Xanəmir Telmanoğlu. Fəlsəfi mətndə ritm və intonasiya ustası

(Asif Ata Ocağının 40 illiyinə)

 Onun imzasını ilk dəfə Azərbaycan ədəbiyyatında ən cəsarətli tənqidçi olaraq xatırlayıram. 60-cı illər so­vet Azərbaycanı ədəbiyyatını müəyyən isimlər və örnəklər üzərindən böyük risklə tənqidi analizə çəkən Asif Əfəndiyev orta məktəb illərindən bu yana oxuduğum, öyrəndiyim bir fikir adamına döndü.
Asif Əfəndiyev sözsüz ki, ədəbiyyatdan, tənqiddən  fəlsəfəyə gedən yolda bir vasitə və tramplin kimi isiti­fadə etdi. Onun bizə sunduğu fəlsəfə bütün yönləri və konseptual təmayüllərini sapdırmadan, məhz bi­zim ola biləcək bir siqlətlə hayqırış yaratdı. Tezliklə millətin əsas intellektual kəsikminin suzuzluğuna heç bir sui-zəndə bulunmadan təşnəlik kəramətini təqdim etdi. Məlum oldu ki, bu qədər yazının, mətnin, əsərin sellənməsində millət və mədəniyyət adına böyük boşluqlar ruhumuzu tənhalığa sürükləyir. O milli və ruhani tənhalığı ram edib böyük bir mədəniyyətə, dövlətçiliyə yönəltmək üçün bizim ulusal haray və hayqırtılarımızın ehtiyacını qapsayan, ödəyə bilən bir sistem içərən sözə, fikrə, düşüncəyə, ideyalara sarılmamğımız gərəkirdi. Asif Əfəndiyev zamanımızın bir fikir düşüncə atası kimi məhz bu vaxtda, məqam­da ortaya çıxdı.

Sözsüz ki, fikir və düşüncə müstəvisində bir etnos kimi bu dünyada qarşılaşdığımız suallara verilən cavabların müəyyən aşamasını Əli Bəy Hüsynzadədə, Əhməd Bəy Ağaoğlunda rastlamağımız mümkün idi. Ancaq araya girən mənfur sovet dönəmi ruhsal anlayışlarımızda erroziya yaradan zəvzək zəkalar və cüvəllağı düşüncə ləyaqətləri ucbatından bizim adlarını zikr etdiyim məfkurə insanlarımızla irtibatımızın qoparılmasına nədən oldu.

İkinci Dünya savaşından sonra böyük təbədülatlar yaşamış Azərbaycan fikir məkanı yeni dönəmə hamiləydi.  Ancaq yenə də görünən o ki, bizim düşüncə yetənəyimizi və gözəlliyimizi zinaya sürükləyənlər vardı. Belə bir vaxtda Asif Ata bu düşüncə zinakarlığı içində düşüncə, millətin namusunun qorunmasına ilk addımı atan bir filisof və fikir müjdəçimiz olaraq meydanda tək və tənhadır. Lap əsl yalqız qurt misalı ulartısını öz qoynundan çıxarma ərəfəsindədir.

Bu şəxsiyyət mənə ona görə maraqlı və vazkeçilməzdir ki, gerçəkdən Azərbaycan fikir məkanında YAZIMIZA fələsəfə rahiyəsi sundu. Sözləri, cümlələri özünə xas bir ritm təravətiylə içimizdə təlatümlər yaratdı. Söylədikləri, yazdıqları mətnlər o özəl ritmdən intonasiyaya doğru bir ulusal dil sənətinin batiniyyətininin qapılarını üzümüzə taybatay açdı. Bizim düşüncələrimizdə çox şey çatışmır, bəşəri müstəvilərdə nəfəs yetərsizliyimiz sənət adına yarımçıq macəralarımızla bizi üz-üzə qoyurdu. Biz bu macəralarımızı və bitmək bilməyən sərüvənlərimizi yalnız dilin, düşüncənin, mədəniyyətin eşliyində güvəncə və səlamətliyə təslim edə, hüzura qovuşdura bilirdik. Budur, dolğun, bitgin bir fəlsəfi sistem, içərdiyi fikirlər özəl bir soylu ritm təranələrinin göstərdiyi səxavət dolu milli heysiyyatı, daha üstəlik və qaçınılmaz olan MƏTNLƏRİNDƏKİ ÖZƏL İNTONASİYA səmasında varlığımızın açacağı azad və hürriyyət yar­ğılı qanadlarımızın gen bol açışından ÖZGÜRLÜYÜMÜZÜN şah budaqlarına qonmağımıza verilən MƏNA TƏMİNATI. Budur məsələ.

Mən onun düşüncə və fikirlərimizə sunduğu sonsuzluğa meydan oxuyan ritm və intonasiyasındakı mə­nə­vi asayişimizə zamin durma cəsarətinə heyran qalmışam. Yaşasın yazılarımızdakı ritm və intonasiyadan azadlığımıza qədər təməl atan ritm və intonasiya.

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv