Xaliq Bahadır. Dünyaya açılan Azərbaycan…

Onlar Azərbaycanı dünyaya tanıtmalarından çox danışırlar. Uzun illərdir Azərbaycanı dünyaya tanıdırlar. Tanıdırlar, ancaq… rüşvət-korrupsiya-oğurluq-soyğunçuluq-monopoliya ölkəsi olaraq. Tanıdırlar, ancaq… bütün bunların DÖVLƏT SİYASƏTİNƏ dönüşdüyü ölkə olaraq. Doğrudan da, AzTV-lər hər gün deyən kimi: indi Azərbaycanı bütün dünya tanıyır. Bugünlərdə dünya Azərbaycanı bir daha tanıdı: Azərbaycanda insan hüquqlarının tapdandığını ört-basdır etmək, siyasi dustaq sorununu malalamaq üçün Elxan Süleymanov adında bir rejim əlaltısı AŞ PA-nın indi keçmiş olan başqan yardımçısı Luka Volonteyə rüşvət verib. Başqalarını bilmirəm, məndən ötrü bu rüşvətlə bağlı ən ilginc olanı 2 milyon avrodan çox, 3 milyon avrodan az olmasıdır. Axı, bunlardan biri olmalıydı. Bu gün ortada olan, senyor Lukaya cinayət işi açılmasına nədən olan, 2 milyon 390 min nə deməkdir?
Bəlli olduğu kimi, bu sayaq rüşvət faktı Əliyevlər Azərbaycanında geniş yayılıb. Buna işdə araçı rolu deyilir: araçılıq edən öz payını götürəndən sonra ortaya bu sayaq “orta” rüşvət faktı çıxır. Belə görünür, senyor Lukaya rüşvət aldığına görə bir cnayət işi açılırsa, rüşvəti verən Elxan Süleymanova iki cinayət işi açılmalıdır: 1) rüşvət verdiyi üçün; 2) rejim yiyələrinin  rüşvət vermək üçün ona verdiyi pula əl uzatdığı üçün. Bax, işdi, rejim yiyələri E.Süleymanovu cəzalandırsalar, yalnız buna görə cəzalandıracaqlar. Başqa cür desək, rejim yiyələrinə “atdığına” görə. Bəlli olduğu kimi, Əliyevlər dönəmindən üzü bu yana Amerikanın özünədək çox belə rüşvət faktının üstü açılıb. Əliyevlər balaca Azərbaycanı əldə saxlamaq üçün bütün Yer üzünü rüşvətə bürüyüblər. İndi mən durub bu rüşvət faktlarını bircə-bircə saysam, gərək “Azadlıq” qəzetinin azı bir sayını arendaya götürəm. Öz aramızdı, indilikdə bu nə sizə gərəkdi, nə də mənə. Bircə elə Kojeni faktı nəyə desən dəyər: Azərbaycandakı hər seçki dönəmində bu adamın adı Məzahir Pənahovun adı kimi işləklik qazanır. Deyəsən, Hacı Məmmədov MTN-in işinə yaradığı kimi Kojeni də ABŞ-ın işinə yarayır: adamı nə yarğılayan kimi yarğılayır, nə də buraxan kimi buraxırlar.
Luka Volonte faktı ilə bağlı İlham Əliyevin susqunluğu çoxlarına dinclik vermir: “Prezident niyə bu fakta reaksiya vermir, susur?” Susmayıb nə etməlidir? O rüşvəti verən mən deyiləm, sən deyilsən – rejimin əlaltısı funksiyasını yerinə yetirən birisidir. Hansı dəli öz yanından AŞ PA başqanının yardımçısına rüşvət verərdi? Özü də üstündən götürmüş olsa belə, o boyda rüşvət! Deputat mandatı satan Gülər Əhmədovanın özəl parlamenti yox idi – o parlamentdəki yerləri sataydı. Deputat mandatı satan Gülər Əhmədova Heydər Əliyev sarayının qarşısında qaçaq bilet satan kimsələrdən biri kimiydi: belədə bilet qaçaq olsa da, yer qaçaq olmur. Unutmamış olarsız: G.Əhmədova bütün məhkəmə boyunca səsini qaldıraraq deyirdi: “Mən Heydər Əliyev dövlətçiliyinə qulluq eləmişəm”. Bu bilirsiz nə deməkdi? “Uzaq sahillərdə”ki Ancelikanı anın. Ancelika səsini qaldıraraq dostlarına belə mesaj göndərirdi: “Mənim doqquzun yarısında zabitlə görüşüm var”. Mesaj gərəyincə dəyərləndirildiyindən rejimin Ancelikası tezliklə özgürlüyə qovuşdu.
Ölkəmizdəki çoxsaylı siysai dustaq sorunu ilə bağlı İ.Əliyevi diktator adlandıran Sorosa verilən cavaba baxın: “Siyasi baxışına görə şərlənib həbs olunanlara görə məsuliyət daşımıram”. Belədirsə, onda bu ölkənin NOMİNAL prezidenti bəllidir, bəs GERÇƏK prezidenti kimdir? Nominal prezident ölkədəki çoxsaylı siyasi dustaq faktına görə “məsuliyət” daşımaya bilər, gerçək prezident yox. Axı, o (gerçək prezident) ən azı Konstitusiyaya and içərək bütün yurddaşların hüquqlarını qoruyacağını bildirir. İndiki “məsuliyətdən” boyun qaçırma faktı ölkədə gerçək prezidentliyin yoxluğu demək deyilmi?!

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv