Xaliq Bahadır. Beşinci kolon faktoru

Rejim yenə “beşinci kolon” hay-küyü qaldırıb. Eynullayla Raufun bazarı bayram bazarına çevrilib: hakimiyətdən ötürülən informasiya bazarı. Rejim çoxdan zibili çıxmış AzTV-lərlə doğrulda bilmədiyi yalanları Raufun, Eynullanın araçılığı ilə doğrultmağa çalışır. Tuthatutdur. Soruşdurmalar (ərəbcə, istintaq) ara vermir. Hələ də Azərbaycana özünün koloniyası kimi baxan Putin Rusiyasından orden-medal alanlar, bununla da hakimiyətdəki “beşinci kolon” faktorunu işdə doğruldanlar Azərbaycana bağımsızlıq qazandıranları, bu yolda olan gəncliyi “beşinci kolon” damğası ilə qaralayırlar.Bütün alanlar üzrə: təhsildən sağlamlıq sisteminə, sənayedən kənd təsərüfatına, üçüncü sektordan bank sektorunadək ölkəni dağılmış-batmış-bankrot duruma gətirmiş Ailə hakimiyəti çıxış yolunu onsuz da doldurduğu türmələri daha çox doldurmaqda görür. (başqa cür desək, repressiyaları gücləndirməkdə). “MTN işi”, “Rabitə işi”, “Beynəlxalq bank işi” bəlli Ailə hakimiyətinin ölkəni hansı çıxmaza gətirib çıxardığının parlaq görsənişidir. Boynuna milyardlarla mənimsəmə qoyub 15 il iş verdirdikləri Cahangir Hacıyev (bankrot bankın prezidenti) məhkəmədə belə dedi: ”Deyək, 2 milyardı mən mənimsəmişəm, bəs 12 milyard hanı?” Çox düzgün sorudur, ancaq, “kriminal” xarakterlidir; korrupsiya-diktatura rejimində belə sorular yalnız tuşlandığı kimsələrdə deyil, məhkəmə hakimlərində, prokurorlarda da kəskin acıq doğurar. Belədə adama deyərlər: başından  böyük… danışma!
Ölkədən 1 milyard dollar pul çıxaran şirkətin 31 milyon manat vergi borcu silinir. Total korrupsiya axarında ölkədən axınla milyardlarla pul çıxarılırkən müxalifətçilər ölkəyə 10 min dollar pul keçirmək suçlaması ilə tutulur. Sonra da onlara “beşinci kolon”, “dövlətə xəyanət” damğası vurulur. Birincisi, ortada yalan var, ikincisi, yalan oldu-olmadı soruşmaq gərəkir: nə üçün ölkədən milyardlarla pul çıxarılmasına göz yumulurkən ölkəyə 5-10 min dollar pul gətirilməsi cinayət faktı olaraq dəyərləndirilir? Bu sorunun qarşılığını biz İ.Əliyevin V.Solovyova dediklərindən görə bilərik: “Mən xaricdən gələn maliyyə axınına nəzarət etməyə başladıqdan sonra müxalifət cılızlaşdı”. Açıq-aydın: prezident adlanan kimsə müxalifəti “cılızlaşdırmaq” üçün “xaricdən gələn maliyyə axınına nəzarət etmək” funksiyasını öz üzərinə götürür. Götürür, bu işin öhdəsindən də çox böyük bacarıqla gəlir: müxalifət cılızlaşır. Soruşulur: bəs bu bacarıqlı prezident ölkədən çıxarılan milyardlarla maliyə axınının qarşısını almaq üçün nədən bir iş görmür? Prezident üçün gedənin gələndən üstünlüyü, toxunulmazlığı nədədir?
Müxalifətçilərin özləri bir yana, onların uşaqlarına iş verməmək, işləyən yaxınlarını işdən çıxarmaqla minlərlə  yurddaşı çörəklə sınağa çəkmək faktının özü dövlətə xəyanət deyilmi? Dövlətin başında durub yurddaşları “bizimkilərə”, “özgələrə” bölmək “özgələr” sayılanlarla yağıcasına davranmaq dövlət cinayəti deyilsə nədir? Konstitusiyaya and içib, Qurana əl basıb “hamının prezidenti olacam” demək nədir, YAPçı olmayanlarla, olmaq istəməyənlərlə düşməncəsinə davranış nə deməkdir? Dünyanın dörd bir yanında yalnız oğru-korrupsioner rejimlər müxalifətə düşmən kəsilir, müxalifətin varlığına dözmür: müxalifət gerçəkləri dilə gətirdiyi üçün! Qanunların üstünlük qazandığı demokratik dövlətlərdə müxalifətə ölkənin sağlam, uğurlu gələcəyinin qarantı olaraq baxılır, sayğı göstərilir. Qanunların üstünlük qazandığı, üstün tutulduğu demokratik dövlətlərdə prezident gerçəkdən hamının prezidenti olur, hamını bir gözdə – yurddaş gözündə görür. Qanunların ayaqlar altına atıldığı, demokratiya dəyərlərinin gözardı edildiyi rejimlərdə bizim ölkəmizdə olanlar olur…
Bizim ölkəmizdə olanların, baş verənlərin isə, demək olar, dünyada analoqu yoxdur. Feysbukda tez-tez Azərbaycanın Quzey Koreyaya çevrildiyini yazırlar. Doğrudur, Quzey Koreya demokratiyadan çox uzaq ölkədir, ancaq, Koreya prezidentinin xalqa gerçəkdən qayğı göstərməsi faktları da var. Koreya prezidenti bu yaxınlarda ölkənin başkəndi Pxenyanda bir küçə boyu tikilmiş göydələnləri xalqa pulsuz payladı – bütöv bir küçəni! Bizdə prezident pulsuz evi yalnız satın alınmış jurnalistlərə, bir də ev sorunu olmayan tanınmış rejim qulluqçularına verir.
İşsizlikdən, evsizlikdən, dolanışıq dözülməzliyindən hər ay ölkədə mindən artıq ailə dağılır, özünü öldürmə tempi ildən-ilə yüksəlir, xalq baş götürüb ölkədən qaçır – bütün bu sorunları çözməyə çalışmaq yerinə “beşinci kolon” adıyla müxalifətçi ovuna çıxmaq rejimi güclü göstərmək üçün olsa da, sonuc rejimin yararsızlığı, çürüklüyü deməkdir. Analoqsuz yalanlarla, yalançı “inkişafla” yalnız belə bir yerə varmaq olardı: korrupsiya-repressiya rejiminin başqa çıxış yolu tapmadığı yerə…
Rusiya mass-mediasını izləyənlər putinçi propaqanda maşınının Rusiyanın çevrəsindəki demokratik, az-çox xalqa bağlı hakimiyətləri söyüb-yamanladığını gündəlik olaraq görə bilərlər. Ancaq Əliyevçi rejimlə bağlı kimsə Rusiyadan yüngülcə bir qınaqsa da eşidə, görə bilməz. Birinci nədən, ikinci nədən? Birinci, burada sözügedən Baltik respublikaları, Gürcüstan, Ukrayna Rusiyanın ağalığına boyun əymədiklərindən qatı putinçilik yolu tutan Kiselyovla Solovyov başda olmaqla, bu ölkələrdəki hakimiyətlərlə bağlı yalnız qaralama kampaniyası aparılır. Əliyevlər hakimiyətinə gəlincə, korrupsiyanı DÖVLƏT POLİTİKASINA dönüşdürməklə ölkəni dərin bataqlığa batırmış Əliyevlər hakimiyəti ilə bağlı Putin özü də, onun əlaltı yandaşları da yalnız pozitiv baxış sərgiləyirlər. Nədən? Aqressiv, imperialist düşüncəli Putinə, putinçilərə dirçəlib yüksələn Azərbaycan deyil, korrupsiya bataqlığına batıb çürüyən Azərbaycan gərəkdir – bu üzdən. Əliyevçi hakimiyət Putinin, putinçilərin istəklərini bütünlüklə, artıqlaması ilə doğrultduğundan Əliyevlər hakimiyəti onlar üçün alternativi olmayan bir hakimiyətdir. Qarabağ sorununun çözülməzliyi də Əliyevlərlə Putin Rusiyasının (imperialist Rusiyanın) üst-üstə düşən çıxarlarına bağlıdır.
Beləliklə, Azərbaycandakı “beşinci kolon” repressiyaları imperialist Rusiya ilə hakimiyət ortaqlığında içdə-dışda böyük biznes imperiyası qurmuş, nəyin bahasına olur-olsun bu imperiyanı qoruyub saxlamağa çalışan Əliyevlərin birgə projesi yerindədir. Azərbaycan üçün antimilli xarakter daşıyan bu projenin kimə nə qazandıracağını yaxın gələcək göstərəcək…

“Onlar (Venesuela hakimiyətinin başında duranlar. – X.B.) ölkədə neft kompaniyalarının qanunlarını gerçəkləşdirməklə acgöz yadellilərin əlində yarağa çevrilmişdilər. Onlar qorxudur, tapdayır, güllələyirdilər – onların qurbanları isə xalqının hüquqları uğrunda çarpışma aparanlar idi” (Migel Oteqo Silva).

P.S. Soyqırım statistikası: son 19 gündə (iyun 2017) ölkədə 42 adam özünü öldürüb; işsizlik, evsizlik, dolanışıq dözülməzliyindən – bunların hamısı bir yerdə BEŞİNCİ KOLON faktı, BEŞİNCİ KOLON faktorudur, istəsəniz də, istəməsəniz də!

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv