
(Asif Atanın sonevi yenidən işlənildi)
Atanın üz qoyduğu torpaq qutsaldır.
Vətəni, Vətəndə insanı dəyərləndirən, qoruyan ideya yaradıcılığı az-az olan işdir. Bu, yüzillərdə bir yol olur. Asif Ata yüzilləri qapsayan böyük ideyalar yaratmaqla Vətənini, ulusunu min il qabağa aparmaq yolu açdı. Ona görə onun üz qoyduğu torpağı ziyarət eləmək ulusal şərəfdir.
Bu gün yüzlərlə soydaşımız Ərəbstan və İran torpaqlarını ziyarət eləmək üçün növbəyə yazılır, qəpik-qəpik topladığı pullarla (çoxları talaya-talaya topladığı pullarla) hazırlıq görür.Ancaq onların bu ziyarətlərindən əldə olunan “xeyir”, ruhlarını, mənliklərini özgələşdirən “hacı”, “məşədi”, “kərbəlayi” titullarıdır. Bu titullarla onlar xalqa sırınırlar, onların ziyarətindən vətənimizə, ulusal gələcəyimizə heç bir işıq düşmür. Milyonlarla xərclənən pullar milli ruhun özgələşməsinə, xurafatın içimizə ayaq götürməsinə yol açır. Cəhalət – hacıların, kərbəlayilərin, məşədilərin yad nəfəsi ilə yurdumuzda daha da möhkəmlənir. Ayılmağımızın, ayrılmağımızın qarşısı onların əliylə kəsilir. Dilimiz, mədəniyyətimiz, mənəviyyatımız sarsılır. Bu gediş azadlıq istəyən insanlarımızı, gənclərimizi Avropadan gələn açıq-saçıqlığın, hərcayiliyin qucağına itələyir. Eyni soydan olan Avropa meyillilərlə ərəb, fars meyillilər arasında yadlıq, yağılıq sınırları uzanır. Bütün bunların qarşısında təkcə dirəniş isə Asif Atadır, Onun Ocağıdır.
Ərəbstanda, İranda soydaşlarımızın üz sürtdükləri torpaqlar Vətən deyil, dəyər də deyil. Ancaq Asif Atanın üz qoyduğu torpaq Vətəndir. Vətəni ziyarət eləmək gərəkdir. Vətənə yiyə durmağın tələbi, ölçüsü də vətəni dəyərə çevirib qoruyanları ziyarət eləməkdir. Vətəni sevən, sevdirən şəxsiyyətləri ziyarət elədikcə Vətən qutsallaşır, gözümüzdə böyüyür. Mədəniyyətimiz, dilimiz, kimliyimiz həm tarixləşir, həm də gələcəkləşir. Biz, Asif Atanın Mütləqə İnam Ocağı, bu istəkləri gerçəkləşdirməklə uğraşırıq. Özündən keçmələrimiz vətəni, ulusu qutsallaşdıran Amalın yolunda, sevgilərmiz Amalın yolunadır.
Asif Atanın vətənləşən torpağı ziyarət yerimizdir. Biz bu ziyarətimizlə soydaşlarımızı özümləşməyə çağırırıq, gözlərini özgə torpaqlarından yığışdırmağa, sevgilərini öz vətənlərinə bağlamağa çağırırıq. Vətənli olmaq istəyirsinizsə ziyarətinizi vətənimizə yönəldin. Vətəni quranları, qoruyanları sevin, onların qədrini bilin. Onda babalarınızın urvatı, balalarınızın xoşbəxt gələcəyi olar.
Asif Atanın Sonevini ziyarət edirik. Əslində vətənin dəyərlərinə, dəyər yaradan şəxsiyyətlərinə münasibət yaradırıq. Bu ulusal bir tərbiyədir, varolma nizamıdır.
Biz Asif Atanın Sonevini özünün ideyaları ilə rəmzləşdirmişik. Üzərində düzbucaqlı kəmər saxlayan altı sütun Asif Ata ideyalarının rəmzi ifadəsidir. Hər il Asif Atanın ölümünün ildönümündə Ocaqçılardan və İnamçılardan oluşuq insanlarla bu ünvanı ziyarət edirik, qutsal söz deyirik.
Bu abidə tikildiyi gündən bu çağacan bir yol yenidən işlənmişdi (təmir olunmuşdu). Artıq ayrı-ayrı yerləri sıradan çıxmış, boyası və üz qatı pozulmuşdu. Bununla bağlı Ocağın Yükümlüsü Soylu Atalı amaldaşları Günev və Güntay Atalılarla birlikdə Ağstafaya səfər etmişdir. Onlar ev kirayələyib dörd gün orada qalmış və Ata sonevini yenidən işləmişlər. Bunca zəngin Ocaq əməllərinin qarşısında böyük xərc və böyük əmək tələb edən bu çətin işin öhdəsindən gəlmək – Ocaq sevdalılarının hünər və ləyaqət örnəyidir. Onların Asif Atanın 80 illiyinə bağışlanan böyük əməllərindən biri də Sonevin yenidən işlənməsi oldu.
Bu Ocaq aşiqlərinin İnam İşığı ilə dolu olan ürəkləri var olsun. Qoy bir an da ürəyinizdən İnam odu azalmasın.
Atamız Var olsun!
Mütləqə İnam Ocağı
İşıq Ayı, 38- ci il.