Asif Ata. Sabah üstə (Beşinci Müqəddəs Kəlam)

Bu günün qarşısında 4 təhlükə var: İslamçılıq, İqtidarçılıq, Pul­çu­luq, Xaricilik.
Bu günün qarşısında 4 əməl var: İnamçılıq, Xalqçılıq, İnsan­çılıq, Yurdçuluq.
İslam dəyərləri əslində bəndəçilikdir, qismətçilikdir, o dün­ya­­çı­lıqdır, cənnətçilik-cəhənnəmçilikdir, Yaradan ağalığıdır, itaət­çilikdir, cəfəngiyyatçılıqdır.
İnsan İslamda (və dinlərin çoxunda) – bəndədir, quldur; islam insanı bəndə kimi dəyərləndirir, əslində dəyərsizləşdirir.

İslamda insan aqibəti bütünlüklə Allahdan asılıdır; onun idra­kı var, ancaq əslində insan Allahın idrakıyla yaşayır, onun mənə­viyyatı var, ancaq əslində insan Allahın mənəviyyatıyla yaşa­yır; onun iradəsi var, ancaq əslində insan Allahın iradəsiylə yaşayır.

Allah var olduğu dərəcədə insan yox olur.

İslam (və dinlərin çoxu) insanı mənasızlaşdırır.

İnsanın İdrakı var, ancaq əslində o, insana gərək deyil, insa­na Allahın idrakı gərəkdir.

İslamda idrak mənasızlaşır.

İnsanın Mənəviyyatı var, ancaq əslində o, insana gərək de­yil, insana Allahın mənəviyyatı gərəkdir.

İslamda mənəviyyat mənasızlaşır.

İnsanın İradəsi var, ancaq əslində o, insana gərək deyil, insa­­na Allahın iradəsi gərəkdir.

İslamda iradə mənasızlaşır.

İslamda insan qismətə qatılır, qapılır: özünə yaramır, özüm­lü­yündən ayrı düşür – alətləşir.

İnsanı mənasızlaşdıran islam dünyanı da mənasızlaşdırır.

İslamda əsil dünya – o dünyadır; bu dünya puçdur, fanidir; o dünya üçün yaşayırsan.

Bu dünyada ölürsən – o dünyada dirilirsən.

İslam qorxu saçır, qorxuyla işıqlandırır; əslində qorxu – qaranlıqdır.

Allah – İnsanın ağasıdır.

Ağanın silahı qorxu olur.

Bugün Allah ağalığını rədd etməli, qorxu qaranlığını yar­malıdır.

 

İqtidarçılıq – dünyəvi allahçılıqdır; Göydə Allah, Yerdə Hakim iddiasının ifadəsidir…

Xalqın rəiyyətləşməsi, itaətləşməsi, hakimiyyətin bütləş­məsi, ağalığın ilahiləşməsidir.

Dinçiliklə Hakimiyyətçilik qoşadır. Göy Allahlığı Yer Allah­lı­­ğına yarayır. Hakim Allahdan özünə yaraq düzəldir. Hakimə dindarlıq gərəkdir.

Göydəki Allaha inanan – Yerdəki Allaha tapınar. Göydəki Alla­ha itaət eləyən – Yerdəki Allaha baş əyər; Göydəki Allah­dan qorxan – Yerdəki Allaha əyilər.

Hakimiyyət bugünü rəiyyətləşdirməyə can atır, onu cazibəli şüarlarla, təntənəli çağırışlarla özünə ram etməyə çalışır.

Göy Allahlığını rədd edən bugün Yer Allahlığını da rədd etməli, mənəvi və siyasi xurafata qarşı çıxmalıdır.

 

Pulçuluq – varidat allahçılığıdır, pulun insan üzərində ağalı­ğıdır; insanın əmtəələşməsi – satılması, alınmasıdır.

Dünya – pulçuluq tüğyanına düçar olub. Pulçuluq ruhsuz­lu­ğunu dəf etmək gərək.

 

Xaricilik – millətin dünyaya qatılması, onda itməsi, qərib­ləş­məsidir.

İrəlikçi şüarlarla, çağırışlarla, inkişaf adı ilə millət xarici­lə­şir; qapını dünyaya elə gen açırlar ki, qapısız qalırıq.

Milləti özgəçilikdən qorumaq gərək, xariciləşmə təhlükəsini dəf etmək gərək.

 

xxx

İnamçılıq – Dünyanın özümlüyünə – Mütləq, Əzəli, Əbədi, Sonsuz, Kamil Mahiyyətinə, Mənasına İnam deməkdir.

Həyatın özümlüyünə – Mütləq, Əzəli, Əbədi, Sonsuz, Kamil Mahiyyətinə, Mənasına İnam deməkdir.

İnsanın özümlüyünə – Mütləq, Əzəli, Əbədi, Sonsuz, Kamil Mahiyyətinə, Mənasına İnam deməkdir.

İnamçılıq: Dünyanın Özümlüyündən – Mütləq, Əzəli, Əbə­di, Sonsuz, Kamil Mahiyyətindən, Mənasından yaranmasına  İnam deməkdir;

Həyatın Özümlüyündən – Mütləq, Əzəli, Əbədi, Sonsuz, Ka­mil Mahiyyətindən, Mənasından yaranmasına  İnam deməkdir;

İnsanın Özümlüyündən – Mütləq, Əzəli, Əbədi, Sonsuz, Ka­mil Mahiyyətindən, Mənasından yaranmasına  İnam deməkdir;

İnamçılıq – Mütləq Xeyir, Mütləq Ədalət, Mütləq Həqiqət, Mütləq Kamillik tələbidir.

İnamçılıq – dinə qarşıdır: bəndəçiliyə, qismətçiliyə, o dünya­çılığa, cənnətçiliyə-cəhənnəmçiliyə, itaətçiliyə, Yaradan ağalı­ğına, cəfəngiyyatçılığa qarşıdır.

İnama yüksəlmək gərək, İnamla işıqlanmaq – işıqlandır­maq gərək.

 

Xalqçılıq – bütün cəmiyyətlərə, o cümlədən kapitalizmə və so­sia­lizmə xas olan ağalıqdan, nökərlikdən, təbəqəçilikdən, yad­laş­madan azad olmaq – xəlqi birliyi təmsil edən quruluş yarat­maqdır.

Nə qədər ağalıq var – xəlqi quruluşdan danışmaq – yalandır.

Nə qədər nökərlik var – xəlqi quruluşdan danışmaq – yalandır.

Nə qədər təbəqəlik var – xəlqi quruluşdan danışmaq – yalandır.

Nə qədər yadlaşma var – xəlqi quruluşdan danışmaq – yalandır.

Xəlqi quruluş – fərdi özünüidarəyə əsaslanan quruluşdur. – Müstəqil İnama, Müstəqil İdraka, Müstəqil Mənəviyyata, Müstəqil İradəyə malik olan azad fərdlər birliyidir.

Əməkçi Mülkiyyətinə (kapitalist mülkiyyətinə yox, sosialist mülkiyyətinə yox) – əsaslanan quruluşdur.

Qoruyucu dövlətə (parlamentçiliyə yox, totalçılığa yox) – xalqı dünyada təmsil eləyən, onu yağıdan, cinayətkardan qoruyan dövlətə əsaslanan quruluşdur.

İmtiyazsızlığa əsaslanan quruluşdur.

Xalqçılğa yetmək gərək, Xalqçılıqla İşıqlanmaq – işıq­landırmaq gərək.

 

İnsançılıq – insanın Mütləq Mahiyyətini, zamandan, şərait­dən, mühitdən, cəmiyyətdən üstünlüyünü, kamilliyə qadirliyini təsdiq etməkdir.

İnsan pulçuluğuyla yox, ruhçuluğuyla zəngindir – İnamıyla, İdrakıyla, Mənəviyyatıyla, İradəsiylə.

İnsançılığa yetmək gərək, İnsançılıqla işıqlanmaq – işıq­landırmaq gərək.

Yurdçuluq – Şərqçilik, Türkçülük, Azərbaycançılıq bir­li­yidir.

Dünya sürətlə qərbləşir.

İndi Dünya deyəndə Qərb nəzərdə tutulur əslində.

Şərqdən Qərb kölgəsi düzəldirlər.

Şərqi təqlidçilik kölgəçiliyindən xilas etmək – yurdçuluq ləyaqətidir. Bu ləyaqətə yetmək gərək, onunla işıqlanmaq – işıqlandırmaq gərək.

Türkçülük – yurdçuluğumuzun fitri təməlidir: inamçılıq, birsifətlilik, vüqar, ölümlə öcəşmək, özü­­nü­təsdiq möhtəşəmliyi əsasında yurdlaşmışıq.

Türkçülüyə yetmək gərək, türkçülüklə işıqlanmaq – işıq­lan­dırmaq gərək.

Azərbaycançılıq – milli dəyərlər ucalığıdır. Milli dəyər­ləri­mizi islama bağlamaq onları dəyərsizləşdirməkdir.

Azərbaycanın milli dəyərləri – Zərdüştçülüyün təmsil etdiyi işıqçılıqdır; Babəkiliyin təmsil etdiyi fərəhçilikdir; Dədə Qorqu­dun təmsil etdiyi ağsaqqalçılıqdır; Hürufilərin təmsil etdiyi Həqçilikdir; Ocağın təmsil etdiyi Mütləqçilikdir.

Azərbaycançılığa yetmək gərək, Azərbaycançılıqla işıqlan­maq – işıqlandırmaq gərək.

Bugün Sabah üstə köklənməlidir – Sabah çağırmalıdır.

 

28 Mərhəm günü, Günəş Ayı, 18-ci il. Bakı.

(mart, 1997)

 

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv