Xaliq Bahadır. Səttar sevgisi

O çağlar, səksəninci illərin ortalarında, mən Azərbaycan radiosunda işləyirdim. Radionun binası ilə Televiziya binasının arası yüz metr olardı. İki binanın arasında (daha çox Televiziya binasına yaxın) Komitənin işçiləri üçün yeməkxana-çayxana vardı. Günortalar ora bizim yemək yerimiz, başqa çağlarda çay içmə yerimiz idi. İş arası biz orda çay stolu arxasında oturub Teleradio verilişləri komitəsindən tutmuş dünyanın o başınadək çoxyönlü qonuşmalarda bulunardıq. Hərdən ayrıca Radiodan olan yoldaşlarla, hərdən Televiziyadan olan yoldaşlarla, hərdən də qarışıq.

Tez-tez qıraq yerlərdəki yaradıcılıq qurumlarından da qonaqlarımız olardı: yazıçılar birliyindən, Elmlər akademiyasından, qəzet-jurnal redaksiyalarından. Onlar daha çox Radioya, Televiziyaya çıxışa gələnlər olardı. Ədəbiyat, incəsənət, kültür qonuları o çay qonuşmalarının başında durardı: Radioda, Televiziyada baş verənlərdən dünyanın o başınadək. Kiminsə saya bir sözü, düşünülmüş-düşünülməmiş atmacası çox qızğın, getdikcə genişlənib dərinləşən öcəşmə-polemikalara nədən olardı. Orda geniş diskussiya axarında çox böyük öyrətmək-öyrənmək olanağı vardı. Əkrəm Əylislidən, Çingiz Aytmatovdan, Valentin Rasputindən, Vasili Şukşindən, Dostoyevskidən, Lev Tolstoydan başlayıb genişlənən, uzanan qonuşma-diskussiyalar gedib Folknerdə, Markesdə qurtarardı. Bu gündən o çağlara baxanda Sovet təhsil sisteminin planetar üstünlüyü, o təhsil sistemindən çıxanlara qazandırdığı geniş intellektual baza özünü bütün parlaqlığıyla göstərir. O çağlar Azərbaycanda qadınlı-kişili güclü intelligensiya vardı.

Çayxanada qadınlar da gəlib oturardılar. Daha çox da Televiziyada işləyən qadınlar. Onlardan üçü ayrıca seçilirdi. Üçü də, demək olar, bir boyda idi. Üçü də ucaboy, bir-birinə yaraşan. Yaşları 45-50 arasında. Bizdə bu yaşda qadınlarda kökəlmə baş verir, onlar bədəncə də başqalarından (başqa yaşıdlarından) seçilirdilər: üçünün də az ayrıntıyla incə bədən quruluşu vardı. R. Televiziyanın ən seçilib-sayılan diktorlarından idi. Onun gözəl qara saçları, eləcə də gözəl, gülümsər qara gözləri vardı. Uzun kiprikləri ilin bütün çağlarında sürməli olardı. Geyimi isə al-əlvan, könül açan. O, çoxdan ərə getmiş, çoxdan da boşanmışdı. Boy-buxunu, gözəl bədən quruluşu ilə birgə gündəlik bəzək-düzəyi ona ayrıca gözəllik, ayrıca çəkicilik verərdi. Onun üzündən sevinc, gözlərindən sevgi yağardı. Ta bəlli bir olayadək…

  1. Rus redaksiyasında işləyirdi. Sarışın, sarı saçlı, göy gözlü, azacıq dolu bədənli çəkici bir gözəl idi. Tanınmış bir yazıçının haçaqsa arvadı olmuş, sonra ayrılmışdılar. Bəlli olduğu kimi, yaradıcı adamlar arasında belə evlənib boşanmalar çox olur. Kim bilir, bəlkə də, statistika başqa cürdür; ola bilsin,tanınmışlar tanınmışlığa görə daha çox gözə çarpır, söz-sova nədən olurlar. Deyilənə görə, onun anası rus idi. Onda bu qan qarışıqlığından gələn bir ayrı gözəllik vardı. O da gündəlik bəzək-düzəyindən qalmır, süzdürüb baxdığı gömgöy gözləri, uzun, sürməli kiprikləriylə ürəyə od salır, can alırdı. Onun geyimi daha çox ağ, ağımsov olurdu.
    Moskva qəzet-jurnallarını oxumaq, bir də ara-sıra satış üçün Moskvadan göndərilən kitablardan almaq üçün tez-tez Komitə kitabxanasına gedirdim (kitabxana Televiziyanın binasında idi). Kitabxanaya daha çox o çağlar Komitədə işləyən ruslar, rusdillilər gələrdilər: kişili-qadınlı. O da onlardan biri idi. Onunla eləcə ötəri salamlaşmamız olardı. Süzgün baxışları, gözəl gülümsəməsiylə ötürdüyü enerjidən onunla ötəri salamlaşmanın özü də adamda istər-istəməz könül xoşluğu yaradardı.

Onların yaşca ən böyüyü Həbibə xanım idi – Həbibə Məmmədxanlı! İndi bu ad çoxlarına nəsə demir, ancaq onda… Onda, o ayrı çağlarda, Həbibə xanım çoxları üçün kumir idi – baş tutmayan, bununla belə bitib-tükənməyən sevgi kumiri! O onların arasında, iki çiçəklənən varlıq arasında, solğun-üzgün birisi idi. İstər çayxanada, istərsə də çöldə-bayırda onu siqaretsiz görməmişdim. Boz-qara geyimiylə o, mənə elə gəlirdi, siqaret tüstüsünə bürünüb gəzir. Unutmuşam, bəlkə də, onun gözləri, kiprikləri də eləcə siqaret tüstüsünə bənzəyirdi. Olduqca ilgincdir: onunla çox qarşılaşsam da, gözlərinin, kipriklərinin necə olduğunu unutmuşam. Unutmaq bir yana, mənə elə gəlir, onun gözlərinin, kipriklərinin necə olduğunu dönə-dönə qarşılaşsaq da, görməmişəm, görə bilməmişəm. Çox ola bilsin, bunun suçu məndə deyil, onun özündə, daha doğrusu, sevgidən, istəkdən uzaq baxışlarında idi; o özüylə başqaları arasında dəyişməz bir tüstü qatı yaratmışdı. Mənə elə gəlir (elə gəlirdi), o tüstü qatını aşıb keçmək olamazdı. O qatdan o yana o, bu yana biz vardıq. Biz: bütünlüklə başqa dünyanın adamları-kişiləri. Onlar ara-sıra üçlükdə çıxıb Komitənin həyətində, daha çox da Televiziyanın yan-yörəsində gəzib-dolanardılar. Yada bir xalq mahnısının sözləri düşərdi: “İksi bir boyda gəzən gözəllər…” Onlar üç idilər. Üçü bir boyda bir biçimdə. (O onlardan bir az arıq idi). Oxşarlıqları çox idi, ancaq, görüb-görəcəkləri ayrı…
Aradan illər ötmüş, Mirzə Cəlil demiş, dünyalar dağılmış, aləmlər mayallaq aşmış, Teleradio verilişləri komitəsi Teleradoi verilişləri şirekətinə çevrilmişdi. Mən Televiziyada işə keçmiş, İnformasiya studiyasının direktoru olmuşdum. Başda duran bir özgüdükçü şairlə özgüdükçü yazıçının özgüdükçü şərləməsi, yalan-böhtanıyla studiya direktorluğundan çıxarılmışdım. İşi məhkəməyə vermişdim. Üç aylıq araşdırma-çalışma sonucunda görəvdən şər-böhtanla uzaqlaşdırılmağım doğrulanmış, məhkəmə görəvimə qaytarılmağımla bağlı qərar çıxarmışdı.
O arada hakimiyət dəyişikliyi baş verdi. Yeni gələnlər çox istəsələr də, mən keçmiş işimə qayıtmaq istəmir, Televiziyada başqa bir quruma keçmək istəyirdim. Mənim obyektiv informasiya politikamın, doğru-düzgünlük prinsiplərimin yeni, qat-qat artıq antidemokratik hakimiyətdə daha keçərsiz olacağını bildiyimdən keçmiş işimə qayıtmaq istəmirdim. Onlar çox istəsələr də, mən dirəniş göstərdim. Onda: “Seçim sənindir, – dedilər, – haranı istəyirsən, seç, götür”. İncəsənət bölümündə işləmək istədiyimi bildirdim. İstədiyimdən artığı oldu: məni İncəsənət bölümünə başçı qoydular.

İncəsənət bölümünü elə-belə seçməmişdim: böyük bir stress dönəmindən, çoxsaylı zərbələrdən, bir çox cəbhə yoldaşlarımın satqınlığına, dönüklüyünə bağlı ağır psixoloji sarsıntılardan sonra yaralarımı sağaltmaq, özümə gəlmək istəyirdim. Bu sağalma, özünəgəlmə prosedurunun ən tez, özü də yetərincə yalnız incəsənətlə uğraşmaqla baş tutacağını düşünürdüm. Elə də oldu: incəsənət məni tezliklə sarsıntılı anılardan, sarsıntılı düşüncələrdən uzaqlaşdırdı.
Rejissor Elmira xanımla aramızda tezliklə anlaşma-yaxınlıq yarandı. Sözümüz tuturdu, özü də Bakıdan ta Ərdəbilədək. Elmira xanım Füzului yaradıcılığını çox sevdiyimi, üstəlik, Füzulidən çoxlu qəzəl bildiyimi öyrənincə, Həbibə xanımdan söz saldı, onunla çoxdan dost olduğunu dedi. Ötəri olaraq Səttar Bəhlulzadə ilə Həbibə xanım arasındakı unudulmaz sevgi söyləncəsinə toxundu. Gerçəkdən o bir sevgi söyləncəsi idi. Onlar bir-birlərini Leyli-Məcnun kimi sevmiş, ancaq evlənə bilməmişdilər. Onlar o sevgini ayrı-ayrılıqda sonadək yaşamış, yaşatmışdılar.
Elmira xanım Həbibə xanımda Səttarın üç albomunun olduğunu, onun o albomları evində necə sevə-sevə qoruyub saxladığını, onları kimsəyə vermədiyini bildirdi. Sonra da:

– Mən o albomları bir günlüyə alıb sizə verə bilərəm, – dedi,- yalnız bir günlüyə.
– Yaxşı, – dedim, – gətirin.

– Bax, – dedi,- sözümüz sözdü ha: bircə günlüyə. Mən Həbibə xanımdan onları uzağı bir günlüyə götürə bilərəm. Onun yanında yalançı çıxa bilmərəm.

– Arxayın olun, – dedim, bircə günlüyə baxıb, qaytararam.

Bir neçə gün sonra albomlar məndə idi – üç albom. Səttarın üç sevgi sovqatı. Üç özümlü sevgi anısı. İşdən çıxan kimi evə getdim. Az qala bütün gecəni albomlara baxdım. Üç albomun üçü də qara karandaşla-tuşla işlənmişdi. Bunları Səttarın ayrıca sevgi qrafikası adlandırmaq olardı. Səttar elə bil Füzuli “Leyli-Məcnununun” üç albomluq qrafika sərgisini yaratmışdı: Leyli, şam, pərvanə, zəncir… Səttar karandaşından çıxmış üç albomluq Füzuli obrazları! Bunlar Füzuli ilə Səttarın ortaqlaşan sevgi obrazları idi. Üç albomluq doyumsuz sevgi. Üç albomluq qrafika ilə sərgilənmiş sevgi söyləncəsi: Füzuli sözüylə, Səttar gözüylə! Bir çağlar Mustafayev adına incəsənət muzeyində Səttar Bəhlulzadənin şaşırdıcı tablolarına baxmışdım. O bir başqa qalaktika idi, bu bir başqa qalaktika!

Ertəsi günü albomları Elmira xanıma qaytardım. Sonra da otaqdan, binadan çıxıb getdim. Hara getdiyimi, niyə getdiyimi özüm də bilmirdim. İndi mən özüm də bir qalaktikadan başqa qalaktikaya düşmüşdüm: sarsıntilar-sıxıntılarla dolu politika qalaktikasından duyğuların- düşüncələrin arınıb durulduğu incəsənət qalaktikasına.

Mənim o üç albomluq düşüncələrim bir gün sonra senariyə çevrilmişdi. Qalırdı Əmircana gedib çəkilişlərə başlamaq. Elmira xanım senari ilə tanışlıqdan sonra dedi:

– Siz mütləq Əmircanda Səttarın bacısı oğlunu danışdırmalısız. O, ixtisasca mühəndisdi, uşaqlıqdan Səttarın yanında olub. Səttarla bağlı sizə çox şeylər danışa bilər.

İki gün sonra biz çəkiliş qrupuyla Əmircanda idik. Bacıoğlu bizi çox yaxşı qarşıladı. Ancaq sözü gedən üç albomla bağlı çəkiliş aparmaq istəyimizi biləndə kefi pozuldu.

– Gərək çəkilişə gələndən qabaq mənimlə görüşəydiz. Dayım Füzulini çox sevirdi, ancaq ən çox bir qəzəlini sevir, hər şəkil çəkəndə o qəzəli zümzümə eləyirdi: “Məndə Məcnundan füzun aşiqlik istedadı var” qəzəlini… Bir də, sizin gördüyünüz albomların hamısı deyil, üçünü Həbibə xanıma vermişdi, dördünü mənə verib gedib…

Ondakı albomlara da baxmaq istədiyimi bildirdim. Gətirdi. Tələsik vərəqlədim. “Üçdən dördü, dörddən üçü”, düşündüm. Sonra gətirdiyim senarini ona uzatdım:

– Alın, baxın, bəyənməsəniz, gedib siz deyən kimi yazaram.

Senarini könülsüzcə alıb oxumağa başladı. Birimiz divanda, birimiz kresloda üz-üzə oturmuşduq. Senarini oxuduqca üzündə dəyişkən cizgilər yaranır, arada senaridən gözlərini çəkib mənə baxır, sonra yenə oxumağa başlayırdı. Senarini oxuyub bitirəndən sonra uzun-uzadı mənə baxdı, sonra da çaşqınlıqla soruşdu:

– Bunları sizə kim danışıb, Həbibə xanım?

– Mən Həbibə xanımı görməmişəm. Albomları mənə Həbibə xanımın yaxın dostlarından biri, tanış xanım vermişdi.

– Demək, o danışıb, elə?

– Yox, o danışmayıb.

Onun çaşqınlığı daha da artmışdı.

– Başqa kim danışa bilər? Elə bir adam tanımıram.

– Başqa bir kimsə də danışmayıb. Bilirsiz, mən də Füzulini bir az sevirəm.

O, axtardığını tapmış kimi oldu, azca gülümsəyərək:

– Görünür, siz də Füzulini çox sevirsiz, – dedi,- sonra da ayağa durub kəsinliklə bildirdi: – Çəkilişə başlaya bilərsiz!

Mən senarini, albomlardan anladığıma uyğun olaraq, “Məndə Məcnundan füzun aşiqlik istedadı var” qəzəli üzərində qurmuşdum – bacoğlunu çaşbaş qoyan bu idi.

Aradan bir neçə gün keçmiş veriliş stolumun üstündə anıx idi. Kollegial baxışdan uğurla keçdi, çoxlu öygü qazandı. Füzuli ilə Səttarin birgə uğuru məni çox sevindirdi: bu ölməz sevgi söyləncəsindən yaranan birgə sevgi himni, birgə sevgi uğuru idi…

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv