Mirmehdi Ağaoğlu. Asif Ata Ocağının 40 illiyinə

Asif Ata adını ilk dəfə eşidəndə on yaşım ya olar, ya olmazdı. Onda Aztv-də bir veriliş ge­dirdi. O verilişdə Asif Ata çıxış edir, sonra zaldakılar sual verirdilər, onları cavablandırdı. Ya­dım­da qalan budur. O da yadımda qalıb ki, evimizdə hamı o verilişə baxırdı. Mən heç nə başa düşməzdim, ancaq yenə də evdəkilərə qoşulub baxırdım.
Ancaq nə yalan deyim, Asif Atanın çıxışı evdəkilərə xoş gəlməzdi. Veriliş ərzində, elə ver­lişdən sonra Asif Ata ilə evdəkilər arasında – atam, əmilərim – qiyabi polemika başlayırdı. Asif Ata Allaha şərik qoşmaqda ittiham olunur, onun özünü peyğəmbər adlandırmağı isə hiddət do­ğururdı. Bununla belə, növbəti həftə yenidən televizorun başına yığışıb (müasir insanın internetə qədərki ocağı) Asif Ataya baxırdılar.

Yəqin Asif Ata haqqında ilkin təəssüratımdan da anlaşıldı ki, evin təsiri ilə onun haqqında formalaşan düşüncələrim heç də xoşagələn deyildi.

Böyüdükcə Asif Ata adını daha çox eşitməyə başladım. Biri deyirdi filosofdu, o biri deyirdi ədəbiyyatşünasdı, başqa biri isə Asif Ata Ocağının yaradıcısı olduğunu deyirdi. Tələbə vaxtı bir dəfə hansısa kitabın axtarışı ilə “İnqilab” tərəflərdəki bit kitabxanaya getmişdim. Kitabxanaçı xanımla söhbət zamanı onun Ocaqçı olduğunu öyrəndim. O, mənə Asif Atadan danışdı, sonra da Atanın aforizmlərinin yer aldığı qəzet verdi. Tapşırdı oxuyub qaytarım. O aforizmləri mən oxudum. Nə yalan deyim, xoşuma gələn də oldu, ancaq bəzilərini başa düşmədim, bəziləri isə ağlı bir qarış havada olan tələbə üçün tamamilə müşkül fikirlər oldu. Ancaq orda bir aforizm var idi, yaddaşıma necə qazıldısa, indiyə qədər unuda bilmirəm: “Ağac ölür, meşə qalır”. Bu fikri Asif Ata bəşəriyyətin əbədiliyi barədə səsləndirmişdi. Mənim yaddaşım zəifdi. Çox fikirləri oxuyub anında unutmuşam. Ancaq Asif  Atanın o fikri heç zaman başımdan çıxmır.

Sonralar Asif Ata haqqında çox oxudum, həyatını öyrəndim, mənim gözlərim qarşısında böyük bir düşüncə adamı canlandı. Elə bir düşüncə adamı ki, ötən XX əsrdə Azərbaycana bəlkə də cəmi bir dəfə bəxş olunub.

Deyilənə görə Səməd Vurğun Moskvaya gedəndə azərbaycanlı tələbələri başına yığar, məclis qurar, o ağır illərdə yarıac, yarıtox təhsil alan tələbələrə qonaqlıq verərmiş. Asif Ata da məclisdə iştirak edən tələbələrin arasında olarmış. Səməd Vurğun hər dəfə tələbələrə deyərmiş, oxumayın, quruyarsız. Asif Ata bu məzəli (əslində kədərli) əhvalatı danışanda ondan soruşarmışlar. Sonra noldu? Asif Ata da deyərmiş: “Heç nə, onlar oxumadılar və qurudular”.

Bu kiçik anekdotvari əhvalat Asif Atanın da, ötən əsrdəki ziyalı mühitinin də (indikindən fərqlənməyən) obrazını yaratmağa bəs edir. Bəli, Asif Ata cəhalət zülmətindəki yanan şam idi. Ömrünü, elmə, biliyə, kitaba həsr edən bu nadir nüsxənin (!) çox təəssüf ki, vaxtında dəyərini anlayanlar az oldu, bəlkə də heç olmadı.

Asif Ata Şərqdə alim olmağın nə qədər məşəqqətli olduğunu bilirdi. Şərqdə rasionallığa yer yoxdur, burda ancaq gərək irrasional olasan, yalnız o zaman səni dinləyəcəklər. Elə ona görə də özünü  peyğəmbər elan elədi. Hər bir peyğəmbərin keçdiyi yolu keçdi; kitabı ilə, həvariləri ilə, icması ilə… Ocaq çatıldı.

Bildiyim qədəri ilə, Asif Atanın tənqidi məqalələri ötən əsrin 60-70-ci illərində ədəbi mühitdə böyük rezonans doğurubmuş. Onun sərt, həqiqət dolu fikirləri çoxlarının xoşuna gəlmirmiş. Saxta, qəlp əsərlərinə sığallı, tərif dolu “tənqid” gözləyən ədəbi generallar üçün Asif Atanın yazıları soyuq duş effekti yaradırdı. Elə buna görə də gözügötürməyənlər hər vəchlə onun yollarında tikan olmağa çalışırmış.

Bu bədxahlıqlara baxmayaraq, Asif Atanı tələbələri sevirdi. Onun üçün də ətrafında toplanır, onun fikrini yayırdılar.

Daha Asif Ata yoxdur. Ancaq onun çatdığı Ocaq qalır. O vaxt ona inananlar indi də inanır. Mən bir qaynaqçı tanıyıram. Asif Atanın yetirmələrindən olub. Kulis.az fəaliyyət göstərən vaxtı hər ay Ocaq qəzetinin yeni sayını redaksiyaya gətirirdi. Demək olar, bütün redaksiyaları gəzir, har­da Ocağın qəzetinə ehtiyac varsa, ora aparırdı. Mən Asif Atanın həmin qaynaqçının qəlbində çatdığı Ocağa heyran idim. Üstündən bu qədər il keçəndən sonra belə sönməmişdi…

Ancaq… Düşünürəm, bunlar nə qədər gözəl olsa da, Asif Ataya qiymət icma, təşkilat müstə­visindən çıxarılıb elmi müstəviyə daşınmalıdır. Çoxdan vaxtı çatıb. Onu bir alim kimi, elm fəda­isi kimi dəyərləndirmək, yüksək qiymətini vermək gərək. Asif Atanın alim üzü nur saçmalıdır. Elə o, özü də buna çox sevinərdi, zənnimcə…

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv