Xaliq Bahadır. Rejimin Vüqar Əhmədov qurğusu

Seşki çoxdan bitsə də, Vüqar Əhmədov qalmaqalı bitmək bilmir. Daha doğrusu, televiziyalar PA-dan gələn göstərişlə o qalmaqala son vermək istəmir, onu fırlada-fırlada dururlar. Rejim yetkililərinin düşük düşüncəsinə görə, keçirdikləri saxta seçkini Vüqar Əhmədov “kartı” ilə yuyub arıda bilərlər. Ancaq, dövlət büdcəsindən 70 milyon manatadək pul sildirən (bu yalnız seçki adına ayrılan puldur) 11 aprel “seçkisi” əliyevçi rejim tarixinə daha bir korrupsiya seçkisi olaraq düşdü. Vüqar Əhmədov kimi LANDROMATLAR burada keçərsizdir!Açıq göründüyü kimi, V.Əhmədovu rejim ATƏTə özünün əyri-oğurluq işlərini aşırmaq üçün soxuşdurub. Biz ATƏTdə bunun bilinib-bilinmədiyini bilmirik. Ancaq,  qopardığı yersiz şüvənlik V.Əhmədovun rejimə bağlı polduğunu göstərir. Burası da açıq-aydındır: rejim V.Əhmədov faktından yararlanmaqla ATƏTin verdiyi düzgün oya – “saxta seçki”! – kölgə salmağa çalışır. Di gəl, rejimin V.Əhmədovla birgə qamarlayıb durduğu, demokratik dünyanın gözünə soxmağa çalışdığı “tutalqa” bütünlüklə yersiz-keçərsizdir.

V.Əhmədovun “tutalqası” budur: “Rəy qabaqcadan hazırlanmışdı”. Dediyinə görə, V.Əhmədov ATƏTin “rəyinin qabaqcadan  hazırlandığını bilirmiş. Bilib, ancaq, nəyə görəsə bildiyini bildiriləsi kimsələrə bildirməyib. Görəsən, niyə? İş bu “niyə”dədir. Sözsüz, niyənin niyəsini V.Əhmədov da, onun arxasında duranlar da bilməmiş deyildi: seçki sürəci (“seçki prosesi”) anlayışı baxımından. V. Əhmədov başda olmaqla, sözsüz, ATƏTin Azərbaycandakı seçkiqabağı çalışmaları bütünlüklə  gözətim altında tutulub, izlənib. Başlanğıcdan sonadək gözətim altında tutublar, etdiklərindən (yaxşı yedirib-içirmələr, haralardasa satınalmalar) arxayınçılıqla sonda ATƏTin onların istəyinə uyğun qərar verəcəyini gözləyiblər. Gözlənti doğrulmayandan sonra “əlləri yanıb, ağızlarına təpiblər”. Burada susqunluq yalnız deyilən gözləntiyə görə olmayıb. Daha çox adına seçki sürəci  deyilən qaçılmazlıq üzündən olub.

Seçki sürəci nə deməkdir?

Seçki sürəci istənilən seçkinin (bələdiyə, parlament, prezident) keçirildiyi ölkədə bütöv bir dönəm deməkdir. Seçki özü bir gün olsa da, seçki sürəci seçkini keçirmə qərarı veriləndən başlayıb, ən azı, seçki bitənədək sürür. Bu baxımdan ATƏTin işi, seçkini dəyərləndirməsi yalnız seçki günü ilə qapsanıb qalmır, başlanğıcdan sonadək bütün seçki sürəcini içinə almış olur. ÖLkədə seçki ilə bağlı baş verənlər gündəlik olaraq izlənib, yazıya alınır. Seçki günü baş verənlər seçkiyədək baş verənlərin son aşaması olaraq yazıya alınıb dəyərləndirilir. Bütün demokratik dünyada belədir, başqa cür ola bilməz. Doğru-düzgün seçki də, saxta seçki də seçkiyədək yürüdülən seçki politikasının doğurması olaraq ortaya çıxır.

Gəlin əliyevçi rejimin 25 illik seçkini saxtalaşdırma görküsünü bir qırağa qoyub, 11 aprel seçki sürəci ilə bağlı baş verənləri göz önünə gətirək. Bəlli olduğu kimi, prezident seçkisi bu ilin oktyabrında keçirilməli idi. Nə oldusa, seçki 6 ay qabağa çəkildi. Olsun, indilik bununla işimiz yoxdur. Seçkini 11 apreldə keçirməklə bağlı “sərəncam” verən prezident İ.Əliyev prezidentliyə adaylığını verəndən sonra başqa bir “sərəncamla” özünün prezident yetkilərindən əl çəkməli idi. O nə etdi? Qabaqlarda olduğu kimi, prezident yetkilərini qoruyub saxlamaqla administrativ resurslardan sonadək gen-bol, aşırı olaraq yararlandı. Üstəlik, gerçək müxalifəti sıxma-boğma içində saxlamaqla, repressiya ortamı yuaratmaqla, qondarma (saxta) “müxalifət liderlərindən” özünə “alternativlər” düzəltdi. Seçkiyədək ardıcıllıqla dövlət büdcəsindən çoxsaylı ayırmalarla seçki korrupsiyasını yetərincə barındırdı.

Ölkədə doğru-düzgün seçki keçirmək üçün DEMOKRATİK ORTAM olmadığından Milli şura başda olmaqla müxalifət seçkini boykot qərarı verdi. Boykot qərarından sonra müxaifət mitinlərə başlama qərarı da verdi. Rejim mitinqlərin baş tutmaması, etkili-effektli olmaması üçün bütün administrativ resurslardasn yararlandı. Ölkəni başa-baş seçki repressiyası bürüdü. Mitinq günləri aparılan gizli-açıq çəkilişlərdən yararlanmaqla seçki gününədək ölkə boyu repressiyalar sürdürüldü. ATƏT özünün GÖZLƏMÇİ görəvinə-missiyasına uyğun olaraq bütün bunları gündəlik izləyir, görür, bilir, yazıya alırdı. ATƏT bunları çağında etməsəydi, onu indi rejimin Vüqar Əhmədovu qabağa verib qınağa tutduğu sayaq, qınaq obyektinə çevirmək olardı. Bir daha vurğulamaq gərəkir: bütün bunları etməsəydi! Bütün bunlardan sonra seçki günü baş verənlərlə bağlı qısa dəyərləndirmə gərək idi: ATƏT onu da gərəyincə edib!

Son olaraq seçki sürəci boyunca ölkədə ardıcıllıqla sürdürülən reprressiya faktlarından birinə, yalnız bircəciyinə toxunacam. Tanınmış bir alim dostumu meydanın qapısı ağzında apardıqları çəkilişdən bəlirləyib polis bölməsinə çağırmışdılar. Onu bir neçə gün ardıcıllıqla polis bölməsinə çağırıb mitinqlərə getmək istəyindən daşındırmağa çalışmışdılar. Dilətutmalar, qorxutmalar baş tutmadığını görüncə bir gündə (bir gündə!) Bakıdan rayonadək onun bütün qohumlarını işdən çıxarmışdılar. Alim qohumlarının çoxsaylı basqıları altında mitinqlərə qatılmaq istəyndən daşınmalı olmuşdu. Ölkə boyu ayrıca olaraq antidemokratik seçki ortamı yaradan bu, buna bənzər repressiya faktlarının hamısı ATƏTə çağında bəlli idi…

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv