Soylu Atalı. Yanlışlara aydın baxaq

 

Kitabımın üzərində işləməyimlə bağlı, sosial şəbəkələrə, demək olar, girmirəm. Girəndə də, qısa arada, sayt yazılarımızı paylaşıb çıxıram. Bu gün feysbuku açanda tarixçi Dilavər Əzimlinin 17 aprel tarixli bir status paylaşımı qarşıma çıxdı. Türkiyə ilə Azırbaycanın konfederasiyada birləşməli olduqlarının gərəkliyini yazır. Geniş səpkidə yorumlar da yazanlar var. Yorumlarda kimin hara qulluq elədiyini qonuya çevirmədən, yazışmalarında içdənlik göstərən adamların düşüncələrinə yönəlik bir neçə söz demək istəyirəm. Doğrusu, yazışmalara qoşulmaqda həmişə çətinlik çəkmişəm. Klaviaturada uzun-uzadı yorumlar yazmaq yorur məni. Ona görə sağlam düşüncəli adamların, ciddi qonularda canlı, üz-üzə görüşmələrini önəmli saymışam, indi də o düşüncədəyəm. Dönə-dönə ayrı ayrı soydaşlarımızı üz-üzə, mətbuat polemikasına çağırmışam da. Gələn, gəlmək istəyən olmayıb. Belə götürəndə, heç kim bir-biriylə canlı görüşə can atmır. Ancaq bu, olduqca gərəklidir.
İndi keçək statusla bağlı bəzi çalarlara. Mən o düşüncədəyəm, Dilavər bəyin konfederasiya önərisi nə üçündür, nəyə dayanır – aydın deyil. Bu gün istər Azərbaycanın, istər Türkiyənin siyasi ortamı olduqca mürəkkəb, qarışıq-dolaşıq bir durumdadır. Üstəlik, bu dövlətlərdə Türklüyün taleyi ağır bir şəklə salınıb. Bunu da, Azərbaycanda Azərbaycanın hakim rejimi, Türkiyədə Türkiyənin hakim rejimi həyata keçirib. Dövlətlərimizin başında duranlar bütünlüklə qırağa, qıraq ideolojiliklərə bağlı olduqları halda, Türklüyün qurtuluşu necə çözüləcəkdir, – buna aydınlıq gətirilməlidir. Ərdoğan Türkiyə toplumunu ərəbçilik şüuruna kökləyir, bizimkilər (özlərini türkçü sayanlar), çoxluq baxımından, ona sayğı sərgiləyirlər. Azərbaycanda, ən balaca bir məsələnin çözülməsində, rüşvətsiz, qalmaqalsız keçinmək olmur. Vətən, dövlət durmadan insanların gözündən düşür. Belə bir ortamda Türkiyə hakimiyyəti ilə Azərbaycan hakimiyyətinin, Türklüyün qurtuluşuna bağlı, birgə addımlar atacağı necə özünü doğrulda bilər?! Milli şüurun çökdürüldüyü yerdə, dövlətin dünyaya siyasi qırım göstərəcəyini düşünənlər yanılırlar. Milli strategiyası olmayan dövlətlərin milləti qoruması ağlabatan bir məsələ deyil.
Yorumlarda İgid Teymurlu adlı bir soydaşımızın vurğuladığı bir məsələyə də toxunmaq istəyirəm. Bəyin milli yöndən rahatsızlığına sayğı duyuram. Ancaq Asif Ata Ocağına yönəlik səmimi görünmədi mənə. Çünkü öncə də, onun Asif Atanın düşüncələriylə bağlı bilgisiz olduğunu yazmışdım. Özünü də, ərk edib, canlı ünsiyyətə çağırmışdım, yanılmıramsa telefon nömrəmi də yazmışdım. Ən azı, bir soydaş olaraq, üz-üzə oturub düşüncələrimizi bölüşməkdə bir sakınca görmürdüm. Ancaq nədənsə bir cavab çıxmadı. Ondan sonra yenidən : “Asif Ata Ocağının övladları Əmir Teymuru hədəf olaraq götürəndə, ortaya bir tarixçi də çıxmadı. Nə yaxşı ki Yasəmən Qaraqoyunlu var imiş” yazır. Əzizim, Yasəmən Qaraqoyunlunun, ayrı-ayrı çalarlarla, vətən sevgisinə sayğı duyuram. Ancaq bu xanım, bir çox məsələləri dərindən araşdırıb öyrənmədiyi halda, populist çıxışlara qaçır. Buyurun, gəlin onunla bir yerdə, üz-üzə oturub, məsələlərə aydınlıq gətirək. Yasəmən xanım bizimlə bir çağda (az sonra), Ocağa gəlib Atadan ad aldı. Ancaq davam eləmədi, yenə də populizmin dalınca qaçdı. Şöhrətsevərliyi dərin məsələləri üstələdi. Bu gün də üstələyir. Bəlli statusda da, Yasəmən xanım Əmir Teymuru savunacaq ciddi bir arqument ortaya qoymadı, sadəcə Cavanşir Maniçehrin (Güntay Gəncalpın) etkisiylə Asif Atanı fars zehniyyətli olmaqda suçladı. Bu zaman o, özünün nə danışdıqlarını dərindən anlamadı. (Əgər üz-üzə görüşsək, mən bu dediklərimi onun özünə də sübut edərəm). Yeri gəlmişkən, Azərbaycanın Mahiyyətini ifadə edən”Od İşığı” ideyası üzərində işləyirəm. Bu yazı da elə o yanılmışlara sübut olacaq.
Əmir Teymur məsələsinə gəlincə, Düzgün Atalı bəy bəlli statusu yerində yazmamışdı. Seçki günü belə bir məsələnin gündəliyə gətirilməsi yanlış idi. Ancaq, Əmir Teymurla bağlı düşüncədə, vurğu yanlış görünsə də, başqa bir həqiqət də vardır. Bu həqiqət danılmaz bir həqiqətdir. Onu da Asif Ata görüşlərində dilə gətiribdir. Asif Atanın vurğusu belədir: “Nə yazıqlar, Türkün Əmir Teymur kimi azman bir enerjisi hədər getdi. Onun yaratdığı möhtəşəm səltənətdən bir şey qalmadı. Üstəlik, Türk ortamında insanla bağlı yüksək düşüncə söyləyən hürufiləri məhv elədi”. Asif Ata Şah İsmayılın dövlətçilik quruculuğuna yüksək qiymət verir. Bunu bizim yazılarımızda da görə bilərsiniz. Ancaq onu da bildirir: “Nə yazıqlar, Sultan Səlim orda aldandı, Şah İsmayılımız da burada, Çaldıranda türk türkə qılınc çəkdi. Bu savaş türkün belini qırdı, yağıya gərək oldu…”.
Sizcə bu deyilişlərdə yanlış olan nədir?! Lütfən, əlinizi ürəyinizin üstünə qoyub açıqlamalar verin.
Yükümüzdən Böyük Fərəhimiz yoxdur!
Atamız Var olsun!

Şölə Ayı, 40-cı il. Saray-S.

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv