimiyəti dəyişmək hüququ əlindən alınıb. Korrupsioner dövlət hakimiyəti geniş soyub-yağmalama yoluyla xalqa, ən azı, indiki durumda diz çökdürüb. Prezident (indilikdə İlham Əliyev) açıq-açığına başında durduğu korrupsiya komandasından ayrılmaq istəyində deyil. Bu fakt isə qaçılmaz olaraq ölkəni daha böyük yolsuzluğa sürükləməkdədir. Bu böyük yolsuzluq işsizliyi, evsizliyi, dolanışıq dözülməzliyini doğuran başlıca faktordur. Getdikcə artan boşanmaların, ailə dramlarının – ailə dağılmalarının kökü buradadır.
Gəlirləri, demək olar, yalnız neft-qaza bağlı ərəb ölkələrində xalqa doğulandan sonadək yüksək yaşayış olanağı yaradılır. Doğal resursları aşıb-daşan Azərbaycanda isə, bir ailənin, bu ailəyə yaxın olanların ölkədəki bütün başlıca gəlir qaynaqlarına təkbaşına yiyələnməsi üzündən, üstəlik, onların xalqı acgözlüklə soyub-yağmalamaları üzündən hər ay ölkədə ən azı min ailə dağılır. Bu, Azərbaycan kimi milli-mənəvi dəyərlərin min illər boyunca bərkinib-oturuşduğu, eləcə də ailə institutunun min illər boyunca, demək olar, toxunulmaz qaldığı bir ölkədə baş verir. Bu faktın kökündə isə bir ailənin (Əliyevlər ailəsinin) “əbədi” olaraq hakimiyətdə qalmaq istəyi dayanır. Bircə Bakıda minlərlə Azərbaycan gənci işsizlik-evsizlik üzündən ailə qura bilməzkən bəlli bir ailə Bakıdan Panamayadək milyardlara yiyəlik edir – sözü gedən dinləmədə belə faktlar önə çəkilməli idi. Təkcə neft-qaz gəlirlərinə bağlı qonşu Türkmənistanda dövlət gənclərə bir çox böyük güzəştlərlə yanaşı, pulsuz toy edir, ev verir, bizdə isə böyük çətinliklə qurulan ailələri dağıtma siyasətləri yürüdülür…

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv