
II. Xalqın biganəlikdən sonra düşünmək imkanı da aşkarlanır
İnam ilk işini yaradıcısının özündə başlayır. Və təbii ki, İnam bir gündə yaranmır, illərin axtarışıyla cilalanır, inkişaf edir və oturuşur. Bu gedişatın əsas hərəkətverici səbəbi maneələri ötə bilmək, onun təsirində ilişib qalmamaq və azalmamaqdır. Bu baxımdan İnamın qurulması, inkişafı həm də fərdi keyfiyyətlərin inkişafını tələb edir. Ümumən nəinki inkişafını, yeni fərdi keyfiyyətlərin aşkarlanmasını, yaranmasını zəruri edir. Lakin İnamın elan olunması, yaradıcısının İnam tələbi yönündə daxilən artması özünün gerçəkləşmə imkanları ilə müqayisədə qat-qat güclü olan təpkilərlə qarşılaşır.
Bu təpkilər iki cür maneə kimi ortaya çıxır: biri yaranan ideyanın tutumuna, təsirinə qarşı, digəri bənzərsiz fərdi keyfiyyətlərin görünməsinə, təsdiqinə qarşı. Fərdi keyfiyyətlərin təsdiqi də əslində xidmət elədiyi ideyanın yayılması, genişlənməsi ilə bağlıdır. Yəni fərdi keyfiyyətlər yaradıcılığın məzmununa doğmalaşmaqla bilinir.
Dediyimiz kimi, ideyanın tutumuna, təsir imkanlarına qarşı duran maneə ideoloji maneədir. İkinci maneə – şəxslərin fərdi keyfiyyətlərin ucalığına, bənzərsizliyinə qarşı qısqanclığı, paxıllığı, gözügötürməzliyi, rəqabəti. Bu maneələr xarakterik olaraq bir nöqtədə birləşsələr də, görünən, görünməyən olmaları ilə hardasa ayrılırlar. İdeoloji maneə xalqın həyatında oturuşduğuna, ağlında, düşüncəsində daşlaşdığına görə daha uzunömürlü olur və bu əslində görünən maneədir. Görünməyən maneə də işi yubadır, yayılmanın sürətinə ziyan verə bilir. Məsələn, Asif Atanın haqqında ilk dəfə eşidən adam ictimai mühitdə tanınmışların yanında söz salarkən həmin tanınmışın inkaredici bir jesti, “əşi” deməsi maraqlanan şəxs üçün mövzunu haradasa qapaya bilir. Çağdaş “Azərbaycan Yazıçılar Birliyi”nin üzdə olan bir sıra simaları, həmçinin Milli Elmlər Akademiyasında, təhsil müəssisələrində ayrı-ayrı şəxslərin Asif Ataya qarşı illərlə davam edən paxıllıqları, qısqanclıqları onun Dünyabaxışının, nüfuzunun xalqda yayılmasına ziyan verə bilir.
Asif Ata şərlə döyüşür, onlar da Asif Atayla. Doğrudur, şərin ayrıca ünvanı olmur, elə buna görə də onun ayrıca məzmunu da olmur. Şər adamların əməllərində, münasibətlə-rində üzə çıxır, – naqis duyğuların gerçəkləşməsi kimi. Və Asif Ata şəxslərdəki balacalığa, naqisliyə qarşı necə deyərlər döyüş cəbhəsi açmayıb. Başqasının naqislikləri ilə səsləşən, uzlaşan əhvalları ömründən silib, atıb. “Ziyalı” qeybəti səviyyəsinə enməyib, böyük şərlə – xalqın həyat tərzini dəyişən ideoloji şərlə döyüşə girişib, böyük əməllər, böyük hünərlər ortaya qoyub. Elə buna görə də ruhani sevdası baş tutub. Asif Ata anlayırdı ki, haqqında dolaşan şayiələr, böhtanlar, öyrədilmiş qızlar tərəfindən telefon zəngləri ilə əxlaqazidd davranışlar, sataşmalar, yenə də öyrədilmiş adamlar tərəfindən telefon zəngləri – hədələmələr, işdən qovulma, Dövlət Təhlükəsizlik orqanları tərəfindən incidilmə, bu orqanın casusları tərəfindən izlənilmə, dostlarının qorxudularaq ondan uzaqlaşdırılması, ailəyə, qohumlara, nəslinə təzyiqlər göstərməklə onun imkanlarının məhdudlaşdırılması, çapdan məhrum edilməsi, bir tikə çörəyə, yaşamaq, yatmaq üçün dar bir ünvana belə möhtac edilməsi, bütövlükdə cəmiyyətdən təcrid edilərək təklənməsi, dəli, ruhi xəstə edan edilməsi və s. onun ideyasının gücünə, “təhlükəsinə” görədir. Belə bir çətin durumda özündə güc tapması, yaratdıqlarına yiyə durması Asif Atanın ömrünü zənginləşdirdi, kamillik səviyyəsinə yüksəltdi. Heç nəyə baxmadan xalqın içinə çıxdı, özünə həmfikirlər, məsləkdaşlar axtardı. Cəlb elədiyi adamların böyüməsi, fəaliyyət göstərməsi üçün Ruhani qurum yaratdı. Açıq şəkildə yeni İnam yaratdığını, özünün də bu İnamın Peyğəmbəri, Atası olduğunu elan elədi. Özünün mübarizəsində yeni mərhələ başladı. Artıq xalqın görüşünə Peyğəmbər kimi gedirdi. Bu isə cəmiyyətdə çaşqınlıq yaratmaya bilməzdi. Çünki peyğəmbərlik haqqında təsəvvür başqa cürdür. Ənənəvi peyğəmbərliklə İnam peyğəmbərliyini ayıran sərhədlər hələ dərk olunmur. Təbiidir ki, Dünyabaxış irəli sürən insanözünün kimliyi haqqında təsəvvürü ortaya qoyduğu İdeyaya görə yaradır. Bu baxımdan peyğəmbər sözü dinə aiddir. O elçi deməkdir, Allah tərəfindən verilən statusdur. Şübhəsiz bu kontekstdən yanaşanda Asif Atanın peyğəmbərliyi deyilənlərə uyğun gəlmir, bu qəlibə aid olmur. Ona görə də Asif Atanın peyğəmbərliyi Ruhani Atalıq məzmunu daşıyır və o İnamın Atası anlamını əsas götürür. Bununla belə, Asif Ata peyğəmbər sözündən imtina edə bilməzdi. Çünki İnamı dinin əvəzi kimi yaradıb və cəmiyyəti dindən imtinaya çağırmaq üçün keçid mərhələsi kimi Peyğəmbər sözünün işlədilməsi qaçılmazdır. Cəmiyyətdə həm əski peyğəmbər var, həm də ruhani Ata var düşüncəsi olmamalıdır. «Elə peyğəmbər yenidir, Ata özü odur» təsiri düşüncələrə oturuşmalıdır. Bizim əqidəmizə görə Atalıq peyğəmbərliyin yeni səviyyəsidir. Əslində ənənəvi peyğəmbərlikdən yüksəkdir. Dində peyğəmbərin öz sözü yoxdur, o, Allahın sözünü söyləyir. Onun öz iradəsi, hökmü yoxdur. O cəmiyyətə yalnız xəbər verir, cəmiyyətin Allahı özünə böyük, müqəddəs seçməsi üçün təbliğat aparır. Ata cəmiyyətə öz sözünü deyir, insani, bəşəri yöndə gördüyü işləri öz iradəsiylə, öz idrakının gücüylə həyata keçirir. Atalığın məqsədi müqəddəsliyi göylərdə axtarmaq yox, onu həyata gətirməkdir, həyatı dəyişmək, dünyada insanlığı bərqərar eləmək üçün ruhani mübarizə aparmaqdır. İnsanı göylərə tapşıran dini rədd edir, özünə tapşıran Amal yaradır.
Dində Peyğəmbər siyasət işlədir, – İnsanı aldadır, qorxudur, şirnikdirir. Məqsədinə çatmaq üçün qılınc da götürür və insanın üstünə qılıncla gedir, zor işlədir, qan tökür. Süni şəkildə insanı Allaha boyun əydirir. Sevgi insanın qəlbinə hakim kəsilmir, qorxu hakim kəsilir. İnsanın ən böyük «müqəddəs işi» Allaha yalvarışdan ibarət olur.
Lakin İnam insanı aldatmır. Onu qorxulu, qəzəbli, öləndən sonra insanı dirildib ona işgəncələr verən, həqarət yağdıran mücərrəd bir varlıqla deyil, özünün insani mahiyyətiylə üz-üzə qoyur. İnsan öz mahiyyətinin ucalığını anlayır, həqiqətin varlığını bilir, onu dərk edir, onun varlığına sevinir, ona doğru yol başlayır. Həqiqətə qovuşur, həqiqətlə bir olur. Dünyaya niyə gəldiyini anlayır və müqəddəs əməllərə can atır. Müqəddəsliyi, ölməzliyi özündə tapır. Cənnət həvəsi, cəhənnəm qorxusu ilə yaşamır. Əbədiliyi həyatda tapır. Nəyi var həyatın gözəlləşməsinə verir. İnsandan böyük məbud tanımır.
Din insanlaşmaq harayı çəkmir, bəndələşmək harayı çəkir. Dinin harayında cazibə var idi, bu cazibə müqəddəsliyi sevmək, onu qorumaq çağırışından irəli gəlirdi. Fəqət cazibə müqəddəslik yaratmadı, zaman-zaman gücünü itirdi. Çünki sevilməli müqəddəslik təhrif olundu. Uyduruldu. İnsan yaranmadı.
İstənilən haray İnam ola bilməz. İnam – Dünyaya bütöv yanaşmaq və idraklı yanaşmaq tələb edir. İnamda Dünyanın, Həyatın, İnsanın nəliyi, necəliyi köklü, əsaslı qoyulur və bunu dərk eləməyə yön verilir. Dünyanı, Həyatı, İnsanı mahiyətinə bənzətmək üçün, dəyişmək üçün mübarizə aparılır, yol yaranır və gedilir. Fəlsəfə bunu edə bilmir, elm, sənət bunu edə bilmir. İnam – Dünyanın, Həyatın, İnsanın nəliyinə, necəliyinə münasibəti ona görə yaradır ki, mahiyyət bilinsin, dərk olunsun və nikbinlik üçün əsas olsun. Başqa sözlə, İnsanlaşmanın doğruluğuna, gərəkliyinə, baş tutacağına şübhə yeri qalmasın. Cəmiyyətin mövcud durumu onun özündən ayrılmasının təzahürüdür. Bunu elə-belə anlatmaq, əsaslandırmaq çətin olur, yaxud bunu anlamaq səmərə vermir. Lakin dünyayla bağlı nikbinlik yarananda həqiqət ömrə gəlir və mənəvi, ictimai problemin həllinə imkan yaradır. Bu isə İnamın Dünyaya bütöv yanaşmasının sayəsində gerçəkləşir.
Biz dedik ki, Din İnsanı müqəddəsliyə inandıra bilmədi. Çünki müqəddəsliyi gerçəklikdə insana göstərə bilmədi. İnsan müqəddəsliyi idealda təsəvvür elədi, onu xəyaldan ayırıb həyata gətirə bilmədi. Dinin Dünyaya, Həyata, İnsana münasi-bəti müqəddəs deyil. Dinə müraciət edib Dünyada Dünyadan artığa, Həyatda Həyatdan yüksəyə, İnsanda İnsandan aliyə çatmaq mümkün deyil. Çünki dində Dünyadan artıq olan – transendentaldır,dünyadan ayrıdır, dünyaya dəxli yoxdur. Fövqəldünya olan bir varlıq dünyanı adi bir şeyi yaradan kimi yaradıb, onu idarə edir. Burada idrak çıxılmazlığa düşür, ziddiyyətlərdə ilişib qalır. Bu səbəbdən də həqiqətə qovuşa bilmir. Həqiqətsiz idrak müqəddəsliyi tanıya bilmir və ondan əl çəkir. Bu səbəbdən də həyat qaranlıqdan çıxa bilmir.
Din təlqinçidir. Onun idealı (Allahı) izah olunmazdır, dərk olunmazdır. Bu yöndə çabalara icazə verilmir, idrak hədələnir. Əgər Allahla bağlı hər hansı mühakimə ortaya qoyularsa, bu, küfr sayılır və kafirlik damğası ilə damğalanır.
Mütləq isə dərk olunandır, izah olunandır. İnamın üstünlüyü, gözəlliyi də elə bundadır. İnam İdraka yasaq qoymur, əksinə ondan tələb edir, işıq salır, yön verir. İdrak İnamın təsdiqi kimi meydana çıxır. İnam İdealı insandan gizləmir, onu İdrak vasitəsiylə insana verir. İnsanın sağlam münasibəti üzə çıxır, o qorxudulmur, müqəddəsləşir.
Dinin (İslamın) peyğəmbəri hökmdar iradəsinə qalxır. Azərbaycana da onun hökmdar iradəsiylə gəldilər. Dinin məntiqini, məqsədini izah eləyən, xalqın içində illərlə mənəvi-ruhani iş aparan olmadı. Güc yolu ilə, qılıncla verdilər. Din xalqa sevdirilmədi, onun iradəsi zorlandı. Xəyanətlər, hiylələr, qanlı hadisələrlə sonuclandı. İnsanı öldürdülər, meyidinin üstündən adladılar, məqsədlərinə çatdılar.
İnamın Atası özünü dərk etməyən insanı böyütmək məqsədi daşıyır. Onu basıb əzmir, onun üstündən adlayıb o üzə getmir, İnsanda dayanır. Çünki məqsədi İnsandır.
Cəmiyyət heç vaxt yeni hadisəni qarşılamağa hazır olmur. Bunun yaxşı tərəfi də var, pis tərəfi də. Yaxşı tərəfi odur ki, hər bir yeniliyə,onu öyrnmədən meydan verəndə bu yenilik cəmiyyətin düşüncə yönünü, dünyabaxış sistemini poza bilir. Bu səbəbdən də dirəniş göstərmək – özünəməxsusluğun qorunması üçün ciddi rol oynayır. Pis tərəfi odur ki, cəmiyyət fərqinə varmadan, kortəbii şəkildə dirəniş göstərir. Bizim cəmiyyətimizdə ikinci tərəf özünü doğruldur. Belə olan halda cəmiyyət öz içinə, öz yaradıcılığına inanmır. Və dirənişi öz içində yaranana qarşı yönəlir. Kənardan gələn isə onun həyatına asanlıqla daxil olur. Lakin əgər cəmiyyət özünün həyatına içəridən məzmun axtararsa, dirənişi kənardan gələn təsirlərə qarşı yönələ bilər. Kənardan gələn təsirlər iki cür məzmun daşıyır: Biri siyasi məqsədlərlə əsarət gətirir, o biri ümumbəşəri məzmun daşıyan bir hadisə kimi mədəniyyətə doğmalaşır. İndi gərək toplumun özündə xəlqi-bəşəri dəyəri olsun ki, kənardan gələn boşluğa gəlməsin, onun dalınca siyasi məqsədlər gəlib burada hegemon olmasın. Doğrudan da doğmalaşa bilsin. Buna mədəniyyətlərin qarşılıqlı təsiri deyirlər. Asif Ata Hərəkatının məqsədi də odur ki, onun xalqı kənardan gələn təsirlərin asılılığına düşməsin, öz içinin məzmunu ilə qurulsun. Lakin bu məqsədi cəmiyyətə çatdır¬maq çox illər tələb edir. Cəmiyyət başlanğıcda onun xeyrinə yönələn hadisəyə biganə yanaşır, onu gücsüz, təsadüfi bir hadisə sayır. Hesab edir ki, bu işi başlayan öz nüfuzu, öz şöhrəti üçün çalışır. Cəmiyyətdə tutduğu mövqedən asılı olmayaraq əksəriyyət bu cür düşünür, – elmlisi, elmsizi də, oxumuşu, oxumamışı da. Çünki İnamla məşğul olmayan, daha doğrusu, onu öyrənməyən, bilməyən hər kəs İnamı digər ictimai hadisələrlə, fəaliyyətlərlə qarışdırır, eyniləşdirir. Axı İnamı bilmək, öyrənmək həm də çox çətindir. Bununla belə, İnamın məramı ardıcıl təqdim olunduqca və əməli səviyyədə göründükcə cəmiyyətdə çaşqınlıq müsbət yöndə formalaşır. Onun ağlında xeyirxahlıqla, xilaskarlıqla ona qarşı olan fikirlər üz-üzə dayanır. Çoxluğumu eşitmək, azlığımı. Kəmiyyət hansıdır, keyfiyyət hansı. Müqəddəslik nədir, antimüqəddəslik nə və s. bu kimi suallar cəmiyyətdə ayrıları, təkcələri düşündürməyə başlayır. Bu düşüncələr getdikcə ictimai miqyas alır, genişlənir və İnamın təsirlərinə qərq olur.