Soylu Atalı. İnamın bilinmə mərhələləri (I yazı)  

I. İnamın yaranma zərurəti

Ərəblərin məlum işğalçılığı – İslam bayrağı altında qətllər, qarətlər, Babəkin amansız edamı; Azərbaycanın ikiyə bölünməsi, zaman-zaman Rus, İran Azərbaycanı kimi qoltuqlanması; azadlığın, müstəqilliyin tədricən xalqın əsas kütləsinin şüurundan silinməsi və müstəmləkə aqibətinə öyrəşdirilməsi; Tarixin ayrı-ayrı dönəmlərində (istər siyasi, istər mədəni-ideoloji yöndə) irəli duran ziyalıların, yaradıcı insanların qısa zamanda geri oturdulması, xalqın düşüncələrə, maariflənməyə yönəldilməsinin qarşısının alınması, – bu sıradan bolşeviklərin müstəqilliyimizə divan tutması, vətənimizin müəyyən hissəsini Ermənistanlaşdırması; milli şüurun məhv edilməsinin 37-ci il zirvəsi; kütlənin ağlında irəli duranlarımızın xain, dönük, satqın kimi epitetlərlə ləkələndirilməsi; ulusumuzun adının pozularaq mücərrəd millət (azərbaycanlı) anlayışının ona təlqin olunması (təsadüfi deyil ki, demokartiya oyunları başlayanda ayrı-ayrı yurdsevərlərin, ziyalıların türk adımızı gündəliyə gətirməsi xalqın içində istehza ilə, ikrah hissi ilə qarşılanırdı. Bu münasibət bu gün də davam edir); Sovet-rus imperiyasının Azərbaycan insanlarının ağlında Türkiyəyə qarşı düşmənçilik toxumu səpməsi, türk adına qarşı az qala nifrət hissi formalaşdırması hələ də yaddaşlardan tam silinib getməyib.
Və nəhayət, Qərb demokratiyasının «Qarabağ, 20 yanvar, Xocalı» vəhşətləri yaratması və s. İnamın zəruriliyini aşkarladı, belə bir ulusal hadisənin başlamasını labüd şəkildə üzə çıxartdı.
Bizim xalqımızı yüzillərdir əzirlər, özgələşdirirlər. Başqa dillərin, mədəniyyətlərin, gələnəklərin təsiri ilə dilimizi, mədəniyyətimizi, gələnəklərimizi əritməyə çalışırlar. Bu xalqı əzdikcə ürəyi yumşalır, duyğuları kövrəkləşir, yağı zülmünə, həqarətinə, təhqirinə dözür. Bu gün daxildəki və xaricdəki siyasət ulusumuza «dözümlü xalq» statusu icad eləyib. Bu ad əhalinin içində özü haqqında lətifələrin yaranmasına səbəb olub. «Dözümlü xalq» artıq lağlağı kimi dilə gətirilir. Xalq getdikcə təhqir olunmağını adi qarşılayır, simasını itirir, özünə inamı aradan gedir. Kişiliyin ölməsinə, qadınlığın itməsinə, qeyrətə istehza olunmasına qarşı onda utanc duyğusu baş qaldırmır.Bunun qarşısını heç bir çaba almır, ala bilmir. Ziyalı sayılan, elmli olan adamlar addımı dala qoyur, vəziyyətlə barışır, şərəfsizliyə vərdiş edir. Ulusal yaradıcılığa girişmək istəyən tapılmır, hamı köhnəliyin tələbinə boyun əyir, mədəni quruculuq kənardan gözlənilir, xalqda əsarətə pərəstiş formalaşır. Üzərimizdə assimilyasiya əməlləri həyata keçirildikcə, ruhumuz özgələşdirildikcə, xalq kimi yaşamağın mümkünlüyünə inam aradan getdikcə fəlakətlər çoxalır. Xalq fərdlərinin gözündən düşür. Əlbəttə, belə bir vəziyyətdə xalqın var olmasına doğru əmələ başlamaq – başlayana misilsiz çətinliklər vəd edir. Bu çətinliyin ağırlığına dözmək və axıra qədər getmək üçün təkcə şəxsi keyfiyyətlər, – hünər, iradə yetərsizdir. Çünki özgələşdirmə əməlləri içərimizə yaxşı işlənilmiş nəzəri, ideoloji proqramlarla yeriyir. Bizi bir xalq olaraq özgələşdirən amillərdən biri dindir. Dinə qarşı isə nə dövlət dirəniş göstərir, nə ziyalı, nə alim. Bu halda xalqın özəllikləri haqqında düşünmək səmərə verməz, işə çevrilməz. Xalqın özünü tanıması baş vermirsə, avamlıqdan, gerilikdən ayılmaz, ayrılmaz.
Xalqı özgələşdirən ikinci amil siyasi ideologiyadır. Bu sahədə də bizimkilər yaradıcılıqla məşğul olmurlar. Siyasi ideyalar da hazır şəkildə kənardan gətirilir. Bunun da milli xassələrə uyarlığı yox. Siyasi mühitdə irəli çıxanlar xalqa öz sözünü deyil, əsasən özgə sözünü deyirlər. Xalq özününkülərin diliylə özgələri eşitməli olur. Bunun da kökündə yenə dini baxış dayanır. Çünki din xalqı avam, kütlə səviyyəsində saxladığı üçün siyasi özgəlik onu idarə edə bilir. Nə qədər ki, xalq kütlə səviyyəsində qalır, o, vədlərin dalınca gedir, düşüncənin dalınca getmir.
Milli ideya ortaya qoya bilməyənlər hakimiyyəti söyməklə xalqa təsəlli verirlər. Özlərinin yolsuzluqlarını da hakimiyyətin suçunu qabartmaqla pərdələyirlər. Hakimiyyətin yaratdığı sosial problemləri sadalamaqla içəridəki hər cür yabanı təsirlərə bəraət hazırlanır əslində. Hakimiyyəti antimilli ideyalara qapı açmaqda, bu ideyaların xalqın içində maneəsiz yayılmasına şərait yaratmaqda suçlamırlar. Çünki özləri də bu ideyaların daşıyıcılarıdırlar.
Hakimiyyəti söyməklə xalqı “sevindirənlər” heç nəyə nail ola bilmədilər. Söyüşlərlə xalqı ruhlandırırlar ki, hakimiyyətdən nəsə qoparsınlar. Xalqda söyüş “ruhu” yaradırlar. Söyüşdən “ilhamlanan” kütlə zəlilliyin son həddinə çatır. Yeganə düşməni kimi hakimiyyəti bilir. Düşdüyü vəziyyətin köklü səbəblərini dərk eləmir.
Xalqın özgələşməsinə şərait yaradan əsas sahələrdən biri də elm və təhsil yönündəki fəaliyyətdir. Dünyanın hər yerində elmə münasibət sırf siyasi münasibətdir. Siyasi münasibət daha çox alver münasibətidir. Ona görə də elm inkişaf elədikcə həyat gerçək gözəlliklərini daha çox itirməkdədir. Elm daha çox xudbinliyə, xudpəsəndliyə yarayır. Xudbinlik sevgi duyğusunu bütünlüklə əvəz edir. Heyvan yalnız öz balasına isti münasibət bəslədiyi kimi, xudbinləşən, xudpəsəndləşən elmli də əsasən öz ailəsinə isti münasibət bəsləyir. Lakin bu münasibət maddi gərəklikdən başqa bir şey olmur. Elmlə alver edən maddi üstünlüyə can atır və bu meyil bütünlüklə ailənin psixologiyasına hakim kəsilir. Ailə ruhani dəyərini itirir, xalqın mənəvi varlığından təcrid olur. Xudbinliyin, xudpəsəndliyin yaratdığı fərdi müstəqillik ulusal vəhdətin pozulmasına səbəb olur. Xalqın mənəvi-ruhani təməlini təşkil etməli olan ailə rəqabət hadisəsinə çevrilir. Hər kəs övladına təhsil verir ki, ümumi rəqabətdən geridə qalmasın, maddi əskiklikdən yaxa qurtarsın. Təhsil cəmiyyətin xudbinləşməsinə xidmət göstərir. Təhsildə rüşvət bu prosesi daha da sürətləndirir və ictimai bəlaya çevrilir. Mənəviyyatsızlığın hökm sürdüyü cəmiyyətdə təhsil xalqın qurulmasına deyil, uçulmasına xidmət göstərir. Təhsilin məqsədi insan deyil, maddiyyatçılıqdır. Bu səbəbdən də təhsildəki irəliləyişlər ictimai geriliyi aradan qaldıra bilmir. Xalq ixtisaslaşır, amma insanlaşmır. Çeşid-çeşid ixtisaslar yaranır, ziyalılıq yaranmır. Fizikanı öyrənən mənəviyyatı öyrənmir. Fizikanı öyrədirlər, mənəviyyatı öyrətmirlər. Əslində elmləşən cəmiyyət sürüləşir, xalqlaşmır. Mənəviyyatsızlıq eynilik yaradır. Həyatın elmə ehtiyacı var, elm həyatın başına oyun açır. Təhsil alana vətəni etibar eləmək mümkün deyil, xalqı tapşırmaq risk demək olur. Təhsil alan din avamlığından kənara çıxmır, siyasətin kölgəsindən ayrılmır. Təhsil vasitəsilə fərd idarə olunur. Dövlət zor vasitəsi, siyasət aləti olaraq qalır. Dövlət fərdə təhsil verib xalqdan ayırır, onu xalqçılığın əleyhinə işlədir. Beləliklə, gerçəklikdə ədalətin baş tutacağına xalqda inam aradan gedir.
Xalqın həyatında yaranan iqtisadi enişlər bu deyilənlərə ciddi bir əlavədir. İqtisadi siyasət deyilən hadisə – iqtisadiyyatın mənimsənilməsi, xalqdan alınması anlamı daşıyır. Xalq iqtisadi problemlərdən ayılmır. Xalq acından ölür, ölkədə abadlıq işləri görülür. Şagird-müəllim münasibətləri alver münasibətləri səviyyəsinə enib, ölkədə yüksək estetik görüntülərə malik məktəblər tikilir. Görülən hər bir iş xalqın rifahından kənarda baş verir. Yüksək təchizatlı xəstəxanalar qurulur, bunlardan əhalinin çox az bir hissəsi istifadə edə bilir. Saxta müayinələr, saxta müalicələr, saxta münasibətlər xəstələrdə ruh düşkünlüyünə, inamsızlığa, bədbinliyə səbəb olur.
Əslində daxili siyasət əsasən iqtisadiyyatı ələ keçirmək üçündür. Siyasət insanların haqqını mənimsəyir, onlara hüquq adlı imtiyaz uydurub vəd edir. Hüquq – əslində rəqabətdə iştirak eləmək imtiyazıdır. Bu mənada əhalinin içərisində yalnız iqtisadiyyatı mənimsəyənlərin hüququ olur, yaxud ödənilir. Yerdə qalanlar üçün hüquq əhəmiyyətsiz bir anlayışdır. Əhalinin yoxsul hissəsi heç vaxt hüququnun təminatına girişə bilməz. Buna onun imkanı yoxdur, bunu heç nəzərə alan da yoxdur. Beləliklə, əhali siyasi qanunbazlıqlarla oynadılır, aldadılır və idarə olunur.
Plüralizm – anarxiya xoru deməkdir. Bəşəriyyətə yaxşı məlumdur ki, hər kəsin fərdi keyfiyyətləri olur – estetik zövqü, duyumu, sevgisi, nifrəti, bacarığı, istedadı və s. Fərdlərin bu keyfiyyətləri yaşatması üçün mənəvi dirçəliş başlamalı və xəlqi mühitə çevrilməlidir. Burada hər hansı bir “izm”ə ehtiyac yoxdur. Plüralizm – fərdi keyfiyyətlərin qorunmasına deyil, pozulmasına xidmət edir. Plüralizm – fikri, düşüncəsi, rəyi olmayanların danışması hüququdur. Əslində anarxiyanın yaranması üçün düşünülmüş siyasi fəndgirlikdir. Vahid mövqeni, birxətliliyi, ümummilli birliyi dağıtmaq siyasətidir. Çoxpartiyalılıq, çoxqrupluluq, çoxqütblük parçalanmağa, bölünmüşlüyə gətirib çıxarır. Yadlığın, yabanılığın milliliyi kölgədə qoyması ilə sonuclanır. Xalq olmazın dərəcədə özündən ayrılır. Yuxarıda vurğuladığımız kimi, fərdlərinin gözündən düşür. Lakin fərd öz gözündən düşmür. Onun içində həqiqətə meyil, ədalət istəyi, mübarizə əzmi tamam silinib getmir. Ən çətin məqamda fərddə olan bu keyfiyyət yenidən baş qaldırır, fərdi xalqın aqibətini dəyişməyə sövq edir. Bizim zamanımızda Asif Ata – İnam Ata xalqın içindən irəli çıxmış və belə bir çətin mübarizə işinə girişmişdir. Fərdlərin həmin keyfiyyətlərinə inanmış və onlardan xalq yaratmaq haqqında düşünmüşdür. Əvvəldə qeyd elədiyimiz kimi, ayrı-ayrı vaxtlarda başqa irəli çıxanlarımız da olub. Lakin təkcə fərdi keyfiyyətlərlə və yadlıqla özümlüyün sintezindən ortaya qoyulan ideyalarla belə bir ağır yükü çəkib aparmaq, əlbəttə, çox çətindir, hətta mümkünsüzdür. Ona görə də Asif Ata Ruhani Dirçəliş yolu tutdu. İrəli sürdüyü milli-bəşəri ideyalarıyla fərdi keyfiyyətlərinin birliyindən İnam Ocağı qaladı. Yalnız Yeni Dünyabaxış, Yeni İnam xalqın içindəki total özgəçiliyə qarşı dirəniş göstərə bilər və onu yurdundan qovub çıxarar.

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv