YADİGAR TÜRKEL. BOŞUNA ÇƏKİŞMƏYİN, BƏYLƏR (AZƏRBAYCAN RESPUBLİKASININ YÜZ İLLİYİNƏ)

Sayğılı yaşıl yurddaş, yaşlıların borcu gələcək soyları bilgiləndirmək, bilikləndirmək, düzgün yol göstərməkdir. Məhkəmə hakimi olmasam da, iki idmanda uzun illər hakimlik etmişəm, huyca yersiz savaşan deyiləm, içimdə insana böyük sevgi, ədalət duyğusu vardır, çoxunun tanrı dediyi anlayışın hüquqda ƏDALƏT olduğunu düşünürəm. Buna görə də toplumsal-politik biliklərimdən yararlanıb professor Bədirxan Əhmədlinin 2015-ci ilin dekabrın 19-dan 2016-cı il yanvarın 23-nə kimi «525-ci qəzet»də Azərbaycan Türklərinin ideoloji tarixilə bağlı yazdığı yazılara «Ədəbiyat qəzeti»nin baş redaktoru Azər Turanın cavabının sonunda dediyi: «B. Əhmədli…istərsə bu həqiqəti təkzib etmək üçün 5 qəzet məqaləsi deyil, yüz monoqrafiya yazsın, professorun fikirləri (mənim məsələyə münasibətim barədə işlətdiyi sözləri eynilə onun öz fikirlərinə qarşı işlədirəm) «bəri başdan deyək ki…məğlubiyətə məhkumdur!» sözlərinin aşırılığını, tələsikliyini, belə yersiz, anlamsız çəkişməyə gərək olmadığını göstərib, qarşıdurmanı bitirməyə çalışacağam.

Prof. Dr. Bədirxan Əhmədli 5-ci yazısının sonunda Azər Turan kimi düşünəcək bəylərə-bəyimlərə amacını anlaşıqlı biçimdə yazmışdır: «Beləliklə, M.F.Axundzadə, Ə.Süavi, C.Əfqani, Şinasi, Ziya Paşa, Əhməd Vefiq Paşa, H.Zərdabi, Y.Akçura, Ə.Hüseynzadə, Ə.Ağaoğlu və başqalarının yaradıcılığında əlli ilə qədər müxtəlif mərhələlərdən (elmi, marifçi, nəzəri, ictimai, siyasi) keçərək gələn üçlü düstur Z.Göyalp, M.Ə.Rəsulzadə ilə formalaşma mərhələsinə keçmişdir. Z.Göyalp Türkiyədə, M.Ə.Rəsulzadə Azərbaycanda üçlü düsturu formalaşdırmağa, ona ictimai, siyasi məzmun verməyə müvəffəq olmuşlar. Ayrıca, üçlü düsturun Azərbaycan Cümhuriyətinin rəmzinə çevrilməsi isə birbaşa M.Ə.Rəsulzadənin adına yazılmalıdır! Lakin burada adları çəkilən və çəkilməyən onlarla fikir adamlarının da müəllifliyi vardır. İctimai fikir bir adamdan daha çox cəmiyətə, dövrə məxsus olur. Ona görə də bu cür fikirlərdə tək bir müəllif axtarmağın özü fikrimizcə, düzgün olmadığı kimi, həm də ədalətsizdir».

Sovet dönəmində Azərbaycanda geopolitik düşüncəli bilimçilər, aydınlar yetişdirilməmişdir! Azərbaycan ideologiya, düşüncə tarixini Rus-erməni-sovet-mason bolşefaşizminin yol verdiyi, onayı biçimində, daha çox ədəbiyatçılar öyrənmiş, araşdırmışlar. Bu da, bütün yaxşı yönlərinə baxmayaraq, Azərbaycan Türklərinin aydınlarının ideoloji düşüncəsinə qoşuqçuluq, pafotiklik gətirmişdir. Çağdaş yazarlarımız, düşünürlərimiz, bilginlərimiz bundan uzaqlaşmalı, ideologiyanın «şeirqayırmaq» yox, gerçək ulusal, qeopolitik, ekonomik çıxarlara dayanan  sistem olmasını anlamalıdırlar!

Azərbaycanda kimsə 1988-ci ilə kimi Politologiya adlı bilim olduğunu, ondan nəsə bildiyini deyəmməz! Azərbaycan SSR-in başçıları politik yox, Moskvanın buyuruğunda olan böyük qulluqçular, yönəticilərdi. Azərbaycan bilimçiləri, aydınları politologiyanı, politikanı 1990-cı ildən öyrənməyə başladılar. İndi mən də bu çatışmazlığı doldurmaq üçün bir sıra işlər gördüyümdən, Azərbaycan bilimçilərindən, aydınlarından gördüyüm sayğıdan, sevgidən, sevinirəm, mutluyam!

2013-cü ildə «Azadlıq» qəzetində yayımlanmış «Yüz yaşa professor Şirməmməd Hüseynov!» adlı yazıda Azərbaycanın XX yüzildə yetirdiyi dəyərli aydınlardan biri Şirməmməd Hüseynovun yurdu Azərbaycan üçün etdiyi ideoloji işləri dəyərləndirərkən, illər boyu içimdə oluşmuş, məni bu gün də düşündürən aşağıdakı sözləri yazmışdım: «Rus-erməni-sovet-mason bolşefaşistləri Azərbaycan Cümhuriyətini yaraqla devirib, yurdumuzda açıq-gizli soyqırımı törətdilər. Buna görə Azərbaycan, Türk tarixinin bu ünlü, öyünməli çağından çox bilgilər yarımçıq, qaldı. Örnək: İngilislər Azərbaycanın ay-ulduzlu al bayrağını «Türkiyənin bayrağına oxşayır», deyib yasaqlayandan sonra üçrəngli bayrağı, boyalarını kim düşündü, kim dedi, eləcə də çoxlu başqa ulusal dəyərlərdən bilgilərimiz yarımçıqdır… Son 20 ildə ulusalçı bilimçilərimiz daha çox araşdırıb topluma yaydığı türkləşmək, islamlaşmaq, çağdaşlaşmaq çağırışının oluşumunu Məhəmməd Əmin Rəsulzadənin III cilddəki yazdığından öyrənmək bu yönlü düşüncələrimizi bir az kəsinləşdirir. Ulusal ideoloq «Açıq söz» qəzetinin bir illiyilə bağlı «Getdiyimiz yol» yazısında deyir: «1915-ci il oktyabrın 2-də çıxan nömrəsində «Açıq söz» tutacağı yolu göstərmək üçün üç nöqtə bəlləmişdi: Türkləşmək, islamlaşmaq, müasirləşmək». 

Məhəmməd Əmin bəy müasirləşmənin-çağdaşlaşmanın bilimsəl, fəlsəfi, politik, ideoloji, kültüroloji yönlərini açıqlayandan sonra bu ulusal ideyanın yaradıcısını göstərir: «Bir qolu olmağımızla öyündüyümüz Türk-tatar ulusunun tarixi yolunu izləməklə, bu dəyərləri Qafqazın Türk basınında ilk yol sayğılı Əli bəy Hüseynzadə bildirərək, Rusiya devriminin bir yaxşı işi olaraq ortaya çıxan «Həyat» qəzetilə «Füyuzat» toplusunda yazdığı yazılarında öz düşüncələrilə «Türk qanlı, islam imanlı, firəng qiyafəli olalım», demişdi. Türk-tatar aləminə etkisi sözsüz olan başqa devrimlərdən sonra meydana çıxan ideoloqlarsa bu düşüncəni «türkləşmək, islamlaşmaq, müasirləşmək» kimi açıq-aydın düstur biçiminə qoydular!».

Ulusal ideoloq çağırışın son biçimini kimin oluşdurduğunu  kəsin göstərməsə də yazır: «Bu dəyişdirilmiş düsturun düşüncə yolu ilə bildirişindəki ün hər nə qədər «Həyat»la «Füyuzat»ın olsa da, onun Qafqaz basınındakı açıq-aydın biçimdə bildirilməsilə «Açıq söz» öyünə bilər!».

Ulusal tariximizi yaxşı bilmədiyimizdən belə ideoloji yanlışlara indi də yol verilir. 1992-ci ildə Azərbaycan Respublikasının Dövlət Himninin sözləri Əhməd Cavadın adına yazılıb. Düzünə qalsa, Azərbaycan Respublikasının Dövlət Himninin sözləri Cəmo bəy Hacınskindir. Prof. Dr. Alxan Bayramoğlu neçə illərdir bu yanlışı düzəltməyə çalışır, ancaq bir şey çıxmır (Bax: Alxan Bayramoğlu. Hüququn dərk edən kəslər. B.,2015).

SEÇİLMƏMİŞ, yarıərəbcə, yarıtürkcə – TƏYİN OLUNMUŞ» Azərbaycan Parlamenti də öz kefində…

Bir sıra politikanlar, «bilimçi»lər deyirlər: azərbaycançılıq ideologiyasını «Ümummili Liderimiz» yaradıb. Aşırı yaltaqlarsa ərəbcə türkcə iki sözü birləşdirib, ağızları köpüklənə-köpüklənə «Heydər Əliyev Azərbaycan Respublikasının banisi, qurucusudur!» – deyirlər.

Deyirsən ay oğul, başqa uluslar özlərinə yalan tarixlər uydururlar, siz  bu yanlışla Azərbaycan Türklərinin dövlətçilik, ideologiya tarixini ən azı min il geri atırsınız. Heydər Əliyev azərbaycançılıq ideologiyasını yaratmayıb, gəlişdirib!

Deyirlər, sən bilməzsən!

Deyirsən ay oğul, dövlətin yaranmasında ayrı-ayrı adamların, başçıların önəmi çox olur, ancaq 1991-ci ildə Azərbaycan Respublikası yarananda Azərbaycanın oçağkı prezidenti Ayaz Mütəllimovun belə önəmi olmadı, Azərbaycan Respublikasını Azərbaycan xalqının, Türk ulusunun igid, bahadır oğullarının gücünə dayanan Azərbaycan aydınları qurub. Azərbaycan Respublikasının yaranması ilə bağlı heç bir bəlgənin altında Heydər Əliyevin adı yoxdur, ancaq Ayaz Mütəllimovla Elmira Qafarovanın adı vardır!

Deyirlər, sən bilməzsən!

Sayğılı Azər Turan, professor Bədirxan Əhmədli də yazısında bu yöndə buraxılan ideoloji yanlışlardan birinı göstərmişdir!

Mən Bədirxan Əhmədlini 1988-ci ildən tanıyıram. O, Türkdür, azərbaycançıdır, uzaqgörən bir yurddaşdır. Azərbaycanın, Azərbaycan Türklərinin heç bir ideoloji var-yatırını danmaq, aşağılamaq düşüncəsinə düşməz, düşəmməz! Əli bəy Hüseynzadəyə baxışında da eləcə! O çağda dağınıq toplumda vurğuntək çalışdığımı görən Bədirxan bəy məndən kiçik olsa da uzaqgörənliklə dedi: «Doktor, terror dəstəsi yarat! Doktor, terror dəstəsi yarat!». Mən ağır huylu, toplumla, ulusla bağlı işlərdə çox dərindən götür-qoy edən olduğumdan dedim: «Bədirxan, necə yaradım? Terror dəstəsi yaratmaq üçün birinci, Vəzirov məni görməli, görməməlidir. İkincisi, mənim on yerdə evim olmalıdır, bu yurdsevər yaşıllara dolanacaq pulu verməliyəm…».

Azərbaycanın sayğılı yaşıl yurddaşı, Azərbaycanın səndən ötrü çalışan aydınları ən azı 200 ildir bu çətinlikdədirlər. 1989-cu ilin fevralında Biləsuvarın «Məhsul» qəzetinin məsul katibi Yaqub Qurbanova dedim: Yaqub bəy, Puşkinin adının Biləsuvar edilməsi üçün bir yazı yazım, gör, çap etdirə bilirsənmi?».

Dedi: «Yaz göndər. Həmdulla əmi, martda dincəlməyə gedəcək, mən olacam redaktor: basaram qarışığa gedər…».

Yaqub «Tarixi yer adlarımızı bərpa edək» yazısını martın 11-də «basdı qarışığa».

Bədirxan Əhmədli də «Vətən səsi» qəzetində məsul katib işlərkən rəhmətlik Yaqub kimi, qəzetin 14.11.90-cı il sayında, «Nədən açılmır bəxtin, Biləsuvar?» yazımı gecə «basdı qarışığa».

Sonra «Azərbaycan» qəzetində yazılar yazaraq konunu gündəmdə saxladım, Parlamentdəki tanıdığım ulus elçilərilə danışdım, rayon aydınlarına sorunun XDS-nin toplantısına çıxarmalarını dedim.

1992-ci ildə Biləsuvarda İlk Orta çağın gümüş pulları ilə dolu küp tapmışdılar. Mən eşidənə kimi bölüşmüş, aparıb Güney Azərbaycanda «birini bir köynəyə» dəyişmişdilər. Tez Biləsuvara gedib, o puldan 351-ni toplayıb, Az.TV-də arxeoloq, tarix ü.f.d. Aləm Nurla veriliş düzəltdirdim.

1995-cü ildə Biləsuvarın tarixi, etnoqrafiyası ilə bağlı ilk bitik çap etdirdim. Başqa etdiklərimin burada yazılması uyğun deyildir. İndi mənim bitiyimdən yararlanıb Biləsuvarda yubiley toplantısı keçirirlər, ancaq adımı çəkmirlər, Puşkin adının «ictimaiyətin təşəbbüsü» ilə  dəyişdirildiyini yazırlar. Nə deyəsən, Azər bəy…?!

Bədirxan Əhmədli «Azərbaycan Ordusu» qəzetinin məsul katibi işlərkən Biləsuvara «Azərbaycan Legionu»nun yaradıcılarından olan atamla görüşə getdi. Ancaq Bədirxan bəy atamı «siz indi qəhrəmansınız, bahadırsınız!» – deyib inandırmağa çalışsa da, Rus-erməni-sovet-mason bolşefaşizmindən ağlasığmaz ağrı-acılar görmüş «xalq düşməni» mənə danışdığı bir neçə sözü belə ona demədi.

Son illərdə arabir Bədirxan Əhmədlini «başı ola-ola» «fundamental» bir bitik yazmamaqda qınayırdım. Onun 2015-ci ildə 556 səhifəlik  «XX yüzil Azərbaycan ədəbiyatı» adlı dəyərli bitik çap etdirdiyini görəndə çox sevindim. Bədirxan bəyin bu bitiyi dilindəki bir sıra yersiz Ərəb-fars sözlərini çıxmaqla, ideoloji yöndən düzgün yazılmış dəyərli kültür anıtıdır.

Sayğılı yaşıl oxucu, bu sözləri Azər Turanı kiçiltmək, aşağılamaq istəyilə yazmıram. Azər Turanı Əli bəy Hüseynzadənin yaxşı araşdırıcılarından biri kimi tanıyır, «Əbəbiyat qəzeti»nin baş redaktoru olduğunu da bilirəm. Azərbaycanın dəyərli aydınlarından salyanlı rentgenoloq, Prof. Dr. Sultan Manafov bir gün mənə dedi: Məhəmməd Əminin çoxlu kitablarını çap etdirirsən, yazılar yazırsan, bəs yerlindən niyə bir şey yazmırsan?

Dedim: dərbəndli də, asataralı da mənim yerlimdir! Əli bəydən biliklərim azdır. Əli bəyin yaxşı araşdırıcıları var: Ofelya Bayramlı, Şamil Qurbanov. Yaşıllardan da biri çıxıb: Azər Turan. Mənə gərək yoxdur!

Bədirxan Əhmədli 5-ci yazının sonunda deyir: «Məqalənin «Ədəbiyat qəzeti»ndə dərci baş redaktor Azər Turanla razılaşdırılmışdı. Hətta bu yazı ətrafında geniş müzakirə açmağın zəruriliyini bildirmişdi. Lakin redaktor yazını bir müddət saxladıqdan sonra müxtəlif bəhanələrlə çapından imtina etdi».

Heç gözləməzdim! Görünür, «Ədəbiyat qəzeti»nin sayğılı başçısı Sovetin «senzor» tutqusundan arınmamış, Azərbaycanın başında duranların avtoritar düşüncəsinə basılıb. XXI yüzilin 16-cı ilində söz, düşüncə özgürlüyü ANAYASAsında yazılmış Azərbaycan Respublikasında belə davranmaq çox pis, kötü, ayıb işdir!

Azərbaycan Respublikasının başında duranların suçundan bu gün ölkədə özgür basın deyiləcək tək «Azadlıq» [Türkcə Özgürlük] qəzeti qalıb. Bu, çox qorxuludur, Eyyy, Azərbaycan aydırları!!!

Prof. Dr. Bədirxan Əhmədli 5-ci yazısında baxışlarını genəlləyərək yazır: «Bununla belə, problemin fundamental həlli üçün araşdırmaya yeni faktların əlavə olunması və bəzi ümumiləşdirmələr aparılması, konkret nəticələr çıxarılması lazım gəlir. Burada elmi nəticələrdən başqa mənəvi məsuliyət hissi də vardır. Məqalələr dərc olunduğu zaman mənə ünvanlanan suallar da bunu aydın göstərir: «Doğrudanmı, formulun müəllifi Ə.Hüseynzadə deyil?», «Bunu etmək lazım idimi?. Bu kimi suallar sanki məsələni ötr-basdır etmək, onu qabartmamaq xarakteri daşıyır. Tarix isə hər şeyin ört-basdır edilməsini yox, üzə çıxarılmasını istəyir. Bu gün olmasa da, sabah bu proses mütləq baş verəcəkdir. Mən hələ onu demirəm ki, imkan daxilində dövrün mətbuatına, mənbələrə, araşdırmalara nəzər salsaq da mövzu ilə bağlı istənilən vaxt yeni faktlar üzə çıxa bilər…Ə.Hüseynzadə də üçlü formulun formalaşmasında son dərəcə önəmli rola, hətta mən deyərdim, açar funskiyaya malikdir, ayrı-ayrı əsərlərində bu formulun hər biri haqqında sistemli və davamlı olmasa da, müəyən fikirlər söyləmişdir. Lakin bu fikirlər onun formulun təkbaşına müəllifi hesab edilməsinə yetərli deyil!».

Əli bəy Hüseynzadəyə bütün sayğı-sevgimizi bildirməklə yanaşı Azər bəyə Məhəmməd Əmin Rəsulzadənin 1923-cü ildə Türkiyədə yayımladığı «Azərbaycan Cümhuriyəti» bitiyinin çağdaş oxucunun bir çağlar Məhəmməd Əmin bəyin dildə «şuluqluq» adlandırdığı «Əli bəy dönəmi»nin dilindən arındırdığım indiki dilinin ayrılığını anlaması üçün dəyişmədən verdiyim «Bir mütaliə» adlı «Ön söz»ünün: «Siz Azərbaycanın ən böhranlı zamanlarında fəal bir mücahid sifətilə çalışdınız, bir çox mühüm vəqaye və hadisatı rəyüleyn yaxından gördünüz, müxtəlif cərəyanların içində bulundunuz və sərgüzəştlərlə mali bir həyat yaşadınız!…Və zatən mövcud və müsəlləm olan elm və ürfanınıza əlbəttə, pək çox qiymətdar və müfrid müşahidat və məlumat əlavə etdiniz və şübhəsiz, bunları əsərinizdə qeyd və təsbitə çalışdınız. Lakin siz Azərbaycanda bir tərəfi bir firqəni, bir firqeyi-siyasiyəni təmsil ediyorsunuz. Arzunuza rəğmən nə dərəcədə bitərəf qala bilirsiniz, bunu şimdiki halda təyindən acizəm…» sözlərini bir daha oxumasını istəyirəm.

Yaşlaşmış, uzun illərin ideoloji savaşından bezmiş Əli bəy: «Ucundadır dilimin həqiqətin böyüyü, Nə qoydular yazayım, nə kəsdilər dilimi. Ədu [yağı] qırır qapını, biz evdə bixəbəriz [yatmışıq, soraqsızıq], nə başqa-başqalarız, nə ittihad [birləşirik] edəriz» deyərək toplumsal-politik ortamdan çəkilmiş, Azərbaycandakı dövlət quruculuğuna heç qatılmamışdı. Prof. Bədirxan Əhmədli də bunu deyir: «Ayrıca, üçlü düsturun Azərbaycan Cümhuriyətinin rəmzinə çevrilməsi isə birbaşa M.Ə.Rəsulzadənin adına yazılmalıdır!».

Məhəmməd Əmin Rəsulzadə Bədirxan bəyin bu sözlərini 1918-ci il dekabrın 7-də Azərbaycan Parlamentindəki çağdaş bilimçilərə, politiklərə örnək olan çıxışında doğrulamışdır: «Müstəqil Azərbaycanı təmsil edən o üçboyalı bayrağı Milli Şura qaldırmış, Türk hürriyəti [özgürlüyü], İslam mədəniyəti və müasir Avropa iqtidari-əhraranəsini [özgürlükçülüyünü, çağdaşlığını] təmsil edən bu üçboyalı bayraq daim başımızın üstündə ehtizaz [dalğalanacaqdır] edəcəkdir!».

Prof. Dr. Bədirxan Əhmədli yazısında bir də aşağıdakı düşüncəni gözə çarpdırır: Rus əlində olan, Rus dövlətinin yetkili qaynaqlarında Azərbaycan deyilməyən kiçik Azərbaycandan gəlmiş, Osmanlı yurddaşı olmayan Əli bəyin Makedoniyadan Misirə kimi yayılmış, Avropadan, Rusiyadan gəlmiş çoxlu sayğın Türk aydının da çalışdığı Osmanlı İmperiyasynda az sürədə «baş ideoloq» olammazdı!

Azərbaycan bilimçiləri, aydınları bu ulusal işləri duyğulara qapılmadan daha dərindən öyrənməlidirlər. Məncə bu konuda suçlayıcı danışmaqdansa daha götürümlü, daha sayğılı olmaq gərəkdir! Azərbaycanda heç kimin haqqı tapdanmamalıdır!

Mən çəkişən bəylərin ikisindən də yaşca böyük olduğumdan deyirəm: Bəylər, siz Azərbaycanın yurda, ulusa gərək, sayğın aydınlarındansınız! Ədəbiyatçısınız. AMEA Dilçilik İnstitutunun bilimçiləri yatıb. Belə anlamsız çəkişmədənsə, Türk dilini yazdığınız Ərəb-fars sözlərindən [rəğmən, zatən, hətta, sadə, aiddir, əmsalsız, mütəvazi, dərc, intiba, məxsus, təkzib, zəruri…] arındırın, arı-duru türkcə yazın, az qalıb Əli bəy Hüseynzadənin «şuluqluq dönəmi»ndəki kimi yazasınız. Siz belə yazanda, son 20-25 ildə ortaya çıxmış, oxumamış, oxudulmamış  «ANS-in yarımrus qızları»ndan, bütün günü «atılıb-düşən oynağan»lardan nə istəmək olar?!

Düzgünə, gerçəyə, ədalətə ancaq çöxyönlü araşdırma, bilimsəl çəkişmə, analiz-sintezlə çatmaq olar. Boşuna çəkişməyin, çəkişməyə, çatışmaya dəyməz, bəylər!!!

 

  [ ] Düz ayrıcdakı açıqlamalar Yadigar Türkelindir.

11.02.2016

3.05.2018

 

 

 

 

 

 

 

 

 

 

 

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv