Soylu Atalı. Nəsimi günü qutlu olsun!

Günaydın dəyərli yurddaşlarımız!

Bu il biz, bir millət olaraq, Böyük Nəsiminin anadan olmasının 650 illiyi qarşısındayıq. Düşünürəm, bu çağa kimi Nəsimi bütöv şəkildə araşdırılıb öyrənilməyib. Bundan sonra öyrəniləcəkmi, bilmirəm. Çünkü onun doğru araşdırılıb öyrənilməsinə iki fakt ciddi əngəl olur. Bunlardan biri milli kimlik şüurumuzu çökdürən, yaşamımızda mənəvi boşluq yaradan din faktorudur, ikincisi, insanları kütləyə çevirən, alimi, aydını, mədəniyyət xadimlərini boyunduruğa salan siyasi hakimiyyət faktorudur. Nə qədər toplumun şüurunda din ağalığı hökm sürür, nə qədər siyasi hakimiyyət xarakterini dəyişmədən insan üzərində ağalıq edir, Nəsimi doğru dəyərini tapmayacaq. Nəsimiyə yiyə çıxmaq üçün özündənkeçən millətsevər, dəyərsevər insanlar gərəkdir.

Nəsimi bu millətin içində yetişsə də, bəşər olayıdır, dəyəridir. Çünkü onun idealı İnsandır. Onun düşüncəsi – İnsançılıq məktəbidir. Bu məktəbi keçən istənilən bir millət – İnsanlaşma ölçüsü tapar. Bizim, bir millət olaraq, bu məktəbi keçmək olanağımız var. Bu olanaqdan yararlansaydıq, bəşəriyyət üçün örnək millətə çevrilərdik. Ümmətləşmək bəlasından, kosmopolit dünyasızlığından, İranlaşma, ərəbləşmə geriliyindən qurtulardıq.

İnsan haqqında Kamil Söz Nəsiminin ürəyində bəslənildi, varlığında üzə çıxdı. Ancaq bunu görən, bilən, anlayan tapılmadı, tapılmır. Ya da o qədər azdır, yayğındır gerçək etkisi yoxdur. Nəsimi elə bir dəyərdir, onu itirmək – Vətəni itirməkdir, işıqlı gələcəkdən uzaq düşməkdir.

Biz Nəsimi Böyüklüyünün hikmətini, onun öz yaradııcılığına, yaşadığı ömür yoluna dayanıb kanıtlayacağıq. Ancaq onun anadan olmasının 650 illiyi qarşısında bəzi önərilərimizi, diləklərimizi xatırlatmaq gərəkir: rəsmi düzəydə dövlət başçısı bu ili “Nəsimi ili” elan elədi. Ancaq əməli işlər hələ gözə dəymir. Sadəcə, Azərbaycan televiziyalarında Nəsimini tanımayan, anlamayan bir sıra adamlar onun böyüklüyünü kiçiltməklə uğraşırlar. Televiziyanı izləyənlər bunları bildikləri üçün bu faktları sadalamağı gərək bilmirik.

Yaxşı olmazmı, yenidənqurma işləri aparılaraq, Nəsiminin heykəli bir neçə metr yüksəkliyə qaldırılsın. Onun arxasındakı alver evi sökülüb yerində Nəsimi muzeyi, ya da “Nəsimi Öyrəti Odası” (“Nəsimi Təlim Mərkəzi”) tikilsin. Burada Nəsimi ilə bağlı ciddi araşdırmalar aparılıb topluma öyrədilsin. Çağaşırı məktəb öyrənciləri üçün (istər bölgə məktəbləri, istər Bakı) “Nəsimi Evi”nə gəzintilər (ekskursiyalar) təşkil edilsin. Qıraqdan ölkəmizə gələn turistlər bu Evə yönləndirilib onlara bilgilər verilsin. Abidənin qarşısına gül buketləri, əklillər qoyulsun. Bu evə gözətçi, bələdçi ayrılsın, onlara aylıq-donluq verilsin. Biz sözlə, dövlət baxışı, qayğısı ilə Nəsimi – xalqına, xalqının yaşamına qaytarılsın.

Ya da Nəsiminin heykəlinin yeri dəyişdirilsin, arxasında alver yeri deyil, Nəsimi Evi ucaldılsın, bu dediklərimiz orada gerçəkləşdirilsin.

Verilən bilgilərə görə, bir neçə il öncə, İŞİD deyilən terror qruplaşmaları Hələbdə Nəsiminin anıt-sonevini (qəbrini) dağıntılara uğradıblar. Suriya dövləti vətəndaş savaşında olsa da, dövlət düzəyində danışıqlar aparıb, anıt-sonevi Azərbaycana gətirmək olardı. Bunu, milli düşüncəyə yiyəlik eləyən bir dövlət gerçəkləşdirərdi… Onda Azərbaycan ayrı Azərbaycan olardı. Onda milli düşüncəmiz yeni bir aşamaya girərdi. Söz yox, bunu Suriya da istəməz, Suriyanın ağaları da, başqa sözlə, orada çıxarları toqquşan güclər də. Ancaq bunu Azərbaycan dövləti də, Azərbaycan toplumu da istəməlidir. Onun-bunun istəklərinə qalsa, biz gərək nə dövlət olaq, nə də millət. Öncə vurğuladığımız kimi, Nəsimi Azərbaycan mənəviyyatının bazası rolunu oynayan faktlardan biridir. Nəsimi uğrunda çalışmaq – millət, Vətən uğrunda çalışmaq anlamına gəlir.

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv