Ürəyinizdə Günəş olsun!
Asif Ata Ocağı haqqında çox eşitmişdim. Ancaq ilk dəfə Ocağın üzvlərindən biri ilə tanışlığım təsadüfən baş vermişdi. Tələbəçilik illəri idi. Qrup yoldaşlarımdan birinə baş çəkməyə getmişdim, yanında tanmadığım bir nəfər gördüm. Qrup yoldaşım onu təqdim edərkən, adının ardına “Atalı” ifadəsini əlavə etdi, mən bildim ki, qarşımdakı Ata Ocağının təmsilçilərindəndi. Bir az söhbət etdik. Üst-üstə düşən, uyğun gəlməyən xeyli fikirlərimiz oldu. Ancaq oradan xoş təəssüratla qayıtdım. Ocağın üzvlərinə qıraqdan-qırağa onsuz da hörmətim var idi. Həmin söhbət bu insanlara rəğbətimi artırdı ki, azaltmadı. Sonralar Ata Ocağının bir-iki tədbirində də iştirak etdim qonaq kimi. Bu insanların fərqli davranışı, həddən artıq sadəliyi maraqlı duyğular yaratdı məndə. O çağlar nədənsə mənə bir qədər də hürufiləri xatırladırdı bu insanlar. Bəlkə təmkinləri, bəlkə təmənasızlıqları ilə, bilmirəm, ancaq bu təəssüratın məndə yaranmasında fədakarlıqlarının, öz yollarından imtina etməmələrinin rolu dəqiq idi. Onlar xüsusilə 1990-ci illərin o çətin, keşməkeşli dövrlərində də öz Ocaqlarına çox sadiq görünürdülər.
Bilmirəm niyə, amma onlarda nəsə bir doğmalıq hiss olunur daima. Həm bir-birlərinə, həm də qıraqdakılara qarşı maraqlı bir doğmalıq. Məncə, Ata Ocağının üzvləri bizim cəmiyyətin bir parçası, həm də deyərdim dəyərli, saf bir parçası olmaqla yanaşı, bir az da yad görünürlər qıraqdan. Sanki bu yadlığın səbəbi Ocaqdan yox, bütövlükdə cəmiyyətimizin formalaşmamasından, yetkinləşməməsindən, nəhayət, dəqiq bir hədəf müəyyənləşdirməməsindən qaynaqlanır. Əslində Ata Ocağının üzvləri Azərbaycana yox, onun hələ də tamlaşa bilməmiş cəmiyyətinə yad görünürlər. Düzünü deyim ki, bu yadlıq onları bir az da sevimli edir adama. Yəni özünə qayıtmaq üçün başlamağa bir istinad nöqtəsi təəssüratı yaradır sanki. Heç vaxt heç bir qrupun, dərnəyin, təşkilatın, eləcə də Ocağın üzü olmamışam. Olmaq fikrim də yoxdur, düzü. Ancaq məndə həmişə belə bir təəssürat var ki, Məmləkətimizi təmənnasız sevən, onu işıqlı gələcəyə aparmağa çalışan azərbaycanlların hamısı mənəvi baxımdan Ata Ocağının üzvləri də sayıla bilərlər. Çünkü Ata Ocağının əsas deyimi “Ürəyinizdə Günəş olsun”dur. Əgər Məmləkətimiz Odlar Yurdudursa, insanlarımızın qəlbləri niyə də Günəşə yurd olmasın ki… Məncə, bu ifadə təkcə Ata Ocağının üzvlərinin yox, hamımızın hər gün bir-birimizə salamımız olmalıdır. İnsanlar rastlaşarkən, bir-birini yola salarkən, lap elə hal-əhval tutarkən söhbəti bu fikirlə başlamalı, bu fikirlə də qapatmalıdırlar: Ürəyinizdə Günəş olsun!