
86 min kv. km. sahəsi olan, balaca və xəritədə görsənməyən bir ölkədə “haralısan” sualı verilirsə, o ölkədən və o xalqdan heç nə olan deyil. O xalqdan gələcəkdə də nəsə gözləmək absurddur. Bu fikirlərimi bir gün evdəkilərlə bölüşdüm. Birdən anam mənə “oğlum, səhv düşünürsən. Bu xalq çox saf və gözəl xalqdır. Sən o “haralısan” sualının hardan qaynaqlandığını və əslində nə məna verdiyini bilmirsən sadəcə”. Bu fikirlər mənə çox maraqlı gəldi. Diqqətlə söhbətin ardını dinlədim. Anam davam etdi: “Universiteti yenicə bitirmişdim. Ermənilərin siyasətindən başqa Azərbaycanlılar kimi xəbərsiz idim. Hər kəsi özüm kimi bilirdim. Təyinatımı o dövrdə ən böyük şirkətlərdən biri olan “Azərbaycan Xəz Dəri” tekstil fabrikinə verdilər. Oraya mənimlə birlikdə bir neçə nəfər göndərilmişdi. Mən universiteti yüksək balla bitirdiyimə görə məni qrup rəhbəri (briqadir) kimi göndərmişdilər. Sənədlərimizi fabrikin direktoruna təqdim etmək üçün getdik. Hər kəs bir-bir direktorun qəbuluna getdi. Direktorun adı dəqiq yadımda deyil, ancaq burnu Flaminqo quşlarının dimdiyi kimi uzun idi. Növbə mənə çatdı. Öncədən hansı vəzifədə işləyəcəyimi də bilirdim. Çox sevincli idim. Direktor sənədlərimi diqqətlə yoxladıqdan sonra başını qaldırıb üzümə baxdı və cəmi bir sual verdi: HARALISAN? Bu sual mənə çox qəribə gəldi. İşə götürəcəyi, həm də vəzifə verəcəyi məsuliyyətli bir insandan yalnız haralı olmasını soruşdu. Halbuki mənim bu sahə üzrə təcrübəm də var idi. Ancaq direktor o haqda heç maraqlanmadı. Mənə əslində sual qəribə görünsə də, heç nə başa düşməmişdim. Digər azərbaycanlılar kimi hansı rayondan olduğumu bilmək istədiyini düşünüb “Şamaxılıyam” dedim. Sanki cavabım onu qane etmədi, ya da nəsə başqa bir cavab gözləyirdi. Həvəssizcə “yaxşı” dedi, yenə başını aşağı salıb stolun üzərinə baxdı. Dialoqumuzun bitdiyini anladım, kabinetdən çıxdım. Hər birimizlə qiyabi tanış olmuşdular. İki gün sonra hamımız işə çağırıldıq. Mənə düşündüyümdən iki pillə aşağı vəzifə verilmişdi. Sadəcə tikişçilərə nəzarət edirdim. Mənim yerimdə isə burnu Flaminqo quşlarının dimdiyini xatırladan uzun burunlu bir qız var idi. Həm də o qız texnikumu bitirmişdi. Sanki məsələdə bir “haralısan” olduğu var idi. Şübhələrim məni yanıltmamışdı. O qızdan haralı olduğunu soruşdum. Rəngi tutuldu və mənə Bakılı olduğunu dedi. Yalan danışdığını anlayıb sualın ardını vermədim, yəni milliyyətini soruşmadım, onsuz da onu gizlədəcəkdi. Bir müddət keçdikdən sonra başqa qızlardan eşitdim ki, ermənidir və Bakıda kirayə qalır. Mən bu “haralısan” sualının, gec də olsa, mənasını anlamışdım. Bu sualı verənlər əslində bizim milliyətimizi müəyyənləşdirmək istəyirdilər. Yəni erməni, ya da azərbaycanlı olmağımızı bilmək istəyirdilər. Onlar üçün bizim hansı rayondan olmağımızın heç bir önəmi yox idi. Bizim millət saf olduğundan bu sualı “hansı rayondansan” kimi başa düşürdülər.
Oğul, sovet dönəmində yaşayan adamlar yaxşı bilirlər ki, o dövrdə bütün zavod, fabrik və müəssisələrdə ermənilər yaxşı vəzifələrdə olublar. Onların hamısının bu siyasətdən xəbəri var idi və vəzifələri sürü kimi, klan olaraq ələ keçirmişdilər. Ancaq hələ də bəzi adamlar “haralısan”ın hardan qaynaqlandığını bilmir və ermənidən keçmə bu gələnəyi davam etdirirlər. İndi bu balaca ölkədə nə mənası var ki kim haralıdır”.
– “Düz deyirsən, ana, düz deyirsən. O dövrdəki “haralısan” tamam başqa məqsədlə verilmiş sual olub. Ancaq indi də bu sualı verirlər axı. Ən azından o vaxt o sualı verənlər kiminsə istedadını boğurdularsa, yenə də əməllərində, fikirlərində bir məntiq var idi. Bəs indi niyə özümüz öz istedadımızı, istedadlılarımızı boğuruq? Nə mənası var, mən Şamaxılıyam, sən Ucarlısan, o Naxçıvanlıdır, ya da o biri Sabirabadlıdır? Bu bölgü niyə bu balaca ölkədə aparılır? Axı o universitetə 700 balla girən savadlı şəxsin yerinə niyə güc-bəla ilə keçid balını yığmış bir şəxs işləsin ? Axı o 700 ballıq tələbənin həm o zavoda, həm də ölkəsinə daha çox xeyri ola bilər. Biz nə vaxta kimi qohumbazlıq və yerlibazlıq edəcəyiksə, o vaxta qədər də əsil istedadlılarımız batacaq. Elə Babəkin filmində deyildiyi kimi: “nə vaxta kimi aşağı məhəllə ilə yuxarı məhəllə dalaşacaq?” Bəlkə o yerlibazlıq edən adamlara elə gəlir ki, kiməsə yaxşılıq edirlər. Ancaq yerində olunmayan yaxşılıq özü də ədalətsizlikdir, fəlakətdir.
Bəzi insanların təkəbbürlənib “yaxşılıq edərək” yerlisini işə düzəltməsi hansısa istedadın batmasına səbəb olur. Bəlkə elə ona görədir ki bu dəqiqə Almaniya xəstəxanalarında Azərbaycanlı həkimlər var. Bəlkə elə ona görədir ki, Avropanın ən qabaqcıl ölkələrində Azərbaycanlı tələbələrin layihələri işlənir və o dövlətin adına çıxılır. Bəlkə elə burda yaxşı qohumu, ya da yerlisi olmadığına görə Lütfüzadələr Amerikada alimlik edir. Elə bu səbəblərə görə biz Amerikaya, Avropaya həsəd aparırıq. Uşaq vaxtı mənim üçün çox maraqlı idi. Görəsən onlarda belə bir sual var – hansı ştatdansan? Çox gülünc görsənir, elə deyilmi. Amerika bu gün bizim Lütfüzadəmizə “haralısan” sualı vermədiyi üçün Amerikadır. Sual verilibsə də bu heç nəyi dəyişmir, bizdən fərqli olaraq.