Onlar iki qardaş, iki yoldaş, iki arxadaşdılar. İki QAN qardaşı, iki YOL yoldaşı, iki DÜŞÜNCƏ (ideya) arxadaşı. İllərdir araya girməklə onları barışmaz yağılara çevirmək istəyənlər var: Azərbaycanda da, Türkiyədə də. İllərdir onları gözdən salmağa çalışanlar var: Türkiyədə də, Azərbaycanda da. İndilər də biz belə dönəm yaşamaqdayıq: Azərbaycanda da, Türkiyədə də. Bir-birinə çox bağlı antiTürk rejimlər onları gözdən salmaq, arxa plana keçirib unutdurmaq üçün nələr etmədilər, nələr etmirlər: Türkiyədə də, Azərbaycanda da. Onlar kim, bunlar kim? Onlar böyük, ölümsüz Türk öndərləri, bunlar Türkə düşmən dünya güclərinin maskalı maşaları!
Aradan yüzillər də keçsə onlar ayrılmazdılar: bir ulusun, iki dövlətin yenilməz öndər-qurucuları olaraq. Biri çağdaş Azərbaycan yaratdı, o biri çağdaş Türkiyə. Hər ikisi dini dövlətdən ayrı tutmaqla Türklüyü yüksəltdi. Hər ikisinin də bir çoxları üçün bağışlanmaz suçu budur. Məhəmməd Əminin ilkin getdiyi yolu sonra Atatürk getdi. Qan qardaşı, Yol yoldaşı, Düşüncə arxadaşı getdiyi kimi! Türkə düşmən böyük güclərin böyük oyunlarından Məhəmməd Əmin bağımsızlığını itirmiş Azərbaycandan gedib Türkiyəyə sığınmalı olmuşdu. Türkə düşmən böyük güclərin basqısı altında Atatürk geri çəkilməli olmuş, onlar qardaş ayrısına çevrilmişdilər. Yalnız qardaş ayrısına. Yol yoldaşlığı, düşüncə arxadaşlığı sonadək sürmüşdü. Son ayrılıq çağında Atatürk bu ayrılmazlığı belə bildirmişdi: “Sən Azərbaycanda etmək istədiklərini mən Türkiyədə etdim, sənin Azərbaycanla bağlı ideallarını Türkiyədə gerçəkləşdirdim”. Məncə, Azərbaycan dünyası biryolluq əlindən çıxmış böyük düşüncə-ideal KİŞİSİ Məhəmməd Əmin üçün bundan böyük sayğı, bundan böyük sevgi ola bilməzdi. Bu sayğının, bu sevginin kökündə-özülündə dünyanın bütün güclərindən qat-qat üstün Qan qardaşlığı, Yol yoldaşlığı, Düşüncə arxadaşlığı dururdu!
Yalan yerə, bundan daha çox qanmazca, “Atatürk Məhəmməd Əmini ölkədən qovdu” deyənlər başqa bir yalanı da qırıq val kimi elə hey fırladırlar: “Atatürk Azərbaycanı satdı”. Soruşmaq gərəkir: 1920-ci ildə Atatürk kim idi, onun Azərbaycanı qorumaq üçün, eləcə də satmaq üçün hansı yetkiləri vardı? 16 mart 1920-ci ildə Antanta dövlətləri İstanbulu tutmuş, bunun ardınca, Atatürk Vətənin qurtuluşu üçün Anqarada ulusalçı (milli) güclərin yığıncağını keçirməyə çağırmışdı. Bu çağırışdan az sonra, aprelin 10-da, Şeyxülislam Abdullah Dürrüzadə Atatürk başda olmaqla Anadoludakı bütün ulusalçı gücləri kafir adlandırmaqla öldürülmələrinə fətva vermişdi. (O fətva gerçəkdə Türkiyənin özünün öldürülməyinə verilən fətva idi). Bu, istər Türkiyədəki, istərsə də Azərbaycandakı din başçılarının Vətənə çoxsaylı dönüklük faktlarından daha biriydi.
Atatürk o çağlar faktiki olaraq Azərbaycanı qorumaq gücündə deyildi. Onun elə bir gücü olsaydı, Türkiyənin özünü parçalanmaqdan qoruyardı – qoruya bilmədi. O çağlar Türkiyəni çevrələmə tutan Antanta yenilməz dünya gücünə çevrilmişdi. Başda ingilis-yunan ordusu olmaqla, bir sıra orduları yenib ölkədən qovan Atatürk indiki Türkiyəni böyük çətinliklə qoruyub saxlaya bildi. Təkcə Çanaqqala savaşında, içində Azərbaycan könüllüləri də olmaqla Türkiyə 200 mindən artıq canlı itki vermişdi…
Məhəmməd Əminin ardınca Atatürk deyirdi: “Dinlə məzhəb heç bir zaman politika aləti olaraq qullanılamaz”. Bu gün Azərbaycanda da, Türkiyədə də dinlə məzhəb politika aləti olaraq qullanılmaqdadır. Atatürk də Məhəmməd Əmin kimi cəhaləti “yenilməsi gərəkən ən böyük düşmən” sayırdı. Bu gün Azərbaycanda da, Türkiyədə də cəhalət dövlət politikası yerindədir: cəhalət yoluyla xalqı istədikləri kimi qandırırlar…
Türkcə “boy” anlayışı yalnız uzunluq anlamında deyil, onun yüksəklik, ucalıq anlamları da var. Atatürklə Məhəmməd Əmin dərin-dərin sular kimi bir-birinə boy verməyən iki Türk böyüyü, iki Türk ölümsüzüdür – istər Azərbaycanda, istərsə də Türkiyədə onlarla savaşa çıxanlar bəri başdan uduzmuşlardır!
Xaliq Bahadır. Məhəmməd Əmin boyda Atatürk, Atatürk boyda Məhəmməd Əmin
May 26th, 2016 admin