Xaliq Bahadır. Sultan Səncərlə… Əziz Səncər

1993 çevrilişindən bu yana Azərbaycanda baş verənlər 2002-dən Türkiyədə baş verməkdədir.  1993-dən Azərbaycanda, 2002-dən Türkiyədə iki böyük öndər – Məhəmməd Əminlə Atatürk çeşidli yollarla aşağılanıb arxa plana keçirilir. Azərbaycanda Məhəmməd Əmin, Türkiyədə Atatürk kimlərdəsə qorxulu yaşantılar doğurduğundan onları arxa plana keçirib unutdurmaq gərəyi yaranır. Azərbaycanda Əliyevlər 24 illik hakimiyətləri boyunca Məhəmməd Əminlə çarpışma aparıblar, aparmaqdadırlar. Ancaq, yel Qayadan nə aparar? Türkiyədə də eləcə: Ərdoğan Türkiyəni yoxdan var edən, dünyanın hər yanında öyülən ölümsüz bir lideri “alkaqolik” adlandırır. Üstəlik, Atatürk yandaşlarına “alçaq” damğası vuraraq…
Mayın 19-da, Atatürkü anma günündə, Türkiyə Türklüyü Anıtqəbirə etdiyi azman axınla öz sözünü dedi: Türkiyəni yoxdan var edən Böyük KİŞİYƏ yeni bir anıt yaratdı – sonsuz sevgi, sonsuz sayğı anıtı! O gün Atatürkə başqa bir anıtı ötən il Amerikada Nobel ödülü almış Əziz Səncər yaratdı. Bu Nobelli dünya tarixində görünməmiş bir anıtyaratma faktı oldu: Əziz Səncər Türkiyədən çox-çox uzaqlarda, Amerikada aldığı Nobel ödülünü gətirib Atatürkə bağışladı: “Qurduğun dövlətlə bunu mənə sən qazandırmısan”, – deyə. Bu, satqınlıq, dönüklük faktları ilə dolu dünya tarixinin gözyaşardıcı böyük İNSANLIQ görsənişlərindən biriydi. O yerdə mən A.Eynşteynin bu sözlərini andım: “İnsanlığın gələcəyi bilimin (elmin) gəlişməsindən çox da asılı deyil… insanca əxlaqın, mənəviyatın yarınkı görsənişindən asılıdır”.
Əziz Səncər o gün yalnız yanında durmuş, daha doğrusu, gördüyündən quruyub qalmış, dili tutulmuş Əroğana, ərdoğankimilərə deyil, bütün dünyaya böyük dərs keçdi – daha bir Nobel ödülünə dəyər dərs! Eynşteyn sağ olsaydı, o anlarda içindən gələn böyük coşqu, böyük sevgiylə özünün Nobel ödülünü Əziz Səncərə verərdi. Görəsən, Ərdoğan Əziz Səncərin etdiyinin qarşısında özünün Atatürklə bağlı etdiklərindən, dediklərindən utandımı? İnanmıram! Politikaya bulaşıq adamlar qatılanda politikanın özü bulaşıq bir alana çevrilir…
Türkiyədə 8 uşaqlı yoxsul bir uruqda doğulub-böyümüş Əziz Səncər İstanbul universitetinin tibb fakültəsini bitirib. Sonrakı çalışmaları sonucunda o, Amerikaya gedib. Orada Nobel ödülü ilə sonuclanan böyük  bilim uğurları qazanıb. Əziz Səncərə görə, böyük uğurların yolu gecə-gündüz oxuyub-öyrənməkdən, yorulmaz çalışmalardan keçir. Sözsüz, o, Atatürkün keçdiyi yolu gözəl bilir. Bilir: Atatürk hansı çətinliklərdən keçməklə, boyük çətinliklərə qatlaşmaqla olmazları olduraraq yoxdan yenilməz Türkiyə yaradıb – milyonlarla yurddaşa qol-qanad verən, milyonların qarşısında geniş perspektivlər açmaqla Demokratik-Hüquq dövləti olaraq tanınan bir Türkiyə! Nobel ödülü alandan az sonra onun Amerikadakı evini göstərirdilər, başının üstündə Atatükün böyük portreti vardı. Onda da o, qazandığı Nobel ödülünə görə Atatürkə borclu olduğunu bildirirdi. Sözsüz, o bunu bildirməyə bilərdi, bildirdi, bildirməklə də yalnız Atatürkə deyil, özünə də daha bir üstünlük qazandırdı – böyük İnsanlıq üstünlüyü!
Böyük Nizami Gəncəlinin “Sultan Səncərlə Qarı” öyküsündə Sultan Səncərin düzgünlükdən uzaq işlərindən cana doyan qarı günlərin bir günü onun yaxasından yapışıb bütün suçlarını üzünə deməklə sultanı düzgünlüyə çağırır. Böyük bilim adamı Əziz Səncər Ərdoğanın yaxasından yapışmadı; bilim adamlarına özgü bir ustalıqla ona nə etməli, hansı yolu getməli olduğunu anlatdı. Qalanı Ərdoğanın özünə qalır: nə etməli, hansı yolu getməli olduğunu anladımı? Anladısa, qazanacaq, anlamadısa, uduzacaq. Qazanacaqsa, Türkiyə ilə birgə qazanacaq; uduzacaqsa, təkbaşına uduzacaq. Bu isə onun Nobel ödüllü Əziz Səncəri yetərincə dəyərləndirə bilməyindən çox asılıdır. Gerçəkliyi yetərincə dəyərləndirmək bacarığı da bir yetənəkdir…

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv