Fəxri Hacıbəyli. Asif Ata Ocağının 40 illiyinə
Fevral 21st, 2019
admin
- Asif Ata mənim üçün çağdaş fikir tariximizin ən önəmli simalarından, insanmərkəzli “Mütləqə inam” fəlsəfəsinin yaradıcısı, böyük filosof, düşünür, milli ideyamızın təməl daşlarından birinin üzərinə adını silinməz hərflərlə həkk etmiş azərbaycanlıdır. Asif Atanın indi də istimai-siyasi proseslərdə yaxından iştirak edən onlarla ardıcılları, fikirlərindən bəhrələnmiş yetirmələri var. Bu baxımdan Asif Atanı həm də şanslı fikir adamı saymaq olar.
- Hər bir toplumun öz bətnindən ideya ürətici, yönverici şəxslər çıxarması, öz dilində öz milli dəyərlərindən qidalanmış ideyaları formalaşdıran düşüncə insanlarına ehtiyacı var. Toplumun qavram və təfəkkür yapısından asılı olaraq, bu cür şəxsiyyətləri müxtəlif adlarla, titullarla tanımlayıblar. Antik Yunan ideya, düşüncə insanlarını filosof, semit gələnəyi peyğəmbər, xəbər gətirən, rəsul kimi tanımlayıb, tarixləşdirib. Türk kültüründə Qamlar, Şaman və ya Ozan kimi bildiyimiz insanlar Abrami dinlərin rəsul (göndərilmiş) kimi tanımladığı ideya insanlarıdır. Təbii ki, nəzəri-teorik fərqlərlə… Türk kültürü klerikal yapılı inanc sistemləri yaratmayıblar. Daha doğrusu, inanclarını sistemləşdirib bəlli ritualları, ayinləri olan institusional-klerikal din halında yapılandırmayıblar. Bu üzdən də türklər din yaratmamış, inancını diniləşdirməmiş toplumlardır. Ozanlar türk toplumunun doğasını bilən, kültürünün şifahi tərənnümçüləri, inanışını dildən-dilə, ağızdan-ağıza axtaran bilginlərdir. Dünyanın yarısından çoxunun düşüncəsinə hakim olmuş semit gələnəyinin öncülləri – peyğəmbərlər, ilk olaraq yaratdıqları ideyalarla içərisində bulunduqları toplumları aydınlatmaq, doğru bildikləri səmtə yönəltmək istəmişlər. Təbiidir, hər toplum içindən birilərinin fərqli baxışlarla çıxışını rahat qəbul edə bilməmiş, yenilikçiləri dışlamış, ya hicrətə, ya da edam səhbasına, çarmıxa göndərmişlər. Əski doqmalarına tutucu yanaşma həm də təkcə semit kültüründə rahat gəlinmiş olanaq deyil. Yunanlar ideyalarına görə Sokratı zəhərləməklə, yəhudilər İsanı çarmıxa çəkməklə, ərəblər Məhəmmədi hicrətə məcbur etməklə yenilikçi şəxslərə münasibət sərgiləmişlər. Belə bir məsəl var: peyğəmbərin öz vətənində hörməti olmaz. Bunu təsdiq edən onlarla təcrübələr mövcuddur. Yuxarıda bir neçəsini dedik. Ancaq toplumların bir vaxtlar dinləmək istəmədiyi, rədd etdiyi ideyalara sonradan sahib çıxmaları da tarixdən bizə bəlli olan faktdır. Asif Ata düşüncələri, təlimi bizim cəmiyyətdə ideya birrəngliliyinin, ideoloji yeknəsəqliyin hakim olmasına bir etirazdır, sükutu pozmaqdır. Bu bir cəhddir, öz bağrından, öz zehnindən özünü qane edəcək, öz məişəti, kültürəl ayarıyla bağdaşmış, tərs gəlməyən, əcaib-qəraib izah-bərqət gərəkdirməyən ideya ortaya qoya bilmə qabiliyyətinin təcəssümüdür. Asif Ata toplumun SADƏCƏ qıraqdan idxal edilmiş ideyalara kor-koranə bağlılığı-asılılığı mərəzindən xilas ola bilmə, özünün də ideya ürətmə, həm də daha çağdaşı, daha uyğununu yarada bilmə yetənəyindən yoxsun olmadığının təsdiqi idi.
You can
leave a response, or
trackback from your own site.
Leave a Reply