
Öndə Azərbaycanın düşmənlərini yenməyə yönəlik döyüşən Ordu, arxada Azərbaycanı illərlə yenən, yenməyə yönəlik satqın-korrupsioner məmur ordusu. Ölkəni yalana-yaltaqlığa bürüməklə illər uzunu xalqa yenilgənlik aşılayan korupsioner rejimlə gərəkən aşamaları aşmaq, gerçək, dayanıqlı uğurlar qazanmaq olmaz! Dünyanın ən güclü ordusu olsa belə, ön cəbhənin gücü arxa cəbhəyə bağlıdır. Arxa cəbhəyə baxın, bu, bütünlüklə korrupsiya cəbhəsidir – bir çağlar “Səni Qarabağa mən göndərməmişdim” deyə, keçmiş Qarabağ döyüşçülərini kabinet qapısından qovanların, Zaur Həsənovları ermənicəsinə yandırıb balalarını yetim qoyanların cəbhəsi! Bizim ermənilik üzərində (eləcə də hər hansı düşmən üzərində) gerçək uğurumuz rüşvətdən-korrupsiyadan bütünlüklə uzaq MİLLİ DEMOKRATİK hakimiyətdən keçir…
Başqa gəlirlər bir yana, az arada MİLYARDLARLA neft pulları gəlib getdiyi ölkədə təhsil, sağlamlıq sistemlərimiz acınacaqlı durumdadır. Ölkədə təhsilin yükü dövlət soyğunçuluğu yoluyla yoxsullaşdırılmış xalqın üzərindədir. Eləcə də sağlamlıq sistemi dövlət soyğunçuluğu yoluyla yoxsullaşdırılmış xalqın olar-olmazına bağlıdır. Doğal resurslardan yoxsul Gürcüstanda tibb sığortasının uyğulanması yoluyla dövlət yurddaşın sağlamlıq sorunlarıyla bağlı yükünü, demək olar, bütünlüklə öz üzərinə götürüb. Gürcüstan az bir arada dönməz demokratiya yoluna çıxardılıb, Azərbaycan Əliyevlərin əliylə demokratiya yolundan diktatura yoluna döndərilib. Diktatura özünü yaşatmaq üçün istər ölkə içində, istərsə də ölkə dışında düşmən axtarışlarına ara vermir, bu yolla xalqı basqı altında tutmağa çalışır. Rüşvət-korrupsiya ortamında dağıdılıb kor qoyulan təhsil sistemi, xalqı durmadan sürüləşdirməyə yönəlik televiziyalar, rejimə bağlı media beyinləri yuyub analitik düşüncə faktorunu aradan qaldırmaqla bütünlüklə diktatorun diktatura yetkililərinin əlinə oynayır.
Başında Bismarkın dayandığı Prussiya 1870-ci ildə Fransanı böyük uğurla yenmişdi. Bu böyük uğurla bağlı Bismarkın özünü öyəcyini gözləyərək ondan soruşmuşdular: “Bu savaşı udan kimdir?” Bismark anındaca bildirmişdi: “Prussiya öyrətməni”. Bismarkın bu cavabını tarixin ən böyük dərslərindən saymaq olar. Bismark o çağlar Prussiyada bütün Avropaya örnək olacaq qabaqcıl təhsil sistemi yaratmışdı. Bu baxımdan Prussiyanın ən böyük, ən önəmli öyrətməni (müəllimi) ölkəsini, xalqını sonsuz sevgilə sevən Otto fon Bismarkın özüydü!
ABŞ-ın basqısıyla uzaq Panamada gizlinlər açılır, Putin başda olmaqla bir sıra dövlət başçılarının başında durduğu ölkədən–xalqdan oğurlayıb Panamada ört-basdır etdikləri pulların – milyardlarla dəyərində oğurluq faktlarının üstü açılr. Azərbaycan prezidenti adlanan İlham Əliyevin də milyardlarla Panama gizlinində adı keçir. “Azərbaycan xalqının maraqları mənim üçün hər şeydən üstündür”, – demək eləcə sözdür, ən azı, indi bunu doğrulamaqdan ötrü xalqdan oğurlanmış o milyardları ölkəyə qaytarmaq, xalqa, başlıcası da şəhid ailələrinə paylamaq gərəkdir.
Bircə elə Bakılda gedən “tikinti-quruculuq işlərinə” baxmaqla ölkədə xalqı sevməyən dağıdıcı hakimiyətin olduğunu görmək olar. Böyük-böyük binalara 3-5 milyon manat pul ayrılmaqla təmir işləri aparılır, sonra bu binalar uçurdulmaqla yerində 10-15 milyona yenisi tikilir. Bakı – Sumqayıt yolunda, başlıcası yolun Binəqədi rayonuna düşən bölümündə bir neçə il qabaq çox böyük, milyonlarla manata başa gələn işlər görülmüşdü: yolun sağ-soluna torpaq daşınmış, yaşıllıq yaradılmış, bahalı ağaclar əkilmişdi. İndi, aradan vur-tut bir neçə il keçmiş, bunların hamısı traktor-buldozerlərlə uçurulub-dağıdılır. Bütün bunlar dağıdıcı hakimiyət görsənişləridir: Əliyevlər hakimiyətinin Bakıyla, Azərbaycanla bağlı strategiyası – baş planı yoxdur. Bu isə hansısa yolla əldə edilən böyüklü-balacalı uğurları tez-gec uğursuzluğa çevirəcək görsənişlərdəndir!