Xaliq Bahadır. Onun regionu yox idi

Azərbaycan Özgürlük Axımının özül kişilərindən biri, mən deyərdim, başlıcası, dünyasnı dəyişdi. Bizimlə çoxdan bir olmayan Məhəmməd Hatəmi Tantəkin bizdən biryolluq ayrıldı.

Savaş başlanğıcı

Onun Ayrı Azərbaycan uğrunda savaşı ötən yüzilin 70-ci illərindən başlamışdı. Bu savaşda onun ən yaxın arxadaşlarından biri, bəlkə də, birincisi Əbülfəz Elçibəy idi. Sonra onların yolları ayrıldı, özü də biryolluq. Bu ayrılmaya görə Hatəmini qınayanlar, Hatəmiyə az qala yağıcasına yanaşanlar çoxdur. Ancaq bu, ideya adamlarının çoxluğu deyil, bütünlüklə başqa çoxluqdur. Ortada ideya yandaşlığı olsaydı, sözsüz, üstünlük Hatəmidə olardı. Hatəmi necə başlamışdısa, eləcə də bitdi – bitirdi. Bu baxımdan Hatəminin savaşı o başdan bu başa Böyük, Bütöv Azərbaycan savaşı idi. O yalnız imperiyalarla deyil, eləcə də imperiya qulluqçuları – imperiya əlaltıları ilə savaş aparırdı. Özü də hər hansı kompromisdən bütünlüklə uzaq bir savaş: ölüm-dirim savaşı! Bax, buradaca onun yolu Elçibəylə, Elçibəy kimi düşünənlərlə ayrılırdı.
Savaş başlanğıcı olaraq Hatəmi ilə adı yanaşı çəkiləcək  ilkin ad Ə.Elçibəy ola bilər. Ancaq Hatəminin özünün də qonuşmalrından birində dediyi kimi, Elçibəyin KQB-yə düşüb-çıxmasınadək belədir; yalnız buradək adlarını birgə çəkmək olar, bundan sonra onların yolları ayrılır. Bu yol ayrılığı Azərbaycanın çətinliklə qazanılan bağımsızlığının sonralar faktiki olaraq əldən verilməsilə sonuclanır. Burada kim qınanmalıdır: sonadək başlanığıc prinsiplərinə bağlı qalanmı, yarıda prinsiplərini dəyişənmi? Hatəmi yuxarıda sözügedən qonuşmasında deyir: “…mən hara, Heydər Əliyev hara?! Ömrüm boyu onun əleyhinə olmuşam. Əbülfəzlə də elə onun üstündə ayrılmışıq”. Elçibəydən ayrılmasına, eləcə ayrılmaqla qalmayan, onları ayıran nədənlə bağlı Elçibəylə savaşan Hatəmini qlnayanlar, bu üzdən Hatəmiyə düşməncəsinə yanaşanlar Elçibəyin Kələki sonrası bir sıra çıxışlarını ansalar, o çıxışlara gərəkən anlayışla yanaşsalar, çox yaxşı olar. Elçibəy o çıxışlarda Heydər Əliyevi  qantökənlikdə, PKK-nı yaratmaqda suçlamağadək gedib çıxır. Bununla da Elçibəy istər-istəməz yollarının ayrılmasında Hatəminin düzgün-suçsuz olduğunu doğrulamış olur. İmperiya yetirməsi olaraq H.Əliyevin kimiliyi, necəliyi hakimiyətə qaytarılandan sonra deyil, ondan çox-çox qabaq bəlli idi – Hatəmi də, dediyi kimi,  ömrü boyu o bəlli olana qarşı olmuşdu.
1988-cilin fevralında “Çənlibel”i yaradan Hatəmi bununla sonrakı böyük Özgürlük Axımının özülünü qoymuşdu. Azadlıq meydanına yol “Çənlibel”dən başlayırdı. “Çənlibel” yığıncaqları, “Çənlibel” çıxışları qaçılmaz olaraq Azadlıq meydanına aparırdı. Orada başlıca yaradıcı da, başlıca yetişdirici də Hatəmi özüydü. Bunu o çağlar çoxları bilməsə də, KQB bilir, bildiyinə uyğun da davranış sərgiləyirdi. Ancaq KQB-nin Hatəmi ilə bağlı bütün gizli-açıq çalışmaları boşuna gedirdi – Hatəmi nə qorxur, nə də…  bir çox başqaları kimi satılırdı! KQB qorxmaz, sınmaz, satılmaz, əyilməz-yenilməz bir lider-ideoloqla üzləşmişdi. Buna görə KQB-yə bir iş qalırdı: ortaya qondarma-agent liderlər çıxarmaqla, üstəlik, çeşidli uydurma-gözdənsalmalarla Hatəmini arxa plana keçirmək. “Çənlibel”də, adamların oturub düşünə bildiyi yerdə, çox da keçərli olmayan bu taktika Azadlıq meydanında – adamların atüstü-ayaqüstü düşünə bildiyi, kütlə psixologiyasının üstünlük qazandığı yerdə – çox keçərli oldu. Orada Hatəmi yavaş-yavaş sıxışdırılıb arxa plana keçirildi.
Meydana üçboyalı bayrağın gətirilməsində də Hatəmi başlıca rol oynamışdı. İlkin çağlarda Meydanda Hatəmi Qızılbaşları çox aktiv idilər, ancaq yavaş-yavaş onlar da Hatəmi ilə birgə arxa plana keçdilər. Başlarına qırmızı lent bağlamaqla başqalarından seçilən o gənclərlə bağlı “şiə” “dindar” uydurmaları yayılırdı. Bununla bağlı Hatəmi çox-çox illər sonra deyəcəkdi: “Mən hara, şiəlik hara, din hara. Mən indi də belə şeyləri qəbul etmirəm”. Başqaları buna inanmaya bilər, ancaq bizlər – Hatəmini yaxından tanıyan kimsələr  – bunun belə olduğunu gözəl bilirik. Hatəmi gerçək bir din-inanc adamı idi, ancaq onun dini-inancı islam, xristianlıq, buddizim, eləcə də bir başqası deyil, son anadək bağlı qaldığı ÖZGÜRLÜK idi. Özünün ÖZGÜRLÜK dininə-inancına bütünlüklə bağlı qaldığından onu üç yol Elmlər Akademiyasından uzaqlaşdırmışdılar. Özü bunu belə deyir: “Məni üç dəfə Elmlər Akademiyasından qovublar”. Bəlkə də, düzgünü budur: qovublar – Elmlər Akademiyasına yad dinli olduğuna görə! İndiki qovulmalardan da göründüyü kimi, Elmlər Akademiyasında “yaddinli” ola bilməz, olarsa, işdən qovular. Bəlli olduğu kimi, istənilən antimilli rejim üçün Elmlər Akademiyasında bütün dinlər  DOĞMA, bircə ÖZGÜRLÜK “dini” -inancı yaddır. Yad olanın doğma olanlar arasında nə işi?!
Hatəmi özünün Qızılbaşlarıyla Bakıda çağına görə bir sıra gərəkən işləri gördüyü kimi (bilənlər bilir), gərəkirkən onlarla birgə Qarabağ uğrunda savaşa da qatılmışdı.
Ona prezident təqaüdü verilməliydi, verilmədi. Prezident təqaüdü bir yana, o, uzun illər işlədiyi yerdən pensiya da ala bilmirdi. Bununla bağlı demişdi: “35 il Akademiyada işləmişəm, amma orada işlədiyimə görə mənə pensiya  vermirlər”.  Hatəmi Azərbaycanın bağımsızlığı uğrunda rus imperiyası ilə ölüm-dirim savaşı aparırkən, o savaş üzündən Moskvadakı Lefortovo türməsində dustaq edilirkən, Moskvada kiçik biznesə uğraşan İlham Əliyevin bu gün milyardları var, eləcə də o çağlar xırda-xuruş taxta-şalban alverinə uğraşan indiki prezident köməkçisi Əli Həsənovun il boyu milyonlarla qazanc gətirən geniş ailə biznesi var. Hatəmi kimi böyük, dönməz ideya adamlarının “çörəyini” yeyib də o ideya adamlarını yağı gözündə görmələri onların gerçək kimlik görsənişləridir…

Böyük, dönməz ideya adamı

Hatəmi son yüz illik Azərbaycan tarixinin ən böyük, dönməz ideya adamlarındandır. Dönməzlik, başlanğıc prinsiplərinə sonadək bağlı qalmaq baxımından Hatəmi birincilərdən deyil, birincidir. Tarix faktı olaraq buna kimsənin sözü ola bilməz. Hatəmi sovet hakimiyəti dönəmində necəydisə, bir çoxlarının dəyişib başqalaşdığı əliyevçi hakimiyət dönəmində də eləcə qaldı: dəyişməz, dönməz. Dəyişən yalnız onun yaşıydı. Elə yaş ucbatından da o, keçmişi anımsayaraq deyirdi: “Bu gündə xalqın başında Hatəmi kimi lider durmalıdır”. Mənim buna kiçicik artırmam var: Hatəmi kimi dəyişməz, dönməz lider! Kimlərsə onu özünü öyməkdə suçlaya bilərlər, gərəksiz yerə: 80 yaşa gəlib çıxmış Hatəmi üçün özünün yaratdığı tarix belə,  ölkə tarixinin bir parçasına çevrilmişdi – lap elə o tarixdə başlıca rol oynamış Hatəminin özü də. 80 yaşlı Hatəminin o tarixə ölkə tarixinin bir parçası kimi baxması  doğaldan da doğal görsəniş deyilmi?! Tarix isə, bilindiyi kimi, öz-özünə yaranmır, onu çağın seçilmişləri-bahadırları yaradır. Amerika filosofu Ralf  Emerson doğru demirmi: “Tarix yoxdur, bioqrafiya var”. Bunun açması budur: tarix bioqrafiyalardan yaranır. Hatəmi Tantəkin kimi ərdəmli, böyük, dönməz ideya adamlarının bioqrafiyası bir xalqın tarixi deməkdir. İndilikdə bu, Azərbaycan tarixidir. Bu gün bizdə tarixi öz bildiyi sayaq yazan, redaktə edən bir rejim var. Bəlli bir çağda bu rejimin özünün tarixi yazılırkən, bu rejim özü doğru-düzgün dövlət redaktəsinə uğrayırkən ondan qalan gerçək, eləcə də parlaq tarix-bioqrafiya yerinə, yalanla, oğurluqla dolu qaranlıq keçmiş olacaq…
Hatəmi radikal idi – sonadək radikal. Hatəmi irrasional idi – sonadək irrasional. Keçmişdən yanaşmalarla onu radikalizminə görə də, irrasionallığına görə də qınamq, suçlamaq olar, ancaq bu gün içində olduğumuz, istər-istəməz içimizi göynədən ortam Hatəmi radikalizmini, Hatəmi irrasionallığını qınamağa, suçlamağa yer qoymur – ən azı susmaq, susuban olub-keçənlərin düşüncələrinə dalmaq gərəyi yaranır. Bu gündən baxanda Hatəmini düz saymamaq, Hatəmiyə üstünlük qazandırmamaq çox çətindir – adam çağa damğasını vurub gedib!
Başlanğıcda “Bizimlə çoxdan bir olmayan Hatəmi…” demişdim. Hatəmi ilə, demək olar, bizim hamımızın yolumuz ayrılmışdı. Biz özümüzü Hatəmidən, Hatəmi özünü bizdən ayırmışdı. Bizim birimiz az, birimiz çox olmaqla necəsə, nələrə görəsə kompromis yolu tutmuşduq. Sözsüz, bu yolda özəl istəklər-güdüklərlə kompromisə gedənlər də vardı, ellik-ortaq istəklər-güdüklərlə gedənlər də. Özəlçilər özləri üçün nələrsə qazandılar – onlardan danışmağa da dəyməz, ellik-ortaq düşüncə axarında kompromisə gedənlər indilikdə  uduzmuş durumdadırlar. Bu isə bütövlükdə Azərbaycanın uduzması deməkdir. Bizdə praqmatik düşüncənin idealist düşüncəni üstələməsi üzündən ortaya böyük uğursuzluq çıxdı. İdealist düşüncə adamı olaraq Hatəmini də uduzmuş saymaq olar, ancaq bu onun deyil, idealizm yolundan sapan çoxluğun suçudur; çoxluq idealizmi özgüdükçü praqmatizmə uduzdurdu!
Hatəmi sonadək millətçi, sonadək yurdsevər idi. Onun ideya dönməzliyi-yenilməzliyi də sonadək millətçi, sonadək yurdsevər olmağına bağlıydı. Onun sonadək radikalizmi, sonadək irrasionallığı da eləcə sonadək millətçi, sonadək yurdsevər olmağındandı. Barışmazlığı, kompromisdən uzaq olmağı da bu üzdəndi. Bizdə çoxları Hatəminin radikal dönməzliyinə ironiya ilə yanaşır, onu siyasətdən uzaq adam sayırdılar. Onların düşüncəsinə görə Hatəmi siyasət nə olduğunu bilməyən adamlardan idi. Sözsüz, belə deyil; Hatəminin özümlü siyasi görüşləri, dəyərləri, strategiyası, prinsipləri vardı. Gerçək ideya adamı olaraq o öz görüşlərindən, öz dəyərlərindən, öz prinsiplərindən azacıq da keçmirdi. Bax buna, yalnız buna görə çoxları onu siyasətdən uzaq adam sayırdı.
20-ci yüzilin üstün siyasi liderlərindən olan Marqaret Tetçer deyir: “Məncə, kompromis öz inancından, prinsiplərindən, dəyərlərindən, strategiyalarından əl çəkmək sürəcidir”. Bu anlamda Hatəmi inancından, dəyərlərindən, prinsiplərindən, strategiyalarından azacıq da keçməyən üstün bir siyasətçi idi. Onu uduzmuş sayan biriləri qoy özlərinin hansı siyasi uğuru qazandıqlarını göstərsinlər.

 Təklənmiş Hatəmi

Yazı boyu göstərildiyi kimi, Hatəmi özümlü ideya dönməzliyindən təklənmişdi. Ancaq bu, təklənmənin tək nədəni deyildi. Başqa bir nədən də vardı: Quzey Azərbaycanda geniş yayılmış regionçuluq. Güneydən gəlmiş Hatəmi burada “yersiz” olduğuna görə deyil, gerçək ideya adamı olduğuna görə böyük bir bütövlük daşıyıcısıydı. Bizim böyük birliklə başlayan Azərbaycan savaşımız kimlərinsə yaramazlığı üzündən geniş regionçuluqla sonuclandı: regional hakimiyət, daha çox regional xarakterli partiyalar – budur gəlib çıxdığımız yer. İdeya dönməzi, üstəlik, regionsuz olan Hatəmi belə bir ortamda təklənməyə bilməzdi.
Biz türmədə olanda Hatəminin yanına Qırmızı Xaçdan gəlmişdilər. Uzun-uzadı söhbət oldu. Onlar 1946 gəlmişlərindən olan Hatəmiyə istədiyi ölkəyə gedə bilməsi üçün yardımda bulunacaqlarını deyirdilər. Hatəmi: “Bura mənim ölkəmdir, mən buradan heç yana gedən deyiləm”, deməklə Azərbaycanda qalmağa üstünlük vermişdi. Azərbaycansa, ANTİMİLLİ hakimiyət üzündən onu gərəyincə dəyərləndirmədi.
… Onunla son ayrılıq görüşünə də çox az adam gəlmişdi. Fəxri Xiyabanda uyumaq hüququ qazanmış Hatəmi Bülbülə qəbristanlığına aparıldı. Bu qəbristanlıqda ayrıca bölmə də varmış: həmşəri qəbristanlığı. 20-ci yüzilin başlanğıcında bakılılar Güney Azərbaycandan gələnlərin ölülərini öz qəbristanlarına buraxmaq istəmədiklərindən güneylilər pul yığır, Dumaya yollanıb Bülbülə qəbristanlığında özlərinə ayrıca yer alırlar. Sonradan ora “həmşəri qəbristanlığı” adı verilir.  Deyilənə görə, Abdulla Şaiqin obrazlaşdırdığı Qurbanın, Üzeyir bəyin “O olmasın, bu olsun”dakı hambalının də qəbri oradadır.
Hatəmi içində olmaqla, bunlar hamısı yağı əlilə bölük-bölük, param-parça edilmiş Azərbaycanın çəkilməsi çətin ağrı-acılarıdır…

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv