Yadigar Türkel. AZƏRBAYCAN RESPUBLİKASININ YÜZ İLLİYİNƏ (Ardı)

IV

Əskəran qalası alınandan sonra, axşama doğru Tümənin başçısı general Səlimov bölüklərə gəldi. O, qoşunları qutlayaraq, subaylarla əsəkərlərə Ordu bakanının gözaydınlığını çatdırdı. Tümənin ştabının başçısı polkovnik Zeynalzadə ikilikdə, mənə Ordu bakanının ayrılarkən aşağıdakıları dediyini çatdırdı: «Ömrümün son illərində doğma ulusumdan ötrü çalışdığıma görə çox sevinirəm. Yaşıl ordu gumanlarımı doğrultdu, tapşırıq çox yaxşı yerinə yetirildi. Subaylara sağolumu çatdırın, yaşıl əskərlərsə, ürəkdən sağ ol!».

Tümən işıqlananadək tutduğu yerdə qaldı. İşıqlananda quldurlar izlənməyə başlandı. Əskəranda bütün pulemyotlarını, demək olar bütün miniyini itirən quldurlar Keşişkəndə doğru çəkildilər. Tümənimiz axşamçağı Xankəndini döyüşsüz tutub, Şuşaya doğru irəlilədi.

Tümən qaçan quldur dəstələrilə yol boyu Daşkənd, bir də Şuşukənd köylərinin yanında iki yol çatışdı. Sonda deyilənə görə, quldurların bərk dirənəcəyi Keşişkənd köyünə yaxınlaşdı.

Keşişkəndin yeri çox dərə-təpəlikdir. Köyü çoxlu uçurumlar, sıldırım qayalar sarıb. Köyə ancaq bu doğal aşırımlardan keçən bir neçə yaya, eləcə də heyvan cığırı ilə getmək olar. Köyün qırağında yerləşən on əlitüfəngli bir batalyonun saldırısını durdura bilər.

Dəstənin qarşısındakı tapşırıq yüngül deyildi. Komandanlıq arxa güclər gələnədək saldırını durdurmaq qərarı verdi. Dəstənin bölükləri Şuşa kəndilə Daşkənd köyündə yerləşmişdi. Tezliklə ora yardımçı güc kimi gəlməsi  gözlənən 1-ci Cavanşir Yaya Alayı ilə 2-ci Qarabağ Atlı Alayı da çatdı.

Aprelin 12-də (1920-ci il) Keşişkənd köyünə saldırmaq buyuruğu verildi. 1-ci Tatar Atı Alayı, Quba Alayının batalyonu ilə Dağ Atlı Topçu Divizyonu köyü qabaqcadan qısqaca almışdılar. Gündüz saat 11-ə yaxın top atışları başladı. Sonra 5-ci Bakı, 1-ci Cavanşir Yaya alayları saldırıya keçdi. Qanlı döyüş başladı, yağılar darmadağın edildi, Tümən Keşikəndi tutdu.

Tümənin başçısı Ordu bakanına teleqrafla (O çağda Ordu bakanı qeneral Səməd bəy Mehmandar xəstə olduğunudan, general Ə. Şıxlinski bu görəvi üstlənirdi) tapşırığın yerinə yetirildiyini bildirdi.

Ordu bakanı yanıtında quldurlardan daha heç bir qorxu olmasa da, ayrıca göstəriş olanadək Qarabağda qalmağı buyurdu. Bu tapşırığın olayların sonrakı gəlişməsində, Azərbaycanın gələcəyində çox böyük önəmi oldu.

Azərbaycan Ordusunun ölkənin iç güvənliyini pozan yağı güclərini dağıtdığı arada bolşeviklər Denikini yenərək, Qafqaz dağlarında Dağlı qoşunları ilə savaşa-savaşa bizim sınırlarımıza yaxınlaşdılar. Denikin Ordusunun bir sıra bölükləri Azərbaycana sığındı, onlar yaraqsızlaşdırıldılar.

Qırmızı Ordunun Azərbaycan sınırına yaxınlaşması ilə Parlamentdəki azsaylı yerli bolşeviklər baş qaldırdılar. Ağalığı ələ keçirmək üçün əl altından güclü çalışmağa başlandı. Bu arada Qırmızı Ordunun bölmələri Azərbaycan sınırında yığılmağa başladı. Onların qarşısında ancaq 4-cü Quba Yaya Alayının iki, 6-cı Göyçay Yaya Alayının iki batalyonu ilə Topçu Divizyonu dururudu.

 Durum qorxunclaşdığından Qarabağ Tüməni (üç yaya, iki atlı alayla topçu divizyonu) yubanmadan Dağıstan sınırına, bolşeviklərin qarşısına getmək buyuruğu aldı. Dəstənin bölükləri Yevlaxda qatara minərkən general Şıxlinskinin qolu ilə birincini ortadan qaldırıb, dəstənin Qarabağa dönməsini deyən ikinci buyuruq alındı.

Sonralar bu, ikinci buyuruğun Azərbaycan Ağalığına bildirmədən bolşevik agentlərinin yönləndirməsi, bolşevik «politik ünlüləri»nin etkisilə verildiyi aydınlaşdı.

Qırmızı Ordu çox böyük sayından yararlanaraq Samurçayı keçib Azərbaycan toprağına girir. Göyçay Alayı ilə Quba Alayının batalyonları igidliklə döyüşsələr də, saylarının azlığından yağının irəliləməsini durdurammırlar. Aprelin 27-də Qırmızı Ordu Bakını – Azərbaycanın başkəndini tutur. O saat da qırmızı qılıncın qorumasında yeni bolşevik ağalığı [Bu yalançı Ağalıq qabaqcadan yaradılmışdır. Onun «başçısı» Nəriman Nərimanov mayın 16-da Bakıya gəlmiş, Rus-erməni-sovet-mason-bolşefaşizminin 11-ci Ordusunun ac-yalavac, əyinlərində ancaq trusu olan əskərləri baş satqını çiyinlərində daşımışlar] oluşdurulur.  Ordu-dəniz işləri komisarı İldırım göstəriş məktubla bütün ordu bölüklərinin başçıları ilə subaylardan yerlərində qalmalarını istəyir.

Ordu bölüklərində qaynaşma baqlayır. Subayların çoxu qulluqdan çıxır. General Səlimov ayrıca buyuruqla ordudan qovulur, Bakıda generalları, ştab subaylarını tutmağa başlayırlar. Toplumsal-politik başçıların – ulusalçıların tutulması, güllələnməsi, var-yatıra əl qoyulması, soyğunçuluq başlayır. Azərbaycanın ulusal, eləcə də bireylərin var-yatırı ilə doldurulmuş qatarlar Moskvaya göndərilir.

Sonucda, tezliklə bütün Azərbaycanda ayaqlanmalar başlayır. Yaşayanlar, Gəncədəki, Nuxadakı ordu bölükləri, eləcə də Qarabağ Tüməni Qırmızı Ordu bölüklərinə qarşı savaşa qalxır. Ayaqlananlar başlanğıcda uğur qazanırdılar.  Gəncənin yaxınlığında Rus Atlı Tüməni, kəndin özündə isə 5000-lik Rus Qarnizonu tutuldu. Ancaq o arada ayaqlanmaya başçılıq edən general Məmməd Mirzənin sinirləri dözmədi, o, gözəl başlanğıcın üçüncü günü Gəncədən çıxıb getdi…

Saldırqanlara savaş Qarabağda da uğurla gedirdi. Qarabağ üç gündə bolşeviklərdən bütünlüklə arındırıldı. Minlərlə qırmızı əskər yarağını verib bağışlanmasını diləyirdi.

5-ci Bakı Yaya Alayının bircə batalyonunun qorxusundan bütöv bir Tümən Ağdamdan çəkildi. Zaqatala ilə Nuxa da bolşeviklərdən arındıırldı.

Ancaq başlanğıcdakı bu el coşğunluğu istənən sonucu vermədi. Birgə başçılığın olmaması, ayaqlanmış ayrı-ayrı dəstələr arasında ilişkinin yoxluğu, orduya gərəkən yarağın, yemək-içməyin qurtarması, bax bunlar, bolşeviklərə ayaqlanmanı öncə Gəncə ilə Zaqatalada, sonra da Qarabağda yatırmağa qoydu.

Ancaq Qarabağ Tüməni yarağı yerə qoymadı. Bərdənin yaxınlığındakı olduqca uğurlu, son yenmədən sonra Xudafərin köprüsünə doğru çəkilərək İrana keçdi. Bir sıra bölüklər oradan da Türkiyəyə keçdi. Qarabağ Tüməninin bir çox subayı, kiçik subayı, əskəri İranda, Türkiyədə ordu qulluğuna girdi.

***

Azərbaycanın bolşeviklər gələndən qabaq 30 minlik avropasayaq ordusu vardı. Ordunun 8 yaya alayı, 3 ayrıca yaya taboru, 3 atlı alayı, 3 topçu briqadası, dağ atlı divizyonu, martir divizyonu, 2 gülləkeçməz qatarı, 6 gülləkeçməz avtomobilı, 2 kanonerkası («Qars»la «Ərdahan»), 8 hidroplanı vardı.

Bu ordu gərəkəndə Dağıstan sınırına, bolşeviklərlə savaşa göndərilsəydi, ölkə qorunardı. Özü də Gürcüstanla Birgə Qorunma Anlaşması vardı. Belə olsaydı, 11-ci Sovet Ordusunun düzənsiz, aşağı dissiplinli bölükləri Azərbaycan toprağına girəmməzdi!

 

«Qorsı Kavkaza» [«Qafqaz dağlıları»]

1932, №35-36, s. 17-19.

 

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv