Araz Gündüz. OCAQ – İNSAN

Tarixin dolanbac yolları ilə irəlilədikcə, Türk kimliyimizlə bağlı çoxlu sayda müqəddəs dəyərləri itirə-itirə gəlmişik. Onlardan birini xatırlatmaq istəyirəm: “Ocaq” sözünü yalnız cansız obyektlərə deyil, insanlara da aid edərdilər. Biraz diqqətli olsanız, bir türkəsaya kişinin dilindən bugün də – vicdanlı, halal, müdrik, ən başlıcası isə, yardım üçün əl uzadan insanların müşküllərini yoluna qoya bilən, “kəramət sahibi” olan birisi haqqında: “o kişi Ocaqdır” deyildiyini eşidə bilərsiniz. Ancaq indi bu sözün dəyərini anlayan, bu sözün yaraşdığı neçə insanımız var görəsən?

Gəncəbasar deyilən torpaqlarda, Qazax-Dərələyəz bölgəsindəki Qaraqoyunlu mahalının el ağsaqqallarından Hacı Alı Əfəndi də, “Ocaq” idi, müşkülü olan, dərdə düşən, çıxış yolu axtaran onun üstünə gələr, gənəşər, öyüd istər, sonunda – ümidsizlikdən qurtular, ruhu ovunar, könlü açılar, qanadlanıb gedərdi. Bu “Ocaq” sonradan Qaraqoyunlu mahalının “əfəndilərini” – başbilənlərini yetirdi, rus hakimiyyəti dönəmində soyadları “əfəndiyevləşsə” də, ancaq el onları özünün arxası-dayağı olan “əfəndilər” kimi tanıdı. Əfəndilər soyunun son Ocaq-insanı olan Molla Məhəmmədi həbs edib güllələyəndən sonra, ortada bu soyun böyüklərindən bir kimsə qalmamışdı. Ancaq, Molla Məhəmmədin Əfəndi soyunun “Ocaq” özəlliyini dörd yaşlı nəvəsinə verməyə macal tapdığını bilən yox idi. Sanki nəvəsindən çox tez ayrılacağı ürəyinə dammış baba, onu nağıllar, dastanlar, bayatılar, Atalar sözləri dünyasına səyahətə aparar, ruhunun qanad açması üçün çalışardı. Babasının qəfil itkisi körpənin ürəyində izi ömrü boyu silinməyəcək bir ağrılı xatirəyə dönüb qalmışdı və zaman-zaman andığı bu xatirənin doğurduğu suallara axtardığı cavablar onun sonrakı taleyinə çox böyük təsir etmişdi. “Sovetlərin” gəlişindən sonra hələ bir müddət yaşamaqda davam edən “elatçılıq”: arandan-dağa, dağdan-arana köçmək, təbiətlə üz-üzə, göz-gözə, könül-könülə yaşamaq, çətin həyat sınaqlarından keçmək, köksü el müdrikliyinin inciləri ilə dolub-daşan, ruhu minillərdən süzülüb gələn türk kimliyi ilə çağlayan insanlardan dərs almaq onun ruhunda, ucalığa, yüksəkliyə, müqəddəsliyə, doyumsuz bir sevgi yaratmışdı. Sonradan rus dilində təhsil alacaqdı, özünün dediyi kimi, orta məktəbi bitirəndə doğma türk dilində dili topuq vuraraq danışacaqdı, bunun ardınca, o çağın ən prestijli ali məktəblərindən birində – Qorki adına Moskva Ədəbiyyat institutunda oxuyacaq, gənc yaşlarında elmlər namizədi olacaq, yalnız Azərbaycanda deyil, SSRİ-də də, imzası sayılıb-seçilən bir filoloq olacaqdı.   

“Çox oxuyan çox bilməz, çox gəzən çox bilər” deyimi ilə razılaşmazdı, insanlğın yaratdığı idarki inciləri öyrənməklə və ən başlıcası, öz kəndində tanımağa, qavramağa başladığın dünya ilə, axtardığın bütün suallara cavab tapa bilərsən – deyirdi. Vəcdlə dediyi: “Gözümüzü açıb gördük ki, dünya, dünyaya bənzəmir…” hayqırışına qulaq asan kimsə, “bundan başqa bir dünya da gördünmü ki, belə deyirsən?” – deyə soruşa bilərdi. Ancaq onun ruhunda əsil dünyanın, mütləq dünyanın modeli vardı: bunu “Ocaq-insan” olan babalarından miras almış, onun təzahürlərini yaşadığı elat dünyasında görmüş və mənəviyyatı əsil dünyanı saxta dünyadan ayırmağa qadir olan bir “məhək daşına” çevrilmişdi.

Asif Atada, gənclik illərində özünü göstərən oxuyub-öyrənmək yanğısını sözlə ifadə etmək çətindir. Onlarla şahidin dediklərindən: “Çox vaxt, Axundov adına kitabxana açılanda buraya gələr, götürdüyü kitabları oxumağa başı elə qarışardı ki, yemək-içmək yadına düşməz, zaman məfhumunu unudardı, kitabxana işçiləri: “kitabxana bağlanır” deyəndə “təxəyüllünün, idrakının, ruhunun uçmaqda olduğu ucalıqdan real həyata qayıdardı”. Bəzən, kitabxana işçilərindən kimsə ürəyiyananlıq eləyib, çay gətirər, onu biranlığına fikrindən ayırar: neçə saatdır ac-susuz qalmısınız, barı bir stəkan çay içəydiniz – deyərdi”. Moskvadakı Lenin adına, Bakıdakı Axundov adına kitabxanada az-şox dəyəri olan kitabların hamısını oxumuşdu, Moskvada oxuyarkən, vaxt tapıb Leninqradın mərkəzi kitabxanasına da baş çəkmiş,  sorağını aldığı bəzi kitabları oradan tapıb oxumuşdu. Bütün bu gərgin mütaliə onda suallar yaratmışdı: “Nədən, bunca kitablardakı əhəmiyyətli hadisələrin heç birində mənim xalqımın adı çəkilmir?”; “Bunca adlı-sanlı, böyük mütəfəkkirlər – böyük ideyalar, gözəl nəzəriyyələr yaratmışlar, bəs niyə bütün bunların dünyaya təsiri olmayıb, dünya nədən bu qədər məzmunsuz, mənasız və eybəcərdir?” “Bunca böyük ideyaların beşiyi olmuş Şərq nədən indi zəlil günündədir? Bu qədər gücsüzdür, köməksiz uşaq kimi Qərbin qəyyumluğuna möhtacdır? Nədən, öz ağlına, düşüncəsinə inanmır, Qərbin əbədi “şagirdinə” çevrilib? Üstəlik, Qərbin “müdrikliyi”, mötəşəm elmi nailiyyətləri, ecazkar texnologiyaları fonunda nədən, dünya qan içində çalxalanır, hər yerdə insanlıq ölür və öldürülür?” “Doğrudanmı, dünyanın təbii halı budur – o başqa cür ola bilməzmi, onu yaxşılığa doğru dəyişəcək bir təlim yaratmaq mümkündürmü?”…  Moskvadan Bakıya qayıtmazdan öncə, bu və bu qəbildən olan suallara cavab tapmağı qarşısına məqsəd qoymuşdu. Ancaq hələ Moskvadaykən, dərindən öyrəndiyi Qərb fəlsəfəsi, incəsənəti və müxtəlif nəzəriyyələrindən öz suallarına tutarlı cavab tapmayanda, Şərq düşüncəsini: Hind-Çindən tutmuş, Orta Şərq və Türk dünyasınacan, öyrənməyə də başlamış və bu düşüncəyə böyük bir vurğunluqla bağlanmışdı. Ancaq birazdan, bunlar da onun doyumsuz idrakı üçün azlıq etmişdi və özünün, məhz özünün, bütün cavabsız suallara cavab tapmalı olduğunu qət etmişdi.

Dünyanı dəyişməyə özündən başlamışdı. İllərlə “özü ilə döyüş” aparmış, ruhunu bütün naqisliklərdən arıtmağa çalışmışdı. (Bu döyüşü əks etdirən bir çamadanlıq dəftərləri, təqib olunanda, KQB məmurları tərəfindən götürülmüş və qaytarılmamışdı.) “İnsanın böyüklüyü, imtinasının böyüklüyü ilə ölçülür” – deyərdi və dövrünün ən populyar, ən perspektivli filoloqlarından biri olduğu, şöhrətə və rifaha çatmaq üçün önündəki bütün qapıların açıldığı bir vaxtda, bunların hamısını itirməyi şüurlu şəkildə göz altına alaraq, dünyayla, konkret olaraq isə, “sovet rejimi” ilə savaşa atılmışdı. Sovet-sosialist sisteminin istər ideoloji, istər insani dəyərlər baxımından puç olduğunu açıb-ağardan kitablar yazmağa başladı. Şərin yaratdığı bu “dünya” ilə savaşın baş qərargahı kimi “Ocaq” adlı müqəddəs birlik yaratdı və atıldığı bu savaşda, həmkarlarının “üstündə tir-tir əsdiyi” bütün titulları, imtiyazları, uf demədən, onları “bağışlayan” həyat tərzinin və səlahiyyətlilərin üzünə çırpdı.

Ağlagəlməz təqib və təzyiqlərlə üzləşdi, “qolunu-qanadını qırmaq, şəxsiyyətini sındırmaq üçün” hər şeyə əl atdılar, işdən qovdular, ölümlə təhdid etdilər, ailəsini dağıtdılar, qohumlarını qarşı qoydular… Mən bu təzyiqlərin ən dözülməz vaxtlarında Asif Atanın gecə-gündüz, yorulmaq bilmədən öz kitablarını yazdığının və əlyazmalarını səhifə-səhifə, qorunmaq üçün ətrafındakı ən sadiq insanlara ötürdyünün şahidiyəm. Başqalarının qorxuya düşəcəyi, iz azdırmaq üçün dayanıb-duracağı yerdə Asif Ata biraz da artıq coşqunluq və ilhamla işləyir, sanki fəlakətlə öcəşməkdən zövq alırdı. Faciədən qanadlanırdı və böyük hərflə yazılan İNSAN sözünə çatdığını bir dəfə yox, dəfələrlə sübut etməkdən həzz alaraq yaşayırdı.

Asif Ataya “qeyri-adi insan” deyənlər yanılırlar. Çünki o, bu cür yarlıqları yaradan cəmiyyətin özünü bir heç sayırdı. Asif Ataya peyğəmbər deyənlər də yanılırlar. Çünki, o çoxlarının düşündüyü kimi, insan psixologiyası çaşqınlığının məhsulu olan mistikadan “qidalanmırdı”: peyğəmbərlərin psixoloji sarsıntı və düşkünlüklərə əsaslanan ovqatı onun üçün yad idi. Necə qəribə səslənsə də, onun insanlara aşılamaq istədiyi inamın kökündə “sağlam mistika” dayanırdı. Qısaca ifadə etsək, Asif Atanın fikrincə, insanın cismən təbiətə bağlı olmasına baxmayaraq, ruhən təbiətin fövqünə qalxmağa çalışması onun mahiyyətindən doğan bir hadisədir və insanı bütün başqa canlılardan ayıran özəllik də elə bundan qaynaqlanır. İnsan dünyanı, həyatı, özünü mənalandırır, bu onun mahiyyətindən doğan qarşısıalınmaz bir istəkdir; dünyanı və insanı mənalandırmaq isə, onları özlərindən böyük görmək yanğısından doğan həqiqi inamı yaradır.

Bugünümüzdə geniş yayılmasa da, oxucusu az olsa da, ancaq Asif Atanın qoyub getdiyi kitablarda, insanlığın qarşısında zaman-zaman dayanan və onu divara dirəyən suallara “konkret” cavabları var. Bu suallara cavab vermək üçün o həyatın, dünyanın fövqünə ucalmışdı və bunun üçün də, onların yükündən: cismani-maddi həzz və iztirablarından azad olmuş, insanlığını babalarından irsən aldığı “Ocaq” ucalığına qaldırmışdı. Danışığındakı coşqunluqda, vəcddə, türk-şaman ənənəsindən gəlmə, ruhun mənalar aləminə qanadlanması, orada gördüklərini vurğunluqla dilə gətirməsi vardı. Asif Ata fenomeninin gələcəkdə özünə layiq qiymətini alacağına əminəm: onun qoyub getdiyi idraki miras, ən azından, bütün sirli suallara özünəməxsus cavablar verməsi ilə dəyərlidir.

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv