
Eldə məsəl var – “quş dimdiyindən tora düşər” deyirlər. Yəqin bunun nə demək olduğunu hər kəs başa düşür. Yəni quş ovlananda heç də heç kim onun dimdiyinə qarmaq salmır. Dənə – yemə aldanan quş tora düşər anlamı daşıyır bu məsəl. Yem mövcudluğu zəruri edən başlıca faktor olsa da, yalnız mövcudluğunu düşünüb başqa şey düşünməyəni yem ölümə yem edə bilir. Azərbaycanın bugünkü siyasal mənzərəsi yem qurbanlarının macəralarından oluşubdur. Ayrı-ayrı çağlarda özünün mübarizə yoluna, eləcə də bir-birinə xəyanət edib “dimdiyindən tora düşənlər” (hakimiyyətin yeminə, yemləməyinə satılanlar) indi toplumu antireferendum kompaniyasına qoşulmağa çağırırlar. Toplum isə onları nə görür, nə də eşidir. Hakimiyyət də çox rahat antimilli qərarlar verir. Sosial şəbəkələrdə emosional yazanları, virtual narazılıq edənləri çıxsaq, heç bir ciddi dirəniş görməyən hakimiyyət sadəcə tabeliyindəki qurumlara nə etmək gərəkdiyini göstəriş verir. Deyək ki, Konstitusiya məhkəməsinə göstəriş verir ki, referendumun mümkünlüyünü əsaslandır və qəbul elə. Bir azdan da dövlətin bütün müəssisələrində çalışan işçiləri səsverməyə göndərəcəklər. Heç kim də, iş yerini itirmək qorxusu üzündən, getməkdən boyun qaçıra bilməyəcək. Beləliklə, bir tayfa dövlətin başında öz hakimiyyətinin ömrünü uzadıb sürdürəcəkdir. Hər şey çox asan başa gəlir, çox sadə həyata keçirilir. Nədən, – çünki siyasi müxalifət yoxdur – aldananlar, aldadanlar və satılmışlar yığını var. Mən bu sözü təhqir üçün demirəm, durumdan acıyan, ağrıyan bir millət övladı olaraq inciyib deyirəm.
Bəlkə də başlanğıcda hakimiyyəti ələ keçirən bu tayfa bunca uzun ömürlü olacağını düşünməmişdi. Ancaq zaman-zaman siyasi müxalifəti içəridən dağıdıb elə bir ələbaxan duruma gətirdi ki, özü öz işinə heyran qaldı. Bu çağacan müxalifətdə bir balaca birlik, təpər olsaydı, bu hakimiyyət dövlətin başında qalmağa tab gətirməzdi.
İqtidar bir çoxlarının mənliyinə pul qoydu. Onlar da asanlıqla mənliklərindən əl çəkdilər. Bununla qarşısında hansısa içsəl bir gücün olmadığını görən İqtidar düşündü ki, niyə də hakimiyyətini əlindən versin, niyə də imkan varkən özü davam etməsin. Ona əngəl olan yalnız bir güc vardı – qanun. Onu da dəyişdirib susdurmağa nə var ki?!
Dışarıdan da təpki göstərən yoxdur. Kimin nəyinə gərəkdir. Bir halda ki, dışarıdakının istəkləri təmin olunur, niyə rahatsız olsun ki?!
…Ancaq durum təkcə siyasal ortamda ziddiyyətli deyil, toplumsal (ictimai) ortamda da ziddiyyətlidir. Təbii ki, bunlar bir-birinə bağlı məsələlərdir. Elm, mədəniyyət, ədəbiyyat adamları da ortamın dalınca yüyürürlər. Opportunizmin başlıca özəllikləri də zatən bu deməkdir. Ortam nəyə, hara çağırırsa, oraya gedirlər. Gerçəkliyə uyğun hərəkət eləmək gərəkdir deyirlər. Ötən illərin tarixini də unudurlar. Anlamırlar ki, elmdə, ədəbiyyatda ciddi iz qoymuş adamlar gerçəkliyə uyğunlaşmağı deyil, gerçəkliyi dəyişməyi düşünüblər. Ona görə mübarizə aparıblar. İndikilər kimi gerçəkliyin xoşuna gəlmək üçün “hər şey” olmayıblar. Mənəvi, idraki güclərini gerçəkliyi, öz əyrisində, sarsıtmağa yönəldiblər. İndikilər isə sığınmaq üçün kölgə axtarırlar. Nəyimə gərək “anlamsız” uzun mübarizə deyirlər.
Unutmaq olmaz ki, gerçəkliyə uyğunlaşanlar idealsız qalırlar.
Özlərini türkçü sayanların da əlləri yalındır. Köhnə ideyalardan yapışırlar, ölünü diriltmək istəyirlər. Yenilikdən qaçırlar, vaxt itirirlər, ortama uyğun türkçülük istəyirlər – heç nə alınmır, alınmayacaq. Nə dinçi türkçülük, nə Batıçı türkçülük qurtuluş deyil, ola da bilməz. Dinçiliyi inkar edənlər isə deyirlər gərək ateizm olsun. Türk kimi inamçı, insançı bir etnos ateizmlə hara gedə bilər ki?!
Asif Ata deyir: “Azərbaycan millətçilik yolu keçmədi. SSRİ dağılandan sonra rusçuluqdan Batıçılığa yüyürdü”.
Biz isə deyirik, Azərbaycan toplumunun bəlli bir kəsimi də Batıçılıqdan dinçiliyə qayıtdı, yenə də millətçiliyə üz tutulmadı. Biz hesab edirik, Azərbaycan böyük anlamda bağımsızlığına, özgürlüyünə qovuşmaq üçün Millətçiliyə üz tutmalıdır. Bu millətçilik Mütləqə İnam təlimindən bəhrələnən bir mübarizə xəttinə çevrilməlidir. Bunsuz Millətçilik ideyası gücə çevrilə bilməyəcək.
Asif Ata yazır: “Millətçilik – Vətəni, Milləti mütləq saymaqdır”. Düşünürük ki, bu ləyaqətə yetməyən toplum bağımsızlığa, özgürlüyə qovuşmaz. Vətənçi, Millətçi olmadan, böyük bağımsızlıq, özgürlük qazanmaq mümkünsüzdür.
Yükümüzdən Böyük Fərəhimiz yoxdur!
Atamız Var olsun!
04 Qürub Ayı, 38-ci il. Atakənd.
(avqust, 2016. Bakı).