Soylu Atalı. Milli Müqavimət olmalıdır

Azərbaycanda ciddi siyasət yoxdur. Bu gedişlə olması gözlənilmir də. Çünki millilik yönündən siyasətə girişənlər tez dayandılar, yoruldular, əl çəkdilər. Bunun da səbəbləri var.
İlk öncə onu demək olar ki, milli siyasət, daha doğrusu, milli var olmaq uğrunda siyasət yaratmaq və yürütmək istəyənlərimiz problemlərimizə dərindən yanaşmadılar, ağıl işlətmədilər. Kütlənin çılğın toplanışlarına aldandılar. Dərində düşünüb ciddi axtarışlar eləmək əvəzinə təqlidçilik yolu tutdular, başqalarını təkrar elədilər. Yurdumuza siyasi davranışlar idxal olundu. Başqa ölkələrin siyasətçilərinin ideoloji axtarışları ayrı-ayrı parçaları ilə buradakı partiyalara daşındı. Azərbaycanda siyasi baxışlar fərqi çoxaldı və ciddi rəqibləşmə baş verdi. Özbaşınalıq qarşısıalınmaz duruma çatdı. Qarşı-qarşıya duran düşmən mövqelər ortaya gəldi və cəbhələşmələr başladı. İndi yurdumuzda siyasət adına atılan bütün addımlar demək olar ki, xaricdən köçürmədir.
Başlanğıcda SSRİ-nin tam dağılması üçün kənar maraqlar tərəfindən ortaya gətirilən Milli azadlıq çağırışları qısa müddətdə dəyişdirilib yeni siyasi yönə kökləndi. İndi bütünlüklə Qərb demokratiyasına köklənən siyasət var Azərbaycanda. Bu gün milli siyasətin yaranmasına çalışan yoxdur, yaranarsa, yaşayıb iş görəcəyinə inanan da yoxdur.
Biz qəti bilirik ki, yaranmalıdır. Hansı çətinlik bahasına, qurbanlar hesabına olursa-olsun, baş tutmalıdır. Bu ölkədə millət olmaq siyasəti apaılmalıdır, başqa sözlə, türk olmaq uğrunda siyasi mübarizə başlanmalıdır. Bu gün bütün partiyalar (başda iqtidar partiyası olmaqla) Avropa olmaq siyasəti yürüdürlər. Buna “Avropa kimi olmaq, inkişaf eləmək istəyi” adı qoysalar da, bu cür Avropalaşmağın yalnız bir adı var: – könüllü olaraq simasını itirmək. Bu gün dünyanın heç yerində bizim problemimiz kimi problem yaşanmır. Məsələn, Fransada fransız olmaq uğrunda mübarizə aparılmır, fransız dəyərlərinin qorunması və yaşaması uğrunda, fransız hegemonluğunun saxlanılması yönündə çalışmalar var. Eləcə də farslar, eləcə də ruslar və b.k. Biz isə nəinki türk dəyərlərinin yaranması, qorunması, yaşaması uğrunda mübarizə etmirik, heç türk olmaq uğrunda ciddi mübarizə aparmırıq. Hərçəndi biz hələ türk olmaq, adlanmaq uğrunda ayağa durmalıyıq. Bizə millət kimi “azərbaycanlı” deyirlər, heç yerdə – nə qanunlarımızda, nə anayasamızda, nə təhsil müəssisələrində və i.a. türk sözünə rast gəlmək mümkün deyil. Heç kim, – nə xalqın içində, nə hakimiyyətə gəlmək istəyənlər arasında artıq bunun fərqinə varmır. Ölkədə milli ruh yaşamayınca və bunun qorunması yönündə milli siyasət bərqərar olmayınca nə dövlətimizin yiyəsi bəlli olacaq, nə də Vətənimizin. Bu gün Azərbaycanda mövcud simasız gedişlərə, müxalif düşüncəyə, müxalif qüvvəyə ciddi ehtiyacı var. Ənənəvi müxalifət hakimiyyət istəyən, vəzifə istəyən müxalifətdir, millət olmaq, mənəvi-ruhani dəyərləri həyat tərzinə çevirmək istəyən və bunu bacaran müxalifət deyil. Ona görə də ənənəvi müxalifət tamam ölməkdədir. O, öldükcə mollalar fəallaşır və hakimiyyətə iddialı olur. Mollaçılıq hakimiyyət istəyən dini siyasət deməkdir. Mollaların fəallaşmasında ənənəvi müxalifətin ciddi rolu olub. Belə ki, iqtidara qarşı onlar mollalarla dil tapıb, onların siyasiləşməsini müdafiə edib, onlardan sıralarına cəlb elədikləri də olub, öz sıralarında olanlardan bir çoxları mollalaşıb da. Bir sözlə, hər cür simasızlığı qəbul edib, milli yönə ziyan verən əməllərə gediblər.
Türkiyə kimi ciddi, oturuşmuş bir dövlətdə terror təşkilatı PKK-nın tərəfdarları millət vəkilləri olurlar! Sonra dövlətə qarşı açıq hədyanlar söyləyirlər. Quzey Azərbaycan kimi balaca bir dövlətdə özgəçi iqtidar və özgəçi müxalifətin cəbhələşməsi yurdumuzu hansı fəlakətlərə gətirəcəyi artıq bəlli olur. Bu gün Azərbaycanda Türkiyədəkinə bənzər təhdidlər hələ görünmür. Ona görə ki, iqtidar həyatımızın alt qatında gedən fəlakətlərin üzə çıxmasını əngəlləyir. Bununla da gizlində gedən proseslərə (etnikçilik, mollaçılıq və b.k. təhlükələrə) göz yuma-yuma Dağıdıcı qüvvələrin Azərbaycandakı rişələrinin boy atmasına şərait yaratmış olur.
Bizdə gizləmə siyasəti var, qorxu siyasəti, yalmanma siyasəti, hakimiyyəti qorumaq üçün Azərbaycandan qurbanlar vermə siyasəti, hakimiyyətə gəlmək üçün milli mənafeləri qurban vermə siyasəti və i.a. var.
Biz Mütləqə İnam Ocağı olaraq, hesab edirik ki, Yurdumuzda tayfaçılıqla mübarizə siyasəti, etnikçilik bölücülüyü ilə mübarizə siyasəti, dinçiliklə, Qərbçiliklə ardıcıl və qəti döyüş siyasəti yetirilməlidir, başlamalıdır. Bizim, bir xalq olaraq, var olmağımız üçün, eləcə də siyasi müstəqilliyimizin var olması üçün tamamilə yeni insanlar gərəkdir və bu insanlar yeni siyasi mübarizəyə başlamalıdırlar.

Yükümüzdən Böyük Fərəhimiz Yoxdur!
Atamız var olsun!

 (arxiv)

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv