Yadigar Türkel. Nizamülmülkün «Siyasətnamə» anıtındakı dövlətçilik ilkələri, ya da çağdaş Azərbaycan Respublikası siyasətçilərinə yönətim dərsi

Nizamülmülkün «Siyasətnamə» əsəri Orta çağda, Böyük Səlcuqlar dönəmində (1038-1308), Doğuda siyasətlə siyasi ilişkilərdən, dövlətçilik ilkələrindən yazılmış ən yaxşı nəzəri-təcrübi anıtlardandır. Onu Platonun «Dövlət», «Qanunlar», «Siyasətçi», Aristotelin «Siyasət» əsərlərilə tutuşdurmaq olar. «Siyasətnamə» daha təcrübi özəlliklidir.
Tarix boyu öyrənilən köklü elmi-siyasi konular siyasət, siyasi ilişkilər, siyasi ilkələr, dövlət yönətimi, ədalət, ədalətli ölkə, ədalətli şah, şahın hökuməti – yönətimi ardıcıl dəyişməsinin gərəkliyi, dünya hökmranlığı, dünya dövləti, dünya barışı, yurdun toxunulmazlığı, ölkə dolandırmaq, insansevərlik – humanizm, insan haqlarının qorunması, xalqın özgürlüyü, zülm, zorakılıq, zorbalığın yolverilməzliyidir.
«Siyasətnamə»də də dövlət, dövlət yönətimi, yönətim bacarığına – yetənəyinə çox önəm verilmişdir.
«Siyasətnamə»də daha çox da XVII-ci yüzildən Batı Avropada gəlişən, insan, millət haqlarının qorunmasına dayanan demokratiya ilkələri yoxdur. Burada mütləq monarxiya, dövlət hakimiyətinin üstünlüyü ruhu hakimdir, siyasi rejim mütləq hakimlikdir.
Anıtdakı ana ilkə kimi görünən  dövləti qoruyub saxlamaq yetənəyi makiavellizmə bənzəyir.
Makiavellizm siyasi istəyə çatmaq üçün bütün yolları yararlı, ədalətli saymaqdır.
Bu baxışın yaradıcısı Nikola Makiavellinin (1469-1527) düşüncəsincə, «Dövlətin güvənliyi yeridiləcək qərardan asılıdırsa, onun ədalətli, ya ədalətsiz, insani, ya sərt, xoş, ya ayıb olması düşünülməməlidir. Hər şeyi qırağa qoyub bir şey sorulmalıdır: bu qərar dövləti və onun suverenliyini qurtaracaqmı?».
Ancaq «Siyasətnamə»dəki mütləq hakimlik istəyi ədalət, insan haqları, islam dininin «Sizə insanları yarğılamaq hüququ verilərsə, onları ədalətlə yarğılayın», «Güc ədalətdədir!», «Ədalət padşahlığın başlıca şərtidir» ilkələrilə sınırlıdır.
Dövlət yönətimi dövlətin yuxarıdan aşağıya siyasi subyekt kimi ortaya çıxdığı yönətimdir. O, hakimlik koşullarının çoxluğu, universallığı ilə ayrılır, inzibati və güc uyğulayır, toplumda legitim, yasal ilişkilər qurur, onun sosial qaynaqlarını milli maraqlara uyğun düzənləyir. Ancaq bu işlərin çoxu yönətim düzəyində olduğundan siyasət adlanmır.
Dövlət yönətimi ancaq içdə, dışda milli-toplum düzəyinə qalxıb milləti qorumağa yönələndə siyasət adlanır.
Dövlət – siyasət millətin iradəsinin göstəricisidir!
«Siyasətnamə»də dövlət yönətimi – hakimlik allahın hər hansı kəsə verdiyi ən üstün hüquq, islam dini isə dövlətin vazkeçilməz ilkəsidir.
Hökmdar rəiyətini qorumağa borcludur, onun toxunulmazlığından sorumludur. Rəiyət onu zorla devirməyə qalxmamalı, şah, sultan, başqa hakimlər toplumda alqılanan gələnəklərə uyğun ardıcıl dəyişdirilməlidir.
«Siyasətnamə»də hakimlik haqqının irsi yolla atadan oğula keçməsi, şəriətəuyğunluq üstündür.
«Siyasətnamə»də insan haqlarının qorunması dövlətin özül ilkələrindəndir.
«Siyasətnamə» anıtında zorakılıq, zorbalıq, «qul haqqı yemək» kimi yolsuzluq yolverilməzdir.
«Siyasətnamə»nin yazılması haqqında Nizamülmülkün dediklərinə baxaq: «Kitablar xəzinəsinin nasihi bu kitabın yaradılması səbəbi haqqında belə deyir ki, möminlərinin anılmış əmiri xoşbəxt sultan Əbülfəth Məlikşah bin Məhəmməd – allah onun yolunu işıqlandırsın – dörd yüz səksən dördüncü ildə bir neçə dünyagörmüş, müdrik və alim şəxsə buyurdu: hər biriniz bizim məmləkət haqqında düşünün, görün bizim zəmanədə nə kimi pisliklər var, nə səbəbə bizim sarayda, dövlət və divan idarələrində, məclislərimizdə belə nalayiq işlərə yol verilir, görün nələr bizim üçün gizlində qalmışdır, bizdən əvvəlki şahların hansı vəzifələrini biz yerinə yetirmirik. Bundan əlavə, Səlcuqlar sülaləsinə aid olan keçmiş şahların gördükləri bütün işləri, ayin və ənənələrin hamısını yazıb təqdim ediniz. Biz onları nəzərdən keçirib bir az fikirləşdikdən sonra elə edərik ki, bundan sonra dünya və axirətin bütün işləri öz qaydasında getsin, hər vəzifə layiqincə yerinə yetirilsin, bəd əməllərdən qaçılsın. Böyük yaradan bu dünyanı bizə bəxş etmiş, nə qədər nemət varsa hamısını bizə vermiş, düşmənlərimizi isə məğlubiyətə uğratmışdır. Bundan sonra bizim ölkəmizdə heç bir şey naqis, heç bir tədbir nöqsanlı olmamalı, heç bir şey bizim gözümüzdən qaçmamalıdır».            Nizamülmülkün düşüncəsincə, bu siyasi yönətim, siyasi aktorların davranış yasalarını öyrədən kitab olmalı idi. Onu yazmağı tapşıran Sultan Məlikşahı «…elə şeylər düşündürür ki, rəiyətin bundan başı çıxmaz, ağıl, bilik və kamalı ona çatmaz. Lakin mənə əmr etdi ki, şahlar üçün ən zəruri və onlarsız keçinmək mümkün olmayan yaxşı xüsusiyətləri yaz, əvvəlki şahların gördükləri, indi isə unudulmuş yaxşı-pis nə varsa hamısını qələmə al. Mən də qarşıma çıxan eşitdiklərim, bildiklərim və oxuduqlarımdan nə yadımda isə şahın yüksək əmrinə müvafiq olaraq qısa şəkildə bir neçə fəsli yazdım, hər fəslə nə layiq idisə, onu da aydın bir ifadə ilə deməyə çalışdım, bunu böyük allahın köməyilə etdim».
Siyasətçi Nizamülmülk bu anıtı yazmaqla çağın insanları üçün çox dəyərli iş gördüyünü anlayır, Onca, «Heç bir padşah və hökmdar bu kitabı oxumadan keçinə bilməz, xüsusilə indiki dövrdə. Nə qədər çox oxusalar, din və dövlət işində o qədər çox sayıq olarlar, doğru tədbir yolları onlar üçün daha geniş açılar, saray, dərbar, divan, məclis, meydan, ordu başçıları və rəiyətin vəziyəti onlar üçün daha aydın olar, ölkə daxilində uzaqdan-yaxına, böyükdən-kiçiyə qədər heç bir şey onların gözündən qaçmaz».
«Siyasətnamə»də siyasətin «yönətimə gəlmək, onda qalmaq və yararlanmaq» ilkəsi önəmlidir. Burada dövlət, çağın dini-siyasi düşüncəsinə uyğun olaraq, allahın yer üzündə əmin-amanlıq yaramaq üçün birilərinə verdiyi görəvdir. Nizamülmülkcə, «Böyük yaradan  hər əsrdə insanlar arasında bir adam seçib ona şahlara məxsus istedad və qabiliyət  bəxş edir, ona ad və şöhrət qazandırır, dünyanın asayişini, rəiyətin yaşayışını ona tapşırır, fitnə-fəsad qapıları onun vasitəsilə bağlanır. Onun qorxusu qəlblərə çökür, əzəməti göz qamaşdırır. Bunun nəticəsində insanlar onun ədaləti sayəsində güzəran keçirib əmin-amanlıqla yaşayır və onun dövlətinin davamını istərlər».
Ötən 200-250 ildə dünyada dövlət anlayışı, dövlət quruluşları, siyasi rejimlərin özəllikləri çox dəyişmişdir. Bu üzdən dövlət haqqında  bir sıra genəl bilgi verək.
Dövlət insanların ilişkilərini hüquq yasaları, dövlət aparatının yardımı ilə düzənləyib toplumda birlik yaradan ən yüksək siyasi qurum, hüquq olayı, toplumun tarixi gəlişiminin doğal, yasal sonucudur.
Qədim türklər dövlətə El, İl deyirdilər. Dövlət ata kimi alqılanıb, iki dayağa – ailə və orduya dayanır, qutsal sayılırdı. Buna görə Orta çağda Türklərə «Ordu-millət» demişlər.
Bizcə, dövlətin çoxlu anlamlarının ən yaxşılarından biri, onun toplumun özünü qorumaq, daha yaxşı yaşamaq üçün qurduğu siyasi, hüquqi, sosial-mədəni, ruhi-mənəvi ilişkilər sistemi olmasıdır. Bunu edən toplum millətə çevrilir.
«Siyasətnamə» anıtındakı siyasi yönətim düşüncəsi Orta çağın feodal dövlət yönətimi düşüncəsidir. Türk Səlcuq sülaləsinin qurub yönətdiyi bu böyük, güclü dövlət dini nəzarətdə saxlamağa çalışsa da, islam dininin dövlət quruluşuna etkisini bütünlüklə kəsməyib ondan yönətim aracı kimi yararlanırdı.
«Siyasətnamə»də insanların halı, ruzigarın dövranı və dünya hökmdarının mədhi haqqında  –  allah onun dövlətini sabit etsin, padşahların allah-taalanın verdiyi nemətin qədrini bilmələri haqqında, şahların şikayətə baxmaları, ədalət, mərhəmət və xeyirxahlıq haqqında, amil, vəzir, qulam və başqalarının  işlərinə nəzarət haqqında, müqtilər, onların rəiyətlə rəftarı və özlərini necə aparmalarına nəzarət haqqında, qazi, xətib, möhtəsib, onların işlərini yaxşılaşdırmaq və zülmlərinin qarşısını almaq haqqında, amil, qazi, şihnə və rəislərin işlərinə nəzarət qaydaları haqqında, din, şəriət və bu kimi işləri öyrənib nəzarət altına almaq haqqında, dövlət müşrifləri və onların maaşlarının zülmsüz verilməsi haqqında, sahibxəbər münhilər və ölkəni idarə üçün onlarla məsləhətləşmək haqqında, ali fərmanların, dərbardan verilən əmrlərin hörməti və yerinə yetirilməsi haqqında, böyük və məsuliyətli işlər üçün saraydan qulamların göndərilməsi haqqında, casuslar göndərmək, ölkə və rəiyətin vəziyətini yaxşılaşdırmaq tədbirləri haqqında, qasid və göyərçinlərin ardıcıl göndərilməsi haqqında, məst və ayıqlıqda əmirlərin verilməsində ehtiyatlı olmaq haqqında, saray vəkili və onun  işlərini yaxşılaşdırmaq haqqında, nədimlər və adil padşaha yaxın olanlar haqqında, padşahın öz işləri haqqında alim və filosoflarla məsləhət etməsi haqqında, müfridlər, onların hərbi ləvazimatı, işlərinin nizama salınması haqqında, sarayda daş-qaşla bəzədilmiş silahların saxlanması haqqında, elçilərin işlərinin mahiyəti, onların qarşılanıb, yola salınması haqqında, mənzil yerlərində ehtiyat ələflərinin saxlanması haqqında, orduya aid mal-dövlətin açıq saxlanması haqqında, hər növ ordu hissələrinin saxlanması haqqında, sarayda girov istəyib saxlamaq haqqında, türkmənlərin sarayda qulam, türk və başqaları kimi saxlanması haqqında, xidmət zamanı qulları incitməmək və onların işini sahmana salmaq haqqında, sarayda əyan-əşrəf və qara camaatı qəbul etmək qaydaları haqqında, şərab məclisi düzəltmək qaydaları və onun şərtləri haqqında, xidmət vaxtı qul və aşağı görəvlilərin durma qaydaları haqqında, müharibə və yürüş yaraqlarının, alət və silahlarının hazırlanması haqqında, ordu, qul və saray adamlarının ehtiyac və xahişləri haqqında, qüsur və səhvə yol verən böyük vəzifəli adamların məzəmmət edilməsi haqqında, keşikçilər, növbətçilər və qapıçılar haqqında, gözəl süfrə və onun şah qarşısında açılma qaydaları haqqında, layiqli xidmətçilər və qulların mükafatlandırılması haqqında, iqta sahiblərinə qarşı ehtiyatlı olmaq haqqında, məmləkət işlərində şahın tələsməməsi haqqında, əmir-hərəsçubdarlar və cəza dəstələri haqqında, şahın allah bəndələrinə bəxşiş verməsi, hər iş və adətdə qaydaya riayət etməsi haqqında, iki işi bir adama tapşırmamaq, işsizlərə iş vermək, onları məhrum etməmək, vəzifəni layiqli və əqidəli adama tapşırıb, nalayiq, bədməzhəbə verməmək haqqında, üzüörtülülər və ordu başçılarının rütbələrini  saxlamaq haqqında, ölkədə olan bədməzhəblərin vəziyətini aşkara çıxarmaq haqqında, Məzdəkin xürucu, onun məzhəbi və Nuşirəvanın onu öldürməsi haqqında, Gəbr Sunbadın xürucu və xürrəmdinlərin meydana çıxması haqqında, Kuhistan, İraq, Şam, Xorasan, Xuzistan, Bəhreyn, Ləhsa, Məqrib ölkələrində qərməti və batinilərin meydana çıxması, onların törətdiyi fəsad və qırğınlar haqqında, xürrəmdinlərin İsfahan və Azərbaycanda xürucları haqqında, xəzinənin qayda və nizamda saxlanması haqqında, şikayətçilərin ərizələrinə cavab vermək, işlərinə baxmaq və ədalətli hökm çıxarmaq haqqında, hesab, gəlir və vergiyə nəzarət qaydaları kimi dövlətçilik məsələlərinə önəm verilmişdir.
Çağımızda siyasi yönətim ilkələrinin qoyuluşu bir az ayrılsa da, siyasi yönətim, ədalət, insan haqlarının qorunması və b. ilkələrin özəyi tarix boyu az dəyişmişdir.
Nizamülmülk «İnsanların halı, ruzigarın dövranı və dünya hökmdarının mədhi haqqında –  allah onun dövlətini sabit etsin» bölməsində hökmdarlığın islam düşüncəsinə uyğun, ədalət prinsipilə davamını belə görür: «Əgər qullardan üsyan, şəriətə qarşı etinasızlıq, itaət və ibadətdə qüsur baş versə və böyük yaradan bunun müqabilində onları tənbeh etmək, əməllərinin cəzasını daddırmaq istədikdə (allah-taala o günü bizə göstərməsin, belə bəladan bizi uzaq etsin!) onlara müxtəlif bəla göndərər, yaxşı şah onların arasından gedər, cürbəcür qılınclar qınından çıxarılar, coxlu qan axıdılar, kimin qolu daha güclüdürsə istədiyini eləyər, nəhayət o günahkarlar bu çaxnaşma və qanlı müharibələr içərisində məhv olub gedərlər.
Bu odun qamışlığa düşməsinə bənzər: qurular büsbütün alışar, ona qonşu olduqlarına görə yaşların əksəriyəti də qurunun oduna yanar. Sonra allahın köməyilə bəndələrdən birinə xoşbəxtlik üz verər. Dövlət əlinə keçər, allah-taala ləyaqətinə görə ona tale bəxş edər, ona ağıl və bilik verər ki, o da bu ağıl və bilik sayəsində əli altında olanların hərəsinin öz yerini bilsin, hərəsinə özünə layiq vəzifə və mənsəb tapşırsın, xidmətçiləri və onların köməkçilərini adamların içindən seçə bilsin, onların hərəsinə bir iş və peşə versin, din və dünya işlərinin yerinə yetirilməsində onlara inansın».
Nizamülmülkcə, «elə ki, rəiyət itaət edib öz işlərilə məşğul olmağa  başladı, onları incitməməli, öz ədaləti nəticəsində rahat güzərən keçirmələrinə imkan yaratmalıdır. Lakin xidmətçilərdən və mənsəb sahiblərindən biri yenidən nalayiq işlərlə məşğul olub əliuzunluq etməyə başlasa, öyüd, nəsihət, qulaqburması ilə səhvini başa düşüb  düzəlsə, onu həmin işdə saxlamaq olar, yox, qəflət yuxusundan ayılmasa, təxirə salınmayıb, dərhal layiqli bir şəxslə əvəz edilməlidir.
Nemətin qədrini bilməyən, naşükür, əmin-amanlığa, rahatlığa qiymət verməyən, ürəyində xəyanət haqqında fikirləşən, açıqda dikbaşlıq edib həddini aşan adamları qüsurlarına müvafiq danlayıb məzəmmət etməli, günahlarına mütabiq cəza verməli, sonra onu rahat buraxmalı, həmin günah üstündə bir daha incitməməlidir».
Sınanmış siyasətçinin dediyi bu sözlər o çağın islam hüququ və ədalətə dayanan türk dövlətlərinin yönətim ilkələridir.
Nizamülmülk bundan sonra şahın təsərrüfat-quruculuq görəvlərini sıralayıb, «Şah dünyanın abadanlığı ilə məşğul olmalı, kəhrizlər çəkdirməli, arxlar qazdırmalı, böyük çaylar üzərində körpülər saldırmalı, kəndləri, talaları abad etməli, qalalar ucaltmalı, yeni şəhərlər saldırmalı, yüksək binalar, gözəl malikanələr tikdirməli, böyük caddələrdə karvansaralar yaradılmasına əmr etməlidir. Bu işlərdən onun adı əbədi olaraq qalar, savabı isə o dünyada çatar, ona həmişə xeyir-dua oxunar», deyir.
Çağdaş dünyanın anayasalı demokratik dövlətlərinin çoxu yönətim bölgüsü ilkəsilə işlədiyindən, şahların – prezidentlərin – dövlət başçılarının çoxu hökumətə verilmiş bu kimi görəvlərdən özgürdür, dövlət-millət hakimiyətinin göstəricisi-nişanı-simvolu sayılırlar. Ancaq dövləti kimin yönətməsi işin formal yönü olduğundan, yuxarıda sayılan, bugünkü yaşamın da ortaya çıxardığı yeni ilkələr siyasi yönətimin görməli olduğu ən gərəkli işlərdəndir.
Nizamülmülk şahın ağıl-kamalının üstünlüyünün gərəkliyini, türk Sultan Məlikşah və türk dövlətlərilə bağlayır. O, tarixi-siyasi öygüyə yer verib, Sultan Məlikşahın soyunun Əfrasiyaba (Alp Ər Tunqaya) çatması – türklərin dövlətçilik tarixinin qədimliyilə ədalətini öyməklə son 200 ilin tarix uyduranlarını susduracaq bilgilər yazır: «İndi allah-taala elə istəmişdir ki, keçmiş tarix yenidən təkrar edilsin, əvvəlki şahların rəftarı bərpa olunsun, xalq bundan əvvəlkilərin ağlına belə gəlməmiş bir xoşbəxtliyə çatsın, ona görə də o, nəsli iki böyük nəslə, ata-babası gedib Əfrasiyaba çatan, dünyanın hökmdarı, ən böyük sultanını yaratdı, onu dünyanın şahlarına nəsib olmamış kəramət və üstünlüklərlə bəzədi, şahlara nə lazımsa, gözəllik, xoşxasiyətlik, ədalət, mərdlik, qoçaqlıq, at çapmaq, silah oynatmaq, bilik, bütün sənətlərdən istifadə etməyi bacarmaq, şəfəqqət və mərhəmət, səxavət və sədaqət, nəzir vermək, ehsan paylamaq, dini doğru, etiqadı təmiz, ibadətçi olmaq, allahın buyurduğunu yerinə yetirmək, çox gecə namazı qılıb, artıq oruc tutmaq, elm adamlarına hörmət edib zahidlərə əl tutmaq, əməlisaleh və hikmət sahiblərinə kəramət göstərmək, yoxsullara sədəqə, məzlumlara yaxşılıq, xidmətçilərlə yaxşı rəftar etmək, rəiyəti zülm edənlərdən qorumaq – o, bunların hamısını ona bəxş etdi.
Allah-taala ləyaqət və etiqadına görə hər iki dünyanın var-dövlətini ona nəsib etdi, onun heybət və siyasətini bütün ölkələrə yaydı. İndi bütün dünya ona xərac verir. Yaxın olanlar onun qılıncının zərbəsindən əmin-amanlıqda yaşayırlar.
Doğrudur, bəzi xəlifələrin dövründə də ölkənin sərhədləri genişləndirilmiş, torpaqları artmışdır, lakin heç vaxt ürəklər sakit olmamış, onlar həmişə təşviş içərisində yaşamış və xəvariclərin xüruc edəcəklərindən narahat olmuşlar.
İndi isə allaha şükür ki, bu mübarək gündə dünyada elə adam tapılmaz ki, ürəyində iğtişaş niyəti, başında üsyan arzusu olsun. Allah-taala bu dövləti qiyamətə qədər var etsin, bədnəzərlər və eynəlkəmallar  bu ölkədən uzaq olsun!
Qoy xalq dünya hökmdarının ədaləti və siyasəti himayəsində güzəran keçirib xeyir-dua ilə məşğul olsunlar.
Dövlətin vəziyəti dediyimiz kimi olduğunda biliyin səviyəsi, yaxşı ənənələrin səciyəsi də dövlətə uyğun olar. Onun biliyi elə bir məşələ bənzər ki, ondan çoxlu işıq yaranar və xalq bu işıqlı yolu tapıb zülmətdən xilas olar, onun özünün isə heç bir müşavirə və bələdçiyə ehtiyacı yoxdur».
Çağdaş demokratik dövlətlərdə siyasi sistemin geniş seçkili quruluşu, ağılsız, savadsız, bacarıqsız, millətdən, milli ruhdan uzaq, yaşamında pis işlərə qurşanmış, uğraşmış kəslərin yönətimə gəlməsini çətinləşdirsə də, dünyanın bir çox yerində, daha çox da MDB ölkələrində, Orta Doğuda, Afrikada bu yolla da ən yüksək ağıl, bilik, siyasi-əxlaqi dəyərli insanların dövlətin başına keçirilməsində çətinliklər yaranmışdır.
Buna ən yaxşı örnək, başda Rusiya Federasiyası olmaqla bir çox MDB dövlətini göstərmək olar. Bu «mafiya siyasəti»nin əsas yönəldicisi də Rusiya Federasiyasıdır.
Keçmiş sovet respublikalarını siyasi etkisində saxlamağa çalışan Rusiya Federasiyası Ukrayna, Moldova, Ermənistan, Azərbaycan, Qırğızıstan, Tacikistan dövlətlərində «öz adamları»nı yönətimə gətirib, onların avtoritar siyasi rejimlərini, milli maraqlardan uzaq, kötü yönətimlərini qoruyub saxlamağa çalışır.
Son illərdə ABŞ, Fransa b. gəlişmiş demokratik dövlətlərdə seçki yolu ilə yönətim başına gəlmiş prezidentlərin şəxsiyətlərinə, yeritdikləri siyasətlərə bütün dünyada yaranmış inamsızlıq bu işlərin hələ də çox qarışıq olduğunu göstərdi.
Sınanmış siyasətçi Nizamülmülk şahın ədalətə uymasının gərəkliyini bildirir, çünki islam dininə görə, qiyamət günü bütün işlərin hesabı sorulacaqdır: «Şahlar, allahı – onun şəni böyük olsun – razı salmalıdırlar, allahın (adı böyük olsun) razılığı ilə xalqa edilən ehsan, onlar arasında yayılan ədalətlə olar. Xalqın dühası şahın dühası ilə birləşdikdə ölkə möhkəmlənir, günü-gündən inkişaf edər, dövlət qapıları açılar və xoşbəxtlik hökmdarın üzünə gülər, bu dünyada yaxşı ad qazanar, o dünyada hesabı yüngül olar. Odur ki, deyiblər: «Dövlət küfrlə dağılmaz, zülmlə dağılar».
Ədalət əxlaqi, hüquqi, fəlsəfi, dini, sosial-siyasi, ruhi-mənəvi kateqoriyadır. O təklərin, sosial qurumların, qrupların, dəstələrin toplumun yaşamındakı rolu ilə onların sosial durumu, hüquqları, görəvləri, əməkləri qazancları, maraqlarının ödənməsi, ödülləri, cinayətləri, cəzaları, olayları bəyənmələri arasındakı uyğunluğu göstərir.
Bu koşullar arasındakı uyğunsuzluq ədalətsizlik kimi anlaşıldığından ədalət ruhi-mənəvi dəyər qazanır.
Ədalətin böyüklüyü, özəlliyi toplumun genəl gəlişim düzəyindən, siyasi sistemin quruluşundan, siyasi, eləcə də milli elitadan, toplumdakı ruhi-mənəvi ilişkilərdən, ondakı ədalət duyğusundan asılı dəyişir.
Çağdaş dünyada  demokratik dövlət quruluşlarına üstünlük verilir, çünki demokratik dövlət quruluşu daha ədalətli sayılır.
Demokratik dövlətlərdə xalqın, onun iradəsinin sözsüz üstünlüyü tanınır, insan haqları daha yaxşı qorunur, özgür insan tərbiyə edilir.
Son dönəmdə Orta Doğunun Tunis, Misir, Liviya, Yəmən, Bəhreyn kimi ölkələrindəki olaylar siyasətin başlıca anlamlarından birini bir daha təsdiqlədi.
Siyasət – millətin iradəsinin göstəricisidir!
Ancaq bu yolla da ədalətə tam çatmaq olmur. Buna görə də siyasətçilərin, insanların, başçıların, yönəticilərin, ədalətin elmi, siyasi, ruhi-mənəvi özəlliklərini dərindən öyrənib anlamaları çox önəmlidir.
Nizamülmülk «Siyasətnamə»də yazdığı dörd incə, tərbiyəvi rəvayətlə zülmkar şahın qiyamətdə hesab verəcəyini söyləyib, Sultan Məlikşaha deyir: «Dünyanın hökmdarı (allah onun dövlətini əbədi etsin!) həqiqətən bilməlidir ki, onun hökmü altında olan bu camaatın cavabını o böyük gündə ondan soracaqlar və əgər başqasının boynuna atsa, qəbul etməyəcəklər».
Buna görə də, «şah bu mühüm işi heç kəsə tapşırmamalı, özünün və xalqın işindən qafil olmamalıdır, açıq və gizli məsələləri bilməli, xalqın halına yanmalı, uzun əlləri qısaltmalı, zalımların zülmünün qarşısını almalıdır, onda o tək allahın köməyilə onun dövləti güclənər, çörəyi bərəkət tapar, ölkədə bolluq olar».
Anıtın «Şahların şikayətə baxmaları, ədalət, mərhəmət və xeyirxahlıq haqqında» bölməsindəki məsələlər çağdaş yüksək dövlət yönətimində yasalar, qərar və normativ aktlarla tənzimlənsə də, onlar bu gün də siyasi və yönətim dəyərini itirməmişdir.
Nizamülmülk yazır: «Padşah ən azı həftədə iki gün şikayətə baxıb zalımlara cəza verməli, bilavasitə öz qulağı ilə rəiyətin sözünü eşitməlidir. Onlar mühüm olan məsələləri deməli, hər məsələ haqqında isə şah fərman verməlidir».
Nizamülmülkcə, «Elə ki, şahın həftədə iki dəfə məzlumları, şikayətçiləri qəbul edib onlara qulaq asma xəbəri ölkəyə yayıldı, bütün zalımlar vahiməyə düşüb yerlərində rahat oturar və cəzanın qorxusundan heç kəsə əziyət verməyə cəsarət etməzlər».
Nizamülmülk bu yönətim ilkəsini bir neçə incə rəvayətlə kökləşdirir.
Nizamülmülk dövlət vergisinin yasaya uyğun, ədalətlə, millətin yararını, yarınını düşünərək alınmasının gərəkliyini deyib, əsərinin «Amil, vəzir, qulam və başqalarının işlərinə nəzarət haqqında» bölməsində yazır:       «Amilə iş tapşırdıqda onlara nəsihət edib öyüd vermək lazımdır ki, allah bəndələrilə xoş rəftar edib, qanuni vergidən başqa heç bir şey istəməsinlər, vergini isə xoşluqla, xoş dillə almaq lazımdır.
Əlləri məhsula çatmayınca onlardan heç bir şey tələb etmək lazım deyildir, çünki vaxtından əvvəl istədikdə rəiyətə zülm olar, xırman vaxtı gəldikdə isə zərurət üzündən yarım dirhəm satmağa məcbur olar, iflasa uğrayıb didərgin düşərlər».
«Siyasətnamə» əsərində gözə alınmalı dövlətçilik ilkələrindən biri də dövlətin vətəndaşlarının mal-mülklərini, var-yatırlarını haqsız rəqabətdən qoruma görəvi, borcudur.
Nizamülmülk yazır: «Rəiyətin biri yoxsullaşıb, öküzə, toxuma ehtiyacı olsa, ona əl tutub borc vermək, yükünü yüngülləşdirmək lazımdır ki, yerində qalsın, evini tərk edib qürbət vilayətlərə getməsin».
Bu gün çağdaş Avropa dövlətlərində bu ilkə yüksək düzəydədir. MDB dövlətlərində, o sıradan Azərbaycan Respublikasında da buna uymağa çalışılır. Ancaq bu dövlətlərdə yolsuzluq geniş yayılıb, verilən yardımlardan, bank borclarından böyük faizlər alındığından əhali dövlətin sosial siyasətlərindən yetərincə yararlanamır.
Nizamülmülkün önəm verdiyi dövlətçilik işlərindən biri də vəzirlərə, çağdaş deyimlə bakanlara – nazirlərə nəzarətdir.
Siyasətçi yazır: «Vəzirlərin də işini nəzarət altında saxlamaq lazımdır ki, vəzifələrini layiqincə yerinə yetirib yetirmədikləri aydın olsun. Şahın və ölkənin yaxşı-pisliyi onlara bağlıdır: vəzir xeyirxah, düz işləyən olsa, ölkə abad, xalq şad, asudə, yeməkləri bol, şahın isə ürəyi sakit olar. Pis işləyən, bədxasiyət olsa, ölkədə təsəvvür edilməz pozuntular əmələ gələr, şah həmişə sərgərdan, narahat, məmləkət isə təşviş içərisində olar».
Çağdaş dünyada yönətim sistemləri daha bitkin, bilgi-ilətişim yolları çox gəlişdiyindən, demokratik-hüquq dövlətlərində hökumətlər qanunverici, məhkəmə hakimiyətlərinin, eləcə də alimlərin, aydınların, müxalif mətbuatın gözləmində olduğundan, hakimiyətdən yasadışı yararlamaq çətindir. Ancaq dünya çox nisbi dayaqlarla qurulub, «bacarıqlı» pis işləyənlərin qarşısını tam almaq mümkün olmadığından, indi də böyük yolsuzluqlarla qarşılaşılır. Bundan dolayı bütün dünyada bu kötü işlərin qarşısını almaq üçün ən kəskin yollar seçilir. Məsələn, Çin Xalq Respublikasının baş nazirinin birinci müavini ABŞ-ın Boinq uçaq şirkətilə anlaşma bağlayarkən 1 milyon ABŞ dolları rüşvət aldığından, başkənd Pekinin baş meydanında edam edildi.
Nizamülmülk bu işin psixoloji cəhətlərini bir rəvayətlə gücləndirir: Bəhram şah «düz etiqadlı, xoşrəftarlı, allahdan qorxan bir adamı vəzir təyin etdi. Ordunun və rəiyətin işi qaydasına düşdü, iş irəliləməyə, ölkə abadlaşmağa üz qoydu, xalq zülm və ədalətsizlikdən xilas oldu».
Siyasətçi ardınca deyir: «Padşah hər vaxt məmurlarının vəziyətindən xəbərdar olmalı, həmişə onların nələrlə məşğul olduqlarını nəzarət altında saxlamalıdır. Əyrilik və xəyanət gördükdə dərhal onları başqaları ilə əvəz etməli, günahlarına müvafiq cəza verməlidir ki, başqaları ondan ibrət götürsün, heç kəs cəzanın qorxusundan şaha qarşı pis fikirlərə düşə bilməsin.
Birinə böyük bir iş tapşırdıqda bir nəfəri də gizlicə onun üstünə nəzarətçi qoymalıdır ki, o xəbərdar olmasın, həmişə onun nələr etdiyini, özünü necə apardığnı şaha xəbər versin».
Orta çağın türk dövlətlərində, İslam Doğusunda dövlətin bir sıra haqlar, daha çox da torpaq payı verdiyi insanlar var idi. Onlar iqtadarı olduqları mülklərdən iqta vergisi yığırdılar. Nizamülmülk bu işlərdə də ədalət ilkəsinə uyulmasını gərəkdirir: «İqtası olan iqtadarlar bilməlidir ki, onların rəiyət üzərindəki haqları yalnız ondan ibarətdir ki, onlar həvalə edilmiş vergiləri rəiyətdən xoşluqla alsınlar. Aldılarmı, onların canları, malları, arvad-uşaqları əmin-amanlıqda olmalıdır. Ev-eşiklərinə dəyilməməlidir. İqtadarlar onların yolu üzərində maneə olmamalıdırlar. Rəiyət şah dərgahına gedib, öz vəziyətini danışmaq istəsə, ona əngəl törətməməlidirlər. Hansı iqtadar bunun əksini etsə, onun əlini gödəltmək, iqtanı ondan almaq, onu tənbeh etmək lazımdır ki, başqalarına da ibrət olsun.
Onların hamısı bilməlidir ki, dövlət və rəiyət yalnız şahındır, iqtadarlar isə valilər, darğalar kimi rəiyət üzərində başçı təyin edilmişlər, şah başqaları ilə necə rəftar edirsə, onlar da rəiyətlə elə rəftar etməlidirlər. Rəiyət onlardan razı qalmalıdır ki, onlar da axirətin əzab-əziyətindən azad olsun».
Nizamülmülkcə, «Hər iki-üç ildən bir amilləri və iqtadarları dəyişdirmək lazımdır ki, yerlərini bərkidib mövqelərini möhkəmləndirməsinlər, qürrələnib özlərindən müştəbeh olmasınlar, xalqla yaxşı dolansınlar ki, ölkə viran qalmasın».
Çağdaş dünyanın demokratik dövlətlərində bu iş yenilənən demokratik özgür, xalq seçkisilə düzənlənir. Beləcə, pis işləyən hökumətlər demokratik seçkilər yolu – xalqın iradəsilə yönətimdən uzaqlaşdırılır.
Nizamülmülkün önəmli saydığı dövlətçilik ilkələrindən biri də məhkəmə hakimiyətinə, başqa güc quruluşlarına nəzarətlə işlərini yaxşılaşdırmağa çalışmaqdır. Siyasətçinin düşüncəsincə, bu işləri yüksək düzəydə saxlamaq üçün onların əmək haqqı yetərli olmalıdır.
Nizamülmülk deyir: «Valilər qazilərə kömək etməli, onların hörmətini saxlamalıdırlar. Biri hökmə tabe olmayıb dikbaşlıq etsə və məhkəməyə gəlmək istəməsə, böyük adam olsa belə, onu zor və məcburiyətlə aparmaq lazımdır».
Nizamülmülk ən yüksək məhkəmə haqqında yazır: «Bilmək lazımdır ki, məhkəməni yalnız şah özü aparmalı, tərəflərə qulaq asmalıdır. Şah türk, tacik, ya ərəb dilini bilməyib, şəriət ehkamlarını oxumamış olduqda işləri aparmaq üçün ona bir köməkçi lazım olar, qazilər elə şahın həmin köməkçiləridir».
Çağdaş demokratik siyasi quruluşlarda şahlar hakimlik etmirlər, məhkəmə hakimiyəti bağımsızdır. Ancaq MDB ölkələrində, eləcə də Azərbaycan Respublikasında məhkəmə hakimiyəti hələ də icra hakimiyətinin basqısından qurtulmamışdır!
Azərbaycan Respublikasında məhkəmə hakimiyətini icra hakimiyətinin əlindən Anayasa yolu ilə qurtarmaq Azərbaycan XALQININ, türk millətinin görəvidir, borcudur.
Siyasətçi deyir: «Eləcə də hər şəhərə bir möhtəsib təyin etmək lazımdır ki, tərəzilər düz, qiymətlər qaydasında olsun, alış-verişə nəzarət etsin, başqa yerdən gətirilib bazarda satılan şeylərdə möhtəkirlik, saxtakarlıq olmasın, daşların düzlüyünə halal-harama fikir versin. Şah və onun valiləri möhtəsibə kömək etməlidirlər, ölkə dolandırmağın, ağıllı olmağın şərtlərindən biri budur.
Belə etməsələr, yoxsullar acınacaqlı hala düşər, bazar adamları mallarını kefi istədiyi qiymətə satar, artıqtamahlıq möhtəkirlik artar, fisq-fücur yayılar, şəriətin rövnəqi gedər. Bu işi yaxın adamlardan birinə, ya inanılmış xadimə, ya hamının qorxduğu və onun heç kəsdən çəkinmədiyi bir qoca türkə tapşırmaq lazımdır ki, işlər ədalətlə getsin və islam qayda-qanunu möhkəm qalsın».
Çağın başqa bir türk bilgini Nizami Gəncəvi də «Beşlik»də türkü çağın ədalət göstəricisi, ölçüsü, qoruyucu olduğunu Sultan Səncərə «Ədalətli deyilsənsə, türk deyilsən», sözlərilə bildirir.
Nizamülmülk «Siyasətnamə» anıtında din, şəriət və bu kimi işləri öyrənməyi, dini nəzarətdə saxlamağı dövlətçiliyin ən gərəkli ilkələrindən sayır: «Dini ehkamları öyrənmək, adət-ənənələri bilmək, allahın əmrlərini yerinə yetirmək, din alimlərinə hörmət etmək, onların maaşını beytülmaldan vermək, zahidləri, təmiz adamları əziz və girami tutmaq padşaha vacibdir.
Həftədə bir və ya iki dəfə din xadimlərinə qəbul düzəltmək lazımdır ki, allah-taalanın əmrini, Quranın təfsirini, peyğəmbərin rəvayətini, adil şahların hekayətini eşitsin, o vaxt dünyanın işindən rahat olub onların sözlərinə diqqətlə qulaq assın.
Əmr etsin, iki yerə ayrılıb mübahisə etsinlər, aydın olmayanı yenidən sorsun, başa düşdümü, yadında saxlasın. Bir müddət belə keçdikdən sonra bu adətə çevrilər, az keçməz ki, şəriət qanunları, Quranın təfsiri və peyğəmbər ə.s. rəvayətlərinin bir çoxu ona məlum olar və yadda qalar, din və dünya işləri, onların çarəsi və cavabı yolları onun üzünə açılar, heç bədməzhəb və bəd adam onu yoldan çıxara bilməz, iradəli, ədalətli, insaflı olar, hava-həvəs onun məmləkətindən yox olmağa başlar, onun əlindən böyük işlər gələr, fitnə-fəsad, qarışıqlıq, pozğunluğun kökü kəsilər, düz adamlar güclü, əyrilər zəif olar, bu dünyada yaxşı ad qoyar, dünyada savab qazanıb yüksək dərəcəyə çatar. Onun dövründə adamlar elm öyrənməyə böyük rəğbət bəsləyərlər.
Nizamülmülkün düşüncəsincə, «Sultanların ən yaxşısı odur ki, elm adamı ilə oturub-dura, alimlərin ən pisi odur ki, sultanla durub-otura».
Çağdaş dünyanın tək-tək dövlətlərindən başqa, demək olar, hər yerdə dini dövlətdən ayırmışlar. Din toplumdakı ruhi-mənəvi işlərlə uğraşır. Ancaq o bu gün də topluma çox etkilidir. Azərbaycan Respublikasının siyasətçiləri bunu unutmamalı, dinin topluma siyasi etkisini azaltmağa çalışmalıdırlar.
Nizamülmülk dövlət yönətimində o çağda sahibxəbər deyilən dövlət məmurları ilə məsləhətləşmək işlərinə də çox önəm verib yazır: «Şah rəiyət və qoşunun halından xəbər tutmalı, yaxın, uzaq, kiçik, böyük nə varsa hamısını bilməlidir. Belə etməsə, ayıb sayılar, onu laqeydlik, ya da ədalətsizlik hesab edər və deyərlər: «Ölkədə baş verən zülm və qanunsuzluqları şah ya bilir, ya da bilmir. Bilib onları aradan qaldırmaq və qarşısını almaq üçün tədbir görmürsə, demək o özü zalımdır, ona görə də zülmə yol verir, bilmirsə, deməli, başısoyuq və ölkədən xəbəri olmayan adamdır».
Çağdaş Azərbaycan siyasətçiləri görkəmli dövlət adamının bu sözlərini unutmamalıdırlar!
Nizamülmülkün önəm verdiyi gərəkli dövlətçilik işlərinin biri də dövlət adından verilən «əmrlərin hörməti və yerinə yetirilməsi»dir.
Siyasətçi yazır: «Dərgahdan yazılan məktubların sayı çox olur, çox olan şeyin isə hörməti olmaz. Ona görə mühüm məsələ olmayınca ali məclisdən bir şey yazılmamalıdır, yazıldımı, onun həşəməti elə olmalıdır ki, heç kəs onu yerinə yetirməməyə cəsarət edə bilməsin. Bir adamın ona alçaq nəzərlə baxdığı, ya onu yerinə yetirməkdə tənbəllik, kahıllıq göstərdiyi meydana çıxdıqda, ən yaxın adam olsa belə, ona ağır qulaqburması vermək lazımdır. Şah yazısı ilə başqa adam yazısının fərqi bundadır».
Nizamülmülkün önəmsədiyi dövlətçilik ilkələlərindən biri də insanların yaşamını yaxşılaşdırmaq – eyiləşdirmək üçün «casuslar göndərmək, ölkə və rəiyətin vəziyətini yaxşılaşdırmaq tədbirləridir».
Orta çağda sövdəgər, səyyah, sufi, əttar, dərviş geyimində casuslar göndərilməsi geniş yayılmışdı. Çağdaş informasiya-komunikasiya, demokratik mətbuat nəzarəti çağında belə adamlardan yararlanmağa gərək olmasa da, o, gərəkli dövlətçilik ilkəsidir, bu gün də gücündədir, işləkdir.
Nizamülmülkün düşüncəsincə, belə olmasa padışah: «Allah-taala məni ona görə yaradıbdır ki, mən xalqı qoruyam, qoymayam bir adam onları incitsin, bu incidən qazi olsa belə. Mən müsəlmanların malını-dövlətini ona tapşırır, maaş və əmək haqqını ona görə verirəm ki, o, müsəlmanların işinə düzlüklə baxsın, şəriətlə hökm versin, zorakılığa salıb rüşvət almasın. Əgər mənim ölkəmdə qoca, təcrübəli, alim bir qazi belə edirsə, gör, qorxmaz, cavan qazilərdən nə kimi xəyanətlər baş verər?!» deyəməz.
Nizamülmülkün önəm verdiyi dövlətçilik ilkələrindən biri də dövlət işlərilə bağlı alimlərlə, filosoflarla gənəşmək gərəkliyidir.
Siyasətçinin düşüncəsincə, «məsləhətləşmək iradənin möhkəmliyinə, ağlın kamilliyinə və uzaqgörənliyə dəlalət edər. Hər kəsin bir biliyi, hər adamın bir peşəsi olar. Biri az bilər, biri çox. Birinin elmi olar, lakin təcrübəsi olmaz, birinin elmi olar, təcrübəsi olmaz, birinin həm elmi olar, həm də təcrübəsi».
Siyasətçinin  əsərində önəm verdiyi dövlətçilik ilkələrindən biri də «Elçilərin işlərinin mahiyəti, onların qarşılanıb yola salınması»dır.
Nizamülmülk yazır: «Başqa ölkələrdən gələn elçilər dərgaha çatmayınca heç kəsin onlardan xəbəri olmur, onların gəlib-getməsi üçün heç kəs məsul olmur və bu barədə xəbər vermir. Bunu sayğısızlıq və işlərə xor baxılması kimi yoza bilərlər. Sərhəd valisinə tapşırmaq lazımdır: xaricdən kim gəlsə dərhal çapar göndərib xəbər verməlidir ki, kimdir, haradan gəlir, neçə adamdır, yaraq və təmtəraqları necədir, nədən ötrü gəlir… Məsul bir adam qoşmalıdır ki, onları müəyyən şəhərə çatdırsın, orada başqa bir inanılmış adama tapşırsınlar ki, onları o biri şəhər və qəsəbələrə qədər müşayiət etsinlər, bu minvalla aparıb dərgaha yetirsinlər.
Onları harada düşsələr hörmətlə qəbul etməli, yaxşı yedirdib içirməli, hörmətlə də yola salmalıdırlar. Qayıdanda da belə rəftar edilməlidir. Onlara yaxşı, pis nə etsələr, şahlarına edilmiş kimi sayılar. Şahlar isə həmişə bir-birinin hörmətini yüksək tutmuş, elçilərini isə nəvazişlə qarşılamışlar. Beləliklə, öz qədir-qiymətlərini, şan-şövkətlərini də artırmışlar. Şahlar arasında düşmənçilik olduqda da elçilər vaxtlı-vaxtında gəlmiş, onlara tapşırılan vəzifəni yerinə yetirərək yazılanları vermişlər. Heç kəs onları incitməmiş, adi vaxtlarda olduğundan az hörmət göstərməmişlər, çünki belə iş məqbul sayılmaz».
Siyasətçi əsərin «Türkmənlərin sarayda qulam, türk və başqaları kimi saxlanması haqqında» bölməsində yazır: «Doğrudur türkmənlərdən qanıqaralıq əmələ gəlmişdir, lakin onların sayı çoxdur, bu dövlətin boynunda onların haqqı vardır, çünki dövlətin də yaranmasında çoxlu xidmət göstərmiş, əziyətlərə dözmüşlər, qohumluqları çatır. Onların övladlarından min adamın siyahısını tutub, saraya qulam vəzifəsinə götürmək lazımdır ki, həmişə xidmətdə olsunlar, silah oynatmağı, qulluq etməyi, xalqla yola getməyi öyrənsinlər, ipə yatsınlar, yola gəlsinlər, qulamlar kimi sözə qulaq assınlar, qəlblərində olan kin soyuyub getsin. Ehtiyac olduqda xidmətdə olanlardan beş min, on min ayırıb ata mindirməli, qulamlar kimi əllərinə silah verməli, əyinlərinə libas geyindirilməlidir ki, bu dövlətdən onların da payına bir şey düşsün, şan-şöhrət qazansın, onlar razı qalsın».
Nizamülmülkün bu sözlərini indiki Türkmənistan Respublikasında yaşayan türkmənlər kimi anlamaq olmaz. Bəlli tarix, Nizamülmülkün yazdıqları bunu açıq-aydın deyir. Bu türkmənlər indi də İran İslam Respublikasında, Türkiyə Cümhuriyətində, İraq Respublikasında yaşayan, o çağda islam dininin bölücü şiə təriqətinə meyillənmiş Azərbaycan türkləridir. Qanıqaralıq bundandır. Ərəbcə anlamı mən türkəm demək olan türkmənlərin bir çoxu aldanıb bölücü şiəliyə meyillənsələr də, Nizamülmülkcə, «onların sayı çoxdur, bu dövlətin boynunda onların haqqı vardır, çünki dövlətin də yaranmasında çoxlu xidmət göstərmiş, əziyətlərə dözmüşlər, qohumluqları çatır».
Nizamülmülk vətəndaşların qəbulunu da çox gərəkli dövlətçilik ilkələrindən biri sayaraq yazır: «Şah üçün tez-tez qəbul düzəltməkdən, görüş təyin etməkdən daha yaxşı bir qayda ola bilməz».
Siyasətçi əsərində məsələnin siyasi dəyərini göstərməklə yanaşı, o çağda bu dövlətçilik ilkəsinə necə önəm verildiyini də göstərir.
Nizamülmülkün çox önəmsədiyi, çağdaş Azərbaycan Respublikasında da ağrılı dövlətçilik işlərindən biri, «İki işi bir adama tapşırmamaq, işsizlərə iş vermək, onları məhrum etməmək, vəzifəni layiqli və əqidəli adama tapşırıb, nalayiq bədməzhəbə verməmək»dir.
Nizamülmülk yazır: «Sayıq şahlar, ayıq vəzirlər işləri düz getsin, uğur qazansınlar deyə heç zaman iki işi bir adama tapşırmamışlar, çünki iki iş bir adama tapşırıldıqda həmişə qayda pozular, bu iki işdən biri həmişə nöqsanlı olar, ya səhvə yol verilər. Yaxşı diqqət etsən görərsən ki, iki işi olan adam da belədir, onun da həmişə bir işi axsar, üzü danlanar, əziyət çəkər, müqəssir olar. Bir adama iki iş tapşırılanda gah bundan yapışar, gah ondan, axırda iş yerinə yetirilməmiş qalar».
Azərbaycan Respublikasında bu gün bir neçə iş bir adama tapşırılır. Məsələn, bir adam AMEA-da vitse-prezident, institut direktoru, BDU-da kafedra müdiri, Elmi şura sədri, o biri AMEA-da institut direkoru, BDU-da kafedra müdiri, millət vəkili, Elmi şura sədri, başqası universitet rektoru, kafedra müdiri, millət vəkili, Milli Məclisin Komisiya sədri, idman federasiyasının prezidenti görəvlərdə işləyir???
Bu, çağımızın demokratik dövlətçilik ilkələrinə, türk millətinin qədim dövlətçilik ilkələrinə, gələnəklərinə, insan haqlarına yaraşmayan ayıbıdır!
Nizamülmülkcə, yönətici pis özəlliklərini atmalı, yaxşılarına isə bağlanmalıdır: «Pis xasiyətləri özündən uzaqlaşdırmalı, yaxşılarını özünə aşılamalıdır.
Pis xasiyətlər bunlardır: kin, həsəd, təkəbbür, qəzəb, şəhvət, hərislik, xəsislik, inad, yalançılıq, paxıllıq, bədxahlıq, zülm, xudpəsəndlik, tələsmək, naşükürlük, yüngülbeyinlik.
Yaxşı xasiyətlər bunlardır: həya, xeyirxahlıq, həlim, alicənablıq, bağışlamaq, təvazö, səxavət, sədaqət, səbr, qədirdanlıq, rəhmdillik, elm, ağıl, ədalət».
Hənif – içdən tək tanrıya bağlı müsəlman Nizamülmülkün «Siyasətnamə» anıtındakı, Azərbaycan  Respublikasının yönəticiliərinə də dərs olmalı, dövlətçilik baxışları «Gününü qəflət, lağ-lağı və işrətdə keçirən şahın işi tədricən xarablaşar» sözlərilə qurtarır.
Azərbaycan Respublikasının sayğılı Prezidenti İlham Əliyev!
Sizin politoloji təhsilinizlə yönətici təcrübəniz çağdaş dünyadakı qaçılmaz siyasi olayları, prosesləri dərindən araşdırıb millətimiz, dövlətimiz, eləcə də sizin üçün düzgün qərar verməyə yetir.
Bundan dolayı, sizdən yaşlı, Azərbaycana, azərbaycanlılara, türk millətinə varlığı ilə bağlı, millətçi, dövlətçi, azərbaycançı, bir allah nəsihətçisi alimin gözəl Yaz – Novruz –Yeni gün bayramı qabağı aşağıdakı sözlərini dinləməyinizi xahiş edirəm:

  1. Prokurorluq, Ordu, MTN-dən başqa, başda millətin ən demokratik qurumu olmalı AMEA olmaqla bütün dövlət qurumlarında demokratik, açıq, özgür seçkilər keçirib, Azərbaycan Respublikasının 1995-ci ildə, Anayasa uyğulanandan sonra çox avtoritarlaşmış siyasi sistemini demokratikləşdirin, siyasi gəlişdirin.
  2. Azərbaycan Respublikasının Azərbaycan xalqının iradəsinə sayğısızlıqla, yasadışı yollarla yaradılmış Milli Məclisini buraxıb, açıq, özgür parlament seçkiləri keçirin.

Parlamenti buraxmağı bir vaxt Azərbaycan Respublikasının ikinci Prezidenti, rəhmətlik Əbülfəz Elçibəyə də demişdik. O, bir sıra şeylərdən dolayı bunu etmədi. Oçağkı Milli Məclisin nələr etdiyini yaxşı bilirsiniz.

  1. Milli Məclis seçkilərindən sonra iqtisadi yönətimi Milli Məclisin yaradacağı, onun qarşısında sorumlu hökumətə və bələdiyələrə verib, iqtisadi yönətimdən çəkilin.

Hər hansı nəzarətin üstündə olan avtoritar Prezident yönətimi ötən illərdə bu böyük millətin demək olar heç bir dərdini çözməmişdir.

İqtisadi yönətim nəzarətdən, yasal yoxlamadan, millətin alimlərinin, aydınlarının, müxalifətinin sorumluluğundan uzaq olamaz!

Demokratik siyasi sistemdə Prezident məhkəməni təyin edəməz!

Millətin var-dövlətilə ağlasığmaz düzəydə varlanmış bürokratiya milləti əzir, onun haqlarını tapdayır, mal-yatırını dağıdır, qulu, malı sayır.

  1. Özünüzə millətin, dövlətçiliyin nişanı, göstəricisi, baş qorucusu görəvini saxlayıb, ancaq siyasi işlərlə uğraşın.

Bunları etsəniz, 9 milyonluq Azərbaycan xalqı, türk milləti çiyin-çiyinə durub sizi qoruyar, əziz tutar, tarixdə yenilikçi, ədalətli şəxsiyət kimi qalarsınız.
Tarix boyu çox yaxşı şahları belə, pis – kötü məmurlar yıxdırıblar. Sizi bu böyük milli işlərdən çəkindirəcək, özünügüdən, qarnınıgüdən heç bir məmura qulaq asmayın. Tanrı sizə yar olsun!
Nizamülmülkün «Siyasətnamə» anıtı Azərbaycan, Doğu, türk ictimai-siyasi düşüncə, dövlətçilik tarixinin ən yaxşı əsərlərindən diridir. Onu dərindən öyrənib, yenidən çoxlu çap etmək gərəkdir.
«Vətəndaş həmrəyliyi» qəzetinin sayğılı oxucuları, siyasi əxlaq, yönətim, dövlətçilik, millətçilik ilkələrindən yararlanıb, Azərbaycan Respublikasına sevgi, türk millətinə kiçik bir marifçilik duyğusu, borcu ilə yazdığım bu yazıdan dolayı, Sultan Məlikşaha, Xacə Nizamülmülkə, onun türk, islam, Azərbaycan tarixinin «Siyasətnamə» anıtını farscadan türk dilinə çevirmiş rəhmətlik professor Rəhim Sultanova tanrıdan rəhmət diləyər, onları sayğı ilə anarlar.

Biz gəldi-gedərik, təki Azərbaycan Respublikası yaşasın!

03 mart 2011

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv