Xaliq Bahadır. Bakının arxitekturasından… aqrar sektoradək

Bakını Bakı olaraq tanıdan arxitekturası dağıdılır. Xalqın susqunluğundan Bakı darmadağın edilir. Bəllidir: çağ ötdükcə yeni-yeni tikinti-quruculuq işləri görülməli, ortaya Bakını çağdaş dünya arxitekturası ilə ayaqlaşdıran yeniliklər çıxmalıdır. Ancaq bu yeniliklər, dünyanın hər yerində olduğu kimi, keçmişə sayğı, keçmişə qayğı ilə edilməlidir. Bakıda bunlar yoxdur; indiki rejim başçıları elə bil bilərəkdən Bakını dağıtmağa girişiblər. Ölkəyə milyonlarla dollar itkiylə başa gələn “Formula–1” nədir, ondan ötrü Bakının əski-özümlü görüntüləri yox edilir. “Yenidənqurma” adıyla illərdir Bakının arxitektur tikililəri buldozer qabağına, ekskavator ağzına verilir. Bunlar gerçək qurucu rejim görsənişləri deyil, gerçəkdən də gerçək İŞĞALÇI rejim görsənişləridir. Bunun başqa adı xalqın keçmişinə-tarixinə NİFRƏT görsənişidir. Görünür, xalq ayağa qalxmadıqca bu İŞĞALÇI NİFRƏT beləcə baş alıb gedəcək…
Onlar Bakını yenidən qurub-tikmək, tikib-qurmaq üçün dağıtmırlar. Onlar bir yandan xalqın keçmişini itirməklə hər şeyi öz adlarına bağlamaq, o biri yandan hər qarış söküntü yerini çox baha satmaqla milyonlar, milyardlar qazanmaq üçün Bakını durmadan dağıdırlar. 1993-dən bu yana etdikləri milyardlarla oğurluqlar xalqın susqunluğu üzündən onlara çox az görünür – buna görə neft-qaz oğurluğundan daş-topraq oğurluğuna keçiblər. Bu gün bütün Azərbaycan boyu indiyədək olduğundan qat-qat artıq İĞALÇI rejim siyasətləri yürüdülməkdədir. Neft-qaz gəlirlərinin azalması üzündən Əliyevlər ailəsi başda olmaqla rejim yetkililəri “iqtisadiyatı şaxələndirmək” adı altında aqrar sektoru bütünlüklə monopoliyaya alırlar. Dönə-dönə vurğulamaq gərəkir: bu, demək olar, yeni monopoliya siyasətinin başında birbaşa Əliyevlər ailəsi durur. Bu gün ölkə boyu min hektarlarla toprağı başqa-başqa adlar altında Əliyevlər ailəsi ilə birgə nazir-oliqarxlar ələ keçirir. Əlaltı parlamentdən keçirilən yeni “topraq qanunu” bəlli monopoliya sınırlarını durmadan çox asanlıqla genişləndirmək üçündür.
Rejimin monopolist aqrar siyasəti belədir: gerçək əkinçilərə çeşidli çıxmazlar yaratmaqla onların topraqdan gərəyincə yararlanma olanaqları sıfıra endirilir. Beləliklə, arxasında hər baxımdan dövlətin, dövlət hakimiyət sisteminin dayandığı quldurcasına əkinçiliklə klassik əkinçiliyin qaçılmaz toqquşması baş verir. Sonucda klassik əkinçilik quldurcasına əkinçilik qarşısında ağ bayraq  qaldırmalı olur. Arxasında dövlətin dayanmadığı gerçək əkinçi arxasında dövlətin dayandığı yalançı-qondarma əkinçiyə uduzur, özü də yalnız gəlir baxımından deyil, eləcə də əlindəki tək gəlir qaynağını – toprağını itirmək baxımından.
Bu ilin başlanğıcında, xalqı çökürdən ikinci devlavasiyadan sonra, İ.Əliyev dövlət başçısı adına bir çox “sevindirici” çıxışlarda bulundu, dövlət qurumlarında, ayrıca olaraq gömrükdə düzgünlük olacağını, xalqın yaşamını yüngülləşdirməyə yönəlik dəyişikliklər baş verəcəyini bildirdi. O, ayrıca olaraq qiymətlərin artmayacağını da bildirmişdi. Nə oldu? Dediklərinin hamısı yalan çıxdı! Dərman bazarı başda olmaqla qiymətlər çox keçmədən, iki-üç qat artdı. Yeri gəlmişkən, ölkədəki dərman sənayesinin də, dərman biznesinin də başında Əliyevlər ailəsi durur. İ.Əliyev o çağlar xalqa daha bir “sevindirici” soraq çatdırdı: “pambığın qiymətini 50 qəpiyə qaldırmışam”. O, gerçəkdən pambığın qiymətini 50 qəpiyə qaldırdı, ancaq aylıqları, pensiyaları azacıq qaldırıb qiymətləri iki-üç qat qaldırdığı kimi. Pambığın qiyməti 50 qəpiyə qaldırılandan sonra… keçən ili pambıqçıya 3 manata satılan çiyidin qiyməti 5 manat 30 qəpiyə qaldırıldı. Pambığı alan Ailə-oliqarxiya zavodları, çiyidi, eləcə də başqa aqrar gərəkləri satan Ailə qurumu – ÇTZ Aqro MMC-dir. Aqrar sektoru dağıtmağa yönəlik başqa bahalaşmalardan danışmaq artıqdır.

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv