Əlisəfa Mehdi

Sayğılı arxadaşlar!
Neçə gündür bir görüşün çöçünlüyün yaşayıram.
Deyim, hamı bilsin.

Tələbəliyim meydanlarda keçdi. Azadlıq qazandıq!
Ömrqümün sonrakı 9 ili savaş komufulyajında keçdi.Qalan illərimi jurnalistikada eşələndim – “Konflikt Jurnalistikası Məktəbi” qurdum.
İllərdir, pensiyadayam, heç bir dövlət orqanında işləmirəm. Heç kimdən asılı deyiləm. Heş kimin nəzarətində, əlinin altında, sözünün altında, dizinin altında deyiləm… Heç bir əmlakım, mülküm yoxdur.
Həm döyüşçü, həm də jurnalist olduğum üçün heç bir partiyanın üzvü olmadım. (Doğru düşünürəm ki, tərəfsizliyini qorumaq üçün jurnalist heç bir partiyanın üzvü olmamalıdır)
Elmi işim konfliktləri araşdırmaqdır deyə Qarabağın taleyi ilə və həmkarım M.Hüseynovun haqqının qorunması ilə bağlı mitinqlərə getdim, izlədim, bu etirazların nədənliyini çözmək istədim.
İzləmək üçün getdim! Araşdırma üçün getdim, Jurnalist olaraq getdim. Vətəndaş hüququm olaraq getdim. İnsan haqqıım olaraq getdim. Uğrunda döyüşdüyüm Qarabağ üçün hayqıranların hayına-harayına getdim, bir vətəndaşa atılan böhtanın ləğv olunmasına çağırış edənləri izləyib də insanlığın hələ ölmədiyini görmək üçün getdim. Və gördüm.
Tələbə yoldaşım Nəsimi Məmmədlinin təklifi ilə şəkil çəkdirdik də.
Hökumətimin bu məsələlərə hədsiz enerji xərcləyən bir qurumunun bir ağıllı məmuru bu şəkili götürüb bir layihədə yardımçım olan başqa bir dövlət qurumuna göndərifdi. Heş dəxli varmı? Mən bu qurumdan maaş almıram, hesabat vermirəm! Bunları niyə narahat edirsiniz?

Soruşdum:
– Balam, niyə, nə üçün, nədən ötrü, nədən yana?
– Göndərifdi ki, baxın, tanıyın, bu adam xəyanətkardır! Bizdən deyil! Qırax naroddur! Görün siz kimə salam verirsiniz! O bizim kimi düşünmür! Biləsiniz!
– Balam, bu nə qərardır, bu nə rəydir, bu nə münasibətdir? Sənə niyə elə gəlir ki, haqlısan? Mən sənin kimimi düşünməliyəm? Yaxud nəyə görə mən sənin kimi düşünməliyəm? Mən özüm ola bilmərəmmi? Mən davranışlarımda azad ola bilmərəmmi? Bu nə bolşeviklikdir? Bu nə NKVD-likdir? Bu nə KQB-likdir? Öz əqidəsi, öz vətəndaş mövqeyi olanlardan nə üçün qara siyahı tutmalısınız? Bu əməl möhtəşəm dövlət düzəninə dvident gətirmir axı!

Yaşamımda birinci dəfə idi dövlət məmuru məni özününkü bilmək istəyirdi, yaxud özününkü etmək istəyirdi, yaxud özününkü olmadığıma görə qınayırdı, iradlayırdı!
Dedim:
– Balam, indiyəcən səninki olmağım, ya olmamağım barədə sən haçan bir görsəniş vermisən mənə? Bəlkə bir asılılığım var? Bəlkə kiminsə qarşısında bir öhdəliyim var? Bəlkə hansısa cinayətimə görə məni “verbovka” edibsiniz?
Əslində sən mənimsən! Sən mənim dövlətimin məmurusan! Sən xidmətçisən! Sən mənim Ölkəmdə yaşayan insanlara – bizə xidmət edirsən, etməlisən! Sən mənim haqlarım, hüquqlarım üçün məmursan!!!

Daha qorxuç duyğularla anladım ki, tərəflər səngərləşiblər! Bir deputat demiş, səngərdən baş qovzayan hədəflənir, tətiklənir!
Dedim:
– Balam, sizin bu cür səngərləşməniz mənə dəhşət ömür yaşadır axı! Məni XALQ olmağa qoymur axı! Mənə bir millət olaraq xidmət etmir axı! Bu cür davranış sosial əxlaq deyil axı!

Türklər min illər savaş meydanı qurdular. Türklər həmin o min illər boyu ölüm-dirim savaşlarının da əxlaqını yaratdılar, sərgilədilər, möhtəşəm oldular! Qala tikmədilər, gizlənmədilər, söymədilər, qıraqlamadılar, böhtan atmadılar, şər yaşatmadılar!!

– Balam, bəs siz kimsiniz? Hansı kodun daşıyıcılarısınız?
Bu nə göstərişdir? Bu nə cəmiyyətiçi düşmənçilikdir? Bu nə bölgüdür? Bu nə mənəm-mənəmlikdir? Bu nə ayır-buyurdur? Bu nə idarəçilikdir?
– Balam, sən məni nə sayırsan? Nəyin, kimin yerinə qoyursan? Məni niyə güdürsən, pusursan?
Unutma, vətəndaş! Ləyaqətli insanın əqidəsi nəinki vəzifədən, nəinki hansısa iş birliyindən, lap öz bədənindən də ucadadır! Bədəni vermək daha asandır.
Mən bu bədəni Vətənimin sərhəd-sınır bütövlüyü üçün vermək istədim! Sağ qaldımsa, azad davranışım üçün təhdid olunmalıyammı? Bu nə ləyaqət görsənişidir? Bu nə cəmiyyət normasıdır?
Mən LƏYAQƏTLİ VƏTƏNDAŞ cəmiyyətində yaşamaq istəyirəm axı.
Sən mənim bu qədər suallarıma cavab verə bilərsənmi? Sən mənim bu qədər haq suallarım barədə düşünmüsənmi? Düşünə bilirsənmi?
Sıxılıram, tıncıxıram!
………………………………….
Sayğılı arxadaşım! Qızğı ilə keçən o söhbəti bildin. Amma, Tanrı xatirinə, mənə gülmə.
Bilirəm, hər görüşəndə Rəşad Məcid mənə deyir, “naivni”yəm. yəni sadəlövhəm, ürəyim gərəksiz qədər təmizdir! Elə bil bu cəmiyyətdə yaşamıram…
Demək bu cəmiyyətdə mənə çətindir, başarammıram!
Ax mənim ağılsız başım!

 

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv